Həmid Herisçi: "Şeir yazan çoxdur, şair isə gözə dəymir" - Müsahibə

Həmid Herisçi:  "Şeir yazan çoxdur, şair isə gözə dəymir" - Müsahibə
16 noyabr 2026
# 12:00

Kulis.az Ulucay Akifin Həmid Herisçi ilə müsahibəsini təqdim edir.

- Hazırda ədəbiyyatda nəsr poeziyanı üstələməkdədir. Siz bir şair kimi müasir poeziyanın vəziyyətini necə görürsünüz?

- Müasir dünya, o cümlədən Azərbaycan şou-biznesində nə qədər pul hərlənirsə, hamısı, son qəpiyinə kimi nakam şairlərin mənimsənilmiş, ödənilməmiş qonorarlarıdır.

- Mahnı, şlyager oxumaq ilk növbədə elə şeir oxumaq deyilsə, bəs nədir?

- “The Beatles” da şeir oxuyub, “Deep Purple”da həmçinin. Vladimir Vısotski bütün SSRİ-ni öz gitarasının azarkeşinə çevirib. Çağdaş dünyada şeir nəsrdən dəfələrlə məşhur, sevilən, ürəkləri fəth edən ən yayğın, danılmaz incəsənət növüdür. Ancaq Qərbdə bu poeziya rok musiqisi, caz, blüz şəklində, yəni musiqili ifa edilir.

Rusiyanı Puşkin yaradıb, Almaniyanı Volfqanq Höte, Azərbaycanı isə Xaqani Şirvaninin üsyankar şeiri, Nizaminin ensiklopedik ruhu. Macarıstan Şandor Petöfinin bircə şeirindən doğulub. Yaponiya, Çin başdan ayağa Basyo, Li Bo qələmindən süzülüb.

Azərbaycan mədəniyyəti bir model kimi “şairmərkəzli”dir. Bu mərkəz heç vaxt, heç indi də boş, vakant deyil.

“İndi də mərkəzində elə şair dayanıb?” desəniz, tərəddüdsüz deyərəm: “Bəli!”.

Sualınıza bu baxış bucağından yanaşsaq, daha düzgün olar.

Azərbaycandakı şeir köhnə şeirdir. Müasirləşə bilməyən şeirdir. O dediyiniz şeir köhnə, dədəmalı şeirdir. Halbuki indiki müasir şeir “Antişeir”di. Romantikanı, sentimentalizmi dəf etmiş poeziyadır. Tam nonkonformistdir. Rusiyadakı şeir indi üç fərqli məktəbə parçalanıb. Piter, Moskva, bir də amansız, inkarçı, üsyankar “Ural məktəbi”. Bax bu son məktəb, üsyankar Ural şairləri Boris Rıjıy simasında Puşkin ruhunu, həyat standartlarını, klişelərini, bioqrafiyasını yenidən, ilk növbədə öz real ölüm, intihar nümunəsi ilə yenidən diriltdilər. Yelena Podlubnova, Anna Sudyakina öz qalın araşdırmalarında bu “lənətlənmiş şairlər”dən antologiyalar, tədqiqatlar çap etdilər. Rus andeqraundunun mənəvi atası Yevgeniy Qolovinin

и с обнаженного лезвия
теки моя кровь теки
я знаю слово поэзия
это отнюдь не "стихи"

(Və lüt bıçağın tiyəsindən
Ax, qanım, ax, axıb tökül,
Mən bilirəm, poeziya nədir,
O, qətiyyən "şeir" deyil)
- misraları müasir üsyankar rus şeirinin manifestinə çevrildi. Bəlli oldu ki, son 30 ildə Rusiyada yüzlərlə talesiz, nakam dahi şairlər yazıb, yaradıb və faciəli şəkildə ölüb. Öldürülüb. İntihar edib.

Yəni bir şeirimdə dediyim kimi, “Boğazın özünü qatarın altına atar!” məqamı bioqrafiyanda yoxsa, poeziyaya girişmə heç.

Yəni poeziya bu gün ancaq dahiləri seçir.

Poeziyanı bu gün ancaq dahilər yaradır.

Yəni bu gün dünya poeziyası ənənəvi şeiri, Pasternakı, Brodskini “kitab vitrinlərinin, qonorarların, nəşriyyatların, mükafatların” şairi sayaraq, tam yeni “ANTİŞEİR” misteriyasına daxil olur.

Andeqraund poeziyası, yəni təmannasız poeziya, mükafatsız, adsız poeziya qarşı səngərdəki şou-biznesi, repi artıq tam nəzarətə götürüb. Bizim toyxanalara, manıslara, müğənnilərə də səslənirəm: Seyid Əzimin, Əliağa Vahidin, Füzulinin və digər şairlərin qonorarlarını, haqqını qaytarsaz, cibinizdə heç nə qalmaz.

Siz poeziyaya, şeirə borclanmısınız.

Və haq-ədalət tərəfindən cinayətiniz cəzasız qalmayacaq.

- Bəs meyxanaçıları, reperləri hansı siyahıya daxil edirsiniz?

- Bizdə meyxana, rep janrı da elə bu təmayülün Azərbaycandakı əksidir. Şair olmaq bioqrafiya, ölüm faktoru istəyir ilk növbədə. Avropa psixoanalizində belələrinə revenant deyərlər. Yəni ölüb-dirilən şəxs. Ölməsən, şair olmazsan. Ən ciddi və təhlükəli şərt budur, əgər mənim amansız fikirlərim sizi maraqlandırırsa. Barışmazlıq bu siyahıda ilk sətirlərdə. O dar ağacının anonsunu, oyuncaq maketini Rüstəm Behrudi “Salam, dar ağacı” şeirində versə də, o edam kötüyünə meyilli bir şairi hələ görmədik. Məcbur qaldım o şeiri dekonstruksiya edim. Gözləyək bu dəfə kimsə təsirlənib edam kürsüsünə qalxdı, bəlkə.

- Bu gün Azərbaycan poeziyasında meydan, elə bil, boş qalıb. Mən nəsrin poeziyanı üstələdiyini deyəndə bunu nəzərdə tuturdum. Düzdür, yenə də şeirlər yazılır, amma şair yoxdur. Siz kimi şair görürsünüz? Bu gün Azərbaycanın şairi kimdir?

- Qədimdə ədəbiyyatşünaslıq yoxdu ki. Təzkirəçilik vardı az-maz. Şair kim olduğunu, hansı məqamda durduğunu özü elan etməyə məcbur və məhkumdu. Bu janra qədim klassik ədəbiyyatda “Fəxriyyə” deyirdilər. Şair Xaqani, Nizami və digərləri bu janra dəfələrlə müraciət edərək özlərini məhz ŞAİR elan ediblər. O elan mütləqdi. Məncə, ədəbiyyatşünaslar heç kimi şair elan etmir. Etməməlidir də. Bu qəhrəmanlığı, şairliyi ilk növbədə şair özü bəyan etməlidir oxucularına. Nazim Hikmətin oxşar fəxriyyəsi “Mən bir ceviz ağacıyam Gülühanə parkında, nə sən bunun farkındasan, nə polis bunun farkında” şedevrindədir. Əliağa Vahidin fəxriyyəsi “Biz bir qatar tutiyi-şirinsuxənlərik, bir kimsə bilməyir nə xərabatilərdənik” qəzəlindədir.

Oxşar ənənə ilə elan edirəm: O ŞAİR ELƏ ÖZÜMƏM. Elə həmin xərabatilərdənəm. “Orfeyin arfası” şeirimdə öz fəxriyyəmi yazmışam. Şairmərkəzli Azərbaycan mədəniyyətində o mərkəz artıq boş deyil. Bu mərkəzdə indi Həmid Herisçinin antişeiri dayanıb.

- Adlı-sanlı şairlərimiz də susqunlaşıb sanki. Bu susqunluğu, durğunluğu nəylə əlaqələndirirsiniz?

- Ancaq araq məclislərində susmurlar. Kimsə digərinə danışmaq haqqı tanımazlar. Mikrofonu aldılarsa, səhnəni tərk etməyəcəklər. Köhnə, ölü, mövzusuz şeirlərini qiyamət gününədək oxuyarlar imkan versələr əgər. Camaatın zəhləsini tökər, poeziyaya qarşı nifrət hissini körükləyərlər. Bilirsən, şeir, ədəbiyyat, mədəniyyət həmişə beynəlxalq, beynəlmiləl faktordu. Milli ədəbiyyat varsa, o ancaq folklordu. Bizim şairlər çox millidirlər. Beynəlxalq təfəkkür kodları sıfırdı.

Klassik şeir, düzdür, şairə “mey içməyi” məsləhət görər. Ancaq klassik şeir şairdən “poeziya meyxoşluğu” tələb edir. Şairlərimizi bir dəfə də bax bu “mey”dən, yəni poeziyadan sərxoş olduğunu görməmişəm.

Araq aludəçiliklərini görüb başımı o tərəfə bu tərəfə yelləmişəm.

Şair təhlükəli olmalıdır. İlk növbədə elə özü üçün. Vallah həmişə, elə bil, dinamit olmalıdır əllərində. Nonkonformist, tərs olmalıdır. Buna tam əməl edərək rəsmi karyeramı həmişə bilə-bilə elə özüm sıfırlamışam.

Klassik şeirimizdə əsl şair “ağu içməyə” məhkumdu. Nədi “ağu”? Yəni əcəl şərbətini başına birnəfəsə çəkməli, cəzasını çəkməli, fələk qırmancının sifətindəki izlərini aşkara çıxarmalıdır. Bizdə son dəfə o ağunu Müşfiq içib bilə-bilə. Əliağa da içib, ancaq, ciddiyə almayıblar yaxşı ki.

Bizim xalqı təəssüf ki, Cəlil Məmmədquluzadə Novruzəli, şairləri Kefli İskəndər taleyi ilə kodlaşdırıb. Ancaq mən Ayıq İskəndəri də tanıyıram. O Nizaminin İskəndəridir. Çalışın Kefli İskəndər arağından ayılasız. ABŞ yazarı Stiven Kinq amerikanlıların altşüurundakı oxşar kodları, qorxu fobiyaları aşkarlayıb. Dekodlaşdırıb. Mən də oxşar üsulla deyirəm ki, Kefli İskəndər modelindən ayılın. Qayıdın Nizaminin İskəndərinə.

- Ümumiyyətlə, müasir şeir, müasir şair necə olmalıdır?

- Şeirlərini çap etdirməkdən daha çox yandırmalıdır. Nizami, hiss edirəm, öz Divanını yandırıb. Axtarmayın. Dünya kitabxanalarında eşələnməyin. Əbəsdi. Siz də heç olmasa bir-ikisini yandırın öz şeirlərinizdən. Çox şeirlərimi yandırdım. Bir dəfə hətta əlim də yanıb şeirlərimi alovlandıranda. Manqal çox istiydi. Aldandım. Anlamadım belə gec soyuyar. Barmaqlarım suluqladı anında. Mənzərə gözəldi. İşıqlıdı yaman. Şölələri qara tüstüdən ayrılırdı. Alovla tüstünün fərqini gördüm. Ayrılmaqları, fərqli istiqamətləri məni sarsıtdı bir məqam. Susdum xeyli. Daim xatırlayıram. 11 yaşımdaydım. Moskvadaydım o vaxtlar. Sonra təkrarladım bu şeiryaxmanı dəfələrlə. Hər dəfə də barmaqlarım suluqlanırdı. 2023-də də bunu yaşadım yenidən.

Bunu yaşamayıbsansa... Şeir yazan çoxdu. Şair isə gözə dəymir. Şairlikdə bioqrafiya vacib şərtdi. Tam orijinal olmalısan, təkcə şeirlərində yox, ilk növbədə bioqrafiyanda. Əsl bioqrafiyan maraqsız da ola bilər. Sadə. Adi. Ancaq şeirlərində yaratdığın fiksbioqrafiyan poeziyaya çevrilmədisə, ədəbiyyatdan çıxıb, cəhənnəm qatarına bilet almalısan mütləq. Kassanın yerini göstərə də bilərəm.

- Son şeirlərinizdə antik mifologiya, kino obrazları, Bakı küçələri və gündəlik həyat bir-birinə qarışır. Bu poetik kollajı yaratmaqda məqsədiniz nədir?

- Buna intertekstuallıq deyirlər dünya ədəbiyyatşünaslığında. Şeirlərində bir başqa oxşar mətnə, yazara referans, yəni mesaj, yoldan teleqram göndərməsən, müasir ədəbiyyata girə bilməzsən. Heç mətnin də alınmaz.

Janrın müəllifi bolqar əsilli Fransa strukturalisti Yulia Kristevadır.

Böyük şairlər, nasirlər ilk növbədə məhz intertekstualdırlar. Digər nümunələri, bağışlayın, yaradıcılığımdan gətirməyə məcburam. Çünki digər Azərbaycan yazarlarında "intertekstuallıq" plintus səviyyəsindən də aşağıdadır. Yəni burada mən eqomu qabartmaq fikrində deyiləm. Keçək müqayisələrə:

1. “Həminquey-Həmidquey”,

“Sekond hand” şeirlərimdə Ernest Heminquey mətnləri, mövzuları ilə intertekstual dialoq var.

2. “Vamp qadın” şeirində növbəti intertekstual dialoq məşhur "Uzaq sahillərdə" filminin süjeti, tanış mem ifadələri üzərindədir.

3. “Qorxulu nağıllar-Demo versiya” şeirimdə "Qırmızı papaq qız və canavar" nağılı ilə intertekstual əlaqə telləri qurulub.

4. "Öpüşmək təhlükəlidir" şeirində alt qatda "Onu bağışlamaq olarmı" filminin mətni, süjeti yatır. Yəni bu əsər də sırf intertekstual estetikadadır.

5. "Xudafərin" şeirim, rejissor Stiven Spilberqin "Casus körpüsü" filmiylə intertekstual nikahdadır.

Kifayətdi. Siyahını daha uzatmıram.

Ulucay Akifin “Gözlənilən qətlin tarixçəsi” hekayəsində bu vacib ədəbi meyara tam əməl edilsə də, təcrübə hələ də yazıçılarımız arasında öz müəllif həllini tapmamaqdadır.

Əlbəttə, Xalq yazıçısı Kamal Abdulla bu siyahıda istisnadır. Klassiklərimiz Nizami, Xaqani ilk növbədə intertekstualist olublar. Hüseyn Cavid, Əliağa Vahid də o cümlədən.

Xarici yazarlardan danışmaq işin ancaq mısmısıdır.

"Mustafa" bədii mətnlərin intertekstual dialoqunda dirilir.

- Yeni şeirlərinizdə şəxsi xatirələrlə ictimai hadisələr tez-tez birləşir. Şeir üçün hansının çəkisi daha ağırdır: şəxsi yaddaşın, yoxsa zamanın?

- Bizim şairlər detallarda əladırlar. Ancaq şeirləri mövzusuzdur. Mövzusuz və süjetsizdir. Kənd şeiridir. Urbanist şeir bizdə dəbdə deyil. Səbəbi estetik deyil, sosialdır. Çünki şairlərimizin 100 faizi kəndli olmağa davam edir. Bakını yazmırlar. Avtomobilləri həyatda var. Şeirdə isə yoxdu. Bilgisayarları da. Mənim isə “Antivirus” şeirim var hətta. Yəni var o antivirus məndə.

Kənd şeiri, qısası, inkişaf edir. Ancaq nədənsə şəhərdə.

Urbanistik şairəm. Bu ilkə imza atdım. Əlbəttə, Mikayıl Rəfili, Rəsul Rza da urbanizmdə ilklərdən olub, unutmayaq. Deməzdim ki, Qismət Rüstəmovda urbanizm yoxdu. Var. Qismətdə də var urbanizm.

- Gündəmin içindən yazdığınız şeirlərdə hadisə unudulandan sonra mətnin yaşaması üçün nə lazımdır?

- Osip Mandelştam bir dəfə ironiya ilə Vladimir Mayakovskinin kölgəsinə deyir ki “Elə bilirsən on il sonra kimsə səni xatırlayacaq?”

Mayakovski eşidir, amma cavabı yubanmır: Ölümümdən qırx il sonra pivələyəcəm sənlə cəhənnəmdə. Pulunu əvvəlcədən ödəyirəm”.

Bizim simvolist, mövzusuz, əbədi mövzulara iddialı şairlərin şeirləri bu gün unudulub. Qırx ilə ehtiyac yoxdu heç. İctimai-siyasi yüklü şeirlər əbədidir, əbədi mövzulu şeirlərsə indi də kimsəyə lazım deyil. Gündəmi yazmayan, əbədiyyata da düşmür, ədəbiyyata da düşmür.

- Şeirlərinizdə sərbəst forma, qafiyə, söz oyunu və ironiya xüsusi yer tutur. Sizin üçün şeirdə forma, yoxsa fikir daha vacibdir?

- Şeir insan məhsuludur. Nəsr isə ictimai münasibətlərdən törəyib. Şeir asosialdı. Nəsr isə sosial.

- Bir şairdən neçə şeir qalmalıdır?

- Beş-altı, ən çoxu.

- Sizdən neçə şeir qalacaq, hansı şeirinizin sizdən sonra da yaşayacağına inanırsınız? Niyə məhz o şeir?

- “Şəms Təbrizi”, “Mehdi Hüseynzadə” şeirlərimdə o şans var.

- Daha nə vacibdir poeziyada?

- Muza. İlham pərisi. Mənimki İlhamiyyədir. Adı da, görürsünüz də, tam təyinatına uyğundur. İlhamələr çoxdu. İlhamiyyə isə təkdir. Mənim üçündür. Muzama “Vamp qadın”, “Odisseydən Penelopaya”, “Təbrizdən” şeirlərimi yazdım. Nizaminin İlhaməsi qıpçaq qızı Afaqdı. Müşfiqdə isə Dilbər. Məncə, müasirlərimin muzası yoxdu. Varsa da mücərrəddi. Muza realda olmalıdır.

- Dünya poeziyasında bu gün sizi ən çox maraqlandıran istiqamət hansıdır? Azərbaycan şeiri dünya poeziyası ilə eyni səviyyədə dialoq qura bilirmi?

- Mən qura bilirəm. Milli şair deyiləm. Bəşəriyəm, şükür. Nasirlər və naşirlər, bankirlər bir tandem, bazar açıblar, qurublar. Kredit xətti açıblar nəsrə. Şeiri qaralayıblar bilə-bilə. Çünki şeir və şair proyektə girmir. Şərtləri tez pozur həm də. Etibarsızdır. Alqı-satqı, biznes dairəsinə girmir. Əmtəəyə çevrilmir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərini qəbul edərkən Azərbaycan xalqının dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etdiyini xüsusi vurğuladı. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli... Bu şair və mütəfəkkirlərimizin adlarını sadalayıb, onların qoyduqları miras, tarixi-mədəni irsin bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün, bütün İslam aləmi üçün çox böyük dəyər olduğunu dedi.

- Həmid bəy, bəs müasir, çağdaş mədəni həyatımız, ədəbiyyatımız üçün bu fikirlərin əhəmiyyəti nədir sizcə?

- Cənab Prezident İlham Əliyevin bu siyahısında altı Azərbaycan dahisinin, dühasının adı çəkilib. Bu ölməzlərdən beşi şairdi. Niyə? Çünki Azərbaycan mədəniyyəti bayaq dediyim kimi “Şairmərkəzli” sxem üzərində qurulub. Mərkəzi nöqtə şairdi.

- Yaxşı müşahidədir. İndi niyə bu mədəniyyətin orta nöqtəsində şair gözə dəymir?

- Niyə? Məncə, mədəniyyətimiz, cəmiyyətimiz müstəqillik dövründə “Şairlərdən ayrılmaq, müstəqil olmaq” istədi, elə bil. Acı nəticə göz önündədir. Şairlərə qazdığınız quyuya sonra siyasətçilər, indi isə jurnalistlərin özü düşdü. Biz, mədəniyyətimizin bu orta nöqtəsini itirincə, mərkəzi itirdik. Ətraf, ətrafdakılar bu boşluqdan istifadə edib mədəniyyətimizi ciddi çöküşə uğratdılar.

- Hərbi sahədə, siyasi quruculuqda, diplomatik meydanlarda zəfər bayraqlarımız yan-yana düzüldüyü bir vaxtda, niyə mədəni sahədə oxşar zəfərləri görmürük?

- Günah dediyimiz o mərkəzi nöqtəni tərk etmiş şairdədir. Nasirlərə, naşirlərə, nəsrə, publisistikaya, jurnalistlərə, TV-lərə, teleaparıcılara, kəmsavad bloqqerlərə, qısası, həvəskarlara, bax, bu “tezbazar yazar” kütləsinə deyəsən meydanı verməməliydik. Şairsiz qalan, ancaq şeiri sevən xalqımız həvəskar meyxanaçılara, repçilərə, jurnalistlərə meyilləndi. Poeziyamız, keçmişdə, retro mövzularda ilişib qalıb. Əyalət nəfəslidir. Hələ də kəndçidir. Şəhərli deyil. Urbanistik yox... üzr istəyirəm, çurbanistikdir.

- Deyirsiz, poeziya digər vacib sahələrdən fərqli olaraq müasirləşə bilmədi? Poeziya dilinə tərcümə edə bilmədi müstəqillik dövrümüzü?

- Məncə, Füzuli öz dilində yazıb. Hüseyn Cavid də. Hadi də. Səməd də o cümlədən. O xətti sonra Bayatlı Odər, Çingiz Əlioğlu davam etdirdi. Vaqif Səmədoğlu “Bir axşam taksidən düşdüm payıza” şedevrini də öz dilində yazıb, nəinki adi dilimizdə. Müşfiq hissiyatla yazıb, azərbaycanca yox. Fridrix Nitsşe, Artur Rembo da öz milli dillərində yazmayıblar. Vladimir Mayakovski də rusca yazmayıb, bir misra da olsun belə.

Nitsşenin “Zərdüşt belə deyirdi” şedevri təpədən-dırnağa söz yaradıcılığıdır ilk növbədə. Volfqanq Höte ölməz “Faust”unu Faustun dilində kağız üzərinə köçürüb. Əsər almanca deyil. O vaxtdan alman ədəbiyyatında almanlar keçiblər Hötenin dilinə.

Zəif şairlər həmişə milli dildə yazarlar. Güclülər, həqiqətən şairlər isə məhz öz dillərində. Müasirlərimizdən misal üçün Şəhriya Del Qerani, məncə, öz dilində yazanlardandı. Səlim də. Rasim Qaraca da. Əliağa Vahid və davamçıları isə əruzca şeir deyiblər. Nizami, Xaqani də heç farsca yox, məhz Nizamicə, Xaqanicə yazıblar daha çox.

Vaxtilə, Ramiz Rövşən “Özünə qayıdar, nə var özünə, gözümə qayıdır göz yaşlarım da” yazanda, üzr istəyirəm, azərbaycanca yox... yox... məhz öz dilində qələm oynadırdı. Sonra keçdi adi, tanış, kütləvi azərbaycancaya. Çoxları da Ramizin bax bu səhvini təkrarladılar. Poeziya rusca, azərbaycanca olmur. O, hər şairdən öz "quş dili"ni tələb edir.

- Tənəzzülün bir səbəbini yazarların adi dildə yazmağında görürsüz?

- Bəli. İlk növbədə. Başqa səbəblər də var.

- Prezident İlham Əliyevin mədəniyyətimiz haqda dediyi son fikirlər, sizcə, mədəni həyatımıza canlanma gətirəcəkmi?

- Əlbəttə. Tarix öz salnaməsini heç vaxt özü yazmır axı. Əlləri, barmaqları həmişə daha ciddi işlərlə, siqnal işarələri ilə məşğuldur. Qələm, bütün kəsici alətlər, cəbbəxanalar, rəssam fırçası, direktor çubuğu, Trotski nümunəsində buz baltası, hətta tabutunu yonacaq rəndə belə düşmən əlindədir həmişə. Arxivlər, yaddaş dəftərin, atanın fotoalbomu olmasa... Şairlər olmasa. Qoy “şairmərkəzli mədəniyyətimiz” o qələmi nəhayət ki, düşmən əlindən qopardıb öz barmaqlarımıza etibar etsin. İşarəni dənizdən, Təbrizdən, özünüzdən, prezidentimizdən gözləyin. Prezidentin Birinci xanımla Şamaxıda, Nəsimi heykəli üzərində yox... ürəyində şəkil çəkdirməsi də, bayaq dediyim o "Şair mərkəzli" xalqa, poeziyamıza ötürülmüş modern performans, avanqard mesajdır. Özü şeirdi.

# 45 dəfə oxunub

Oxşar xəbərlər

Sindirellanın hekayəsi bu dəfə ögey bacıların gözündən

Sindirellanın hekayəsi bu dəfə ögey bacıların gözündən

11:57 16 noyabr 2026
Gənc Entoni Burdenn həyatından film: “Tony” bu həftə HBO Max-da yayımlanacaq

Gənc Entoni Burdenn həyatından film: “Tony” bu həftə HBO Max-da yayımlanacaq

11:28 16 noyabr 2026
Henri Kartye-Bresson Fondunun  mükafatı təqdim olundu

Henri Kartye-Bresson Fondunun mükafatı təqdim olundu

10:56 16 noyabr 2026
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu

Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu

10:31 16 noyabr 2026
Şanxay biennalesi:  Musiqi, moda və pop mədəniyyət bir yerdə

Şanxay biennalesi: Musiqi, moda və pop mədəniyyət bir yerdə

10:22 16 noyabr 2026
APA-nın yaranmasından 22 il ötür

APA-nın yaranmasından 22 il ötür

10:04 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər