“Ağıçılar” kəndi – Aydan Dəniz

Aydan Dəniz

Aydan Dəniz

17 dekabr 2021
# 12:19

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aydan Dənizin “Ağıçılar kəndi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Bu hekayəni hər axşamüstü özünün diliylə desək, “müharibədən qayıtmayan qardaş”ını anaraq bayatı çağıran nənəmin, onun II Dünya müharibəsində həlak olmuş qardaşının və bütün şəhidlərin ruhuna ithaf edirəm.

- Axır ki, gəlib çıxdıq. Avtobus yolda xarab olmasaydı, çoxdan gəlimişdik evə.

- Hə, nəhayət. Çox yoruldum, isti də bir tərəfdən məni birtəhər elədi.

- Elə mən də. Bu gün yataq dincələk, sabah tezdən işimizə başlayıb tez bitirək. Bu dəfə vaxtımız azdır. Gərək bir gün sonra Bakıya qayıdaq ki, özümüzü konfransa çatdıraq.

Gənc tədqiqatçı-tələbə bunu deyib çamadanını icra nümayəndəsinin tanışlığı ilə tapıb gəldikləri evin ortasına qoydu. Onların ikisi də tələbə idi və folklorşünaslıq fənnindən yay tapşırığına əsasən Bakıya yaxın olan rayonları, kəndləri gəzərək şifahi xalq ədəbiyyatı nümunələrini toplamaqla məşğul idilər. Əslində bir neçə saat öncə gələ bilərdilər. Yolda avtobusun xarab olmağı, icra nümayəndəsi və kəndin bələdiyyə sədri ilə tanışlıq, söhbət bir neçə saat çəkdiyindən xeyli vaxt itirmişdilər.

Sabir asta-asta öz əşyalarını yerbəyer edirdi ki, ağlına gələn fikirdən qəfil dayanıb soruşdu:

- Görəsən, icra nümayəndəsi bizi niyə məhz bu kəndə göndərdi? Adı da birtəhərdir; “Ağıçılar” kəndi. Adamın ürəyinə pis fikirlər salır.

- Mənə də maraqlıdır. Sədrin dediyinə görə, kəndin əsl adı başqadır, sonradan el arasında “Ağıçılar” adı yayılıb. Eşitmədin, sürücü də dedi ki, rayon ərazisində daha çox bu kəndin qadınları bayatı, ağı bilirlər. O da yəqin düşünüb ki, buradakı qadınların bizə daha çox köməyi dəyər.

- Görəsən, nağıl, dastan, lətifə də bilirlərmi? Nə qədər çox nümunə toplasaq, o qədər xeyrimizədir.

- Onu sabah biləcəyik, əzizim. İndi dincələk, sabah bələdiyyə sədri özü bizi qadınların hüzuruna aparacaq, xahişinizi orada bildirərsiniz. – deyə Kamran dostuna yarızarafat-yarıciddi cavab verdi.

Gələrkən axşamtərəfi kafedə düşüb yemək yediklərindən yerləşəndən sonra dərhal hazır salınmış yatağa uzandılar. Çox yorğun olduqlarından dərhal yuxuya getdilər.

***

Günəşin şüaları ağacların yaşıl yarpaqları arasından süzülüb pəncərədən oğrun-oğrun keçərək kəndin qonaqlarının üz-gözünü oxşamağa başladı. Ancaq, deyəsən, başqa şəhərdən gələn oğlanlar bu “nəvaziş”dən heç də xoşhal olmadılar. Üz-gözlərini əyib tənbəl-tənbəl gərnəşdilər.

Kamran qol saatını çarpayının yanındakı tumbanın üstündən götürdü, gözünün önünə tutub həyəcanla dedi:

- Saatdan xəbərin var? Saat doqquzu keçib, bir azdan sədr gələcək, biz isə hələ səhər yeməyi yeməmişik.

Bunu deyib tez yerindən atıldı, hazırlıqlara başlamaq üçün yoldaşının da qolundan dartıb yataqdan çıxartdı.

Eyvanın baş tərəfində yerləşən yarımtikili mətbəxdə yolda gələrkən aldıqları pendir-çörəyi tələm-tələsik yedilər. Səhər yeməyini yeyib qurtarandan sonra bir-iki xırda-para işləri qaydasına qoyub bələdiyyə sədrini gözləməklə məşğul oldular. Lakin sədr gəlmədi.

Günortaya qədər evin içində var-gəl edən dostlar həm gözləməkdən, həm də işlərinin gecikməyindən darıxaraq həyətə düşməyə qərar verdilər. Dünən axşam vaxtı gəldiklərindən evə çox da diqqət yetirməmişdilər.

Evin yerləşdiyi həyət çox böyük idi, dörd bir yanı qarğı çəpərlə əhatə olunmuşdu. Çəpərin ətrafına nə zamansa daş tökülmüşdü, yəqin ki, hasar çəkiləcəkmiş. Həyətdə isə başqa bir ev də vardı; köhnə, lakin səliqəli ev idi. Qaldıqları ev isə bir neçə il öncə tikilmiş evə bənzəyirdi. Evlərin arasından dəmir məftildən alçaq hasar çəkilmiş, bu hasarın üstünə üzüm budaqları uzanıb dolanmışdı. Hər evin özünün ayrı darvazası vardı.

Qaldıqları evin sahibi yaşlı qadın idi, gəlini və oğlan nəvəsi ilə birlikdə yaşayırdı. Bu ev də oğlunun evi idi. Ancaq gənc tədqiqatçılar bu barədə heç nə bilmirdilər. Bu evə icra nümayəndəsinin tapşırığına əsasən bələdiyyə sədrinin köməkliyilə gəlmişdilər.

Ağaclara söykənib söhbət edərkən yanlarına gələn ev sahibinin 10-12 yaşlı nəvəsini gördülər. Oğlan məftillərin arasından keçib onlara yaxınlaşdı. Dostlar salam verib söhbətə başladılar:

- Qardaşım, adın nədir sənin?

- Şirəli.

- Şirəli? Görəsən, mənə niyə elə gəlir ki, ancaq qoca babaların adı Şirəli ola bilər? – deyə Sabir zarafatyana soruşdu.

- Elə mənə də adım babamın adı qoyulub.

- Bunu deyərkən uşağın səsində gizli qürur hiss olunurdu.

- Baban da sizinlə yaşayır?

- Yox, o indi yaşamır. Mən onu heç bir dəfə də görməmişəm, ancaq nənəmin göstərdiyi şəkillərdən tanıyıram.

- Yaxşı, Şirəli qardaşım, bəs sənin atan haradadır, görünmür?

Oğlan duruxdu, qara gözləri nəmlənsə də, özünü şax tutub dedi:

- O indi yaxşı yerdədir. Mən atamla fəxr edirəm.

Dostlar baxışıb gülümsündü, elə başa düşdülər ki, oğlanın atası hansısa uzaq yerdə işləyir, uşaq da atası üçün darıxdığından doluxsundu. Kamran əlini uzadıb Şirəlinin saçlarını qarışdıraraq dedi:

- Yaxşı, dostum, darıxma, vaxt gələr, hər şey düzələr, atanı görərsən.

Elə bu an qarğı çəpərin arxasından 3-4 oğlan uşağı boylanıb Şirəlini səslədi. Uşaq başını geri çevirib əl elədi:

- Cahangir, indi gedirsiz?

- Həə. Tilovunu da götür gəl, yolüstü gərək Məmmədağanı da götürək.

- Yaxşı, gəlirəm. – deyib oğlan sivişdi.

Qısa sükutdan sonra Sabir dilləndi:

- Sən fikir verdin, bu uşaqların adı qədimyana adlardır.

- Bu gün elə adlardan yapışmısan. Yəqin, onlara da babalarının adı qoyulub. – deyə sədri gözləməkdən yorulan Kamran ağızucu cavab verib dodağının altında mızıldanaraq əlavə etdi:

- Bu sədr harda qaldı? Guya, bizi kəndin ahıl qadınları ilə tanış eləyəcəkdi. Əslində kişilər də bilirlər nağıldan, rəvayətdən, ancaq nədənsə icra nümayəndəsi də, sədr də buradakı ağbirçəklərlə söhbətləşməyimizi uyğun bildilər.

- Bəlkə, özümüz gedək qapı-qapı gəzib söhbətləşək?

- Yox, olmaz. Kənd yeridir, ağlın şəhərə getməsin. Özü də bu istidə nə qədər gəzəcəksən? Eşitmədin, sədr dedi ki, onlar özləri yığılacaqlar, biz onların yanlarına gedəcəyik. Daha bu istidə bir-bir evlərə gedib niyə əziyyət çəkək? Həm də, deyəsən, bu vaxtlar kəndin qadınları tarlada olur. Dünən sədr deyəndə eşitdim.

- Hə. Onda sədri gözləməkdən başqa əlac yoxdur.

Yüngül nahardan sonra Sabir gətirdiyi kitablardan birini götürüb eyvanda oxumağa başladı. Kamran da kağız-kuğuzun içində vurnuxur, arada dəftərinə nəsə qeydlər edirdi. Beləcə bir neçə saat keçdi. Kəndin təmiz havası şəhərli qonaqları necə tutdusa, quru döşəmədə yuxulamalarından xəbərləri olmadı.

***

- Cavanlar, oyanın, şər qarışan vaxt yatmazlar. – deyə bələdiyyə sədri yoğun səsilə onları oyatdı.

Kitabın üstündən başını güclə qaldıran Sabir tez durub özünü düzəltdi:

- A-axşamınız xeyir. - dedi.

Kamran da tez ayağa duraraq üst-başını səliqəyə salıb sədrlə salamlaşdı.

- Hə, cavanlar, görürəm kəndimizin havası xoşunuza gəlib axı, - deyə bələdiyyə sədri gülümsündü. Gülümsəməsi ilə gözünün ətrafındakı qırışlar çoxalıb sifətinə yayıldı, simasına kədərli bir gülümsəmə hopdu.

- Hə, buranın havası çox yaxşıdır. Biz də səhərdən sizi gözləyirdik ki, gedək dünən dediyimiz işləri həll edək.

- Tələsməyin, balalarım, hər şeyin öz vaxtı var. Bir də ki, siz onsuz da günorta kəndin içində bir qadına rast gələ bilməzsiniz. Onların hamısı sübh tezdən ev işlərini görüb tarlaya, əkin sahələrinə gedirlər. Kimisi əkir, kimisi biçir. Bir sözlə, daim iş başındadırlar. Gün əyilənə qədər işləyirlər, axşam üzü evlərinə dönərlər.

Dostlar bu sözləri eşidəndən sonra azacıq duruxdular. Hərəsi özlüyündə fikirləşdi ki, görəsən, kəndin kişiləri haradadırlar ki, buranın qadınları öz işləri ilə bərabər kişilərin də işlərini görürlər? Ancaq onların beynində bundan da güclü fikir vardı; vaxt itirmədən yerli qadınlarla görüşüb onların bildiyi folklor nümunələrini toplamaq. Vaxt itirmək olmazdı. Onsuz da dünən avtobusun xarab olmağı səbəbindən rayona gec çatmışdılar. Hələ üstəlik bu gün də axşama qədər heç bir şey tapıb yaza bilməmişdilər. Odur ki, sədrin sözlərinin üstündən tez keçərək getmək üçün hazırlıqlara başladılar. Sabir səsyazma cihazını, Kamran isə dəftər-qələm götürdü. Hazır dayanıb sədrə baxdılar. Sədr dostların hazır olduğunu görüb dilləndi:

- Balalarım, gəlin gedək. Ancaq sizdən bir xahiş edəcəm. Əgər həqiqətən də nəsə yazmaq istəyirsinizsə, mənimlə gələrkən səssiz olun. Gərək onlar bizim səsimizi eşitməsinlər, yoxsa fikirləri yayınar, sizin də işiniz yarımçıq qalar – deyib bir ayağını çəkə-çəkə yola düzəldi.

Kamran təəccüblənib pıçıltı ilə dostundan soruşdu:

- Görəsən, biz hara gedirik belə? Bəs biz onlara necə sual verib sözümüzü deyəcəyik?

- Elə mən də çaşbaş qalmışam. Səhərdən beynimdə bir neçə sual fırlanır.

Artıq beş-on metr irəlidə olan sədr onları çağırdı:

- Tez gəlin. Bir azdan qaranlıq düşəcək, hərə öz evinə çəkiləcək. Siz də heç nə yaza bilməyəcəksiniz.

Gənclər naəlac qalıb sədrin arxasınca kirimişcə irəlilədilər. Kəndin içi ilə gedəndən sonra ümumi yola çıxdılar. Qırağına çinar ağacları əkilmiş yolun başına çatıb yaşıllıq zolağına bənzəyən bir yerə çatdılar. Sədr bir əli ilə sakit olmaq işarəsi göstərib, digər əli ilə onları lap yaxınına çağırdı. Dostlar addımlarını yeyinləşdirib özlərini bir neçə addım irəlidə gedən bələdiyyə sədrinə yetirdilər. Ağac və kolların arxasında durub sədrin işarə etdiyi səmtə boylandılar, ancaq yarpaqlar mane olduğundan yaxşı görə bilmədilər. Üstəlik gün də parlaqlığını itirmiş, səma qürub donunu geyinmişdi. Qəfildən içlərinə sıxıntı doldu. Adını tapa bilmədikləri darıxdırıcı bir hiss, sanki, ürəklərini deşirdi. Elə bu vaxt həm maraq, həm də təəccüblərinə səbəb olan həzin bir səs onları sözlə ifadə olunmayan qüssənin burulğanına aldı. Səsin sahibi olan qadın yanıqlı-yanıqlı nəsə oxuyurdu, deyəsən, layla idi. Oğlanlar bir az da irəli keçdilər, yerlərini rahatlayıb daha diqqətlə qulaq asmağa başladılar. Elə təsirlənmişdilər ki, nə üçün gəldikləri yadlarından çıxmışdı. Sədr də onlara qoşulub gözlərini boşluğa dikərək səsi dinləməyə başladı.

İndi səsi daha aydın duymaq olurdu. Tarladan qayıdan qadınlar düyünçələrini, bağlamalarını böyürlərinə qoyub kəndin bulağının başında oturmuşdular. Hamısının başında tünd rəngli yaylıq vardı. Elə paltarları da bədrəng idi. Yaşlı qadın yanıqlı-yanıqlı layla oxumağa davam edirdi. Laylanı elə oxuyurdu ki, sanki uşağa yox, böyüyə oxuyurdu:

Layla dedim yatasan,

Qızılgülə batasan.

Sayalı şah budağın

Kölgəsində yatasan

Balam laylay, a laylay,

Körpəm laylay, a laylay.

Qadın oxuduqca Kamran düşünürdü ki, görəsən, bu qadın laylanı niyə belə yanıqlı-yanıqlı oxuyur? Axı laylanı körpələr üçün xoş avazla oxuyarlar.

Düşüncələrini dostu ilə paylaşmaq istəyirdi ki, sədr yenə də əliylə sakit olmağı işarə etdi. Qadının laylası bitər-bitməz başqa bir qadın bayatı çağırmağa başladı:

Analar yanar ağlar,

Dərdini sanar ağlar,

Dönər ağ göyərçinə,

Yollara qonar ağlar.

Yavaş-yavaş düşən alatoranlıq, lal-dinməzlik, tərpənmədən dayanmaq dostların ürəyini sıxırdı. Üstəlik də bu hüzn dolu “ədəbi məclis”. Heç vaxt belə bir şeylə qarşılaşmamışdılar. Getdikləri rayonlarda hərədən bir neçə lətifədən, atalar sözlərindən, əfsanələrdən eşidib yazmış, daha onu xüsusi bir hiss-həyəcanla dinləməmişdilər. Buna baxmayaraq, qadınları dinləməyə davam edir, suallarına cavab almaq üçün hadisəni sonunu gözləməyə qərar verdilər.

Bu ərəfədə qadınlar yenə də ağı, bayatı deməyə davam edirdilər. Birinin sözü bitən kimi digəri oxuyurdu:

Ağacda xəzəl ağlar,

Dibində gözəl ağlar,

Oğlu ölən analar

Sərgərdan gəzər, ağlar!

Əzizim bala dağı,

Bürüyüb lala dağı,

Bütün dərdlər sağalar,

Sağalmaz bala dağı.

Ağlayan başdan ağlar,

Kirpikdən, qaşdan ağlar.

Bayramı ölən ana,

Durar, obaşdan ağlar.

Bu yol balama gedir,

Axıb dolama gedir,

Balası ölən ana,

Gör nə havada gedir.

Araya qısa sükut çökdü. Hamısı dərindən bir ah çəkdi. Bu zaman bir qadın asta səslə ağı deməyə başladı:

Əzizinəm, vay dərdim,

Vay dərmanım, vay dərdim,

El gül əkdi, gül dərdi,

Mən gül əkdim, vay dərdim.

Yaxından baxılsaydı, hamısının gözlərinin yaşlı olduğu görünərdi. Qadınların içində yaşlısı da vardı, orta yaşlısı da, cavanı da. Lakin hamısının siması sanki kədərlə yoğrulmuşdu, simalarında uzun illərdən yığılıb qalmış hüzn vardı. Buna baxmayaraq özlərini şax saxlayıb, başlarını dik tutmuşdular. Qadın ağını söyləyib qurtardı. Sonra başqa bir qadın layla oxumağa başladı, oxuduqca yaylığının ucu ilə gözlərini silirdi.

Layla dedim, qadası,

Ayın, günün parası,

Mən sənə qurban olum,

Gözüm ağı-qarası.

Ardınca da bir bayatı çağırdı:

Aşıq Qarabağlıdı,

Xalın qara bağlıdı,

Nə gələn var, nə gedən,

Yollar qara bağlıdı.

Beləcə hava qaralana kimi gözləri boşluğa zillənən qadınlar hüznlü səslə bayatı, layla, ağı söylədilər. Sonra köks ötürərək bulaqda əl-üzlərini yuyub tarlaya gedərkən apardıqları bağlamaları götürüb kəndə tərəf yola düzəldilər.

Qadınlar uzaqlaşar-uzaqlaşmaz Kamranın yadına düşdü ki, eşitdiklərinin təsirindən bircə cümlə də yaza bilməyib. Tez Sabirə baxdı. O da heç səsyazma cihazını qoşmamışdı. Matdım-matdım ətrafa baxırdı. Bu ağı məclisi kimə quruluşdu, qadınlar niyə bu qədər yanıqlı oxuyurdular, bilmirdi. Sual dolu baxışlarla gözlərini sədrə zillədilər. Sədr isə hələ də qadınların içərisində gedən uzaq qohumunun ardınca baxırdı, çox dalğın görünürdü. Fikirli-fikirli irəli keçib onları evə getməyə çağırdı. Cib fənərini yandırıb yola işıq tutdu ki, rahat gedə bilsinlər. Bunu görən dostlar sual verməyə cəsarət etməyib onunla birlikdə evə qayıtdılar. Həyət qapısından içəri girəndə o biri evin işığı yanırdı.

Hər üçü birlikdə qaldıqları evin eyvanına çıxdı. Sabir əl atıb eyvanın işığını yandırdı. Stul çəkib oturandan sonra Kamranın səbri tutmayıb soruşdu:

- Əsgər dayı, bu qadınlar kiminçün belə qəmli-kədərli laylalar, bayatılar oxuyurdular. Uşaqlıqdan görmüşük ki, laylanı ana körpə uşağa oxuyar, özü də xoş avazla. Burada körpə yoxdur, hamısı da qəmli-qəmli oxuyur. Yas olmadığı halda niyə ağı deyirdilər? Onları kim üçün söyləyirdilər? Niyə hamısı qaraya bürünmüşdü?

Bələdiyyə sədri köks ötürdü, masanın üstündəki dolçadan fincana su tökdü, bir-iki qurtum içib sözə başladı:

- Balalarım, bu kəndin kişilərinin əksəriyyəti İkinci Dünya müharibəsinə gedib, amma çoxu qayıtmayıb. Qayıdanların da birinin əli, birinin ayağı olmayıb. Aradan neçə illər sonra Qarabağ müharibəsi başladı. Nəsillər təzəcə dirçəlmişdi ki, yenə də kəndin sayılıb-seçmə oğlanları, kişiləri müharibəyə getdi, onlardan da az qismi qayıtdı. Ən çox şəhid bizim kənddən oldu. Mən özüm də müharibədə vuruşmuşdum, ayağımdan qəlpə yarası almışdım. Həkimlər çıxara bilmədilər deyə, indi ayağımda qəlpəylə gəzirəm. Yaman incidir məni, axsaya-axsaya qalmışam. Orada gördüyünüz qadınların da birinin oğlu, birinin qardaşı, birinin əri müharibədən qayıtmadı. Bəzisinin tabutu gəldi, bəzisi itkin düşdü, bəzisi də gələndən sonra aldığı yaralardan çox yaşamadı. Ona görə də, bu kəndin qadınları həlak olmuş kişi qohumlarına ağılar, bayatılar söyləyirlər. Artıq 2 ildir ki, yayda hər dəfə tarladan qayıdanda bulağın başında toplaşıb qohumlarını anırlar. Hamı onların dərdini bildiyindən kimsə gəlib mane olmur ki, ürəklərini boşaldıb toxtasınlar. Kənddə kişi xeylağı azdır deyə, özləri könüllü olaraq bəzi işləri öyrənib tarlada işləyirlər. Qohumlarının da adı yadigar qalsın deyə adlarını nəvələrinə, oğullarına qoyublar.

- Hə, deyirəm axı bu uşaqların adı niyə qədimyana adlardır. – deyə Sabir eşitdiklərinin təsiri altında fikirli-fikirli söylədi.

- Elə bu evin də sahibəsi gördüyümüz qadınlardan biridir. Yoldaşını İkinci Dünya müharibəsində, tək oğlunu da Qarabağ müharibəsində itirdi. Bu evi də müharibədən qabaq oğlu tikdirirdi. Müharibə başladı, həyatı kimi yarımçıq qaldı evi də. Anasının bu evdə yaşamağa ürəyi dözmür, açarlarını bizə verib. Elə kəndə qonaq-qara gələndə bu evdə gecələyir.

Kamran fikirli-fikirli dedi:

- Üstündən illər keçib, demək, hələ də müharibənin fəsadları, acıları bitməyib.

Gənc dostlar eşitdiklərindən çox mütəəssir olmuşdular. Hər ikisi başını bulayıb köks ötürdü. Araya düşən sükutu cırcıramaların, qurbağaların səsi pozurdu. Bir qədər sonra Sabir söhbəti yüngülləşdirməkçün dedi:

- Başımız elə qarışdı ki, diktofonu işə salmağı unutdum.

- Elə mən də heç nə yaza bilmədim.

- Eybi yoxdur, sabah yazarsınız.

- Yox, Əsgər dayı, sabah mütləq Bakıya qayıtmalıyıq. Yadımızda qalanları yazarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu acının içində başqa iş görməyə adamın əli gəlmir heç.

- Amin. Oğlum, nə vaxt gəlsəniz, kəndimizin qapıları həmişə üzünüzə açıqdır.

- Çox sağ olun, Əsgər dayı, var olasınız. - deyə gənclər bir ağızdan təşəkkür etdilər.

***

Səhəri gün Kamran getməmişdən qabaq gətirdiyi iri kağızın üstünə qələmlə “Şəhidlər bulağı” sözlərini yazdı. Evdən çıxarkən əşyaları ilə bərabər kağızı da götürdülər. Maşın kəndin içindən çıxıb ümumi yola çıxanda dünənki yerdə saxlatdılar. Bulağın yanına gedib yapışqanla kağızı bulağın başındakı çinar ağacının gövdəsinə yapışdırdılar. Sonra isə yenidən maşına qayıdıb şəhərə doğru yola düşdülər.

09.12.2021

# 611 dəfə oxunub

Oxşar xəbərlər

# # #