Burda hamı Çingiz Abdullayevi oxuyur - Orxan Saffari yazır...

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

9 dekabr 2021
# 15:35

Kulis.az Orxan Saffarinin "Ədəbiyyat postu" adlı yazısını təqdim edir.

...Pəncərədən baxıram payızın son ayında
vərəqləri saralmış səmavi kitablara,
Göydən yağışlar yağır, göydən yağışlar yağır,
dolur yer altındakı qədim saxsı qablara.

...Minkənd çayının sahili boyunca, üzü Alban kilsəsinə tərəf yaşıl bir kədər....

Saxsı qabları deyə bilmərəm, dən-dən atan yağışlar dəqiq bədənimə dolurdu. Özü də, küləkli olması da ayrı bir dərd. Elə bil, 5.45 güllədir, bədənində gəzir...

Mülküdən adətimdirmi deyim, ya panik atakmı, hər nədirsə, külək əsəndə ürəyim də əsir. Axşamlar isə az qalıram dəli olam.

Şair demiş, əvvəlcə axşam düşür, sonra mənim ürəyim...

Təkliyə düşəndə, kədərlənəndə isə dodağaltı şeir mızıldanmaqdan başqa çarəm qalmır. Elə şair Salamın mızıldandığım bu misraları kimi.

Şeirdən, ədəbiyyatdan bir xeyli aralı düşməkdə buralarda adamı bir tərəfdən lap pis darıxdırır. Elə bil, min ildi hər şeydən aralı düşmüsən, bəzi şeylər isə ümumiyyətlə, yaddaşından çıxıb gedir. Onu elə xatırlayırsan ki, elə bil, aylar öncə olan nəsə deyil, sanki illər öncə yaşamısan. Burda balaca təpədə adama dağ görsənir. Hər şey üçün darıxırsan. Özü də, ən çox bezdiyin nələrsə üçün. Onlardan ötrü təmiz sino gedirsən, ürəyin az qalır yerindən çıxsın. İçində elə bir darıxmaq qalır ki, sanki qəlpədi, çıxartmaq da olmur...

Məsələn, mən daim kitab oxuyan, kitabdan danışan adamlardan bezmişəm. Düşünmüşəm ki, adamın sözü-söhbəti ancaq kitab haqqındadırsa, o adam bədbəxtdir. Mülküdə gözümün düşməni idi belə adamlar, amma indi əl-əl axtarıram. Samanlıqda iynə kimi deyə bilmərəm, meşəlikdə, dağ-dərədə "Tarzan" kimi dəqiq axtarıram...

Əksər hallarda isə nə düz əməlli kitab oxuyan tapırsan, nə də şeir bilən. Ən yaxşı halda Yetim Eyvazdır, onun da "yandırdun eyer kazbeki söndürme pütöö çek"mahiyyətinə qədər. Kitab məsələsini də bilirsiz.

"Oxuyur çoxluq burda əsərlər dedektiv, özü də Abdullayev Çinguzdu, Abdullaoğlu Roşandu, Elatlı Elxandu".

Əslində, elə bilirdim ki, burda hər şeyin həvəsindən düşəcəm. Yazmaq zad gedəcək işinin dalınca, illərdi ötəri həvəs imiş olanlar. Gedib-gələnləri adətən belə görmüşük, axı. Lap evlənəndən sonra sevgi şeirləri yaza bilməyən şairlər kimi.

Amma mən elə burda hiss elədim ki, yazmağa daha çox ehtiyacım var. Vətənin mənə ehtiyacı olduğu kimi, mənim də ədəbiyyata ehtiyacım var. Birini silahla, birini qələmlə qorumaq gərək. Elə qələm də daha çox silahdır, söz savaşı başqadı. Bir cümlə də olsa, içimi tökməliyəm. Döyüşdüsə, bir darağ da olsa, boşaltmalısan düşmənə. Tolstoy necə deyirdi? "Yazmaya bilirsənsə, yazma" Amma yaza bildiyini hiss etmək, görmək başqa bir duyğudur. Elə bil, əsir tutmusan, 10 günlük məzuniyyət veriblər.

Təsəvvür edin dəəə...

...Ürəyimdən nə keçir, deyim sən də biləsən:
hər yerdən çıxıb getmək və hər kəsi unutmaq.
Cəmisi bircə dəfə, cəmisi bircə dəfə
Günəşlə birgə çıxıb Günəşlə birgə batmaq.

Düzü, indi ürəyimdən keçənləri desəm, gərək xidmətin "başın buraxam." Ürəkdi də. Çıxıb getmək də istəyirsən, hərdən unudulmaq da. Amma postu özbaşına tərk eləmək olmaz! Ürəyin başqa şeylər istəyir, dözməlisən, çünki sən əsgərsən! Özü də, ön cəbhə əsgərisən. Pafosumuz, qadamız-balamız da düşmənlərin ürəyinə.

Nə bilim. Yenə yaxşı ki, şeir-ədəbiyyat var. Birtəhər sığınıb başımı girələyirəm. Burda özümü əsl qəhrəman, iki cəbhəni qoruyan adam kimi hiss edirəm. Ədəbiyyatın cəbhəsi də bizlikdir, torpaq bizim torpaqdı, elə ədəbiyyat da bizim ədəbiyyatdır. Belə də, qərb cəhbəsində indi bilmirəm, Şərq cəbhəsində, ədəbiyyat postunda, Qarabağda yenilik var!

Yaxşı ki, söz var, ədəbiyyat var.

Yoxsa, yoxsa...

- Daha yaşamaq olmur, daha yaşamaq olmur.

"Dağları buludlardan hündür olan Laçında"

# 3048 dəfə oxunub

Oxşar xəbərlər

"Təlxək rolu oynamaq məcburiyyətində deyildim..." - Osamu Dazainin "İnsanlığımı itirərkən" əsərindən bir hissə

"Təlxək rolu oynamaq məcburiyyətində deyildim..." - Osamu Dazainin "İnsanlığımı itirərkən" əsərindən bir hissə

12:00 19 iyun 2026
"Çiçək və dəfnə çələngləri azad insanların ixtiralarıdır" - Filippinli yazıçıdan sitatlar

"Çiçək və dəfnə çələngləri azad insanların ixtiralarıdır" - Filippinli yazıçıdan sitatlar

11:10 19 iyun 2026
"Oğrular pul kisəsini və ya canını tələb edir, qadınlar isə hər ikisini..." - İngilis yazıçıdan  sitatlar

"Oğrular pul kisəsini və ya canını tələb edir, qadınlar isə hər ikisini..." - İngilis yazıçıdan sitatlar

18:10 18 iyun 2026
"Cavanlıqda bu cür xatalarınız olmamışdırmı?" - İvan Qonçarovun "Adi əhvalat"ından bir hissə

"Cavanlıqda bu cür xatalarınız olmamışdırmı?" - İvan Qonçarovun "Adi əhvalat"ından bir hissə

17:20 18 iyun 2026
"Bəlkə də köklüyümə gülürlər?" - Miriam Presslerin "Tünd şokolad" əsərindən bir hissə

"Bəlkə də köklüyümə gülürlər?" - Miriam Presslerin "Tünd şokolad" əsərindən bir hissə

13:00 18 iyun 2026
Gecə - Varlam Şalamovun hekayəsi

Gecə - Varlam Şalamovun hekayəsi

10:30 18 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər