Dünya şöhrətli unikal ziyalı - İlahə Səfərzadənin hekayəsi

Dünya şöhrətli unikal ziyalı - İlahə Səfərzadənin hekayəsi
10 oktyabr 2025
# 10:00

Kulis.az İlahə Səfərzadənin "Dünya şöhrətli unikal ziyalı" hekayəsini təqdim edir.


- Əgər zarafat edirsinizsə, burada qətiyyən gülməli heç nə yoxdur. – Qarşısında oturub bayaqdan fikir vermədiyi nələrdənsə həvəslə danışan qadın dedi.

- Əlbəttə, zarafat eləmirəm. Ciddi deyirəm, səni sevirəm.– Gözlərini qadının üzünə baxmaqdan qaçırsa da aydın səs tonu ilə dedi. Sonra əlini qadının əlinin üstünə qoyub gözlərinin içinə diqqətlə baxdı. Nə vaxtsa eşitmişdi ki, belə şeylər qarşı cinsə güvən verir. Əslində, belə romantik sözlər həmişə onu güldürürdü. Bəlkə də, ona görə texniki fənləri bu qədər çox sevirdi. Onun üçün dünya rəqəmlər üzərində qurulub və hər mücərrəd varlığı konkretləşdirmək mümkündür. Məsələn, sevgi!

- Təsadüfən bura gəlməmişdən öncə ağlın işləməyinə əngəl olan nəsə içməmisiniz? Məsələn, spirtli içki. – Qadının üzünə ürəkbulandırıcı şübhə dalğası yayılmışdı. Təəssüf ki, bu dalğanın tezliyini rəqəmlərlə ifadə edə bilmirdi. İlk dəfə idi, kiminsə ağlından keçəni anlamaqda çətinlik çəkirdi. Daha öncələr belə vəziyyətdə qalmadığı üçün dialoqu necə davam etdirəcəyini bilmirdi. Əslində, həm qadın, həm də özü evli olmasaydı vəziyyət nisbətən sadə ola bilərdi. İndi bu kələfi çözmək daha da çətinləşmişdi. Qadının üzündəki az öncəki çaşqınlıq və qəzəb yoxa çıxmışdı. İndi həyatın kənarında oturub oyunçulara tamaşa edən adamlar kimi gözlərini pəncərədən çölə dikib küçədən keçənləri izləyirdi. Alt dodağını çeynəyir, gözlərini elə qıyıb baxırdı, elə bil, beynindən keçən düşüncələr ona əzab verirdi. Axmaq!

Bəlkə də, bunu etiraf etmək üçün çox da doğru zamanı seçməmişdi. Telefonu götürüb özünü kiməsə mesaj yazırmış kimi məşğul göstərməyə çalışdı. Zibilə qalasan! Dünyada qadın tükənibmiş kimi onun rastına çıxana bax! İllər öncə Texniki universitetdə kafedra müdiri işlədiyi zamanları xatırladı. Elmi rəhbəri olduğu magistr tələbələri ilə gizli münasibətləri olurdu. Qızlardan biri tərəddüd etsə də, əvvəl-axır onun təklifi ilə razılaşmışdı. Digərini isə öz imkanları ilə buna məcbur etmişdi. Sonralar özünə universitetdəki tələbələrdən sevgili seçməkdə orada təhsil alan mənəvi qızı da kömək edirdi. Mənəvi qız deyəndə ki, doğrusu, elə o qızdan da xoşu gəlmişdi. Məsələ belə oldu ki, niyyətini bildirəndə qız imtahanlardan kəsiləcəyini göz önünə gətirib etiraz da edə bilməmiş, lakin sevgili münasibəti qurmaq da istəməmişdi.

Ona görə belə anlaşmışdılar ki, qız ona sevgili tapmaqda vasitəçi olacaq. Əlbəttə, onun düşüncəsinə görə hər ziyalının haqqı çatır, xoşuna gələn qadınlarla münasibət yaşasın. Buna etiraz edənlərinsə tərbiyəsiz olduğunu fikirləşirdi. İndi qarşısında oturub ona atmacalar atan qadın hansı haqla dünya şöhrətli unikal ziyalı ilə belə danışır?

O da professorun istəyinə tabe olmalı, bir müddət sonra isə həyatından yoxa çıxmalı idi. Çünki o, evli idi və özünü inandırmışdı ki, xoşbəxt ailəsi var. Daha doğrusu, öncə sosial şəbəkələr vasitəsilə həyat yoldaşı ilə əbədi və möhtəşəm sevgi yaşadıqlarına ətrafındakıları inandırmışdı. Sonra başqalarının xoş sözlərindən ilham alaraq özü də bunu gerçək qəbul etmişdi. İndi telefonu qurdalayarkən bir daha əmin oldu ki, onu ən çox məmnun edən duyğu başqalarının gözündə xoşbəxt görünməkdir. İstəyirdi, hər kəs ona və gözəl ailəsinə həsəd aparsın. Həm də düşünürdü, xoşbəxt ailə təəssüratı yaratmaq ictimai mühitdəki imici üçün vacibdir.

Çünki, o, türk dünyasının önəmli alimi idi və haqqında iyirmi bir monoqrafiya yazılmışdı. Redaktə işində heç kimə güvənmədiyi üçün həmin monoqrafiyaların üstündə özü yenidən işləyib hamısını eyni üsluba salmışdı. Üstəlik, tanınmış şəxsiyyətlərə özünün təsis etdiyi dünya şöhrətli unikal mükafatlar da təqdim edirdi. Rəhbəri olduğu özəl nəşriyyatını qurmaqda da əsas məqsədi o olmuşdu ki, heç kimin oxumadığı kitablarını nə qədər çox təbliğ etsə, bir o qədər yaxşıdır.

Misal var, deyirlər, haqq verilməz, alınar! Hərçənd kitabların barama kağızında nəşr olunubmuş kimi keyfiyyətsizliyini onun üzünə vururdular. Lakin professor düşünürdü, bunu paxıllıqdan deyirlər. Hər halda, dünya şöhrətli unikal ziyalı olmağı bəzilərinin gözünə batırdı. Bir dəfə müsahibə zamanı ona sual verilmişdi ki, bu qədər iş-güclə belə cild-cild kitablar yazmağa vaxtı haradan tapır? Axmaq sual olsa da, professorun xoşuna gəlmişdi. Çünki soruşan müxbir onun yazdıqlarından xəbəri olmasa da əsərlərini ciddi və uğurlu iş hesab edib onlara vaxt sərf etdiyini düşünmüşdü.

Uğur demişkən, o, məşhur yazıçı və şairləri, alim və dövlət xadimlərini, bir sözlə, özündən üstün hesab etdiyi adamları harda tutsa, şəkil çəkdirib institutdakı otağında böyük bir guşə düzəltdirmişdi ki, bu adamlarla can bir qəlbdə dostdur. Hətta onlardan aldığı avtoqrafların şəkillərindən ibarət unikal bir kitab hazırlamışdı. Belə sayılıb-seçilən fövqəladə ziyalı olmağın birinci şərti isə gözəl ailə tablosu yaratmaqdır. Fərqi yoxdur, orada sevilirsən, ya yox. Əsas odur, cəmiyyət elə hesab etsin. Əbəs deyilmir, həyat böyük bir teatr səhnəsidir... Nə isə! Filosofluğun indiyə qalmışdı? Qadını yola gətirmək üçün nə deyəcəyini düşün. Bu anlaşılmaz, fırtınadan öncəki səssizliyi xatırladan sükutu pozacaq cümlələr tapa bilmirdi. Halbuki ən yaxşı bacardığı boş-boş danışmaq idi.

- Mən evliyəm. Üstəlik, sizin xarakteriniz də mənə uyğun deyil. Biz sizinlə işlə bağlı əlaqə saxlayırdıq, bundan sonra da belə olacaq. Bəlkə, heç belə də olmayacaq. – Qadının bayaqdan hökm sürən sükutu pozmağı onu fikirdən ayırdı.

Hiss etdi ki, o, öz dediklərindən qorxur. Sanki danışdığı dili sonradan öyrənmişdi və hansısa sözlərin cümlədə necə işləndiyini tapmaq üçün düşünürdü. Deyəcəklərini tamamladıqdan sonra qadın onun üzünə baxmadan qalxıb getdi. İstədi, durub mane olsun, alınmadı. Yerində oturub restoranın pəncərəsindən görünən parkda qadının adamların arasında gözdən itməyini izlədi. Hərçənd bu görüşdən öncə hər şeyi tamam başqa cür xəyal eləmişdi. Düşünürdü, dünya şöhrətli unikal ziyalı statusuna görə qadın mütləq onun istəyinə tabe olmalı, bundan sonra bir müddət onun şərtlərinə görə yaşamalıdır.

Lakin bu gözlənilməzlik onu çaşdırmışdı. Axı niyə məhz bu qadını seçmişdi? Evli insanla eşq yaşamaq ona qəribə və həyəcanlı göründüyünə görəmi? Arvadına acıqlı olduğu üçünmü? Yoxsa hələ də gənc qadınların onu öz ərlərindən üstün tutacaq qədər cəlbedici olduğuna dair sübuta ehtiyacımı vardı? Bütün bu suallar sürünərək, burularaq, dolaşıq düşərək onun beynində gəzişirdi. Bu günə kimi heç bir qadın onun istəyinə qarşı gələ bilməmişdi. Restoranda içdikləri çayın ödənişini edib ağır addımlarla çıxarkən düşündü ki, bu qadından da əl çəkməyəcək. Dünya şöhrətli unikal ziyalı olduğuna görə istədiyi hər qadını əldə etmək iqtidarını fikirləşib özünə toxtaqlıq verdi.

Axşam mesaj bildirişi səsini eşidib həyəcanla telefonu götürdü. Yazanın kim olduğunu görəndə əsəbiləşdi. Müavini işlə bağlı yüz dəfə başa saldığı mənasız nəyisə yüz birinci dəfə yenidən soruşurdu. Zibilə qalasan! Sənə diplom verənin!..

Ancaq unikal ziyalıların ağzına ala biləcəyi söyüşlərdən deyib cavabladıqdan sonra qadına mesaj yazdı:
"Necəsən? SƏNƏ görə narahat oldum" .

Bir müddət gözləsə də, cavab gəlmədi. Televizoru açıb mənasız baxışlarını ekrana zillədi. İki qadın nəyəsə görə saçyoldusuna çıxmışdılar. Ciddi proqramlar izləməyə səbri çatmırdı. Yaxşı ki, onlara televiziyada çox nadir hallarda rast gəlmək olurdu. Adətən kanallarda belə saçyoldulu, dava-dalaşlı unikal söhbətlər görəndə xüsusi maraqla sona kimi izləyərdi. Lakin indi heç onlar belə beyninə hopmurdu. Onu tükürpədici bir hiss basmışdı.

Elə bil, çox əhəmiyyətli bir şeyi tutmaqdan ötrü ümidsizliklə qaçırdı. Televizoru söndürdü. Arvadı otaqdan çıxarkən həmişəki etinasız soyuq səsi ilə önəmsiz nə isə dedi.

Uzun müddət idi, məcbur qalmasalar, ünsiyyət qurmurdular. Təbii, heç kim bilmirdi, illər öncə həyat yoldaşı onun xəyanətini üzə çıxartdığı üçün bir daha əvvəlki münasibətləri olmamışdı. Əslində, sonralar anlamışdı, belə həyat ona sərf edir. Artıq çoxdandır arzusunda olduğu sərbəstliyi yaşamaq üçün arvadının onu saymadığını bəhanə gətirir, öz unikal həyat hekayəsinə romantik mənalar yükləyirdi. Qadınları daha rahatlıqla aldada bilir, onları sui-istifadə etdiyi üçün vicdan əzabı çəkmirdi.

İşə getmək üçün tezdən durmalıydı. Yatarkən telefonu söndürmədi ki, cavab gəlsə, xəbəri olsun. Səhər oyananda əsəbiləşdi. Bir mesaj bildirişi vardı, o da müavinindən. Yüzbirinci dəfə izah etdiyi üçün “Çox sağ olun, müəllim” yazmışdı. Müəlliminə də, sənə də! Telefonu kənara atıb əl-üzünü yumaq üçün hamama girdi. O, bu günə qədər əldə etmək istədiyi hər şeyi etmişdi. Hər şeyi! Boşunamı dünya şöhrətli unikal ziyalı olmuşdu?!

Ola bilməz, nədənsə bu qədər asan əl çəksin. Lakin qadının biganəliyi artıq onu əsəbləşdirirdi. Səhər yeməyini yeyərkən ağlına gəldi ki, bu gün ona şeir yazsın. Sonra bu gülünc göründü. Bu qədər işin-gücün arasında eşqə düşüb şeir yazmaq ifrat dərəcədə romantik ideyadı. Ağlı başında qadınlar belə kişiləri sevmirlər. Görəsən, nə etsin? Bəlkə, əvvəlki şeirlərindən birini göndərib desin ki, bu şeiri yazarkən... hə, bu şeiri yazarkən ağlımda heç bir qadın yox idi.

İndi düşünürəm, mən həyatım boyu səni gözləmişəm! Necə güldüsə, yemək boğazında qalıb çeçədi. Boşuna deməyiblər, əsl sevgi əzab verir. Əsl sevgi! Yox bir, saxta sevgi. Birdən üzünə qaranlıq çökdü. O heç vaxt əsl sevgi yaşamamışdı. Yoxsa fədakarlıq edə bilərdi. Məsələn, həyat yoldaşına xəyanət etməz, nəfsinə hakim olardı. Deməli, o öləcək, torpağa qarışacaq, lakin bütün ömrü boyunca dünyada ən çox bəhs olunan hissin nə demək olduğunu bilməyəcəkdi.

“Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya, nədir dəyərin?” beyti də yadına düşdüyünə görə əməlli-başlı dəli olurdu, deyəsən. Evdən çıxarkən fikirləşdi ki, “eşq” kəliməsi ağlına elə-belə gəlməyib. Qadına yenidən mesaj yazdı:

"EŞQ İlahəmə sonsuz sevgilərimi göndərirəm... Gülmək sənə çox yaraşır. Həmişə gül və ən əsası MƏNİ çox SEV".

Qadınla onun təhsil aldığı universitetdə təsadüfən tanış olmuşdular. İlk dəfə görəndə xoşuna gəlmişdi. Sonra sosial şəbəkədən onunla vacib bir məsələ haqqında danışmaq istədiyini deyərək əlaqə nömrəsini tapmışdı. Öncə necə yaxınlaşacağını götür-qoy etdikdən sonra qərara gəlmişdi ki, ona öz şeir kitablarını təqdim edərək haqqında məqalələr, daha sonra isə monoqrafiya yazmağı xahiş etsin. Əvvəllər qadın işlərinin çoxluğunu bəhanə edərək həvəssiz görünsə də, təkrar-təkrar mesajlarla axır ki, razı sala bilmişdi.

Əlbəttə, burada dünya şöhrətli unikal ziyalılığının da böyük köməyi olmuşdu. Belə əvəzolunmaz ziyalıdan kim yazmaz ki?! Qadın onun fərqli kitabları haqqında məqalələr yazır, o isə yenidən redaktə edərək oraya özünün dünya şöhrətli unikal ziyalı olması təfərrüatını və üstün məziyyətləri haqqında qadının gözdən qaçırdığı detalları əlavə etdikdən sonra fərqli qəzetlərdə çap etdirirdi.

Məqalələrlə yanaşı qadını da nə yolla olursa olsun, ələ keçirməyi düşünürdü. Təbii ki, qadının evli olduğunu bilirdi. Lakin onun üçün belə şeylər əhəmiyyətsiz idi. Düşünürdü, dünya şöhrətli unikal ziyalı ilə münasibət yaşamaq qadın üçün fəxr mənbəyi olmalıdır.

Axşamüstü saat 16:00 idi. Qadın mesajı görsə də, hələ də cavab yazmamışdı. İfritə! Eybi yox, sənin də öhdəndən gələrəm. İstədi, nəsə fərqli bir şey yazsın. Bu gün sosial şəbəkədə qadının yeni paylaşdığı şəkli telefonuna köçürmüşdü. Onu göndərib ardıyca yazdı:

"Bu kimin ÜRƏYİdir?"

Özünün yazdığı mesajdan əti töküldü. Ürəyi... Pah! Yox bir! Qadınların bu boş-boş sözlərə aludəliyi olmaya. Nəyə lazımdır bu qədər həngamə? Telefonun bildiriş səsi gəldi. Qadın yazmışdı:

"Heç kimin".

Bu söz belə ona ümid verdi. Heç yazmamağından daha yaxşıdır. Tələsik cavab yazdı:
"MƏNİM".

Ardıyca üç ürək və bir gülümsəyən emosiya qoydu. Sonra düşündü ki, duyğularını çox bəlli edib. Ürəklərin ikisini və gülən emosiyanı silib bir ürəklə göndərdi mesajı. Bir anda içinə ümid dolmuşdu. Sanki kədərlə əhatələnmiş xəttin üstündə müvazinətini qorumağa çalışırdı. Bircə yanlış düşüncə ilə vəziyyəti korlaya bilərdi.

Beləcə, bir neçə həftə idi, hər gün qadına fərqli romantik mesajlar yazır, lakin cavab gəlmirdi. Öz mesajlarına baxdı. Bunları yazmaq yerinə yeni bir şeir kitabı da çap etdirərdi. Ya da elmi əsərləri üzərində işləyib daha da unikallaşaraq dünyadakı şöhrətini bir az da çoxaldardı.

Gündən-günə səbri daralırdı. Qadına daha çox yazmağa, mənəvi təzyiqlər göstərməyə başlamışdı. O, kimdir, dünya şöhrətli ziyalıdan qaçır? Mesaj bildirişinin səsi gələndə cəld telefonuna baxdı. Heç nə yox idi. Jurnal stolunun üstündə arvadının unutduğu telefonunu görəndə qeyri-iradi götürüb mesajlara göz gəzdirdi. Yazan sevgilisi idi. Eşq mələyinə sonsuz sevgilərini göndərir, darıxdığını və görüşmək istədiyini deyirdi.

Telefon əlində donub qaldı. Sanki beyninə küt zərbə dəydi. Öz-özünə uydurduğu dünya şöhrətli unikal ziyalı imici, qurduğu yalançı ucalıq bir anda çökdü. İllərlə arvadını ailə tablosunun dekorasiyası kimi görmüşdü.

Divanda oturub üzünü əllərinin arasına aldı. İndi heç nə maraqlı deyildi. Hətta dünya şöhrəti belə! Onu sevmir, heyranlıq duymurdular, sadəcə, yaratdığı saxta görüntünün tamaşaçıları olmuşdular. Qadına göndərdiyi mesajlar cavabsız qalmışdı. Amma arvadının telefonuna sevgilisinin yeni mesajları gəlirdi.

Dünya şöhrətli unikal ziyalı düşündü ki, bütün bu illər boyu yalqızlığını böyütməkdən başqa heç nə etməmişdi.


# 698 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim səhvlərimiz unudulmağa məhkumdur..." - Sədaqətli olmaq lazımdırmı?

"Bizim səhvlərimiz unudulmağa məhkumdur..." - Sədaqətli olmaq lazımdırmı?

18:52 9 oktyabr 2025
Kişi köynəyi - Günün hekayəsi

Kişi köynəyi - Günün hekayəsi

14:30 9 oktyabr 2025
İblisə məktub - Kənan Hacının yeni hekayəsi

İblisə məktub - Kənan Hacının yeni hekayəsi

09:45 7 oktyabr 2025
Divanın altı - Samirə Əşrəfin hekayəsi

Divanın altı - Samirə Əşrəfin hekayəsi

16:57 5 oktyabr 2025
Panik atak - Hikmət Orhunun hekayəsi

Panik atak - Hikmət Orhunun hekayəsi

11:50 1 oktyabr 2025
Xoş keçən məclis - Alberto Moravianın hekayəsi

Xoş keçən məclis - Alberto Moravianın hekayəsi

10:20 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər