Beynin doğum sancıları - Racu Şıxlının hekayəsi

Beynin doğum sancıları - Racu Şıxlının hekayəsi
17 sentyabr 2026
# 11:30

Kulis.az Racu Şıxlının "Beynin doğum sancıları..." adlı hekayəsini təqdim edir.

Orda bir ev var. O ev bizim evdir.
Getməsək də, gəlməsək də o ev, bizim evdir...

Nə dağ deyildi, nə səhra. Nə sıx ağaclarla əhatələnmiş meşə, nə də dillər əzbəri olan, səfası ilə könüllər fəht edən kənd. Bəlkə Tomas Morun ideal ictimai quruluşa malik xəyali “Utopiya” adası, bəlkə də dünyanın bir küncündə gözdən uzaq düşmüş bir oba. Şəhərin qaynaşan məhəllələrindən kənarda - bir dikdə, dolanbac yolun dalanında, köhnə tikili bir ev. Qışda pəncərələrindən külək sızan, yayda isə divarları günün istisini içinə çəkib gecəyarısınadək buraxmayan bu evdə Şəfəq ana Yanar və Amar adlı iki oğlu ilə birgə yaşayırdı. Şəfəq ana təqaüdə çıxmış məktəb kitabxanaçısı, Amar plastik qablar elmalı zavodunda operator, Yanar isə yazıçı...

...Yazıçının yaşadığı mənzilə ilk dəfə girən adam burada bir gənc yazıçının yox, hansısa səssiz xəstəxananın, daha doğrusu, hələ adı qoyulmamış bir xəstəliyə tutulmuş xəstənin palatasına düşdüyünü düşünürdü; çünki masanın üstündə yarımçıq qalmış dəftərlər, pəncərənin önündə saralmış qəzetlər, yatağın yanında əzilib-bükülmüş vərəqlər, kitab rəflərinin arasında isə heç kimə lazım olmayan köhnə xəritələr, sınıq qələm qutuları və qurumuş mürəkkəb qabları qorxulu filmlərdəki lənətlənmiş evi xatırladırdı. İndi Yanar da səssizlikdən qulaqları batıran evi kimi səssiz idi. Onu tanımayanlar deyərdi ki, laldır. Lakin gənc yazıçını daha yaxından tanıyan qələmdaşı bilirdi ki, Yanarın sakitliyi, susqunluğu xarakterindən çox, içində daşıdığı sözlərin ağırlığındandır. Onun bir qəribə xarakteri də qorxu idi. İnsanın ən böyük qorxusu ölüm anının gəlməsidir. Fəqət Yanar ölümdən belə qorxmurdu, onun qorxusu nəyisə xatırlamaq idi... Çünki ölüm bir dəfə gəlir, insanı götürüb aparır, amma xatirə hər səhər yenidən doğulur və insanın qarşısında dayanıb eyni hadisəni başqa cür göstərir; dünən ağacın altında gördüyün ananın üzünü bu gün xəstəxananın dəhlizində görürsən, bir vaxtlar həyətə qaçaraq çıxan qardaşının ayaq səslərini indi gecələr mətbəxdə eşidirsən və ən dəhşətlisi budur ki, bütün bunların heç biri həqiqətən baş vermir, amma beynin onları gerçəklikdən daha inandırıcı şəkildə təkrar edir. O, uzun müddət susa bilirdi. Bəzən ailəsinin ona söylədiyi adi bir cümləni üç gün, beş gün, hətta bir neçə həftə düşünürdü və həmin cümlənin içində başqalarının görmədiyi, eşitmədiyi, bəlkə də heç vaxt mövcud olmayan başqa cümlələr axtarırdı. Onun ürəyində ən çox bir cümlə dolaşırdı: “Gördüklərini yaz.” - Bu cümləni ona heç kim deməmişdi. Heç bir müəllim, heç bir dost, heç bir redaktor, heç bir oxucu. Bu, onun öz içindən qalxan, bəzən yuxuda, bəzən küçədə, bəzən də gecənin tən yarısında qəfildən oyananda eşitdiyi bir səs idi. O səsin sahibi isə məhcul idi… Amma Yanar bir səs var idi ki, lap uşaqlıqdan o səsi sevirdi, bu günədək də qulaqlarında cingildəyirdi. Anasının mətbəxdə olarkən, su çanağında yuduğu qab-qacağın səsi...

Yenə ötən illərin xatirələri qol-boyun olmuşdur gənc yazıçıyla. O, anasının işdən gələndən sonra, ev işlərini bitirib, evin küncündəki köhnə divanda oturub, kitab oxuduğu illərə qayıtmışdı. Adi günlərdən bir gecə idi. Şəfəq ana həmişəki yerində səliqəli oturub, kitab oxumaqdaydı. Yanar anasına yaxınlaşıb, həlim səslə dedi:

– Ana, bu qədər kitab oxuyursan, bəlkə bir kitab da özün yazasan?
Şəfəq kitabdan gözünü çəkib eynəyinin üstündən əvvəlcə oğlunu mənalı süzdü sonra qaibanə səs tonunda: mədən cavab verərdi:
– Ananın oğlu, hər oxuyan yazıçı olmur axı. Həm də ki, mən həyatı oxumağı daha çox sevirəm, nəyinki yazmağı...
– Bəs yazıçı olmaq üçün nə etməlisən?
Anası bu dəfə kitabı bağlayıb eynəyini gözündən ehmalca çıxartdı. Səliqəylə qatlayıb yana qoydu. Bir qədər səssiz qalıb, bir nöqtəyə zilləndi. Qısa sonra oğluna baxıb gülümsədi. Qollarını bacardıqca yanlara açıldıqca açıb, Yanarı isti qoynuna sıxdı.
– Ananın ağıllı oğlu, yazıçılar oxuduqlarını yox, unutmaq istədiklərini yazırlar. Yazıçılar seçilmişlərdir. Onların hələ ana bətnində olarkən fitrətlərində yazmaq, həyatı bədiiləşdirmək, poetik düşünmə qabiliyyəti artıq formalaşmış olur.

“Yazıçılar oxuduqlarını yox, unutmaq istədiklərini yazır”- bu cümlənin mənasını Yanar illər sonra anlayacaqdı. Həmin gecə isə yalnız susub, anasının danışdıqca havada yellənən incə barmaqlarına baxmaqla kifayətlənmişdir. Aylar bir-birilərini qovub, illər ötəcəydi. Yanar özü yazıçı olacaydı və o zaman anasının həmin cümləsi onun bütün yaradıcılıq yolunun açarı olacaydı...

Yanarın böyük qardaşı Amar isə tamam başqa adam idi. Onun həyat haqqında anlayışı tam fərqli idi. Balaca qardaşından fərqli olaraq o saatlarla səssiz qalıb, həyat haqqında uzun-uzun düşünməzdi. Yanar həyatın içində gizlənən mənanı axtardığı halda, Amar həyatı üzdən keçib, “beş günlük” dünyanı beynini yormadan yaşamaq istəyirdi.
– Qardaşım, dünya haqqında çox düşünmək adamı aciz edir.
Yanar qaşlarını çatıb dərhal cavab verirdi:
– Xeyir, qardaşım, dünya haqqında heç düşünməyən adam acizdir.
Amar qardaşının ağzı köpüklənə-köpüklənə danışığına, qıpqırmızı qızarmış sifətinə baxıb gülürdü.
– Yanarcan, sən bir gün yalnız fikirlərindən ibarət adama çevriləcəksən ey, xəbərin var?
– Nə bilirsən, bəlkə də insan elə fikirlərindən ibarətdir.
– Bəs bədəni?
Yanar balaca əlləriylə alnını ovuşdurub qardaşının sualına yaşından böyük düşüncə tərzində cavab verirdi.
– Bədən fikirlərin daşıdığı müvəqqəti qabdır.
– Bura bax, sən deyəsən filosof olmusan bizim xəbərimiz yoxdur ey vallah!
Amar balaca qardaşının həqiqətən filosof olmasına inanmış kimi gözlərini bərəldib ona diqqətlə baxdı.
– Mən filosof deyiləm, Amar. Sadəcə həyatdan qorxduğum üçün onu izah etməyə çalışıram.
Yanar bu dəfə balaca barmaqları ilə ağzını, üz-gözünü ovuşdurmağa başlayardı. Amar da susub bir müddət qardaşının üzünə marıtdardı və qısa sükutdan sonra balaca filosofu cırnatmaq üçün əlavə suallar hazırlayardı.
– Dediklərini yüz ölçüb, bir biçsəm də ortaq məxrəcə gələ bilmirəm ey...
İki qardaş arasında gedən yarı poetik, yarı fəlsəfi dialoqdan ortaq məxrəcə gələ bilməyən Amarın qənaətinə balaca qardaş yüngülcə başını yelləyib, gülümsəyərdi…

Payız estafeti qışa verdiyi üçün son günlərini yaman çılğın keçirirdi. Dəcəl keçi kimi burdan-ora, ordan-bura elə hoppanıb düşürdü ki, küləyin gücündən göydən yerə şığıyan yağışın damlaları qırma kimi adamın az qala gözünü oyub tökürdü. Təbiətin bu amansız mənzərəsi o günü Şəfəq ananı xəstəxanada xeyli ləngitmişdi. Ana ürəyi, övlad dərdi… Yanarın anadangəlmə ürək qüsuru - septal defekt - var idi. Şəfəq illərdi balaca oğlunun bu dərdi ilə qol-boyun yaşayırdı. Fürsət yaranan kimi ilk olaraq əməliyyata yazacaydılar. O günü – Noyabrın küləyin yağışla yarışdığı cümə axşamı Şəfəq rəhmətlik uşaqların atasilə uzun illərin dostu olan ürək-damar cərrahı, doktor Fərmanlı ilə görüşüb, qismət olsa cümə gününə balaca oğlunun əməliyyatı üçün lazımı tədbirlərin görülməsindən danışmışdılar. Amar vaxtından tez qaralan havanı uşaqlıqdan sevməzdi. Gözləri pəncərədən asılmışdı. Tez-tez divardan asılan köhnə saata baxır, ayaqlarından daş asılmış əqrəblərin ağına-qarasına əməllicə bənzətmələr deyirdi.

– Qaqaş, səbrli ol, ana indilərdə gələr.

Amarınsa səbri kasadan dolub elə daşmışdı ki, indi heç bir təsəlliverici söz ona zərrə qədər təsir etmirdi. Hadisənin ən maraqlı tərəfi də bu idi ki, qardaşlar anaları ilə telefonla əlaqə saxlaya bilmirdilər. Bu tərsliyə səbəb isə telefon şarjının bitməsiydi. Təsadüfə bax ey... Səbri tükənən ailənin böyük oğlu üz tutmuşdu birbaşa mərkəzi xəstəxananın yoluna. Beləcə o günü ailənin kiçik oğlunun anasının və qardaşının yolunu dörd gözlə gözləməkdən savayı şansı qalmamışdı. Hardan bilərdi ki gün gələcək gənc yazıçı Yanar Soylunun cümlələri ikiyə bölünəcəydi: Faciədən əvvəl olan cümlələr və faciədən sonra yaranan cümlələr. İndi evdə sükutu bir tək bayırda at oynadan boz küləyin vıyıltısı ilə şıdırığı yağışın səsi pozurdu. Çox keçmədi ki, bu sükutu daha bir səs də pozdu. Telefon zəngi. Yanar cəld telefonun ekranına baxdı və gələn zəngin kim tərəfindən olduğunu ayırd edə bilmədi. Tanımadığı bir nömrədən gələn zəngi açdı və titrək səslə - Allo – dedi. Telefonun o biri başından qalın xırıltılı bir kişi səsi eşidildi.

– Salam, siz Şəfəq və Amar Soylunun nəyi olursuz?
–Şəfəq Soylu anamdır, Amar Soylu isə qardaşım!
Yanarın səsi elə titrədi ki, kəkələyərək cavab verdi.
– Sizin ananız və qardaşınız avtomobil qəzası keçirib. Zəhmət olmasa mərkəzi xəstəxanaya yaxınlaşın.

Bəzən həyatın ən böyük faciələri çox sadə cümlələrlə xəbər verilir. Bəzən də insanın həyatını dəyişdirmək üçün bir cümlənin tamamlanmasına ehtiyac olmur.

... İki ölüm. Eyni gecə. Bir ailənin içində iki boşluq. Çiyinlərdə iki tabut. İnsanlar ağlayır, dəfndə iştirak edənlər universitetin filologiya fakültəsini yenicə bitirmiş gənc Yanara təsəlli verir. Qurulan iki çadır. Oxunan dualar. Ölümün üçü, yeddisi, qırxı və ili... İndi iki qoşa məzardan boylanan gözlər hərəkətsiz, çöhrələr soyuq, səssiz-səmirsiz Yanara baxırdı. Həyat isə davam edirdi: Yenə də maşınlar küçələrdə hərəkət edir, uşaqlar şən əhval-ruhiyyədə məktəblərə gedir, müəllimlər sinif otaqlarına, həkimlər pasiyentləriylə görüşə tələsir, kimisi aşiq olduğu sevgilisiylə parkda qol-qola gəzir, kimisi neçə illik ailə həyatını sonlandırıb boşanır, kimisi əsgər gedir, kimisi tələbə adını qazanır, kimisi özünə doğum günü keçirir, kimisi yeni ailə evinə girir, kimisi qonaq olduğu dünya ilə vidalaşır, kimisi də yenicə dünyaya qədəm basırdı. Yanar ilk dəfə onda başa düşdü ki, insanın faciəsi dünya üçün hadisə deyilmiş. Dünya üçün faciə sadəcə bir insanın içində baş vermiş gecikmiş andır. Artıq Yanarın dünyasında iki insan yox idi. İki insanın yoxluğu isə bir evin ölçüsünü birdən-birə dəyişmişdi. Divarlar böyümüş, dəhliz uzanmış, otaqlar boşalmış, sükut isə əvvəlkindən daha çox yer tutmuşdur. Baxmayaraq ki, bu boşluğu az da olsa uşaqlıq dostu, indisə həmkarı olmuş Zərif hər gün doldurmağa çalışırdı. Həyatın pozulmayan bir qanunu var. Ölüm. Bir gün hamımız ölümü dadacayıq! Hamımız... İndi Yanarın iki təsəllisi var idi. Anasıyla qardaşının məzarı və içindəkilərini boşaltmaq üçün qələm və ağ kağızlar... Yanar günlərini anasının şəxsi kitabxanasında keçirirdi. Demək olar rəflərdəki kitabların doxsan faizini oxumuşdu. Və bilirdi ki, bir çox tanınmış ədiblərin bestsellərə çevrilmiş əsərləri onların amansız, gözlənilməz süprizlərlə dolu olan, faciəvi və dramatik həyat hekayələri sayəsində əbədiləşmişdir. Yanar da bu amansız həyatın gözlənilməz süprizlərindən yan keçməmişdi. O, yazmalıdır. Qələmi baş barmağı ilə şəhadət barmağı arasında bərk-bərk sıxıb, ağ vərəqə ilk cümləsini yazdı. “Təqvimdəki o gün...” Sonra uzun müddət həmin cümləyə baxdı. Vərəqi cırdı.

İkinci cəhdi etdi: “O gecə canımdan iki can ayrıldı” Bu dəfə də vərəqi cırdı. Üçüncü dəfə yazdı: “İnsan bəzən ölüm xəbərini eşitdiyi anda yox, ömrünün hansısa adi gününün birində itirdiyi yaxınlarının artıq heç vaxt qapını açmayacağını başa düşdüyü anda yetim qalır.” Yanar bu dəfə yazdığını cırıb atmasa da, cümləsinin bədii gücünün zəif olduğunu su kimi aydın bilirdi. Çünki “itirmək” sözü çox sadə idi. İnsan itirilən əşya deyil ki, onu kimsə götürsün, heç kəsin tapa bilməyəcəyi yerdə gizlətsin. Gənc yazıçı bilirdi ki, ölüm “itirmək” deyil. Sadəcə “yer dəyişməkdir” Yanar beləcə hər gün gecə tən yarı olanda yazmağa davam edirdi. Amma son vaxtlar beynində başlayan kəskin ağrılar, dəhşətli sancılar onun yazmağına mane olurdu. Təzə-təzə bu halın yalnız yorğunluqdan, yuxusuzluqdan olduğunu düşünsə də günlər keçdikcə şiddətlənən beyin ağrıları bambaşqa bir nəsnənin fəsadı olduğunu qətiləşdirdi. Bir gecə bu ağrılar daha da amansız oldu. Yanar elə hiss etdi ki, bu dəqiqə beyni əriyib burnundan önünə - kağızların üzərinə töküləcək. Qələmi əsəblə vərəqdən ayırıb, yana fırlatdı. Yazı masasından qalxıb, mətbəxə keçdi. Bir stəkan soyuq su içdikdən sonra otağın pəncərəsini açdı. Bir qədər mürgülü aya, tək-tük sayrışan ulduzlara tamaşa etdikdən sonra yatağına uzandı. Hələ də ağrı azalmamışdı. Sanki beyninin içində görünməyən biri dəmirçi çəkiclə dəmiri döyəcləyirdi. Artıq üfüqdə birinci fəcr görünürdü. Necə oldusa ağ atlı yuxu amansız ağrıya qalib gəldi. Həmin gecəni Zərif onun çarpayısının baş ucunda diri gözlə açmışdı..

Yanar Soylu ilk romanını yazırdı. Hər dəfə də yeni səhifəni yazdıqca qəribə hadisələr baş verirdi. O, əvvəlcə hər şeyi olduğu kimi yazmaq istəyirdi: Anasının ürəyi qüsurlu bir övladının dərd yükünü necə çəkdiyini, o gecə xəstəxananın çıxış qapısından həmin fikirlərlə qol-boyun olub çıxmağını, hələ yolu qarşı tərəfə keçməmiş böyük oğlu Amarla rastlaşmağını, indi hər ikisinin də Yanarın cümə günü baş tutacağı əməliyyatının riskli olduğunu fikir edərək yolu qarşı tərəfə hansı psixoloji halla keçmələrini, elə bu məqamda əks istiqamətdən gələn, sürət həddini aşmış “Toyota” markalı maşının anasıyla qardaşını vurmasını... Yanar bütün bu olayları xəstəxananın cərrahı Fərmanlı ilə hadisə baş verəndən bir saat sonra adı qeyd olunmayan nömrədən zəng gələn polis nəfərinin bir-biriləriylə danışıqları zaman eşitmişdi. Həkimlə polisin də hadisənin təfərrüatının belə ardıcıllıqla nəql etmələri magistral yolun kənarında quraşdırılan müşahidə kameralarının səsli görüntüləri və hadisə zamanı ağılasığmaz faciəyə şahid olan şəhər sakinlərinin fərziyyələri sayəsində olmuşdur. Yanarı ən çox məyus edən faktın biri də anası ilə qardaşının o gecə fikirdən dumanlanan gözlərinin piyada keçidini görməməsi idi. Bir müddət sonra hadisələrin özündən çox, hadisələrin yaddaşda necə dəyişdiyini yazmağa başladı. Romanın qəhrəmanının adı N idi. Anasının adı H, qardaşının adı isə B... Yanarın romanda öz qəhrəmanlarına verdiyi bir hərfdən ibarət adlar Dostoyevskinin dentiklik, şəxsiyyətin parçalanması, anonimlik və universallaşdırma prinsiplərinə əsaslanan bədii-poetik üsullarından qaynaqlanırdı ki, bu da Yanar Soylunun F.Dostoyevski yaradıcılığını dərindən mənimsəməsi və bədii yazı üslubunu sevməsiydi. Lakin uşaqlıqları bir yerdə keçən, eyni məktəbdə, eyni sinifdə, hətta eyni universitetdə oxuyan, Soylu ailəsinin faciəvi itkisində bir an belə Yanarı tək qoymayan, qələmdaşı Zərifin romandakı qəhrəmanların bu formada adlandırılmasına etiraz etdi.

– Əzizim, sən öz həyatını birbaşa yazmaqdan niyə çəkinirsən?
Yanar əvvəlcə güzgü önündə bir qədər hərəkətsiz qalıb, özünə baxdı, sonra yazı masasına yaxınlaşıb, səliqəli formada qalaqlanmış kağızlardan birini əlinə alıb, uca səslə oxudu.
– “ N anası və qardaşı B-nin öldüyü günü xatırlamırdı. O, canından ayrılan canlarının öldüyü gündən sonrakı ilk səhəri xatırlayırdı. Çünki ölümün özü qısa idi, ölümdən sonrakı həyat isə, sonsuz...”

Zərif qollarını qoynunda çarpazlayıb dedi.
– Sən sanki adları dəyişməklə ağrının da dəyişəcəyinə inanırsan!
Yanar həmkarının sözünə əhəmiyyət verməyərək, bir başqa vərəqi masadan götürərək oxumağa davam etdi.
– “Ölənlər bir dəfə ölürlər. Sağ qalanlar isə ölənləri hər dəfə xatırlayanda onları yenidən dəfn edirlər.”

Zərif bir müddət susduqdan sonra.
– Sən hadisələri yazmırsan.
– Bəs nə edirəm?
– Hadisələrin içindən özünü çıxarmağa çalışırsan.
Yanar qaşlarını çataraq.
– Fərqi nədir?
– Böyük fərqi var. Sən roman yazmaq istəmirsən, Yanar! Sən özünü xilas etmək istəyirsən! Sanki dərmanı tapılmayan bir xəstəlikdən xilas olmaq istəyirsən!
Yanar təmkinli görkəm aldı. Boynunu ovuşduraraq davam etdi.
– Zərif, yazıçı ilə xəstə arasındakı fərq nədir, bilirsən?
– Nədir?
– Xəstə ağrısından qurtulmaq istəyir. Yazıçı isə ağrısının mənasını tapmağa çalışır.
Bu dəfə Zərif yarıəsəbi qaşlarını çatdı.
– Bəs mənanın özü ağrı verirsə?
Yanar əllərini gicgahına qoydu. Gözlərini qırışdırıb, ordlarını şişirdi. Başındakı ağrılar anidən oyanmışdı. Zərif cəld onun qoluna girib, çarpayıya sarı sürüdü. Yanar qırıq-qırıq səslərlə sözünə davam edirdi.
– Amma beyin unutmaqla kifayətlənmir. Unutduğunu başqa formada geri gətirir.
Zərifin indi bütün diqqəti həmkarını yıxmadan sağ-salamat çarpayıya uzandırmaqda idi. Eyni zamanda da həmkarına tövsiyyə verirdi.
– Yanar, əzizim, bəlkə romanın sonunda onları xilas edəsən?
Yanar çətinliklə də olsa çarpayıya özünü çatdırdı. Zərifin dəstəyilə uzanıb, başını qolları arasına aldı. Qısa bir ara ortaya sükut çökdü. Anidən sükutu Yanarın qalınlaşmış səsi pozdu.
– Ədəbiyyat ölüləri xilas etmir, onlara ikinci həyat verir!
Yanarın səsi getdikcə zəiflədi. Gözlərini yumub, fısıldamağa başladı. Zərif isə çarpayının ayaq ucunda əyləşib diqqətlə gənc yazıçının ağır-ağır qalxıb-enən sinəsinə baxdı və dodaqarası mızıldandı.
– Bildiyim bir şey var. Sən hələ də öz faciəndən bədii məsafə yarada bilməmisən.
Yanar mürgüləmişdi. Ona görə də həmkarının bu etirazına cavab verə bilmədi.

Roman irəlilədikcə sosial durum ağırlaşırdı. Zərifin iki həftə dil tökməyindən sonra Yanar romanını kitab halında nəşr etdirmədən öncə əsərin hissə-hissə qəzetdə dərc olunmasına razılaşdı. Bu razılıq hardasa onun maddi durumunu stabilləşdirəcəydi. Qəzet redaktoru romanla tanış olmaq üçün müəllifdən bir neçə günlük möhlət istədi. İki həftədən sonra görüşdülər. Redaktor sözləri nala, mıxa vura-vura dedi.
– Hörmətli Yanar Soylu! Etiraf edim ki, güclü materialdır, amma çox ağırdır.
– Həyatın özü də ağırdır, dəyərli redaktor!
Redaktor dişlərini ağardaraq.
– Amma həyatı satmaq olmur.
Yanar gülümsədi.
– Bəlkə də problem budur. İnsanlar həqiqəti oxumaq istəyirlər, amma həqiqətin öz qiyməti o qədər yüksəkdir ki, onu almaq istəmirlər.
Redaktorun sarı sifəti qıpqırmızı oldu. Qısa pauzadan sonra dodaqlarını şappıldadaraq dedi.
– Daha ümidli sonluq yaza bilərsiniz?!
Yanar bir müddət susaraq redaktora diqqətlə baxdı. Sonra bir kəlmə belə danışmadan içi A4 kağızları ilə dolu qovluğu qoltuğuna vurub, otağı tərk etdi. Redaktor onun bu jestinə verəcəyi cavabdan acizlik çəkdi və susaraq yumuşaq kreslosuna yapışaraq qaldı.

…Həmin gecə Yanarın heç həvəsi yox idi yazmağa. İçində baş qaldırmış tufanı sakitləşdirməyə çalışırdı. Əsəbləri dördnala Morun Utopiyasında elə çapırdı ki, tükənmiş səbrinin cilovunu heç cürə əlində saxlaya bilmirdi. Anidən fikirləri dolaşdı. Tələsik yazı masasının arxasına keçib, stulu altında sabitlədi. Qələmi barmaqları arasında sıxıb yazmağa qərar verdi. Çox qəribə idi. Öz qəhrəmanı N-i öldürdü. Bəlkə də Yanar, özündən qurtulmaq üçün qəhrəmanını öldürürdü. Yazdı: “ N yatağın kənarında oturdu. O, ilk dəfə başa düşdü ki, insanın ən böyük düşməni xatirə deyil, xatirəni unutmağa mane olandır. N, gözlərini yumdu və...” Baş ağrıları getdikcə şiddətlənirdi. Bu dəfə Yanara elə gəldi ki, beyni əriyib burnundan yox ağzından masanın üstünə töküləcək. Barmaqları ilə alnını, boynunun ardını, boğazını ovuşdurmağa başladı. Qəzəblə az əvvəl yazdığı cümləni – qəhrəmanının ölüm fərmanını qələmlə qaralamağa başladı. Bununla da ürəyi sakitləşməyib önündəki kağızı cırıb, evin küncünə tolazladı. İndi Yanar fikrini dəyişmişdi. Hətta elə həvəslə qarşısına qoyduğu yeni ağ vərəqə baxırdı ki, görən deyərdi ki, o fikrində yeni inqilab edib. Yeni səhifədən, abzasdan yazmağa davam etdi. Bu dəfə N-i öldürmədi. Yazdı: “ N ölümün meydan döyüşünə təslim olmadı. O, ölümlə üz-üzə mərdanə döyüşdü və qalib oldu. Yaşamağa qərar verdi. Çünki ölülərin ən böyük arzusu unudulmamaq yox, geridə qalanların yaşamağa davam etməsi idi…” İndi gənc yazıçı romanın kulminasiya nöqtəsinə gəlib çatmışdı. Necə yazacaydı? Anasi ilə qardaşının faciəvi ölümünü, morqda qardaşının paltarlarını təhvil alarkən cibindən çıxan bir nəfərlik qatar biletini, pəncərə önündə nisgilli duran anasının kitab oxumaq üçün oturduğu köhnə kreslonun üstündəki eynəyini… Bunlar onun yaddaşında təsadüfi əşyalar kimi yox, canlı şahidlər kimi dayanmışdı. O, romanın finalına çatacağından da qorxurdu. Çünki son səhifədə artıq qaça biləcəyi heç bir yer qalmayacaydı. Həftələr elə sürətlə ötürdü ki, Yanara elə gəlmişdi səhəri açılmayan uzun bir gecənin içində hələ yenicə yazmağa başladığı romanına proloq yazır. Realda isə altı ay öncə başladığı romanının artıq son-final mərhələsinə çatmışdı. Romanın son fəsli “Ev” adlanırdı. Həmin gecə şəhərin üzərinə sıx duman çökmüşdü. Yanarın tez-tez baş ağrılarının olmasına, beyndaxili sıxılmalar və şiddətli sancıların uzun müddətli davam etməsinə qələmdaşı Zərifi çox narahat etmişdi. Zərif bu əlamətləri xoş qarşılamır, həmkarının təcili həkim müayinəsinə ehtiyacı olduğunu düşünürdü.

– Yanar, əzizim, mütləq həkimə getməlisən. Sənin gözlərinin içi qan tuluğuna dönüb, əllərin də əsir…

Yanar romanın son fəslini çətinliklə də olsa yazmağa davam edirdi. Gözlərini kağızlardan çəkmədən xırıltılı səslə cavab verdi:
– Həmkar, bax bu cür sözlərin mənim yaradıcılığıma qanunsuz sərhədlər çəkir! Görürsən ki, kitab yazıram.
– Kitab yazmaq belə olmamalıdır, əzizim, başa düş!

Zərif Yanarın düz gözlərinin içinə baxdı. İndi onların üzləri bir-birinə o qədər yaxın məsafədə idi ki, Yanar bir qədər də boğazını irəli uzatsaydı burnu Zərifin burnu ilə toqquşacaydı. O, gülümsədi.

Barmaqlarının arasında dərisinə yapışmış qələmi masaya qoyub, nazik uzun barmaqlarını bir-birinə daraq edib şaqqıltdatdı.
– Bəzən kitab yazmaq doğuş kimidir. Onun da sancıları şiddətli olur. Fəqət bu sancılar başın içində-beyində baş verir…

Sonra masanın bir küncünə qalaqlanmış kağızların üzərinə zərif toxunuşla barmaqlarını sürtərək xırıltılı səslə sözünə davam etdi.
– Yazdığım romanın düşüncələrimə, ruhuma və beynimə bu qədər əzab verməsi isə, bu kitabı düşüncələrimlə yox, yaralarımla yazmağımdır!

O gecə çox uzanmışdı. Elə bil ay günəşlə sövdələşmişdi. Günəş daha bir ilini aya bağışlayıb, üfüqlərdə qərq olmuşdu. Zərif söhbəti dəyişmək məqsədilə masanın kənarındakı qalaqlanmış kağızları əlinə götürüb qarışdırmağa başladı.

– Demək olar ki, kitabın hazırdır. Roman bitir hələ də ad fikirləşməmisən? Yanar uzun sürən sükut içində gözlərini bir nöqtəyə zilləyib hərəkətsiz qaldı. Bütün vücudu donmuş halda yalnız bir kəlmə dodaqlarının arasından çıxdı.
– Xeyir.

O gecə gənc yazarlar üçün qaranlığın aydınlaşmayacağı göy üzü yeni sabaha gümrah oyanmışdı. Günəş ənginliklərdə elə bərq vururdu ki, sanki Avqustun qora bişirən səhəri idi. Ətraf - aləm sarı rəngə boyanmışdı. Bu möcüzə təbiətin insanlara yaz fəslinin son günlərində sərgilədiyi misilsiz görüntü idi. Çünki çiçəklər tozlanma prosesini yerinə yetirirdi. Ötən gecə ittihamedici sözlərilə həmkarının könlünə toxunan Zərif, indi iti addımlarla Yanargilə tələsirdi. Qapını döymək istəyirdi ki, əli havada qaldı. Qapı açıq idi. Zərif cəld içəri keçdi. Birbaş Yanarın iş otağına üz tutdu. Otağın qapısı da tam örtülməmişdi, yarıdan bir qədər az aralı qalmışdı. Zərif ehtiyatla qapını aralayıb boğazını irəli uzatdı. Yanar yazı masasının arxasında başını qalaqlanmış kağızların üzərinə elə qoymuşdur ki, kənardan sanki başını yumuşaq yastığa qoyub mışıl-mışıl yatmış kimi görünürdü. Zərif barmaqlarının ucunda masaya yaxınlaşıb, asta səslə.

– Əzizim, mən gəldim.

Zərif əlini yenicə Yanarın masanın üstünə uzanmış əlinə toxundurmuşdur ki, diksinib geri atıldı. Əlini ağzına sıxıb, yerindəcə dondu… Birdən qorxulu yuxu görən insanın çabalayıb yatağından dik atılaraq oyanması kimi Zərif gözlərini yumub başını sirkələdi. Titrəyən əllərilə Yanarın başını masadan qaldırıb sinəsinə sıxdı. Gənc yazıçının cansız bədəni Zərifin qolları arasında idi. İndi Zərifin gözləri Yanarın tamamladığı romanın sonuncu səhifədəki iri hərflərlə yazdığı son cümləyə baxırdı.

“NƏHAYƏT BEYNİM SANCILARDAN AZAD OLDU…”

Yanar Soylunun ölümündən altı ay sonra qələmdaşı Zərif Gün romanı çap etdirməyə nail olur. Romanı oxuyan oxucular arasında bir-birindən fərqli düşüncələr, dedi-qodular günbəgün sürətlə yayılmağa başlayır. Kimisi bunu travma romanı adlandırırdı, kimisi yaddaş haqqında fəlsəfi əsər, kimisi ailə faciəsinin psixoloji anatomiyası, kimisi də sadəcə yazıçının öz həyatının etirafı…Əsl həqiqəti isə Zərif bilirdi. Kitabın təqdimatına tanınmış qələm sahibləri, dramaturqlar, elm adamları, xeyli sayda oxucular gəlmişdi. Zərif qalın cildli kitab əlində tribunaya qalxdı. Qəhərdən quruyan boğazını arıtlayıb, çıxışa başladı.
– Hörmətli həmkarlar, dəyərli dostlar və əziz oxucular! Bu gün əlimdə gördüyünüz bu qalın cildli kitabın taleyi, mənə elə gəlir ki, onun səhifələrindən də ağırdır. Bu kitab gənc bir yazıçının uzun aylara, bəlkə də illərə sığmayan ağrılarının, susqunluqlarının, gecələrini gündüzlərə calayan düşüncələrinin bəhrəsidir. Bu kitabı yazan dostumuz, həmkarımız Yanar Soylu isə öz romanına ad verməyə macal tapmadan ruhunu göylərə əmanət etdi. Bu gün biz onun ilk və son kitabının təqdimatına toplaşmışıq. Bəlkə də indi sizə qəribə gələcək: qarşınızdakı kitabın adını müəllif özü qoymayıb. “Beynin doğum sancıları” adını mən yazmışam. Amma bu adı mən uydurmamışam. Mən onu Yanarın yazdığı son cümlədən götürmüşəm. Əslində, o, romanının adını ölümündən əvvəl özü yazıbmış... Sadəcə həmin adı son səhifənin ən dərin yerində gizlədib. İndi bilirəm mənə təəccüblə baxırsınız. Daxilinizdə bir sual dolaşır: “Əsərin mövzusu ailə faciəsindən bəhs etdiyi halda, niyə romanın adı “Beynin doğum sancıları”dır?!” Əminəm ki, bir çoxunuz kitabın son səhifəsinə çatanda, orada iri hərflərlə yazılmış son cümləni oxuyarkən bir anlıq dayanmısınız. Bəlkə kitabı bağlamısınız, amma əliniz onu kənara qoymağa tələsməyib. Bəlkə bir neçə saniyə, bəlkə bir neçə dəqiqə səssiz qalıb həmin cümlə ilə bütün romanın arasında görünməyən bir bağı axtarmısınız. O bağ əslində elə həmin cümlənin içindədir. “Beynin doğum sancıları” yalnız yazıçının çəkdiyi cismani ağrının adı deyil. Bu, ruhi əzabın, yaddaşın ağırlığının, illərlə insanın daxilində susaraq böyüyən bir həqiqətin dünyaya gəlməzdən əvvəl keçirdiyi ağrının adıdır. Yanar hələ üç yaşında ikən ata himayəsindən məhrum olmuşdu. İki qardaş ömrünü məktəb kitabxanasına həsr edən bir ananın himayəsində böyümüşdülər. Sonra taleyin amansız əli onların qapısını bir daha döydü. Anasının və böyük qardaşının faciəvi ölümü Yanara elə bir psixoloji sarsıntı yaşatdı ki, həmin faciə onun yaddaşından heç vaxt silinmədi. Əksinə, illər keçdikcə o hadisə Yanarın daxilində daha da böyüdü. Mən həmin ailə faciəsinin canlı şahidi olmuşam. Yanarın həyatını qələmə alarkən onun avtobioqrafiyasına bu ağrılı həqiqətləri bilərəkdən daxil etmədim. Çünki Yanar bunu istəmirdi. O, heç kimin Soylu ailəsinin gözlənilməz faciəsinin həqiqi tarixçəsini bilməsini arzulamırdı. Bəzi yaralar var ki, insan onları danışmağa yox, yaşamağa məhkum olur. Lakin insanın gizlətdiyi həqiqət bir gün sözə çevrilmək istəyir. Bunu romanı oxuyarkən siz də hiss edirsiniz. Müəllif qəhrəmanlarına N, H və B kimi adlar verib. Sanki onların əsl adlarını da özü ilə birlikdə qaranlıqda saxlayıb. Sanki adları gizlətməklə faciənin özünü də gizlətməyə çalışıb. Onun ürəyi hər gün, hər gecə bir cümləni təkrar edirdi: “Mütləq yazmalısan...” Amma beyni həmin həqiqətin ağırlığını qəbul etməkdə çətinlik çəkirdi. Ürək yazmaq istəsə də yaddaş susurdu, vicdan danışmağa məcbur edirdi. Ağıl isə bu ağrını daşımağa müqavimət göstərirdi. Bəzən insan bir fikri dünyaya gətirmək üçün özündən bir parça verməli olur. Bəzən isə dünyaya gətirilən fikir o qədər ağır olur ki, onu doğuran beyin bu ağrıya tab gətirmir... Yanar Soylu da öz həqiqətini dünyaya gətirdi… İndi salona ağır bir sükut çökmüşdü. Sanki heç kim nəfəs almağa belə tələsmirdi. Təqdimata gələnlərin hamısı təəccüb və kədər qarışıq baxışlarını Zərifə dikmiş, onun sözlərinin ardınca gələn səssizliyi dinləyirdilər. Bu dəfə heç kim əlindəki kitaba baxmırdı. Çünki artıq hamı anlayırdı: qarşılarındakı kitab sadəcə bir roman deyildi.

…Və beləliklə, Yanarın ölümü ilə romanının həyatı başladı. Bəlkə də romanın taleyində gizlənən ən böyük paradoks bu idi: Müəllif həyatını sözə çevirmişdi, özü isə sözdən əvvəl susmuşdur…

# 108 dəfə oxunub

Oxşar xəbərlər

"Heç kim bizə özünü sevməyi öyrətmədi..." - Çex yazıçıdan sitatlar

"Heç kim bizə özünü sevməyi öyrətmədi..." - Çex yazıçıdan sitatlar

15:00 16 sentyabr 2026
"Həyat özü çox təsirli bir terapevtdir..." -  Tanınmış  amerikalı psixoanalitikdən sitatlar

"Həyat özü çox təsirli bir terapevtdir..." - Tanınmış amerikalı psixoanalitikdən sitatlar

10:00 16 sentyabr 2026
Bir dəstə qızılgül - Yeni hekayə

Bir dəstə qızılgül - Yeni hekayə

16:15 15 sentyabr 2026
"Sevgi imtiyazlı bir qavrayışdır..." - Argentinalı yazıçıdan sitatlar

"Sevgi imtiyazlı bir qavrayışdır..." - Argentinalı yazıçıdan sitatlar

15:00 15 sentyabr 2026
"Tale bizə istədiyimizi özümüzü alçaltdıqdan sonra verəcək..." - İvan Qonçarov

"Tale bizə istədiyimizi özümüzü alçaltdıqdan sonra verəcək..." - İvan Qonçarov

12:00 15 sentyabr 2026
Balaca pişik - Furqan Əliyevin hekayəsi

Balaca pişik - Furqan Əliyevin hekayəsi

16:00 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər