Bulud sarayı – Fəridədən yeni hekayə

Fəridə, şair, yazıçı

Fəridə, şair, yazıçı

12 aprel 2022
# 09:00

Kulis.az “Hekayə günü” layihəsindən Fəridənin “Bulud sarayı” adlı hekayəsini təqdim edir.

Uzun illər, əsrlər, minilliklər boyunca Bulud sarayında tək-tənha yaşayan O son yüz il idi ki, özünü tənha hiss edirdi. Ətrafındakı işıq zərrəcikləri son əsr boyunca bir-bir azalmış, barmaq sayı qədər qalmışdı. İşıqların hamısı sönsə, O əbədi yox olacaqdı.

Milyardlarla işıq zərrəciklərindən ibarət O heç vaxt özünü bu qədər narahat hiss etməmişdi. Əvvəllər Yer kürəsinin sakinləri dayanmadan ona dualar göndərirdi. Bu dualar buludların üstünə qalxanda işıq zərrəciyinə çevrilir və Ona yetişib ətrafındakı işıq selinə qovuşurdular. O da öz növbəsində öz işığından Yer kürəsinə göndərir, Yerin sakinlərinə ümid, inam, arzu, xəyal, güc bəxş edirdi.

Ona ünvanlanan dualar iki yerə ayrılırdı: xoş və pis niyyətli olanlar. Xoş niyyətli dualar işıq zərrəciyinə çevrilir, pis niyyətli dualar isə balaca qaranlıq kölgələr şəklində gəlirdilər. Və bu qaranlıq kölgələr gəlib onun işıq selinə qovuşanda birləşdiyi işıqlı zərrəciklərdən bir neçəsini söndürürdü. Pis niyyətli dualar Onun işıq selini azaldırdı. Amma yer üzündən dayanmadan yüksələn xoş dualar o qədər çox idi ki, pis niyyətli duaların qaranlıq kölgələri onun işıq selini məhv edə bilmirdi.

Son bir əsr idi ki, vəziyyət dəyişmişdi. Yer üzündən gələn işıq zərrəciklərinin sayı kəskin azalmış, qaranlıq kölgələr isə artmışdı. Və hər kölgə yapışdığı ən az bir neçə işıq zərrəciyini söndürdüyü üçün Onun işıq topası xeyli zəifləmiş, sönmüş, ətrafında çox az sayda işıqlı zərrəciklər qalmışdı. O sonun yaxınlaşdığını hiss edirdi. Tezliklə Yer üzündən yüksələn saysız-hesabsız qara kölgələr Onun barmaq sayı işıqlarını biryolluq söndürəcəkdilər. Sonra? Sonrası Onun özünə də naməlum idi. Ölümdən sonra nə baş verəcəyini bilmirdi.

Xeyli vaxt idi düşünürdü. Onun ilkin yaradılışdan bəri bir şansı vardı: Yer üzünə enib insan şəklində sakinlərin arasına qarışmaq. Uzun eralar boyu O yeganə haqqını istifadə etməmiş, saxlamışdı. İndi sonun bu qədər yaxınlaşdığı bir vaxtda bunu istifadə etmək qərarına gəldi. Ətrafındakı işıq zərrəciklərini bir yerə topladı, yumrulayıb sinəsində gizlətdi və insan qiyafəsinə düşərək yer üzünə endi.

Yer üzünə enən O, səs-küydən başını itirdi. Harda olduğunu bilmirdi. İlk dəfə gördüyü hündür, üst-üstə evlər, göydələnlər onu qorxudurdu. Qulağının dibində siqnal verib keçən maşının sürücüsü başını pəncərədən çıxarıb Ona yağlı bir söyüş söydü. Qəfildən yolun ortasında peyda olmuş ağsaqqal az qala qəzaya səbəb olacaqdı. Qəribə baxışlarla sürücüyə baxan qoca havada ucalan qara kölgəni gördü. Əliylə sinəsinin altındakı işıq topasını sıxıb, tələsik yolu keçib səkidəki ağaca söykəndi.

Ala-bəzək geyimli insanlar küçə boyu aşağı-yuxarı axışırdılar. Yol kənarlarındakı təkəm-seyrək ağaclar, asfalt küçələr, bir-birinin ardınca düzülmüş maşınlar, qəzəbli, yorğun, fikirli insanlar Ona qəribə görünürdülər.

Təxminən bir il ərzində dünyanın dörd bir tərəfini gəzdi. Bulud Sarayından baxanda balaca qara nöqtə şəklində görünən yer üzünün bu qədər böyük olacağını düşünməmişdi.

Sakinlərin sayı da həddən artıq çox idi. Dünyanın dörd tərəfində dənizlərin, okeanların, torpaq yolların ayırdığı sərhədlər arasında başqa dildə danışan, başqa cür yaşayan, qayda-qanunları fərqli olan yer üzü sakinləri onu çaş-baş salırdı.

Peyda olduğu yerlərdə kitabxanaları, muzeyləri, kafe-restoranları, böyük, saraya bənzəyən evləri, gecəqondu daxmaları, göydələnləri gəzdi. “İnsanlar çox qəribədir” – düşünürdü və insanların həyatı qəlizləşdirmək üçün çıxardığı hoqqalar onu məəttəl qoyurdu.

Bəziləri “Tanrı”, bəziləri “Allah”, “Xuda”, bəziləri də “HaŞem” deyə bəhs edirdilər Ondan. Kimisi “Ulu Yaradan” deyirdi. Yarısı qorxur, yarısı dua edir, yarısı nəsə istəyir, yarısı Onun varlığına inanmır, bəziləri də O yoxmuş kimi davranırdı.

Böyük çoxluq isə “Ulu Yaradan”dan nəsə istəyir, öz pis əməllərinə ortaq olmaq üçün ondan kömək gözləyirdilər.

O, səsini çıxartmadan sakitcə dolaşırdı. Çox vaxt da gözə görünmədən gəzirdi. Çünki yerlilər ilk dəfə gördükləri yad qocanı səyyah, turist hesab etdiyi üçün daim Ona nəsə satmağa çalışırdılar.

Onu ən çox təəccübləndirən “Allahın evləri’’ idi: məscid, kilsə, sinaqoqlar... İlk dəfə bu haqda eşidəndə o qədər özünü itirdi ki, az qaldı kimliyini büruzə verə. İstədi qışqırsın ki, “başınız xarab olub? Bu boyda binaları kimin üçün tikmisiz? Mən Bulud sarayında bir topa işığın arasında yaşayıram. Ağacları qırıb, evləri söküb yerində bu boyda binalar ucaltmısınız, heç olmaya evsiz-eşiksiz insanları buralara yığın, bir işə yarasın”. Amma dillənmədi. Özünü ələ aldı, sakitləşdi.

Onu təəccübləndirən başqa bir şey də “cənnət” və “cəhənnəm” anlayışları idi. İnsanların çoxu ölümdən sonra yeni bir həyatın olduğuna inanırdılar. İnanırdılar ki, yaradan onları bu dünyadakı əməllərinin qarşılığında qiymətləndirib ya cənnətə, ya da cəhənnəmə yığacaq.

Farsca, ərəbcə, ibranicə bir topa qəribə-qəribə adlar... O heyrətə gəlmişdi. Qışqırmaq istəyirdi ki, “ay camaat, ay insanlar, mən bütün bunları ilk dəfədir ki, sizdən eşidirəm. Mənim sizdən başqa heç kimim yoxdur, nə Allah adamı, nə müqəddəslər? Din nədir, din şəhidi nədir?”

O, çaş-baş qalmışdı. Qorxudan da səsini çıxarda bilmirdi. Çünki insanlar haqqında danışdıqları “Tanrı”ya şəkk edəni, müzakirə edəni az qalırdılar daşlasınlar. Ona hücum etsələr, qoynundakı işıq zərrələrini itirə bilərdi və bu da onun sonu demək idi.

Bunları kim düşünüb, kim planlayıb, bilmirdi, amma insanların Onun adı ilə aldadılması, Onda olmayan, Onun gücü çatmayacaq şeylərin vədinin verilməsi, ölümdən sonra hansısa şəkildə həyatın davamına inandırılması Onu qəzəbləndirirdi.

Yer üzü Ona təhlükəli, insanları qorxunc gəlirdi. Bütün təsəvvürü alt-üst olmuşdu.

İnsanlar bir-birini qırır, torpaq, pul, şan-şöhrət, əxlaq üstündə bir-birini öldürürdü. Ata qızının başını kəsir, ana oğlunu zəhərləyir, din adamları fitvalar verir, ölkə başçıları müharibə edirdi. Uşaqlar ac-susuz, ata-anasız, gözü yaşlı idi.

İnsanlar qəddar idi.

Özünü ələ alıb düşündü. Ölkə başçıları ilə görüşmək, onlara özünü təqdim etmək fikrində idi. Bəlkə, bu qanlı gedişatı dəyişə bilərdi.

Müxtəlif ölkələrdə peyda olub başçılarla görüşmək üçün saraylara, binalara girmək istədi. Amma onların ətrafında elə qatı zülmət dolanır, o qədər qara kölgələr vardı ki, O qorxdu.

Qoynundakı bir topa işığı da bu zülmətdə itirmək, qara kölgələrə yem etmək istəmirdi. İşıqlarla birgə məhv olub ayaq altında qalacaqdı. Kim bilir, bəlkə də, elə içəri keçib özünü nişan versə, onu da tutub “dəlixana” deyilən xəstəxanalara salardılar? Gəzə-gəzə insanların qayda-qanunlarını öyrənmişdi.

O, xəyal qırıqlığına uğramış, Yer üzünə endiyinə peşman olmuşdu. Geri – Bulud sarayına qayıtmaq lazım idi. Buranın sakinləri özlərinə bir yalan uydurub yaşamaqdaydı və ona ehtiyacları yox idi.

Hərdənbir rastlaşdığı yaxşı insanlar da vardı, əlbəttə. Onların sayı isə qoynundakı işıq zərrələri kimi çox az idi...

Yolboyu dünən gördüyü qaradərili haqda düşündü...

Qurumaqda olan çay vadisində peyda olmuşdu. Günəşdən və qaynar küləkdən dərisi qapqara qaralıb, sərtləşmiş orta yaşlı bir kişi qurumaq üzrə olan çayın kənarında aşağı-yuxarı gəzişir, arxası üstə çevrilmiş çay tısbağalarını ağzı üstə çevirirdi. Üzü üstə çevrilən tısbağa balaca addımlarıyla hərəkətə başlayanda həmin kişi təbəssümlə bir az tısbağaya baxır, sonra yenə gəzişməyə, tısbağa axtarmağa davam edirdi. Kənardan bir xeyli müşahidə etdikdən sonra ona yaxınlaşdı.

– O səni görür, – dedi – bu əməlinə görə mütləq mükafatlandırılacaqsan.

Qaradərili başını qaldırıb qarşısında dayanan qəribə qocaya baxdı.

– Kim, – dedi – Tanrı?

O, cavab verməyə macal tapmamış qaradərili yenidən dilləndi:

– Tanrının belə şeylər üçün vaxtı yoxdur, – dedi – deyəsən, bizi çoxdan tərk edib.

O, yenə dillənmək istəyirdi, amma qaradərili bu dəfə də onu qabaqladı:

– Kefini pozma, – dedi – Tanrı nə onları, nə də məni görməyə bilər, mən ki, bu tısbağaları görürəm – sonra da çevrilib vadi yuxarı addımladı.

O, ardınca baxa-baxa qaldı. Qaradərili bir qədər uzaqlaşandan sonra çevrildi, Ona əl edib – kefini pozma, – dedi – mən bunu Tanrı üçün eləmirəm, tısbağalar üçün edirəm.

O, sonsuz kədər, peşmanlıq və xəyal qırıqlığı içində Bulud sarayına qayıtdı. Qoynunda gizlətdiyi işıq zərrələrini çıxarıb ətrafına düzdü. Saydı. Yeddi dənə idilər. Bu işıq zərrələrinin enerjisi bitəndə onlara birgə O da məhv olacaqdı. Sönmək, yox olmaq onu qorxudurdu. Çünki insanlardan fərqli olaraq O, ölümdən sonra nə baş verəcəyini bilmirdi və yeni bir həyatın varlığı haqda heç bir düşüncəsi yox idi.

Bu vaxt buludları keçən qaranlıq bir kölgə yapışıb işıq dənələrindən birini söndürdü. O diksindi. Belə olmaz. Göz görə-görə insanların pis dualarının onu söndürməsini izləyə bilməzdi. Onlara göndərməyə heç nəyi qalmamışdı. “Onsuz da, mənə ehtiyacları yoxdur” – düşünüb Bulud sarayını ənginliklərə sürüməyə qərar verdi.

Bulud sarayı ilə birgə özünü ənginliklərə sürgün etmiş O, fikirli-fikirli Yer üzü, insanlar haqda düşünürdü. Qəfildən bir işıq yandı. O, nə baş verdiyini anlamamış başqa bir işıq zərrəciyi də yarandı. Bir neçə saniyə içində dalbadal işıq zərrəcikləri yaranıb işıq selinə qoşuldu.

O təəccüblənmişdi. Bu qədər uzaq məsafədən necə olmuşdu ki, kiminsə duası gəlib onu tapa bilmişdi?

İşıq zərrələri bir-birinin ardınca qalxır, Onun işıq selinə qovuşur, işıq selini böyüdürdü. Cəmi bir-iki saat ərzində işıq seli əməlli-başlı böyümüşdü.

... Həmin vaxt Yer üzündə bir vaqonda müharibədən qaçan balaca bir uşaq üzünü dizlərinə söykəyib hıçqıra-hıçqıra, dayanmadan Ona dua edib yalvarırdı ki, atası müharibədən sağ-salamat qayıtsın.

# 4424 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
# # #