Arif Əmrahoğlu: Vaxtsızlığın apardığı adam - Nəriman Əbdülrəhmanlı

Arif Əmrahoğlu:  Vaxtsızlığın apardığı adam - Nəriman Əbdülrəhmanlı
28 oktyabr 2024
# 21:00

Bu gün ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Arif Əmrahoğlunun doğum günüdür.

Kulis.az Nəriman Əbdülrəhmanlının "Arif Əmrahoğlu: Vaxtsızlığın apardığı adam" adlı yazısını təqdim edir.

1.O məşum yay günü...

...O il daha bir yayı dözülməz məşəqqətlə keçirirdim...

Altı ildən bəri davam eləyən işsizliyimi Ustad Kamal Abdullanın və professor Asif Hacılının sayəsində 150 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasından götürdüyüm, Şahbaz Xuduğlunun sifariş elədiyi kitabların tərcüməsi, bir də müvəqqəti redaktor işiylə yola vermişdim, irəlidəsə heç bir işıq ucu görünmürdü...

Hətta o cür mənəvi sarsıntılar içində yazdığım “Qurban” romanının işıq üzü görməsi belə könlümü açmaq iqtidarında deyildi...
Bu tərəfdən də, az qala, qırx ildən bəri tanıdığım, özümə həyan saydığım, yardım eləməyə olmasa da, təskinliyinə ehtiyac duyduğum Arif Əmrahoğlu xəstəxana hücrəsində canıyla əlləşirdi. Bir neçə dəfə baş çəkmiş, yaşadığı ağrıları sanki cismimdə duyub varımdan yox olmuşdum...
Belə bir sarsıntılı vəziyyətdə - on ildən bəri İdarə Heyətinin üzvü olduğum AYB-nin XII qurultayı ərəfəsində - də bəyanat verib qurumla bütün əlaqələrimi kəsdim...

Arifin amanı olsaydı, bu addımımı bəyənməzdi, ərk dolu yol göstərərdi, mən də, güman ki, sözündən çıxa bilməzdim...

Qurultay Arifsiz keçdi, yenə AYB-nin katibi seçilsə də, bir daha vəzifə başına qayıda bilmədi...

İyulun 20-si səhər Etimad Başkeçid zəng vurdu, elə bil, dünya başıma uçdu...

Arif Mustafazadə, İsa İsmayılzadə, Balaş Abbaszadə, Eyvaz Əlləzoğlu, Ələkbər Salahzadə, Tofiq Abdin... itkilərinə Arif Əmrahoğlu itkisi də əlavə olundu...

Onda 2014-cü ilin yayıydı...

2.Gedəcəyi yolu əvvəlcədən bilirdi...

Arif Əmrahoğluyla (onda Məmmədov soyadıyla tanınınrdı) ilk dəfə nə vaxt üz-üzə gəldiyimi xatırlamıram: yəqin ki, adamın özünə bir köynək yaxın saydığı adamlarla həmişə belə olur. Bircə o yadımdadı ki, Bakı Dövlət Universitetində məndən iki kurs yuxarıda oxuyan Arif Acaloğlu və Lətif Mustafaoğlu mühitində rastlaşmışdıq, elə onda da Marneulinin Ağqula kəndində doğulduğundan, orta məktəbi qonşu Ləmbəli kəndində bitirdiyindən, bir il Sumqayıtdakı tikinti idarədində işlədiyindən xəbər tutmuşdum. Ünsiyyətini saxlasa da, “əsl tələbə həyatı” sürənlərə quşulmur, çayxanalara, xudmani məclislərə o qədər də maraq göstərmirdi, kirayə mənzildə yaşadığından, yataqxanaya da nadir hallarda, mütləq hansı kitabın dalınca gəlirdi. boy-buxunu, ciddi görkəmi, ölçülü-biçili xasiyyəti, ictimai işlərə marağı, simsarı Lətif Mustafaoğlunun təbirincə desək, “sanballı vəzifələrə hazırlaşdığından” xəbər verirdi. Hətta Zaqafqaziya komsomol məktəbini də bitirmişdi, fakültənin, eləcə də universitetin komsomol komitəsində çalışırdı.

Arifin yaradıcılığa hekayəylə başladığını, hətta qələm təcrübələrindən birini “Yeni Marneuli” qəzetində çap etdirdiyini bilirdim, amma tələbə vaxtlarında özünü tənqiddə tapmışdı, xüsusilə “SSRİ xalqları ədəbiyyatı” kafedrasının müdiri professor Pənah Xəlilovun ən çox ümid bəslədiyi tələbələrdən biriydi, elmi məqalələri, ressenziyaları artıq mətbuata ayaq açmışdı. Onda artıq bilirdik ki, Arif qeydsiz-şərtsiz Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutuna gedəcək, ən azı, elmlər doktoru məqamına çatmamış dinclik tapmayacaq...

Zənnimizdə yanılmadıq, Arif diplomunu alandan bir neçə ay sonra Ədəbiyyat İnstitutunun XIX əsr ədəbiyyatı şöbəsində işə düzəldi, az sonra da professor Əziz Mirəhmədovun rəhbərliyi altında namizədlik dissertasiyası yazmağa başladı. O illər ədəbiyyatşünaslıqda, ədəbi tənqiddə öz yerini tapmaq asan deyildi, Kamal Abdullayev, Vilayət Quliyev, Muxtar İmanov, Kamran Əliyev, Samir Kazımoğlu... kimi istedadlı və böyük gələcək vəd edən imzaların mənsub olduqları yeni nəslin layiqli sıra nəfəri olmaq üçün əməlli-başlı tər tökmək lazım gəlirdi. Arif də bunu bacardı, laborantlıqdan elmi işçiliyə yüksəldi, cəmi beş il ərzində (o dövrdə bu, nadir hadisə sayılırdı) karyreasının ilk pilləsini qalxdı - 1984-cü ildə “Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)” mövzusunda namizədlik dissertasiyası müdafiə elədi, az sonra da ailə qurdu, ev sahibi oldu.

Onda biz - beynimizdəki yaradıcılıq havasıyla həyat yollarında pələsəng olan tay-tuşları - hələ də özümüzü axtarırdıq...

3.Mənəvi körpülərdən biri

Ünsiyyətimizin seyrəldiyi o illərdə belə, Arif Əmrahoğluyla əlaqəmi kəsməmişdim. “Sovet Gürcüstanı” qəzetiylə əməkdaşlıq eləyir, hər dəfə Bakıya yolum düşəndə qapısını ərklə açırdım. Amma xasiyyətinə bələd olduğuma görə, münasibətimizdən sui-istifadə də eləmirdim, bilirdim ki, mənimlə söhbətləşdiyi dəqiqələrdə də fikri-zikri iş-gücünün yanındadı. Bəzən Lətif Mustafaoğluyla birgə gedirdik, arada fürsət tapıb qulağıma pıçıldayırdı ki, sən öz canın, Lərifi burdan mümkün qədər tez apar, sonra imkan tapıb görüşərik, qonaqlığını verərərəm.

Onda Arif Əmrahoğlu, elə bil, Borçalı-Tiflislə Bakı arasında salınmış körpünü möhkəmlədənlərdən biriydi. Bakıya yaradıcılıq səfərlərimin hamısında axtardığım adamları onun vasitəsiylə tapırdım, Kamal Talıbzadə, Şamil Qurbanov, Dilarə Əliyeva, Bəxtiyar Vahabzadə, Əflatun Saraclı, Tahir Hüseynov, Eyvaz Borçalı, Abbas Abdulla, İsa İsmayılzadə, Akif Hüseynov, Zəlimxan Yaqubla... aramızdakı bağları Arif qurmuş, o ünsiyyətlərin nəticəsi də sanballı müsahibələr, portret yazılar olmuşdu. Özüylə də mətbuat üçün könül söhbəti eləmişdik, onda zahirən ciddi görkəmli Arifin içindəki məhrəm aləmə bir daha baş vurmuşdum.

1988-ci ilin axırlarında Bakıda məskunlaşdığımdan xəbər tutanda ən çox təəssüflənənlərdən biri də Arif Əmrahoğlu oldu. Onu başa düşürdüm, arada qurulan körpünün uçulmasına, ən azı, çat verməsinə təəssüflənirdi, amma o vaxtın başlıca problemlərindən birinin – işsizliyin – mövcudluğunu da dərk eləyir, əlindən bir şey gəlmədiyinə görə əzab çəkirdi. Özü şəxsi həyatını çətinliklə qurmuşdu, hələ bir elə vəzifəsi-filanı da yoxudu ki, kiməsə yardım göstərə bilsin. Arabir vaxt tapıb həmsöhbət olması belə, mənim üçün lütf idi...

Onda mətbuatda dərc edilən hekayələrimi, tərcümələrimi, publistik yazılarımı izləyən mərhum professor Əflatun Saraclı elmi iş götürməyi məsləhət gördü, amma o yolun çətinliklərinə tab gətirə bilməyəcəyimi dərk eləyib sığınacağımı knoda tapdım...

4.Vaxt qısqacında

Arif Əmrahoğlu az sonra EA Ədəbiyyat Muzeyinə elmi işlər üzrə direktor müavini keçdi...

Onda ölkə qazan kimi qaynayır, sovet rejimi çat verir, erməni separatizmi də o çatı get-gedə böyüdürdü. SSRİ-İran sərhədində baş verənlər, Bakıda törədilən qanlı qırğın, Qarabağda gedən döyüşlər gecəmizi-gündüzümüzü bir-birinə qatmışdı. Ya Arif, ya da o vaxtlar Milli Məclis sədrinin köməkçisi işləyən mərhum Balaş Abbaszadə zəng vururdular, görüşür, içimizdəki narahatlığı söz-söhbətlə ovudurduq...

Arabir yolumu Nizami adına Ədəbiyyat Muzeyinin ikinci qatındakı iş otağından salırdım. Masasının üstündəki qalaq-qalaq əlyazmalardan, qəzet-jurnallardan, kitablardan, onlara baxıb kədərlə gülümsəməyindən bilirdim ki, yenə işləri başından aşır, nələrisə yazmalı, düzəltməli, çatdırmalıdı, ona görə də vaxtının mümkün qədər az almağa çalışır, dönə-dönə üz vursa da, tez getməyə çalışırdım. Hər dəfə də vidalaşanda bərk-bərk tapşırırdı: “Sən öz canın, vaxt olanda zəng elə, ya da gəl, dərdləşək...” Amma bilirdim ki, belə bir ağır şəraitdə, keçid dövründə milli-mənəvi irsin təbliğiylə bağlı tədbirlər keçirməli, elmi məqalələr məcmuəsi, toplular və arxiv materialları əsasında kitablar nəşr etdirməlidi...

Dövlət müstəqilliyinin bərpasından sonra Prezident Aparatının Milli Siyasət Məsələləri üzrə Dövlət Müşaviri xidməti ekspert qrupunda, sonra da milli siyasət şöbəsində işləyəndəsə “vaxt məsələsi” lap müşkülə döndü. Vasvasılıq dərəcəsinə çatan ciddiyyəti, ifrat məsuliyyəti, bir də ailəsinə hədsiz bağlılığı Arif Əmrahoğlunun vaxtına, necə deyərlər, “qənim kəsildi”. O dörd ildə üz-bəüz dörd dəfə ünsiyyətimiz ola, ya olmayaydı. Hərdən zəngləşirdik, onda da dövlət məmuru kimi söhbətimizin cızığından çıxmasına imkan vermirdi...

Bircə səsindən sezirdim ki, yaradıcılıq üçün burnunun ucu göynəyir, gec-tez “özünə qayıdacaq”...

5.Dönüş

O dönüş 1997-ci ildə baş verdi...

Onda Müdafiə Nazirliyində işləyirdim, vaxt məsələsi mənim də amanımı kəsmişdi, asudə günlərimin həsrətini çəkirdim...

Oktyabr günlərinin birində mənə zəng elədi, dedi, işdən çıxanda görüşək, səninlə söhbətim var. Vaxt məsələsində ifrat “xəsis” olduğunu bildiyimdən sürprizlə qarşılaşacağımı dərhal hiss elədim. Görüşdük, ordan-burdan söhbət elədik, qəfildən qayıtdı ki, oktyabrın axırında yazıçıların qurultayı olacaq, Anar müəllim mənə Birliyin təşkilati məsələlər üzrə katibliyini təklif eləyir. Bu təklifin ondan ötrü yaradıcı mühitə qayıtmaq üçün göydəndüşmə imkan olduğunu bildiyimə görə, ürəkdən sevindim. Dedi, sən öz canın, amma bu, aramızda qalsın, hələ heç kəsə söyləmə, bir də dost kimi bir xahişim var, güvəndiyim adamlardan birisən, hər şey qaldasında olsa, qurultaydan sonra səni Birliyə üzv keçirək, müəyyən məsələlərdə mənə kömək elə.

Bu sözləri elə ərklə dedi ki, boyun qaçırmadım...

Oktyabrın 30-da – 43 yaşını tamamlayandan iki gün sonra – Arif Əmrahoğlu AYB-nin katibi seçildi, elə həmin vaxtlarda da Bakı Dövlət Universiteti filologiya fakültəsində Türk xalqları ədəbiyyatı fənnindən dərs deməyə başladı...

Mən də Arifin məsləhətinə və xahişinə əməl elədim, Birliyin üzvü oldum, ona imkanım çatan qədər kömək elədim. Müdafiə Nazirliyindən, az sonra “Lider” televiziyasından ayrılandan sonra da “Ulduz” jurnalında yarımştat işləyə-işləyə təşkilati işlərində əlimdən gələni əsirgəmədim.

Amma Arif Əmrahoğlu vəzifəsindən faydalanmağı, başına “öz adamları”nı yığmağı məqbul sayan adamlardan deyildi. “Ulduz” jurnalında “ayaqüstü” (nə oturmağa masam vardı, nə də boşalan yerlərdən birinə tam ştata keçirirdilər) işlədiyim müddətdə məni görəndə əzab çəkdiyini sezir, özümü naqolay hiss eləyirdim. Heç 2004-cü ildə keçirilən XI qurultayda Arifin təqdimatıyla İdarə Heyətinin üzvü seçilməyim də işə yaramadı. Elə ilk plenumdaca sakitcə çıxdım, ərizəmi baş redaktor Ələkbər Salahzadənin masası üstünə qoyub birdəfəlik getdim...

Arif bu hərəkətimdən çox sarsılmışdı, dönə-dönə zəng elədi, qayıtmaq üçün dilə tutdu, “hər şeyin yaxşı olacağı”na söz verdi, amma bilirdi ki, örtdüyüm qapını bir daha açmaq şakərim yoxdu. Beləcə, düz on il nə AYB məni axtardı, nə də mən ora üz çevirdim...

Amma bu gedişimin Arif Əmrahoğluya münasibətimə zərrə qədər də təsiri olmadı. Uğurlarına sevinirdim, fürsət düşəndə görüşürdük, hər dəfə də mənim üçün nəsə eləyə bilmədiyinə için-için qovrulduğunu sezir, narahatlığını gücüm çatan qədər sovutmağa çalışırdım...

6. “Görülən iş qalacaq...”

Arif Əmrahoğlunun yazılarını – elmi məqalələrini, monoqrafiyalarını, tərcümələrini – tələbəlik illərindən izləmişəm. Onun Nizami, Cahanşah Həqiqi, İsmayıl bəy Qutqaşınlı, M.F.Axindzadə, İbrahim Tahir, İsa İsmayılzadə... haqqında sanballı elmi-tənqidi məqalələri, Azərbaycan ədəbi tənqidiylə bağlı konseptual yazıları indi də arxivimdə durur. Kitabxanamda avtoqrafla bağıladığı Nəsrin poetikası” (1990), “Sözə inam sabahımızdır” (1999), “Epik sözün bədii gücü” (2000), “Ədəbiyyatımız, mənəviyyatımız” (2010), “Mən xoşbəxtəm ki, anlamağa qadirəm” (2012), “Mirzə Fətəli Axundzadənin söz dünyası” (2013), “Mədəniyyət gücdür” (2013) monoqrafiyaları var. Üstəlik, o, M.F.Axundovun Moskvada nəşr olunan “Seçilmiş əsərləri”nin tərtibçisidi.
2009-cu ildə Arif Əmrahoğlunun bitib-tükənməyən işlərinə bir məsul iş də əlavə olundu - Nizami adına Ədəbiyyat İnstitutunda Türk xalqları ədəbiyyatı şöbəsinə müdir təyin edildi. O, çoxşaxəli yaradıcılıq və təşkilatçılıq qabliyyəti sayəsində işə girişdi, “Türk xalqları ədəbiyyatı” adlı elmi məqalələr məcmuəsi təsis elədi, “Türk xalqları ədəbiyyatı” (2009), “Türk mifologiyası və Türk xalqları ədəbiyyatı” (2011), toplularını nəşr etdirdi, 2013-cü ildə “Yaşayan Yunus İmrə” adlı beynəlxalq elmi konfransı keçirdi, ABŞ, Rusiya, Türkiyə, İran, Gürcüstan, Litva və başqa ölkələrdə elmi məqalələr çap etdrdi.

“Dialoq Avrasiya” beynəlxalq dərgisi redaksiya heyətinin üzvü kimi də Azərbaycanı təmsil eləyir, məqalələrin tərcüməsi və redaktəsiylə məşğul olurdu. Bu xidmətlərinə görə Türkiyə Qazi Universitetinin “Türk dünyasına xidmət ödülü”nə layiq görülmüşdü...

Vaxt tapanda tərcüməylə də məşğul olurdu. A.Çexovun üçcildlik “Seçilmiş əsərləri”ni, dünya xalqlarının mif və əfsanələrini, O.Pamukun “Gizli üz” (P.Əlioğluyla birgə) ssenari-romanını, “Qara kitab” romanından parçaları, Dino Busattinin hekayələrini dilimizə çevirmişdi...

Vaxtsızlıq məngənəsində get-gedə seyrələn görüşlərimizdə arabir səhhətindən də narahatlığını bildirirdi...

7.Onu vaxtsızlıq apardı...

Bu fikir Arif Əmrahoğlunun dəfni məqamında ağlıma gəldi...

Çoxdan, mən bilən, AYB-də işləyəndən mədəsindən şikayətlənirdi. Müalicəyə getməyi məsləhət görəndə də siqaret dumanı arxasından kədərlə gülümsünürdü: “Bəs, bu boyda işləri neyləyim?”

Vaxtsız Adam canının qayğısına qalmağa da vaxt tapmırdı...

Bir neçə aydan sonra 60 yaşı tamam olacaqdı...

Amma heç yubileyinı gözləməyə də vaxt tapmadı...

Oktyabrın 28-də onun haqqında dostlarının araya-ərsəyə gətirdikləri “Yarımçıq ömrün yarpaqları” adlı məqalələr toplusu Arifsiz təqdim olundu, xatirəsinə sanballı sözlər söyləndi...

Amma Arif Əmrahoğlu o sözləri eşitməyə də vaxt tapmadı...

iyul 2023

# 584 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı

10:38 23 noyabr 2024
Xankəndi şəhərində ilk solo konsert keçirilib

Xankəndi şəhərində ilk solo konsert keçirilib

10:25 23 noyabr 2024
#
#
# # #