Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?

Həyat yoldaşının xəyanətinə göz yuman məşhur yazıçı - Onun zarafatı sevgilisini necə bədbəxt etdi?
18 oktyabr 2024
# 15:00

Kulis.az Həmid Piriyevin "O, Çexovu sevirdi" yazısını təqdim edir.

Boris Ştern “Dördüncü ilin iki iyulu (Çexovun bioqrafiyasına aid yeni materiallar)” kitabında qeyd edir ki, müasirləri Çexovu müxtəlif cür təsvir edib. Bəziləri onun balacaboy, xəstəhal görkəmdə olduğunu, bəziləri isə hündür, yaraşıqlı kişi olduğunu qeyd edib. Amma ümumi nəticə belədir ki, Çexov yaraşıqlı kişi olub. Və burasını qeyd etməyə ehtiyac yoxdur ki, yazıçı kimi də çox uğurlu olub.

Xeyli qadın ona vurulurdu, amma o, hamısına soyuq yanaşırdı. Necə deyərlər, gününü keçirtdin, bəsdir. Hekayələrində də qadınları ironik tərzdə təsvir edirdi. Əlbəttə, Çexov da qadınları sevirdi, amma onlar haqqında belə deyirdi: həyat yoldaşı ay kimi olmalıdır. Hərdənbir görünsün, azadlığına və tənhalığına mane olmasın. Evlənsən, gərək belə ay-qadınla evlənəsən...

Çexovun həyatı xırda-para romanlarla zəngindir. Bu yazıda Çexova vurulan çoxsaylı qadınların birindən danışmaq istəyirik – Likadan, Lidiya Staxiyevna Mizinovadan.

Lika Çexovla tanış olanda on doqquz yaşındaydı. O da əksər qadınlar kimi böyük hekayəçiyə vurulmuşdu. Amma bunu, sadəcə, vurulmaq adlandırmaq düzgün olmaz. O, Çexovu qəlbən sevirdi. Və o da Çexovun xoşuna gəlirdi. Yazıçı onunla gəzirdi, söhbət edirdi, iltifat göstərirdi... Sonra isə onu qoyub daha əlçatan qadınların yanına gedirdi. Sonra yenə Likanı qonaq çağırırdı. Qızın pianoda çalıb romans ifa etməyinə qulaq asırdı, yenə iltifatlar edirdi və yenə də başqa qadınlar...

Bir dəfə məktub yazıb Likaya evlənmək təklifi edir. Yəqin, qız məktubu oxuyanda sevincdən, az qalıbmış, ürəyi dayansın. Və yəqin, təklifi alanda nə qədər sevinmişdisə, Çexovun açıqlamasından sonra bir o qədər məyus olmuşdu. Çünki Çexov demişdi ki, zarafat edirəm. Sadəcə, zarafat!

Bu hadisədən sonra Lika dərin depressiyaya qapılır. Məclislərdə içir, reputasiyasını aşağı salır, günlərin birində isə yazıçı Potapenkoya qoşulub xaricə gedir. Potapenko, demə, evli imiş. O, yüngül desək, Likanı hamilə qoyub aradan çıxır. Lika qızını tək dünyaya gətirir, amma iki ildən sonra uşaq ağ ciyər sətəlcəmindən ölür.

Qeyd edim ki, Çexov “Qağayı” pyesini məhz Lika ilə Potapenkonun münasibətindən ilhamlanıb yazır.

Lika xaricdən Çexova məktub göndərir. Bildirir ki, mənim bu hala düşməyimin yeganə səbəbkar sənsən! Məhz sən!

Çexov ona soyuq yanaşır. Çünki o, bu vaxtlar artıq aktrisa Olqa Knipper ilə tanış olmuşdu. Sonra o, aktrisa ilə evlənir. Onu sevir və evlənir. Deyəsən, bunu heç özü də gözləmirdi. Amma neyləyəsən? Qismət.

Lika da məşhur teatr rejissoru Aleksandr Saninlə evlənir, otuz beş illik xoşbəxt evlilik həyatının təməlini atır.

Çexov Olqa ilə evlənəndə artıq ağır xəstə idi. Demək olar, gəzə bilmirdi, bütün günü evdə otururdu. Elə nikahları da vərəm sanatoriyasında baş tutmuşdu. Gənc arvadı isə dostları ilə restoranları gəzirdi. Hə də, cavan və gözəl qadındır, özü də məşhur aktrisa. Evdə oturub xəstə ərinə baxmalı deyil ki.

Çexov xəstəliyinə görə Yaltaya köçür, həkim kolleqaları ona deyir ki, Yaltanın iqlimi sənin üçün xeyirlidir (Boris Ştern kitabında qeyd edir ki, əslində, Yaltanın havası da Çexova düşməmişdi və vəziyyətini ağırlaşdırmışdı). Əlbəttə ki, Olqa paytaxtda qalır. Çexov onun üçün darıxır, ona məktublar yazır. Yazır ki, kaş indi yanımda olaydın, başımı sənin çiyninə qoyub dincələrdim, halım yaxşılaşardı... Olqa isə səhnəni qoyub ərinin yanına getmək fikrində deyildi. Aktrisalar belədir də. Onlar da ay kimidir – göyüzündə hərdənbir görünürlər.

Belə. Çexov azadlıq və tənhalıq arzulayırdı, buna da nail olur. Ay kimi hərdənbir görünən arvad istəyirdi, bu arzusu da yerinə yetir.

Bəs Çexov Yaltadakı tənha uzun gecələrdə öskürə-öskürə arvadının xəyanəti haqqında anonim məktubları oxuyanda nə fikirləşirdi – bunu heç vaxt bilməyəcəyik.

# 1768 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #