Lazımsızlar - Xanım Əliyevanın hekayəsi

Lazımsızlar - Xanım Əliyevanın hekayəsi
5 dekabr 2025
# 11:30

Kulis.az Xanım Əliyevanın "Lazımsızlar" hekayəsini təqdim edir.

Təsəvvür edin ki sizi dünyanın 7-ci qatına qaldırıb, sonra elə həmin sürətlə də yerə vururlar. Yerə vurmaqla yekunlaşmır bu məsələ, yerin 7-ci qatına soxurlar. Amansızcasına, qəddarcasına, vicdansızcasına, insafsızcasına edirlər bunu sizinlə. Sizin heç bir səhviniz və günahınız yox ikən edirlər bunu sizə. Siz heç nə anlamırsınız. Nə etdiniz ki buna layiq oldunuz? Nə baş verdi axı?

Heç ömrünüzdə uşaq evi, yaxud internata getmisinizmi? Oradakı uşaq və yeniyetmələrin sizə baxan inamsız, yaxud ümidli gözlərini görmüsünüzmü? Hər bir uşaq bir taley, bir qismət daşıyır çiyinlərində. Bəlkə bir gün bu qapılardan onları xilas edəcək insanlar içəri girəcək və bu cəhənnəmdən onları xilas edəcək. Çünki uşaq evləri, internatlar, həbsxanalar və bir də çox vaxt öz evlərimiz yer üzünün cəhənnəminə dönür.

Sənubərlə qardaşı Vaqifi uşaq evindən götürəndə onların Sənubərin 10, Vaqifin 7 yaşı vardı. Onlar buna o qədər sevinmişdilər ki, gecəni yata bilməmişdilər. Uşaq evində bütün uşaqlara deyirdilər ki bizi valideynlərimiz aparacaq, bizim də axır ki evimiz olacaq. Sabahı gün bir kişi və bir qadın onları öz evlərinə apardılar. Necə də Sənubərlə Vaqif xoşbəxt idi, ay Allah. Axır ki onların da evləri və valideynləri vardı. Artıq heç kim onlara yetimçə deməyəcəkdi. Uşaqlar adətən qəddar olur. Məktəbdə bir hadisə baş verəndə, yaxud bir uşaq digərlərindən nə iləsə seçiləndə adətən qınaq obyektinə çevrilir, təhqir olunur və alçaldılır. Çünki insanlar ta ibtidai icma quruluşundan başlayaraq, özlərinə bənzəməyənləri sevmir, onlardan qaçır, yaxud onları öldürürdülər. İcmadan qıraqdan qalma qorxusu qolu güclü olanın yanında olub, zəifi əzməyə məcbur buraxırdı. Sənubərlə də Vaqif belə qurbanlardan idilər. Hər gün məktəbdə alçaldılır, bununla kifayətlənməyən bəzi uşaqlar onlara hətta əl də qaldırırdılar. Bir-iki dəfə bəzi müəllimlər bu uşaqların valideynlərinə şikayət etsələr də, valideynlər də öz övladlarından geri qalmır, hansısa yetimçələrə görə onları narahat etməməyi, bezdirməməyi bildirmişdilər. Çox zaman uşaqlar valideynlərinin diliylə danışır, onları təkrarlayırlar.

Amma Sənubərlə Vaqifin pis günləri artıq geridə qalmışdı, onların daha valideynləri vardı, ailə deyə biləcəkləri insanlar və evimiz deyəcək evləri mövcud idi. Necə də böyük xoşbəxtlik baş vermişdi.

Təzə ailənin mənzili böyük deyildi, amma uşaqlar üçün ayrıca otaq vardı. Uşaqlar doyunca yemək yeyir, hətta təzə məktəbə belə gedib-gəlirdilər. Təzə ailələri onlara üst-baş almış, dəftər-kitabla təmin etmişdi. Yeni məktəbdə onlara daha yetimçə demir, əksinə yaxşı münasibət göstərirdilər.

Bu xoşbəxtlik yuxu kimi gəlirdi və uşaqlar elə bil dərin şirin bir yuxuda idilər. Yeni ailə onları fərqli idman növlərinə və musiqi alətlərinə qoymuş, uşaqlar vaxtlarını xoş keçirsin deyə, əyləncə məkanlarına da aparırdıla

Amma günlərin bir günü nələrsə dəyişməyə başladı. Hər şey ananın əlindəki balaca əşyanı gördükdən sonra sevincindən atanın üstünə qaçması və daha sonra iksinin harasa getməsindən sonra dəyişdi. Onlar gəldikləri yerdə ağlı-qaralı şəkillər gətirdilər. Valideynlər bütün qohum-qonşuya zəng edir, nəsə şad xəbərlər verir, sevinir və əylənirdilər. Hətta bunun şərəfinə uşaqlarla birgə bahalı restorana da getmişdilər. Ancaq bu sevinc uzun çəkmədi və valideynlərin uşaqlara qarşı münasibəti soyumağa başladı.

Heç nə anlamayan uşaqlar pərişan idilər. Axı onlar nə etdilər ki valideynləri onlara qarşı belə dəyişdilər? Dərslərini yaxşı oxuyur, özlərini ağıllı uşaq kimi aparırdılar. Bir ilə yaxın idi bu ailədə yaşayırdılar və çox xoşbəxt idilər.

Sənubər bir dəfə gecə vaxtı susuduğuna görə mətbəxə keçəndə valideynlərinin söhbət etdiyini gördü. Onlar nəsə sevinc halda fikri bölüşür, amma bir anlıq məsələ ciddiyə mindi və onlar ciddi şəkildə bildirdilər ki dörd uşağa baxmağa gücləri çatmayacaq. Sənubər əvvəlcə heç nə anlamadı. Dörd uşaq? Məgər valideynləri uşaq evindən əlavə iki uşaq da götürəcəkdilər ki? Ata bildirirdi ki onun maddi sarıdan dörd uşağı saxlamağa imkanı yoxdur. Həm öz uşaqları olacaq halda öz qanlarından, canlarından olmayan uşaqları nə edirlər ki? Ana əvvəlcə bununla razı olmadı, amma sonra atanın gətirdiyi faktlar qarşısında qaldı və razılaşmaq məcburiyyətində oldu.

Sənubər söz tapa bilmirdi. O, cəld otaqlarına keçib, qardaşını oyatmaq istədi. Şirin və dərin yuxuda yatan qardaşı oyanmaq istəmədi. Sənubər düşündü ki eybi yox, sabah Vaqiflə eşitdiklərini bölüşər. Bəlkə o, səhv başa düşüb, ya da yuxu görüb.

Sabahı gün Sənubər Vaqiflə danışmağa imkan tapmadı, atası onları məktəbə apardı və dərd fasiləsində onlar dəhlizdə görüşə bilmədilər. Sənubər düşündü ki eybi yox, evdə bəlkə imkan tapar. Amma evdə də imkan olmadı.

Növbəti gün şənbə idi və Sənubər düşünmüşdü ki yəqin ki hər şeyi səhv başa düşüb. Əgər bu iki gün içində nəsə bir dəyişiklik olmadısa, demək ki eşitdikləri və gördükləri sadəcə yuxu olub. Günorta atası gəlib, bildirdi ki onlar əşyalarını yığmalıdırlar. Sənubərlə qardaşı elə bildilər ki indi hansısa istirahət yerinə gedəcəklər. Ara-sıra həftə sonu bölgələrdə dincəlməyə gedirdilər. Əşyalarıyla birgə maşına əyləşib yola düşdülər. Anaları onlarla getmirdi, qadın sadəcə kədərli gözlərlə baxır, heç sağollaşmaq da istəmədi. Sənubər bundan şübhələndi. Niyə anaları onlarla gəlmirdi. Atası bildirdi ki sonra başa salacaq. Sənubərgil ancaq uşaq evinin qabağına çatanda hər şeyi başa düşdülər. Ata dedikləri şəxs onları həmin o uşaq evinə geri gətirmişdi. Sənubər son ana qədər ümid edirdi ki ata dedikləri insan sadəcə bura yolu düşüb, deyə gəliblər. Amma o şəxs maşından düşməyi və əşyalarıyla birgə uşaq evinə daxil olmağı əmr etdi. Səsində soyuqluq və kobudluq hiss edirdi. Vaqif heç nə anlamırdı və qorxu dolu gözləriylə Sənubərə baxırdı. Sənubər ancaq hər şeyi başa düşmüşdü.

Onları uşaq evindən himayəyə götürən ailə onları yenidən həmin uşaq evinə geri qaytamışdı. Siz burada oturun, mən indi müdirəylə danışım gəlirəm, deyə həmin ata dedikləri adam müdirənin otağına keçib, uzun müddət orada qaldı. Sənubər artıq bezgin halda otaqdan çıxıb, müdirənin otağına getməkdə özündə cəsarət tapdı. Müdirənin qapısını döydü və içəridən bir səs gəl dedi. Sənubər içəri girdi, amma otaqda müdirədən başqa heç kəs yox idi. O təəccüblə müdirəyə baxdı. Müdirə hər şeyi anlayan baxışlarıyla Sənubərə dedi ki, bundan sonra onlar yenidən bu uşaq evinin sakinləridir. Onları övladlığa götürən ailə yenidən uşaq evinə qaytarıb. Sənubər qulaqlarına inanmırdı, axı bu necə ola bilər? Onlar axı yaxşı uşaq idilər, sözə qulaq asırdılar, dərslərini yaxşı oxuyurdular. Axı niyə? Müdirə kədərli gözlərlə Sənubərə baxıb dedi ki Sənubər artıq böyük qızdı və deməlidir ki bu ailənin özünün əkiz övladı dünyaya gələcək. Ailə başçısı dörd uşağa baxmaq gücündə olmadığını düşünüb, Sənubərgili yenidən uşaq evinə geri qaytarmağı düzgün hesab etdiyindən bir neçə gün qabaq onunla danışıb. Müdirə ailəni yola gətirməyə çalışıb, bildirib ki belə olmaz, uşaqlar onlara öyrəşib. Amma nə qədər dil tökübsə, xeyri olmayıb. Bu anda Sənubərin elə bil ki bütün dünyası çökdü. Başı fırlandı və o, yerə yıxıldı. Ayılanda ətrafınsa müdirə və həkim vardı. Ayılan kimi acı reallığa qayıdan Sənubər hönkür-hönkür ağlamağa başlamışdı. Vaqif heç nə başa düşmür, ay bacı, nə olub, niyə ağlayırsan, ata haradadır kimi suallar verirdi.

Sənubər göz yaşları içində Vaqifə dedi ki atagil onları yenidən bu uşaq evinə geri qaytarıb və onları daha istəmir. Vaqif eşitdiklərinə inana bilmir, yaxud da inanmaq istəmirdi. Hey deyirdi ki yox, ola bilməz. Ata dalımızca mütləq gələcək, yəqin işi var deyə, hələlik bizi bura qoyub. Ana da yəqin məşğuldur, gedəsi yeri var. Sənubər başını sağa-sola tərpədir və hey qışqırırdı ki, yox, nə ata, nə ana daha gəlməyəcəklər. Onların öz uşaqları olacaq və biz onlara daha lazım deyilik. Vaqif bu sözlərdən yerində donub, qaldı. Həmin gün Vaqif daha heç nə demədi.

Növbəti həftədən uşaqlar yenidən köhnə məktəblərinə qayıtmalı oldular. Qayıtdıları gündən məktəbdə mənəvi şiddət yenidən və daha artıqlamasıyla davam etməyə başladı. Uşaqlar onlara gülür, gör necə pis uşaq idiniz ki, sizi yenidən uşaq evinə qaytardılar kimi cümlələr işlədirdilər. Sənubər bacardığı qədər qardaşını və özünü qoruyurdu. Amma tez-tez ağlayır və söz deməyə gücü qalmırdı.

O gündən bu günə Sənubər daha heç kəsə inanmadı. İnsanların bu qədər qəddar olduqlarına əmin oldu. Onları oyuncaq kimi uşaq evindən götürüb, özlərinə öyrəşdirib, sonra isə lazımsız əşya kimi götürdükləri yerə qaytardıqlarına görə özünə və o ailəyə nifrət edirdi.

Çox heyif ki, dünya ədalətli yer deyil və Sənubərlə Vaqif uşaq yaşlarında bunu anlamağa məcbur qalmışdılar. İrəlidə onları çətin və keşməkeşli həyat gözləyirdi. Heç kimə lazım olmamaq, əşyaya çevrilmək, alçaldılmaq, təhqir olunmaq – bütün bunlar qəddar həyatın həqiqi üzü idi.

# 66 dəfə oxunub

Oxşar xəbərlər

G.M. - Qustav Mayrinkin hekayəsi

G.M. - Qustav Mayrinkin hekayəsi

10:30 4 dekabr 2025
Entropiya - Əli Zərbəlinin yeni hekayəsi

Entropiya - Əli Zərbəlinin yeni hekayəsi

10:00 2 dekabr 2025
"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

14:00 1 dekabr 2025
Qartal təlimçisi - Luici Kapuananın hekayəsi

Qartal təlimçisi - Luici Kapuananın hekayəsi

12:00 29 noyabr 2025
Körpə - Günün hekayəsi

Körpə - Günün hekayəsi

10:30 28 noyabr 2025
Abcixanım - Sadiq Hidayətin hekayəsi

Abcixanım - Sadiq Hidayətin hekayəsi

12:00 23 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər