Daş şaxseylər - Mirzəbəy Əzimli

Mirzəbəy Əzimli

Mirzəbəy Əzimli

23 noyabr 2022
# 19:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Mirzəbəy Əzimlinin "Daş şaxseylər" hekayəsini təqdim edir.

Babasının sevgilisini yatağında gördü, kədəri yumruğunda yox, boğazında boğdu, yazılarına təmənnalı alqış eşitdi, sonda atasından qalan ikiotaqlı evi satıb iyirmi dörd dilə tərcümə etdirdiyi kitabını festivala göndərdi və səhəri sərxoş halda çiynində göyərçinlərin oynaşıb mərmər kostyumunu zibillədiyi

Əkrəm Əylislinin heykəli altında açdı.

Kürəyini yandıran asfaltda eşələnəndə hələ də keçən həftələrdə bir neçə on minə satdığı mənzilində çılpaq uyuduğu yataq otağını, sol yanında dodaqlarına qovuşa bilmədiyi qadınlara oxuduğu post-modern şeirləri (əslində, bu adla sırıyırdı), hər uğursuz gecədən yadigar ətirləri sifətinə sıxıb qoxuladığı yastığını yad etdi. Yad etdi ki, qəpiyinəcən xərclədiyi qadınları daha başqaları ilə qəhqəhə çəkərkən görsə qəhərini gözləri dolmadan ram etməli, ədəbi proseslərdən savayı bütün məişət zəminlərində mübahisə etdiyi, üstünə tüpürüb qapını üzünə kilidləyən baş redaktorları böyük redaksiyaların müdiri, ictimai təşkilatlarda yaxşı maaşa işləyən hörmət sahibi biri kimi adını eşitsə qıcıqlanmamalıdır. Hətta o hər gün saat səkkizə qalmış işə tələsən şəhər sakinlərinin nəzərində köşə yazarı, var-yoxdan çıxmış ədəbiyyatşüvən müəllif təki deyil, heykəlin kölgəsi altda yatan əyyaş, sıtqayan narkoman olsa belə. Ən azından media jurnalistlərinə hazırki sərgərdan vəziyyəti ilə bağlı müsahibə verib mətbuatda yazıq təhər dərc olunduqdan bir neçə gün sonra respublikadan kənar müsabiqələrdə yer tutacaq əsəri ölkədəki ən düşük televiziya verilişlərindən tutmuş qlobal seminarlarda müzakirə mövzusu olub kulta çevriləcəkdi. Və əmin idi ki, küçədə az qala onu iti təpiklərlə ayaq altında əzəcək həmyerliləri daha sonra onun haqqında heç bir əsərini səhifələmədən harada gəldi sinəsinə döyüb doğma vətəninin necə incəsənətə, mədəniyyətə sahib olduğundan həşir salacaqdı. Bəlkə də xalq indi başına quş nəcisi yağan yerdə nə vaxtsa onun barelyefini, yeri gəlsə sübh səhərəcən mərmərinə başını qoyub yatdığı şəxsi yenə mühakimə edib heykəlini sökəcək,məhz onun heykəlini ucaldacaqdı.

- Ə, özüy bıra nə sərəliyibsən? Evün-eşiyün yoxdu sənin? O başıvu qaldır bu gen dünyaya, tay-tuşuva bax, küçük! Yazığım gəlir e sənə! Ə, sənnən döyüləm? Eşitmirsən məni? Gör bir yaşutdarun nələr eliyir, himnimizi oxutdurur, bayrağımızı qaldırır! Patı-matı qoyub burda nə vaxda kimi yatacaqsan? Səhər açılannan ayıla bilmir e, bu! Qalx əyağa, ə!

Yarımhuşluğunu sol böyründən dəyən zərbə silkələyib pozdu. Dəyən təpiyin sancısından qıvrılarkən əsgərlik çəkdiyi hərbi hissəni, bölük komandirini xatırladı. Nə vaxtsa eyni ilə belə yuxudan oyadılmışdı.

- Qalx demirəm? Dur, ə!

Yaxasına kilidlənən cod əllərin yiyəsini dumanlı-dumanlı sezdi, təxminən elə özü yaşlarda, yumrusifət, yumrugöz, yumruağız bığgəmirən nəfər idi, ümumiyyətlə bədənindən keçirdiyi ağrılar toxtaqlıq tapana kimi bu bığgəmirənin məqsədini yuxulu-yuxulu başa düşməyə çalışdı.

Təkər-təkərə söykənən maşınların şövqlə qusduğu siqnalların fonunda həmin kişi ilə bərabər qulağını qalx əmri ilə dolduran səslər getdikcə çoxalırdı. Eyni təpik bu dəfə sağ böyründən ağrı verdi. Yenə dizlərinə sarı büküldü, üzünü əlləri arasına alıb qorunmağa çalışdı. Əvvələn zənn etmişdi ki, bəlkə bu günlərdə əlbəyaxa olduğu redaktordur, onu Əylislinin heykəli altında görüb, qəzəblənib. Sonra da yəqin edib incidi ki, bu elə keçən həftələrdə yadigar evi satdığı üçün qapı-qapı onu axtaran qardaşıdır, qismətdən gəlib burda haqlayıb onu, amma həmin sifətin yiyəsi nə "Apogey" saytının baş redaktoru, nə də bu səsin sahibi onun qardaşı idi. Bir-birinin növbəsini gözləməyən küy isə dayanmaq bilmirdi, ard-arda doğulub törəyirdi.

Sancılar nəfəsini kəsməyə başlayanda sifətini ovcuna alıb ağzını az əvvəl kürəyini yandıran asfalta söykəyib qayğı ilə öpməyə başladı. Bu ehtirassız körpə öpüşləri idi. Nə vaxtsa ilk dəfə anasını belə öpmüşdü. Yenə böyüyüb başa çatdığı ikiotaqlı evini, rütubətdən kif iyi verən otaqları, üzü xeyir-şər evinə açılan pəncərəsinin qarşısına qalaqladığı kitablarını xatırladı. Müəllifi olduğu kitabları isə məhəllədəki butka mağazanın qarşısından tapdığı karton qutunun içinə yığıb evin küncünə söykəmişdi. Bir neçə il sonra heç kimə lazım olmayan bu kitabları elə həmin butkanın qarşısındaca yandırıb külə döndərmişdi...

Özünü zərbələrdən qorumaq üçün yerə uzanıb asfaltın bağrına sığınanda içindən sivişən kədərinə süjet düşünürdü. Ağrılı təpikləri, vulkan kimi qiyyə püskürən kütləni isə sirena səsi belə susdura bilmirdi. Polislər gələnə kimi artıq barmaq sayında sayt müxbiri gündəm üçün yaxşı material yığıb manşeti hazır etmişdi.

Beləcə, cibindəki iyirmi qəpiyə gilə siqaret almaq üçün köşkə tələsən,pivəni nisyə içib feysbukda post əsgərliyi çəkən, günü 12 manata işləyən fəhlə, bir neçə eks-stalinist və arvaddöyən nəfər küyə düşərək heç tanıyıb bilmədikləri istedadı Əkrəm Əylislinin heykəli altındaca dabanları altında əzib Hüseyn

Cavid prospekti boyunca Bakıya qarışdırıb yoxa çıxartmağı bacardı.

Sakinlərin beşdəqiqəlik etirazını beton şəhəri daban-daban gəzən küləklərin şaxseyi əvəz etdi. Göyərçinlər yenə Əkrəm Əylislinin mərmər kostyumu zibilləyib o biri heykəllərə qonmağa tələsdi. Heykəl şaxseyə oyanıb doğma kəndindəki erməni qonşularını xatırladı, nə vaxtsa eyni ilə belə öz daş yuxusundan oyadılmışdı...


# 1529 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #