Averroesin axtarışı - Xorxe Luis Borxesin hekayəsi

Averroesin axtarışı - Xorxe Luis Borxesin hekayəsi
25 iyul 2026
# 10:00

Kulis.az Xorxe Luis Borxesin "Averroesin axtarışı" hekayəsini Fidan Vahidin tərcüməsində təqdim edir.


“Faciənin tərif sənətindən başqa bir şey olmadığını düşünərkən...”

Ernest Renan “Averroes”, 48 (1861)

Əbdülxalid Məhəmməd ibn Əhməd ibn Məhəmməd ibn Rüşd (bu isim bir əsr ərzində Benraist, Avenrisa, Aben-Rassad, Filius Rosaids kimi müxtəlif şəkillərə düşərək axırda Averroesə çevrilmişdi) “Təhafütül-təhafüt”ün (“Tutarsızlığın tutarsızlığı”) on birinci bölümünü yazırdı. Bu bölmədə İmam Qəzalinin “Təhafütül-fəlasifə” (“Filosofların tutarsızlığı”) əsərində ifadə etdiyi fikrə qarşı çıxaraq ilahiyyatın ayrı-ayrı fərdlərə yox, birliklərə və növlərə xas ümumi kainat qaydalarını bildiyini müdafiə edirdi. Sözləri sağdan sola doğru yavaş-yavaş və inamla yazırdı. Sillogizmlər qurması, uzun-uzadı paraqrafları bir-birinə uyğunlaşdırması evin sərin və hüzurlu ab-havasını hiss etməsinə mane olmurdu.

Siestanın dərin mürgüsündə aşiq göyərçinlərin boğuq səsi səslənir; qonşu həyətlərin birindən bulağın şırıltısı eşidilirdi. Əcdadları Ərəbistan çöllərindən gələn Averroes suyun davamlı şırhaşırını eşitdikcə Yaradana şükür edirdi. Aşağıda meyvə bağları və bostanlar uzanırdı. Ondan aşağıda coşğun Qvadalqvivir nəhri, onun ötəsində isə Bağdad və Qahirə qədər qarışıq və sevimli (Averroes də bunu hiss edirdi) Kardova şəhəri görünürdü. Kardovanın dörd tərəfi boyunca İspaniya torpaqları uzanırdı. Orada çox şey yox idi. Amma var olan hər şey sanki əbədiyyətə qədər uzanırdı.

Qələm səhifələr üzərində gəzişdikcə faktlar da ilmə-ilmə bir-birinə hörülürdü, amma kiçik bir narahatlıq onun xoşbəxtliyi üzərinə kölgə saldı. Bu əndişə “Təhafüt”dən qaynaqlanmırdı. Problem yunan alimi Aristotelin gələcəkdə ona şöhrət gətirəcək əsərinin şərhi ilə bağlı filoloji çətinlikdə idi. Fəlsəfənin atası sayılan Aristotel dünyaya mövcud bilikləri insanlara öyrətməkdən ötrü gəlmişdir. Buna görə də onun əsərlərini şərh etmək Averroes üçün alimlərin “Quran”ı təfsir etməsi qədər ağır və məsuliyyətli öhdəlik idi. Bu ərəb fizikin özündən düz on dörd yüzil öncə yaşamış bir adamın düşüncələrinə bu qədər həssaslıqla yanaşması, bağlılığı tarixdə görünməmiş hadisədir. Həm də qeyd etməliyik ki, nə yunanca, nə də süryanicə bilən Averroes əsəri tərcümənin tərcüməsi üzərindən işləyir. Lakin dünən gecə “Poetika”nın başlanğıcında iki sözün mənası üzərində ilişib-qalmışdı. Bunlar “tragediya” və “komediya” idi. Bu sözlərə illər öncə “Ritorika”nın üçüncü kitabında da rast gəlmişdi. İslam dünyasında belə bir anlayış olmadığı üçün heç kim onların mənasını tapa bilməmişdi. O, əfrodiziyalı Aleksandrın səhifələrini diqqətlə gözdən keçirdi, nəsranilərdən Huneyn ibn-İshaqla Əbu-Bəşar Mətanın tərcümələrini tutuşdurdu, amma heç nə tapa bilmədi. Bu iki “lənətli” söz “Poetika” əsərinin hər səhifəsindən ona doğru boylanırdı, qaçmaq mümkünsüz idi.

Averroes qələmi yerə qoydu. Öz-özünə düşündü ki, çox vaxt axtarılan şey elə göz qabağında olur. Sonra “Təhafüt”ün əlyazmasını kənara qoydu və fars katiblər tərəfindən üzü köçürülən kor İbn Sina əsərlərinin cildləri olan rəfə yaxınlaşdı. Onlara daha öncə baxmadığını demək sadəlövhlük olardı. Amma yenə də səhifələri bir-bir gözdən keçirtdi. Qəfil qulağını çalan səs onu bu yorucu məşğuliyyətdən ayırdı. Eyvanın məhəccərindən aşağıya baxdı. Həyətdə məhəllə uşaqları oynayırdı. Aralarından biri dostunun çiyninə çıxıb müəzzin olmuşdu. Gözlərini yumub avazı yetdiyi qədər bağırırdı: “Allahdan başqa İlah yoxdur!” Qımıldanmadan onu başı üstündə saxlayan oğlan da guya minarə idi. Başqa bir uşaq da səcdəyə gedərək namaz qılan camaatı canlandırırdı. Amma oyun çox çəkmədi, çünki uşaqlardan heç kim minarə ya da camaat olmaq istəmirdi, hamı müəzzinlikdən ötrü canfəşanlıq edirdi. Averroes onlara qulaq kəsildi, uşaqlar yarımadanın müsəlman xalqının danışdığı kobud ləhcə ilə davalaşırdılar. Xəlil ibn Əhmədin “Kitab-əl Əyn” əsərini açdı, bu möhtəşəm əsərin Kardobada (hətta bəlkə də, Əndəlüsdə) başqa nüsxəsi olmadığı üçün qürrələndi. Bu yeganə nüsxəni ona Tanca əmiri Yaqub əl-Mənsur göndərmişdi.
Orada gözünə dəyən liman adı ona “Qurani-Kərim”in bilicisi Fərəcin evində Fəs şəhərindən yeni qayıdan səyyah Qasım əl-Əşari ilə şam yeməyi dəvətini xatırlatdı. Özünün dediyinə görə, Əbülqasım Sin imperatorluğunun hüdudlarına qədər gedib çıxmışdı, düşmənləri isə kin və paxıllıqdan ötrü onun ayağının heç vədə bu torpaqlara dəyə bilməyəcəyini deyirdilər. Guya oradakı məbədlərdə Allaha küfr edilir. Görüşdə, şübhəsiz ki, bir neçə saatdan çox yubanacaqdı. Ona görə Averroes vaxt itirmədən “Təhafüt”ə qaldığı yerdən davam elədi. Hava qaralana qədər çalışdı.

Fərəcin evində valinin misilsiz fəzilətlərindən, qardaşının işlərindən tutmuş gül-çiçəyə qədər olduqca fərqli mövzular müzakirə edildi. Bir dəfə olsun güllərə diqqət etməyən Əbülqasım and-aman etdi ki, Fərəcin həyətindəki qızılgüllərin Əndəlüsdə bənzəri yoxdu. Amma yalançı təriflərə aldanmayan Fərəc həmin dəqiqə alim ibn-Qüteybənin Hindistan bağlarında bitən və al-qırmızı ləçəkləri üzərində “Allahdan başqa İlah yoxdur, Muhəmməd (s) onun peyğəmbəridir” yazılan qızılgülləri təsvir etdiyini dedi. Və Əbülqasımın da bu gülləri gördüyünə şübhə etmədiyini əlavə etdi. Əbülqasım vahiməylə ona baxdı. Əgər “hə” desəydi, hamı ona yaltaq və saxtakar damğası vuracaqdı, “yox” desəydi, bu zaman da kafir sayılacaqdı. O da köçünü sudan çıxarmaq üçün “Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allahın ondan xəbəri olmasın. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır)” ayəsini təkrarladı. Bu ayə “Qurani-Kərim”in əvvəlindən idi. Onun sözləri hörmətlə qarşılandı. Məclisin razılığından vəcdə gələn Əbülqasım davamında Allahın böyük hikmət sahibi olmasından, dərkinin mümkünsüzlüyündən də danışacaqdı. Amma Averroes sözə qarışdı və Devid Yumun gələcəkdə irəli sürəcəyi fəlsəfi yanaşmanı qabaqlayaraq dedi:

– Mənim üçün alim ibn-Qüteybənin səhv etməsini, yaxud katiblərin əlyazmanı köçürərkən xətaya yol verməsini qəbul etmək yer üzündə ləçəklərinə kəlmeyi-şəhadət yazılı qızılgül bitdiyini qəbul etməkdən daha asandır.

Əbülqasım da onun fikirlərini təsdiqlədi: “Düz buyurursunuz, bunlar çox dərin sözlərdir”.

Şeyx Əbdül Malik xəyala dalaraq söhbətə qarışdı:

– Xatirimdədir, hansısa səyyah kitabında bir ağacdan bəhs edirdi. Ağacın budaqlarından yaşıl quşlar çıxırmış. Şəxsən mənim üçün də o ağacın varlığına inanmaq üzərində hərflərlə bəzədilmiş güllərə inanmaqdan daha az əzablıdır. – “Mən də razıyam, – Averroes onun fikrini dəstəklədi, – çünki ağac da, quş da hər ikisi eyni yerdən gəlir – təbiətdən. Amma yazı tamamilə ayrı bir şeydir. Yazı sənətdir. Yarpaqların quşlara çevrilməsi, əlbəttə, güllərin yazıya çevrilməsindən daha asandır”.

Başqa bir qonaq yazının sənət olması fikrini qətiyyətlə rədd etdi: “Kitabların anası sayılan “Quran” yazının olmadığı zamanlarda, yaradılışdan da çox öncə Cənnətdə qorunub saxlanılırdı”. Bir başqası bəsrəli Əl-Cahizin fikirlərini xatırladaraq “Quran”ın insan və heyvan cildinə dönüşə bilən maddə olduğunu dedi. Bu fikir Kitaba ikili yanaşanların fikri ilə üst-üstə düşürdü.

Fərəc də öz növbəsində uzun-uzadı ortodoks inancı barədə danışdı. Allahın mərhəməti kimi “Quran”ın da məhz Onun sifətlərindən biri olduğunu söylədi. “Quran” yazının köməyilə kitaba köçürülə, dillərdə və könüllərdə əzbərə çevrilə bilər. Dil, işarə, yazı insan əməli olsa da, Kitab əbədi və dəyişməzdir. “Dövlət” əsərinin şərhini yazan Averroes bu yerdə deyə bilərdi ki, Kitabın ana fikri ilə Platon ideyaları arasında oxşarlıq var, amma demədi. Çünki bilirdi ki, Əbülqasımın bu deyilənləri dərk etmə gücü yoxdur.

Digərləri də bunu hiss etdi. Söhbəti dəyişmək üçün Əbülqasımdan möcüzəli bir əhvalat danışmasını istədilər. O zaman da hər şey indiki kimi idi. Dəyişən heç nə yoxdur. Dünya canavarlar süfrəsidir. Cəsurları, igidləri də var, alçaq xainləri, qorxaqları da. Əbülqasımın yaddaşı özündə qorxaqlığın gizli kodlarını daşıyırdı. Əbülqasım nə danışa bilərdi axı? Özü də ondan möcüzə gözləyirlər. Benqaliyadakı Ayla Yəməndəki Ay necə eyni ola bilər? Heç vəchlə! Amma ikisi də eyni cür adlandırılır.

“Kim ki diyar-diyar gəzər, onun danışmağa sözü çox olar”, – uca səslə qürrələndi. İndi sizə danışacaqlarımı bircə dəfə sözarası Türklərin padşahına danışmışam. Hadisə Sin-Kalanda (Kanton) abi-həyatın dənizə töküldüyü yerdə baş verib. Fərəc bu ərazinin Zülqərneynin (Makedoniyalı İskəndər) Yəcuc və Məcuclara qarşı tikdirdiyi səddən nə qədər uzaqlıqda yerləşdiyini soruşdu.

– “Onların arasında böyük çöllər var, – özündənrazı halda cavabladı. – “Deyirlər ki, karvan sərasər 40 gün yol getsə, şəhərin qüllələrini görə bilər, bundan sonra daha 40 gün də yol getməlidir ki, ora çata bilsin. Sin-Kalanda olanda oranı gördüyünü deyən heç kimlə rastlaşmamışam”.

Sonsuzluğun, boşluğun, heçliyin qorxusu bir anda Averroesin üzərinə qara bulud kimi çökdü. Bağçaya boylandı. Özünü lazımsız və yaşlı hiss edirdi. Əbülqasım isə elə hey söhbətini edirdi: “Bir axşan Sin-Kalanın müsəlman tacirləri məni rənglənmiş taxta bir evə apardılar. Orada çoxlu adam yaşayırdı. Bu evi təsvir etmək çətindir. Elə bil bir otağı hissələrə bölüb sonuna da eyvan əlavə etmisən. Elə təəssürat yaradırdı. Otaqlarda da, mansarda da yeyib-içən adamlar var idi. Qırmızı maskalı 15-20 nəfəri çıxmaq şərtilə qalanları dəf və nağara çalıb əylənirdilər. Onlar isə həbsxana əzabı çəkirdilər, amma zindan yox idi. At çapırdılar, amma atları yox idi. Bir-biriləri ilə savaşırdılar, amma qılıncları qamışdan idi. Ölüb sonra yenidən dirilirdilər”.

Fərəc onun sözünü kəsdi: “Bunlar dəlilikdir, ağıllı adam işi deyil”.

“Onlar dəli deyillər, tacirin dediyinə görə, bir hekayəni canlandırırmışlar”, – Əbülqasım açıqlama verdi.

Dediklərindən heç nə başa düşmədilər. Daha doğrusu, başa düşmək istəmədilər. Bu etinasızlıqdan təəccüblənən Əbülqasım hekayəsini yarıda saxlayıb əl-qol hərəkətləri ilə izaha başladı:

– Tutaq ki, kimsə bir hekayəni insanlarla bölüşmək istəyir. Amma bunu danışaraq yox, canlandıraraq edir. Deyək ki, bu olsun Əshabi-kəhf hekayəti. Necə olacaq? Sıra ilə onları mağarada görürük, gözləri açıq halda yuxuya getmələrini, yuxuda olduqları zamanda gün-gündən yaşlandıqlarını, 309 il sonra ayılmalarını, tacirə qəlp pul vermələrini, Cənnətdə oyanmalarını, köpəyi – hamısını bircə-bircə görürük. Həmin gün də o evdəkilər bizə buna bənzər şeylər göstərirdilər.

“Bəs danışırdılar?” – Fərəc soruşdu.

– “Təbii ki”, – Əbülqasım dilləndi. Bu gördükləri o vaxt ona hədsiz təsir etmişdi, indi isə güc-bəla ilə xatırlayaraq dedi: “Həm danışırdılar, həm musiqi çalırdılar, həm də göstərirdilər”.

– “Əgər elədirsə, onda 20 nəfərə nə hacət? Elə bir nəfər də hekayəni tam təfsilatı ilə çatdıra bilərdi”, – Fərəc cavab verdi. Bu fikirlə hamı razılaşdı.

Sonra başladılar ərəb dilini tərifə. Allah öz bəndələri ilə danışmaq üçün məhz bu dili seçmişdi, ona görə də müqəddəs hesab olunurdu. Sonra ərəb poeziyasını təhllilə keçdilər. Xüsusən Əbdülmalik şeiriyyatı canfəşanlıqla dəyərləndirdikdən sonra Şamda və Kardovada hələ də pastoral təsvirlərdən istifadə edən və bədəvi ağzı ilə yazan şairləri köhnə dəbli, bayağı adlandırdı. Ona görə gözünün önündə Qvadalqvivir nəhri uzanan bir şairin quyu suyuna tərif deməsi gülünc hərəkətdir. Əski dönəm bənzətmələrini yenisi ilə əvəzləməyin çox asan olduğunu vurğuladı: “Züheyrin taleyi kor dəvəyə bənzətdiyi dönəmdə bu təşbeh insanları təəccübləndirə bilərdi, amma indi üstündən beş yüzil keçib. Və bu günün insanı üçün bu heç bir məna kəsb etmir”.
Bu yanaşmanı daha öncələr də eşidən məclisdəkilər Əbdülmaliklə razılaşdılar. Averroes isə səsini çıxarmadı. Ən sonda oradakılardan çox özü-özü ilə danışaraq dedi:

– “Bir zamanlar belə qəti olmasa da, bənzər arqumentlər üzərində mən də baş sındırmışdım. İsgəndəriyyədə belə bir deyim var: günah işləməyənlər nə zamansa etdikləri günahdan ötrü tövbə edənlərdir. Hə, deməli, yanlış bir təsəvvürdən qurtulmaq üçün öncə özümüz o yanlışın içinə düşməliyik. Züheyr əsərində səksən illik ömrü boyunca taleyin insanları kor dəvə kimi ayağının altında əzdiyinə, qəddini sındırıb əydiyinə dəfələrlə şahid olduğunu yazıb. İndi gələk Əbdülmalikin fikrinə. O deyir ki, bu bənzətmə bizi təəccübləndirmir. Bu tezisə fərqli cavablar vermək olar. Birincisi, şeirin gerçək dəyəri bununla ölçülsəydi, onda nəinki yüzilliklər, günlər, saatlar, hətta dəqiqələr də buna yetməzdi. İkincisi, məşhur bir şair ixtiraçıdan çox kaşifdir. Bərxəli ibn-Şərəf üçün dəfələrlə deyilir ki, dan ağaran vaxt ulduzların ağacın yarpaqları kimi bircə-bircə səmadan düşüşünü ancaq o təsvir edə bilərdi. Həqiqətən bu doğrudursa, onda belə çıxır ki, təsvir çox bəsit, lazımsızdır. Axı ancaq bir adamın görə bildiyi şey necə maraqlı ola bilər? Yer üzündə saysız-hesabsız şeylər var ki, asanlıqla bir-birinə bənzədə bilərik. Ulduzları yarpaqlara bənzətmək onu balığa ya da quşa bənzətmək qədər yayğındır. Eləcə də həyatın amansız zərbəsinə məruz qalan hamı həyatında bir dəfə olsun düşünmüşdür ki, tale güclüdür, amma bir o qədər də amansızdır, günahsızdır və bir o qədər də insanüstü hadisədir. Heç kimin yaxasını qurtara bilmədiyi bu ötəri və əbədi hissi təsvirdən ötrü yaranmışdı Züheyrin misraları. Orada yazılanı ondan daha yaxşı kimsə deyə bilməzdi. Həm də (bəlkə də, düşüncələrimin əsas mayası budur) əzəmətli şəhərləri, güclü qalaları dağıtmağa gücü yetən zaman yalnız poeziyanı zənginləşdirir. Əgər Zühehrin zamanında Ərəbistanda yazılan bu şeirin təsviri iki şeyi – dəvəni və taleyi qarşılaşdırırdısa, indi bu cərgəyə ölmüş şairin özü də qoşulub. Bizlər özümüzü o bəxtsiz şairlə qarşılaşdırırıq. O zaman ikili idi, indi dördlü. Hətta bəzi şeirləri var ki, onları oxuyanlar musiqidə olduğu kimi tamamilə fərqli anlamlar çıxara bilər. Mən uzun illər öncə Fəs şəhərində Kardobanın arzusu ilə yanıb-yaxılanda imdadıma Əbdürrəhmanın Rufaza bağçalarında Afrikanın xurma ağaclarına özləm dolu səslənişi çatdı:

Sən də, ey xurma ağacı!
bu yad topraqda...

Bunu ancaq şeirin ecazkar gücü bacara bilərdi. – Doğu həsrəti çəkən bir kralın yazdığı misralar Afrikada İspaniyanı özlədiyim anlarda təsəllim oldu.

Daha sonra Averroes ilk şairlərdən danışmağa başladı. İslam dini yaranmamışdan öncə Cahiliyyə zamanında yaşayan və deyilə biləcək hər bir şeyi çölün dili ilə yazan şairlərdən. O, ibn-Şərəfin mənasız misralarından dilxor idi, çünki qədim zamanlarda və “Qurani-Kərim”də artıq hər şey deyilmişdi. Buna görə də yenilik iddiası puç və mənasız görünürdü. Hamının diqqəti alimdə idi. Həvəslə qulaq asırdılar, çünki keçmişi tərifləyirdi.

Sübh azanı oxunanda Averroes yenidən kitabxanasına qayıtdı. (Hərəmdə qara saçlı cariyələr qırmızı saçlı bir cariyəyə işgəncə çəkdirmişdilər, amma o bunu günortadan sonra öyrənəcəkdi). Hər iki sözün mənasını tapmışdı. Səliqəli xətlə kitabına əlavə etdi: “Aristu (Aristotel) mədhiyyələrə “tragediya”, satira və qarğışlara isə “komediya” adını verib”. “Quran”da və məscid müəlləqətlərində kifayət qədər komediya və tragediya var”.

Yuxusu gəlmişdi, həm də üşüyürdü. Sarığını başından açdı, güzgüdə özünə baxdı. Güzgüdə nə gördüyünü bilmirəm. Çünki bununla bağlı heç bir tarixçi heç nə yazmayıb. Bildiyim tək şey var. Averroes bir anda görünməz atəşlə yoxa çıxdı, onunla birlikdə evi, görünməz fəvvarə, kitabları və əlyazmaları, göyərçinlər, cariyələr, bir küncdə tir-tir əsən qırmızı saçlı cariyə, Fərəc, Əbülqasım, qızılgüllər, hətta Qvadalqvivir nəhir belə yox oldu.

Bu hekayədə bir məğlubiyyət hekayəsini nəql etməyə çalışdım. Öncə Tanrının varlığını isbat etməyə çalışan Kenterberi arxiyepiskopunu düşündüm, sonra fəlsəfə daşını axtaran kimyaçıları. Daha sonra bucağı mənasızca üç bərabər hissəyə bölməyə, dairəni kvadratlaşdırmağa çalışanları. Sonra isə özündən başqa heç kimə yasaq olmayan imkansız bir hədəfə çatmaq üçün əlləşən birini düşünmək istədim. Məncə, bu daha romantik alınacaqdı. İslam dünyası hüdudlarından çıxa bilməyən və heç vaxt “komediya” ilə “tragediya” sözlərinin mənasını tapa bilməyən Averroesi xatırladım. Onun həyat yolunu yazdım. Yazdıqca da özümü Burtonun təsvir etdiyi tanrı kimi hiss elədim. Öküz yaratmaq istəyən, amma axırda camış yaradan Tanrı kimi. Teatrın nə olduğunu bilmədən tamaşanı təsvir etməyə çalışan Averroes Renandan, Lanedən və Asin Palaciosdan bir neçə param-parça sitatdan başqa əlində-ovcunda heç nə olmayan məndən daha gülünc deyildi.

Son səhifəyə çatanda başa düşdüm ki, mənim hekayəm yazarkən olduğum insanın simvoludur. Və bu hekayəni yaza bilmək üçün mən gərək o insan olaydım, o insan olmaq üçün isə bu hekayəni yazmalı idim – beləcə, bu, sonsuza qədər davam edir. (Və mən ona inanmağı dayandırdığım anda “Averroes” da uçub gedir).

Xorxe Luis Borxes kimdir?

Xorxe Luis Borxes argentinalı yazıçı, şair və publisistdir. "Uydurulmuş hekayələr", "Alef", "Uydurma canlılar ensiklopediyası" və bir çox kitabların (novellalar toplusunun) müəllifidir. Öz əsərlərində güzgü, yuxu və labirint effektlərindən tez-tez istifadə edib.

# 90 dəfə oxunub

Oxşar xəbərlər

Xəbər gözləyərkən - Yeni hekayə

Xəbər gözləyərkən - Yeni hekayə

16:00 23 iyul 2026
Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin hekayəsi

Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin hekayəsi

14:30 23 iyul 2026
Don Kixot -  Etimad Başkeçidin pyesi - İkinci pərdə

Don Kixot - Etimad Başkeçidin pyesi - İkinci pərdə

10:00 23 iyul 2026
"Əgər çəkdiyim əzab bir qadının gözünü açacaqsa..." - Livanlı yazıçının romanından hissə

"Əgər çəkdiyim əzab bir qadının gözünü açacaqsa..." - Livanlı yazıçının romanından hissə

14:00 22 iyul 2026
Yuxu - Sənan İsmayılovun yeni hekayəsi

Yuxu - Sənan İsmayılovun yeni hekayəsi

10:00 21 iyul 2026
Aclıq ustası - Frans Kafkanın hekayəsi

Aclıq ustası - Frans Kafkanın hekayəsi

14:13 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər