Bir sülalənin faciəsi

Bir sülalənin faciəsi
30 oktyabr 2023
# 10:08

Kulis.az Fəxri Uğurlunun "Bir sülanənin intiharı" adlı yazısının birinci hissəsini təqdim edir.


Vilyam Şekspirin “Hamlet” faciəsi haqqında

Zamanın bağı qırılıb. Dünənlə bugünün, bugünlə sabahın arasında əlaqə itib. Günlər təsbeh dənələri kimi dörd bir yana səpələnib. Xaos dumanı kainatı bürüyüb, bu dumanda nə keçmiş görünür, nə də gələcək.

Hamlet məhz belə şəraitdə, belə bir zəmində səhnəyə çıxır. Onun bütün fəaliyyəti sərhəd situasiyasında - olumla ölüm, ağılla dəlilik, eşqlə nifrət arasındakı dar zolaqda cərəyan eləyir. Danimarka şahzadəsinin bir ayağı haqq dünyasında, bir ayağı fani dünyadadır. Ancaq o bu dünyaların heç birində rahatlıq tapmır. Canına müsəllət olan amansız şübhə, qisas duyğusu onun ömrünün nizamını pozub. Şahzadə qana susamış ehtirasların girovuna çevrilib. Hamlet xaincəsinə qətlə yetirilmiş atasının - adını daşıdığı kral Hamletin əsarətinə düşüb. Sevimli atasının kölgəsi onu intiqam almağa çağırır.

***

Danimarka şahzadəsi kral iqamətgahının yerləşdiyi Elsinora Almaniyanın Vittenberq şəhərindən gəlib. Orada universitetdə oxuyan Hamlet atasının qəfil ölümünə görə təhsilini yarımçıq qoyub. Müəllif onun hansı bilik sahəsinə maraq göstərdiyini, yaşının neçə, xarakterinin necə olduğunu tamaşaçıya yerli-yataqlı söyləməsə də, bəllidir ki, Hamlet bundan irəli həyatsevər, xəyalpərəst, kitaba, elmə meyilli oğlan olub. Di gəl, Elsinorda gördükləri onu möhkəm sarsıdır, onu xəyal adamından əməl adamına çevirir. Əməl isə heç də həmişə xeyirə yönəlmir.

Bəs krallığın mərkəzində nə baş verib? Burada mərhum kralın qardaşı, Hamletin əmisi Klavdi özünü padşah elan eləyib, ölmüş qardaşının qırxı çıxmadan onun dul arvadıyla nikah bağlayıb, bununla da faktiki olaraq ikinci Hamletin taxt-taca gedən yolunu kəsib. Hərçənd əsərdə Klavdinin varisi, yəni övladı olduğu da görünmür, bu minvalla onun varisi elə qardaşı oğlu olmalıdır, üstəlik Hamletin anası yenə də kraliçadır.

Fəqət Hamleti hadisələrin bu gedişatı qane eləmir. Qəzəb, ikrah, şübhə onun şişman gövdəsini qurd kimi gəmirir, onun tənbəl vücudunu atlet bədəninə çevirir. Şahzadə atasının ölümündə sirli, müəmmalı məqamlar axtarır. Dostu Horatsio ona qala keşikçilərinin dünən axşam mərhum kralın kölgəsini gördüklərini xəbər verəndə Hamlet həmin yerə həvəslə gedir, inanır ki, bu görüşdə həqiqət ona gül üzünü göstərəcək.

İnandığı kimi də olur: sən demə, kral əcəliylə ölməyibmiş, qardaşı Klavdi yatdığı yerdə onun qulağına zəhər tökübmüş. Sonra da belə şayiə yayıblar ki, guya bağçada yatanda kral Hamleti zəhərli ilan çalıb.

***

Həqiqəti ən birinci instansiyadan - atasının kölgəsindən eşidəndən sonra da Hamletin tərəddüdünə son qoyulmur: bəlkə bu kölgə elə cəhənnəm elçisidir, bəlkə onu İblis özü göndərib? Ta əsərin kulminasiyasına qədər Hamlet tərəddüd körpüsünün üstüylə o baş-bu başa gəzinir. Həyat onun gözündə bütün şuxluğunu itirir, insanlar onda yalnız ikrah doğurur:

Ah, insan bədəni, necə möhkəmsən!

Əriyib dönmürsən göz yaşlarına.

Ey qadir yaradan, intiharı kaş

Yasaq etməyəydin biz insanlara.

İlahi, ilahi! Mənə bu dünya

Necə də mənasız, miskin görünür.

Hər yanda rəzalət, hər yanda dəhşət!

Baxımsız bağçanı kol-kos basantək

Əclaflıq, alçaqlıq tutub dünyanı...

Beləcə, Danimarka taxt-tacının parlaq varisi, gənclərin, ümumən xalqın sevimlisi Hamlet qısa müddətdə sağalmaz skeptikə, arsız sinikə, taxt-taca, krala, krallığa qənim kəsilən anarxistə, neçə adamın ölümünə bais olan amansız qatilə çevrilir. Onun cisminə can vermiş atasının kölgəsi - Hamletin daim qanıyla bəslədiyi günah duyğusunun, müdam başının üstündə durub çiynindən basan, taleyinə fərman oxuyan mübhəm fövqəlbəşər qüvvənin obrazıdır.

Skeptik mütləq sayılan hər həqiqətə qarşı çıxdığı kimi, Danimarka şahzadəsi də gələcəkdə onun olası taxt-taca, mütləq hakimiyyətə arxa çevirir. Qonşu Norveç ölkəsinin şahzadəsi Fortinbras qazandığı zəfərlərlə gələcək krallığının bünövrəsini bəri başdan bərkitməyə çalışsa da, Hamlet taxt-taca yiyə çıxmağa maraq göstərmir. Onu hakimiyyət yox, qisas maraqlandırır. Hamlet atasının timsalında taleyinin çağırışına həvəslə cavab verir:

Bir saman çöpünə dəyməz həyatım,

Ruhumsa ölməzdir onun özütək,

O mənim ruhuma neyləyə bilər?

O yenə çağırır, mən getməliyəm...

Mənim öz taleyim çağırır məni,

Bədənimin hər bir əzələsinə

Sarsılmaz bir aslan gücü bəxş edir...

***

“Olum, ya ölüm? Budur məsələ...” Bir zərbəylə həyatın iztirablarına son qoymaq, yoxsa taleyin zülmünə boyun əyib yaşamaq? Cəmi bəşər övladı kimi Hamlet də bu sualın qarşısında acizdir.

İnsan öləndən sonra onu nə gözlədiyini bilmir, o məchul aləmdən hələ qayıdan olmayıb. Bu səbəbdən ölümün qarşısında padşah da, qul da eyni dərəcədə acizdir, gec-tez hər kəs əcəlinə yenilir.

Padşahlar, krallar ölüm xofunun hesabına kütlələrə ağalıq eləyirlər, yoxsa bu dünyanın əzabına heç kəs qatlaşmaz. O dünyadan bircə işarə gəlsə, bir köləni, bir qulu da zəncirdə saxlamaq olmaz.

İki həqiqətdən birinə möhkəm inanmaq insanın iradəsini itiləyir, cəsarətini körükləyir. Hansı iki həqiqət?

Bir: insan ruhu əbədidir, ölüm vur-tut bir dünyadan başqa dünyaya keçiddir.

İki: heç bir əbədiyyət yoxdur, insan yalnız bir ovuc torpaq, bir topa sür-sümükdür.

Burada üçüncü gerçək ola bilməz, üçüncü yol varsa-varsa, bu iki həqiqətin arasında get-gəl eləyənlərin, yerlə göy arasında avara qalanların, iki dünyanın sərhədində qərar tutanların yoludur. Onlar heç bir həqiqətin varlığına əmin deyillər, o səbəbdən həyatla döş-döşə gəlməlimi, yoxsa həyatın qabağından qaçmalımı olduqlarını bilmirlər. Hamlet, çox güman, bilir, ancaq bildiyinə özü əməl eləmir. Sevgilisi ilə söhbətindən bunu tutmaq olar:

“Get monastıra, Ofeliya! Doğub törəməyin, günahkarların sayını artırmağın nə mənası var? Mən belə baxanda alababat adamam, ancaq o qədər eyibim var ki, kaş anam məni bu dünyaya gətirməyəydi. Mən çox lovğayam, kinliyəm, xudpəsəndəm. İçimdə o qədər eybəcərlik var, onları cəmləməyə düşüncəm, bəlli bir şəklə salmağa təxəyyülüm, həyata keçirməyə vaxtım çatmaz. Mənim kimi yerlə göy arasında vurnuxan bir məxluqdan nə gözləyirsən? Biz hamımız fırıldaqçıyıq, heç birimizə inanma. Neçə ki bakirəsən, adamlardan uzaqlaş, get monastıra”.

Şahzadə Hamlet keçmiş sevgilisinə doğru bildiyi yolu - stoiklərin, rahiblərin, zahidlərin yolunu göstərir. Ancaq özü o yolu tutmağa canında təpər tapmır. Şeytan artıq Hamleti kirələyib, onu aşkar qana çəkir. Daha onun gözəl Ofeliyanı sevməyə belə halı qalmayıb. Sevgi bəlkə də hələ tam tükənməyib, di gəl, nifrətdən, kindən qabıq bağlamış bir gövdənin zərif sevgi çiçəkləri bitirəcəyinə artıq heç bir ümid yoxdur.

Ardı var

# 1789 dəfə oxunub

Oxşar xəbərlər

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

19:03 16 aprel 2024
"Coker"  filminin treyleri izlənmə rekordu qırdı - Video

"Coker" filminin treyleri izlənmə rekordu qırdı - Video

19:00 16 aprel 2024
93 yaşlı rejissor son filmini çəkəcək

93 yaşlı rejissor son filmini çəkəcək

18:50 16 aprel 2024
"Rust"  faciəsinin məhkəməsi başa çatdı - Foto

"Rust" faciəsinin məhkəməsi başa çatdı - Foto

18:30 16 aprel 2024
Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

18:00 16 aprel 2024
Sviftin mahnıları yenidən "TikTok"da

Sviftin mahnıları yenidən "TikTok"da

17:30 16 aprel 2024
# # #