Dörd, üç, iki, bir - Ayxan Supra

Ayxan Supra

Ayxan Supra

25 noyabr 2022
# 21:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Ayxan Supranın "Dörd, üç, iki, bir" hekayəsini təqdim edir.

Himn oxundu və oyunçular mövqelərini tutdular. Oyunu rəqib başladacaqdı. Və budur – hakim son yoxlanışlarını aparır və fit səsi. Heç də prinsipial oyun deyil. Nə biz bundan sonra çempion ola bilərik, nə də onlar aşağı liqaya düşə bilər. Sanki gizlində bir razılığa gəliblərmiş kimi hər iki komanda aşağı tempdə oyun sərgiləyirdi. Kollektiv səviyyəsində vəziyyət belə idi. Əsl mübarizə fərdi səviyyədə gedirdi. Oyunda məhsuldar olub əlavə gəlir qazanmaq vəya sadəcə olaraq məşqçinin gözünə girmək lazım idi. Hoqqa verməyə lüzum yoxdur – mümkün qədər az səhv buraxmaq lazımdır.
Arabir azarkeşlərə də göz gəzdirirdim. Bacardıqca hər oyuna gələnlər vardı, üzdən tanıdıqlarım. Bəziləri isə sırf tamaşaçı idilər. Hər birini oyunun parçası sayırdım. Hətta söyüş söyənləri də (istisnalarla). Azarkeşlərin hərəkətləri mənə təbii gəlirdi və belə olmasını çox sevirdim. Kinolardan görə bilmədiyin emosiyaları burda görürdün. Ən təsirli kinoda belə hadisələr saxtadır və aktyor da pul müqabilində saxta emosiyalar göstərən adamdır. Burda isə hər şey təbii gəlirdi – sevinəndə bilirdim ki həqiqətən sevinirlər, əsəbiləşəndə də, məyus olanda da...

Xoş sözlər yazılan plakatlar olurdu (adın yazılıbdırsa sətirləri unutma) . Futbolçu olaraq, azarkeşləri həyəcanlandırmaq çox xoşuma gəlirdi. Bu gün isə bunu edə bilmirəm, ən azından hələlik. Meydanda bir məsələ həll olunur və mən onun parçası deyiləm. Azarkeşlərə diqqət yetirəcək vaxtımın olmasından da başa düşə biləcəyiniz kimi, ehtiyat oyunçular skamyasında yerimi qızdırıram. Son bir neçə matçdır ki belə davam edir. Mövsümün əvvəlində belə deyildi, zədə ucbatından oyunları buraxana qədər. O ərəfədə məşqçi yerimi başqa oyunçularla doldurmağa çalışdı. İndi isə ortaya çıxan məhsuldan razı qalıb yəqin, çünki məni oynatmağa tələsmir.

Məşqçiyə güvəndiyimdən onu başa düşməyə çalışır və hər hansı şəkildə etiraz etmirdim. Bəlkə də sadəcə zədəmin tam olaraq sağaldığından əmin olmağa çalışırdı. Tək mən yox, gözünün işığı belə olsa, heç bir oyunçunu nəyinsə xətrinə oynatmırdı. Ona duyduğumuz ehtiramın bir səbəbi bu idi.

Digər başlıca səbəb isə sənətkar kimi hərəkət etməyi idi. Sənətkarın gözü gözəlliyi görə bilir və ona çatana qədər qurduğu şeyi dağıdıb yenidən tikə biləcək qədər qətiyyəti var. Bu iki xüsusiyyəti məşqçimizdə görə bilərdin.

Yuxarıda yazdıqlarım məşqçi haqqında səmimi fikirlərim idi. Nə qədər ki bir yerdə işləyirdik, yaltaqlıq sayılacağından “sənətkar” bənzətməsini nə özünə nə də ictimaiyyətə agah edə bilərdim. Əslində bizə oynatdığı oyunu bəsit şəkildə açıqlamaq mümkündür: birinci hissədə qapalı oyun göstərir, hücumu belə müdafiə üçün törədirsən. İkinci hissədə isə hövsələdən çıxmış və yorğun rəqibə döşəməyə başlayırsan. Dayanıqlı afrikalı oyunçu əks-hücumda rəqibin müdafiə xəttini yarıb keçir və nöqtə qoymaq qalır (hansı ki düzəməlli bacarmırıq). Vəssalam. “Sənət əsəri” olaraq gördüyüm üslub. Oyun düzülüşü “dörd-iki-üç-bir” . Arabir “yeni il ağacı” düzülüşünə keçirdir: “dörd-üç-iki-bir”. Yeni il ağacını sevmirəm; nə elə, nə belə.

Dəqiqələr irəlilədikcə daha da darıxırdım. Gedişata bələd olduğumdan, birinci hissədə oyuna salınmayacağıma əmin idim, əgər zədələnən filan olmazsa. Ayağa durdum və hövsələm çatdığı qədər oyuna diqqət ayırıb təhlil etməyə çalışdım. Özüm üçün bir-iki kiçik çaplı kəşf etdikdən sonra yerimə oturdum. Diqqətimi oyunda saxlamaq istədim ancaq bacarmadım. Yarımçıq diqqət adamı daha çox yorur. Yuxusuzluğum da öz sözünü deyirdi.

Gecə səhlənkarlıq etmiş, oyun günü olmasına baxmayaraq gec yatmışdım. Fikirli idim deyə gözümə yuxu getmədi, başqa necə bəraət qazandırım bilmirəm. Xalçanın altına süpürdüyüm düşüncələr birdən üstümə gəldi. Bunlar özümə etiraf etmək istəmədiyim fikirlər idi, çoxusu da karyeramla bağlı. Gündüz vaxtı iradəli oluruq və diqqəti idarə edə bilirik. Uzun saatlar oyaq qaldıqca iradə gücü zəifləyir. Yalan söyləməyə gücümüz çatmır və dürüst oluruq (sərxoş olmaq da təxminən eyni təsiri göstərir). Gecələr qərar vermək üçün uyğun vaxt deyil, ancaq ürəyindən nə keçdiyini anlamaq üçün mükəmməldir. Nə istədiyimi anladığım yuxusuz günlər çox olub. Elə bu dəqiqə hamısı gözümün qabağından keçir. Məsələn... Əvvəlcə ötəri hesab edir (axırda ötəri olmadı mı), hislərimə fikir verməməyə çalışırdım. Gündüzlər özümü aldada bilirdim, həqiqət isə mənimlə üzləşmək üçün yorulmağımı gözləyirdi. Sonra etiraf - əvvəl özümə, sonra başqalarına. Sırf sonralar “kaş” deməmək üçün...

Topu birinə atıram; o qaytarırsa futbol oynayırıq. Təpki vermirsə topu götürüb gedirəm. İnsanlara zorla futbol oynada bilmərəm, mən Mussolini deyiləm.

Ancaq o vaxtlar olanları qəbul edə bilmirdim və ilişib qalırdım. Üzləşmə anında özümü itirdim: Qanın gövdəmdən yuxarı və aşağı ətraflara yayıldığını, əlimi soyuq tər basdığını hissetdim, ayaqlarım elə gərildi ki beş kilometr dayanmadan qaça biləcəyimə əmin idim. Mədəm sancı verdi (qan bölgəyə yönəlmədiyi üçün həzm səngiyir deyə bilirəm). Və ürəyin şiddətlə döyünməyi. Bədən eynilə ölüm-qalım məsələsində imiş kimi aparır özünü...
Köməkçinin səslənməsi ilə xəyaldan ayıldım. Nəhayət gözlədiyim an çatmışdı – məşqçi isinməyə başlamağımı istədi. Necə həvəslə isinmə zonasına keçdiyimi təsəvvür edə bilərsiniz. Matçın başlanmasından təxmini yarım saat keçmiş oyuna girənə qədər şübhələrim ortadan qalxmamışdı. İkinci hissəyə qədərki vaxt gözlədiyimdən yaxşı keçdi. Özümü istədiyim kimi göstərə bildim. Komanda da silkələndi və rəqibə aman verməməyə başladıq. Hərçənd irəliləyişimiz hesab lövhəsində əks olunmurdu.

Fasiləyə də fərəhlə yollandım. Məşqçi ilə fikir mübadiləsi aparırdıq və az yorulduğum üçün özümü yaxşı ifadə edə bildim. Hiss edirdim ki məşqçilər və yoldaşlarım mənə diqqətlə qulaq asırlar. Bir səbəbi oyunu müşahidə bacarığım, digəri danışıq qabiliyyətim idi. Danışıq qabiliyyətim təsadüfən yaratdığım vərdişlərimin nəticəsi idi. Uşaq vaxtı futbol şərhçilərinin bacarığına heyran idim (elə indi də). Fasiləsiz olaraq tamaşaçılara bilgi ötürməli, həm də bunu sıxıcı olmayan tərzdə etməli idilər. Hər şərhçi bunu edə bilmirdi. Bəziləri sanki oyuna bir dəfə baxıb qurtarıbmış, indi də gəlib bizə danışırmış kimi həyəcansız danışırdılar. Bəyəndiyim yayım olanda diqqətlə qulaq asır, arabir səssizə atıb oyunu özüm şərh eləməyə çalışırdım. Yeniyetmə vaxtımda isə tamam başqa sahə məndə nitqimi inkişaf etdirməyə həvəs yaratdı. Bu, ədəbiyyatdan başqa sahə deyildi. Daha dəqiq desəm nağıllar. Milli nağıllar. O nağıllar şifahi yaranmış, çox sonralar yazıya köçürülmüşdü. Dinləyicini daim həyəcanda saxlamalı ki o uzun nağıllara qulaq asdıra bilsin.

Daim gərginlik yüksəldilir ki dinləyici bezməsin, sonluq isə yaxşı olur ki dinləməyinə dəysin. Kimlərsə bunu bacarıb və ən uğurlu nağılları bu günə kimi çatdırıblar. O səhnəni canlı görmək istəyərdim.

Fasilə otağında isə nağıl danışmır, faydalı olacağını düşündüyüm faktları sıraladım. Müəyyən göstərişlər verildi və biz meydana qayıtdıq. Birinci hissədə qol vurmaq müstəhəb idisə, indi vacib oldu. Daha çox irəli atılır, təbii olaraq daha çox səhv buraxırdıq. Bir dəfə ötürməm uğursuz alındı və yerə yataraq müdaxilə etməli oldum (kaş bütün problemlərə yataraq müdaxilə etmək mümkün olaydı).
Bu nöqtədə dayanıb futbolu tərifləyə bilərəm (əslində hər vaxt edə bilərəm, fitva verən lazımdır) . Ona görə edirəm ki, mənim gördüklərimi görəsiniz. Mənim gördüklərimi görməyən adama nə göstərə bilərəm ki. Kiçik şeylərdəki gözəlliyi görə bilmək vərdişi. İnsanlar kiçik şeylərə sevinmək. Qaranlıqda yaşan canlıların işığa həssaslaşması kimi bir şeydir bu. Nəyinsə yoxluğunda ona qarşı həssaslaşmaq. Bir ara içində olduğum idmançı rejimi çox cansıxıcı hal almışdı. Qidalanmanı, yuxunu, məşqləri, yola sərf olunan vaxtı və s. idarə edən bu həyat tərzi məni öz uşaqlıq həvəsimdən soyutmuşdu. Hazırki vəziyyətin keçici olduğuna inanaraq futboldan bərk-bərk yapışdım. Daha çox oxumağa, araşdırmağa başladım. Kənardan adi görünən amma ağıl işi olduğu qəbul olunan ötürmələrə və oxşarlarına daha çox diqqət yetirməyə başladım... Özümü izah edə bildimmi əmin deyiləm. Ancaq sadə və “başqa cür ola da bilməz” kimi görünən seçimlər arxasında saatlarla çəkən çalışmalar dayana bilir. O saatların önəmini dərk etdikdən sonra böyük oyunçulara heyranlığım artdı. Hərəkətlər məna qazandıqca gördüyüm mənzərələr dəyişdi. Əvvəl görmədiyim xoşagələn mənzərələr. Bu mərhələdən sonra nə etdiyimi bəlkə də təxmin edə bilərsiniz – təqlid.

Əlimizdən (və ayağımızdan) gələnin ən yaxşısını etdiyimizə inanırdım, bununla belə, hesabı açan tərəf rəqib oldu. Cərimə zərbəsi ilə gələn bu qol xüsusilə iki müdafiəçinin ardıcıl səhvləri idi: biri cərimə törətmiş, digəri ötürməni önləyə bilməmişdi. Heç biri mən deyildim. Məşqçi başını buladı. Kimsə məşqçi gözündə pis yerə düşmüşdü. Mən isə bundan rahatlıq duydum istəmədən. İstəmədiyim və namərd bir xoşluq. Doğmaca yoldaşlarıma qarşı belə düşündüyüm üçün utandım və ürəyimdə özümü danladım. Halbuki bu; qeyri-ixtiyari gələn və təbii proses idi. Yoldaşın yem olur amma sən sağ qalırsan. Bir tərəfin məyus olsa belə içindəki ibtidai insan “həyatda qaldığına” sevinəcəkdir.

Bəzən başqaları mənim xətalarımı düzəldir, bəzən mən başqalarının. Hərdən artıq gec olur və oyunun həyəcanı ilə bir-birimizi acılayırıq. Bu barədə kapitanımız seçilir. Ən çox da özünə hiddətlənir, vuruş istədiyi kimi alınmayanda. Seçildiyi başqa keyfiyyətlər də var. Aktyor peşəkarlığı ilə yerə yıxılır, əksərən özünü hakimə zərərçəkən kimi sırıya bilirdi. Mübariz biri idi, ancaq nə yalan deyim, çıxartdığı oyun olduqca namərdcə ola bilirdi və rəqib komandada belə biri olsaydı iyrənərdim. Adam əsl futbol qəssabı idi. Axır illərdə vəziyyət dəyişib. Ancaq illər əvvəl hər komandada belə qəssablar olub ki heç kim “maradonalıq” etməsin.Yenə də komandaya töhfəsi ölçüyəgəlməz idi. Şeirlə ifadə eləsək belə olar:

Gülərüz həkim deyil,
Əliqanlı cərrah.
Çağrılanda gəlmiş,
Xariqələr törətmiş.

Başqa qeydəlayiq hadisə görmürəm. Qarşılaşma üç-birlik qələbəmizlə yekunlaşdı. Onsuz da uduzduğumuz oyun olsaydı haqqında yazmazdım, xoşbəxt olmayan sonluqları sevmirəm. Ümumiyyətlə sonluqları sevmirəm. Elə eliyim ki siz də sevməyəsiz.

# 1015 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #