Lənətlənmiş kitab – Karlos Ruis Safonun “Küləyin kölgəsi” romanı

Lənətlənmiş kitab – Karlos Ruis Safonun “Küləyin kölgəsi” romanı
16 fevral 2023
# 11:30

Kulis.az Orxan Adıgözəlin yeni yazısını təqdim edir.

Karlos Ruis Safonun “Küləyin kölgəsi” romanı oxucuya çoxsaylı emosiyalar bəxş edir. Kitab sizi həm ağlatma, həm də güldürmə iqtidarındadır. Orada mistika, qorxu və erotika da var. Hadisələr 1930-1960-cı illərin İspaniyasının Barselona şəhərində cərəyan edir. Kitab Daniel adlı yeniyetmənin dilindən nəql edilir. Atası bir gün Danieli unudulmuş kitablar qəbiristanlığına gətirir. Bura gizli qardaşlıqsayağı məkanlardandır, hansı ki, çox az adamın hesabına orada dünyanın bütün kitabları toplanılıb. Daniel oradan istənilən bir kitabı seçməli və onu ömrünün sonuna kimi qorumalıdır. Eləcə də bu, sirr olaraq qalmalıdır.

Beləliklə, Danielin təsadüfü seçdiyi kitab, onun taleyini dəyişdirəcək bir məsələyə çevrilir. “Küləyin kölgəsi” adlı kitabı Xulian Karaks adlı şəxs yazıb. Roman o dərəcədə təsirli və maraqlı olur ki, Daniel onu bir günə oxuyub, bitirir. Yazıçının kimliyi ilə maraqlananda, yeniyetməyə qəribə məlumatlar məlum olur. Demə Karaksın bütün mövcud kitabları yandırılıb və Danielin əlində olan, yeganə salamat nüsxədir.

Bura qədər yazdıqlarımdan sonra kitab haqda klişe təəssürat yarana bilər. Əslində, elədir ki var. Safonun romanı klişe olaylar üzərində qurulub. Oxuduqca, cərəyan olunan vaqiələri Latın Amerikası seriallarının süjetinə də bənzətmək olar. Buna baxmayaraq, klişelərin bolluq təşkil etdiyi romanda o qədər ədəbi estetika, gözəl təhkiyə var ki, kitabdan əl çəkə bilmirsən. Müəllif həm də bununla dolayı yolla isbatlayır ki, klişelərdən ibarət oxunaqlı və ləzzətli kitab yazmaq olar.
“Küləyin kölgəsi” - kitab içində kitab olan dadlı, duzlu kitablardandır. Onu şövqlə oxudum və olduqca razı qaldım. Romanı başa çatdıranda, kitabın müəllifi Safonu, onu mənə tövsiyə edən – üzvü olduğum “Dartanyanlar kitab klubu”nu və romanı dilimizə çevirən İlqar Əlfini minnətdarlıqla andım.

Roman dərin fəlsəfi əsərlərdən sayılmasa da, orada bir xeyli bəşəri ideya var, hansı ki, ürəyi cuşa gətirməyi bacarır. Oradakı hekayə, ümumi süjet xəttindən savayı, personajlar da bacarıqlı halda qurulub. Sanmaq olar ki, bütün baş verənlər realdır və hər şey sənin gözlərin önündə cərəyan edir. “Küləyin kölgəsi” əvvəldən oxucunu özünə bağlayır. Mütaliyə start verəndə elə təsəvvür yarandıkı Əl-Mərcan adalarındayam və şəffaf suya baş vurdum. Sudan isə məhz kitabı başa çatdıranda çıxdım. Yəni, oxu prosesi bu qədər ekzotik və ləzzətli keçdi.

Əsərin qəhrəmanı Danieli özümə bənzətdim. Maraqlandığı, inandığı şeylərin arxası ilə gedən, ehtiraslarını yüksək qiymətləndirən, gözəlliyi, sevgini ilahi nəsnə sayan, dostluğu qida kimi zəruri qiymətləndirən – Daniel. Onun Ferminlə dostluğu, mənə vaxtı ilə balaca əmim ilə olan dostluq münasibətimi xatırlatdı. Əmim də Fermin kimi həyat təcrübəsi yüksək, çoxlu macəralar, qadınlar görən, emosiyalarını dərindən yaşayan kişidir. Onunla yoldaşlıq etdiyim vaxtlarda öz təcrübələrini öyrədici şəkildə, səxavətlə bölüşməyi xoşlayan əmim, Fermin kimi ideologiya ilə yaşayan, maraqlı xatirələrlə yadımda qalıb. Ondan çox şey öyrənmişəm.

Kitab Küləyin kölgəsi | Karlos Ruis Safon | | Alinino.az

Klara Barselo personajı çox adama cazibədar görünə bilər. Əsas da kişi oxuculara. Bukinist Qustavo Barselo Danieli, qardaşı qızı Klara ilə tanış edir. Gənc qadın görünüşcə çox gözəldir. Onun gözləri görmür. Daniel qızın cazibəsi qarşısında sərməstdir. O, özündən yaşca böyük Klaraya aşiqdir və tez-tez gəlib, onun üçün kitablar oxuyur. Klaranın könlü isə başqasında olur. Ancaq o, balaca oğlanı müəyyən qədər formalaşdırır. Safon Klaranı çox gözəl təsvir edib. Onun ecazı oxucunu da ehtizaza gətirir.

Beatris Agiler – Danielin məhəbbəti. Beatris və ya qısaca Bea – Danielin dostu Tomasın bacısıdır. İlk dəfə elə məktəbdə Beaya söz atanda, Tomas Danieli çırpmış və ondan sonra iki oğlan barışıb, dostlaşmışdılar. Oğlanla-qız böyüyəndən sonra yenə rastlaşırlar. Onların aralarında sevgi qığılcımları yaranır, ancaq Bea hansısa ordu zabiti ilə nişanlıdır. Təzadlı, gərgin hadisələrin, duyğuların fonunda – Daniel və Bea arasında önəmli məqamlar, hallar təkamül edir.

“Küləyin kölgəsi”ndə çoxlu maraqlı personaj var, ancaq ən maraqlılardan biri də Nuriyə Monfortdur. “Hamımız şüursuzluğumuzun əlində oyuncağıq” deyən Nuriyə “Unudulmuş kitablar qəbirstanlığı”nı qoruyan cənab Monfortun qızıdır. Bir vaxtlar o, Xulian Karaksın kitabları çap edilən nəşriyyatda redaktor işləyirmiş. Daniel kitabları yandırılan müəllifə çatmaq üçün Nuriyə ilə görüşür. Nuriyə də Danielə ciddi təsir edən şəxslərdən olur.
Hər hadisə, hər təsiredici personaj ilə biz, Danielin böyüdüyünü görürük.

20-ci əsrdə bizə hələ də qotik ədəbiyyatın ölmədiyini göstərən yazıçı Safon öz kitabı ilə “ölümsüz”lüyə qovuşub. Dinamik, emosional, koloritli roman oxumaq istəyirsinizsə, “Küləyin kölgəsi” sizlikdir.

# 4206 dəfə oxunub

Oxşar xəbərlər

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
# # #