Dünyanın ən gözəl sarışına vurulan dahi yazıçı

Dünyanın ən gözəl sarışına vurulan dahi yazıçı
5 mart 2013
# 08:15

Merilin, qısa, cazibədar qara paltarı ilə “As young as you feel” (“Hiss etdiyin qədər gənc”) filmində bir səhnənin çəkilişi üçün kameranın qarşısında o tərəf bu tərəfə gəzirdi. Operatorla bərabər kənarda dayanan saqqallı adamın da gözləri Merilinin ayaqlarına zillənmişdi. Bu yeriş operatora erotik, saqqallı adama isə gülməli gəlirdi.

Əslində gülməli deyildi. Merilin rol oynamırdı, bu onun təbii yerişi idi. Hər insanın dünyaya gəlişinin bir məqsədi olduğunu düşünsək Merilinin dünyaya gəlmək səbəbi belə təhrikedici bir yerişin mövcudluğunu sübut etmək idi bəlkə də.

Ayaqlara zillənən eynəkli gözlər Artur Millerin idi. Onu bu studiyaya dostu Elia Kazan gətirmişdi. Beləliklə, dünyanın ən ekzotik, ekzotik olduğu qədər də xaotik sevgilərdən biri başlamaq üzrə idi. Hadisənin qəhrəmanları da daxil olmaqla heç kim bunun fərqində deyildi.

Əslində mövzuya burdan başlamaq doğru deyil. “As young As You Feel” filminin çəkilişləri hələ başlamamışdan əvvəl də onlar yaşayan əfsanəyə çevrilmişdilər. Artur Miller xoşbəxt ailənin üzvü kimi dünyaya gəlmişdi. Harlemin yaxınlığındakı parka baxan, bütün şəhəri görən altı mərtəbəli bir evdə siyasətdən, gündəlik stressdən uzaq, əyləncəli bir uşaqlıq keçirmişdi. Daha sonralar öz həyatı haqqında deyirdi: “Görünür, biz həqiqətlərin inkarı üstündə qurduğumuz bir qalaya sığınmışdıq”.

Miller ailəsinin böyük böhranı Hitlerin yaratdığı dramın qapılarına dayanması ilə başlamışdı.

İnsanı şoka salan və həyatının istiqamətini dəyişdirən bəzi şeylər var idi. Bunlar sadəcə insanı deyil, bütün bir dövrü, bütün toplumu belə təsiri altına ala bilir. Harlendə yaşayan səkkiz yaşındakı bir uşağın təsadüfən teatr salonuna girməsi Artur Miller adlı bir


ssenaristin yaranmasına səbəb oldu.

Əslində Miller heç vaxt yazıçı olmaq üçün xüsusi bir səy

göstərməmişdi. Kağıza ilk sözü yazdığı andan etibarən yazıçı idi o. Bu isə çox az insanın sahib ola biləcəyi bir xüsusiyyətdir. Qələmə aldığı ilk dram əsəri belə gənc bir həvəskarın ssenari yazmaq cəhdi deyildi, əməlli-başlı pyes idi.

Bir çox uğurlu pyeslər yazmışdı Artur Miller. Gənc olmasına baxmayaraq dünya səviyyəsində tanınan “Satıcının ölümü” əsərini qələmə almışdı. Millerin dram əsərləri o qədər məşhurlaşmışdı ki , hətta “Onun əsərlərindən sonra Amerika teatrı əvvəlki kimi olmayacaq”,-deyirdilər. Doğurdan da olmadı.

ABŞ kommunist ovuna başladığı bir dövrdə Miller Amerkaya qarşı təbliğat aparmaqda günahlandırılmışdı.

Şəxsi həyatında isə... İllərdi evli olduğu Mari ilə münasibəti qarşılıqlı hörmətsizliyə çevrilmişdi. Miller bu evliliyi bitirmək qərarı vermiş və lazım olan addımları atmağa başlamışdı. Təbii ki, Marinin bundan xəbəri yox idi. Merilinin də!

Bir müddətdən sonra Artur Amerikan əleyhinə olan hərəkatları araşdıran məclis komissiyasından pasportunu geri istədi. Səbəb kimi isə evlənmək istədiyini demişdi.

Gələcək həyat yoldaşı da televizorun qarşısında bu danışığı dinləyib evlilik qərarını buradan öyrənmişdi... Miller kameraların qarşısında çox qərarlı danışırdı: “13 iyulda Merilin Monro ilə evlənəcəyəm.”

***

1 iyun 1926-cı ildə Los Anceles Mərkəzi Xəstəxanasında doğulan şirin qız uşağına Norma Jin adı verildi.

Normanın anası uşağının kimdən olduğunu heç cür dəqiqləşdirə bilmədiyi üçün o, atasının kim olduğunu həyatı boyu öyrənə bilmədi. Nənəsi və anası həyatlarının bir hissəsini dəlixanada keçirmişdilər, dayısı isə özünü on beşinci mərtəbədən ataraq ölmüşdü. Norma cəmi iki həftə anasının yanında qala bilmişdi, iki həftəlik olanda himayəyə verilmişdi. 16 yaşında, ilk dəfə evlənəndə artıq on iki ailənin himayəsində yaşamışdı. Merilin Monro həyatı boyu əylənmişdi. Amma həyatı boyunca yaşadığı kədər dolu uşaqlığını da unutmamışdı.

Norma Jin bir filmdən sonra Merilin Monro olmadı. Çünki hələ uşaqlığında inkişaf etdirdiyi ağlasığmaz fantaziyaları qadınlığını göstərən bir üsyan idi. Əslində o, üsyankar biri deyildi! Əksinə o itaətli görünüşü üsyan idi əslində.

İnsan qabağına çıxanın altına uzanaraq da üstə çıxa bilər! Merilin bunu isbat etdi bizə.

Altdan heç bir şey geyinmədən, geniş və qabarıq bir yubka ilə kilsəyə girdiyini xəyal edirdi. İnsanlar kürəyi üstə uzanıblar, o isə üstlərində yeriyib keçir... Aşağıdan ona baxırlar... bir arzusu vardı: Tanrının və hər kəsin qarşısında lüm-lüt dayanmaq!

Və arzuladığını gerçəkləşdirmişdi. Həyatı boyu heç vaxt alt paltarı geyinmədi. Öləndə də lüt idi. Yəni, sadəcə insanların yox, Tanrının hüzuruna da lüt çıxdı.

12 yaşında olanda bir qəzet satıcısına onu doyunca seyr etməs üçün fürsət yaradan, hələ yeni inkişaf etməyə başlayan ayaqlarını yuxarı qaldırıb, qəzet satıcısının qarşısında sığallayan, arada bir bunu etmək üçün gənc təyyarəçiyə da imkan verən Normanın bu hərəkəti, yeniyetmə gənc qadının tarix boyu müzakirə olunan qadınlığın sirrini tapdığını göstərirdi əslində. Qadınlıq, kişinin diqqətini çəkməklə bağlı bir vəziyyətdir. Kişilik isə bir qadın, diqqətini çəkməsi üçün ona bir şans verirsə var ola bilər ancaq. Yəni, iplər, həmişə qadının əlindədir!

Norma, xatirələrində açıq şəkildə danışırdı bundan: “Bu dünyanın kişilər dünyası olmağı heç də təəssüfləndirici deyil. Belə bir dünyada qadın olmağın da ayrı bir dadı var. Gözəlliyimlə qürur duyuram. 14 yaşıma çatanda bu qürurumu açıq aşkar hər kəsə bildirməyə başlamışdım”.

Gözəl olduğu qədər gözəlliyinin fərqində olan Normanın tək seçimi Merilin Monroya yəni, dünyanın gəlmiş keçmiş ən böyük seks simvoluna dönmək idi. O da bunu etdi. Modellik, film aktrisalığı, həyatına girən saysız kişi, hətta qadın sayəsində...

Merilin Monro və Artur Millerin yolları Elia Kazanın studiyasında kəsişmişdi. Sonra Kazan bir parti təşkil edir, partinin ən mühüm iki dəvətlisinin, yəni həyatın sirrini biləcək qədər çox şey yaşayan Merilin öz deyimi ilə “çox şey yaşayan, ancaq təcrübə qazana bilməyən” Millerin ayaqları yerdən üzülmüşdü. Partidən sonra Miller Bruklinə getdi. Merilin ona qısa və olduqca diqqətli bir şəkildə qələmə aldığı məktublar göndərirdi. Evinin divarına Millerin şəklini asdığından heç kimin xəbəri yox idi. Merilin məktublarının birində deyirdi: “İnsanların çoxu atalarına heyran olurlar. Amma mən belə biri ilə heç vaxt qarşılaşmadım. Heyran olacağım bir insana ehtiyacım var”. Miller isə çoxbilmiş bir müəllim ədası göstərirdi: “Əgər doğurdan da heyran olacağın birinə ehtiyacın varsa, bu niyə Avraam Linkoln olmasın?”

Bu cavab, Artur Millerin girdiyi çoxbilmiş müəllim rolunun inkarından başqa bir şey deyildi. Vurulan özü idi. Merilinə vurulmuşdu.


Həyat belədir: istədiyin qədər yaxşı nişançı ol, bəzən hədəfi vurmaq üçün atəş açanda özün vurulursan. Necə olduğunu bilmədən.

Yüz ilin toyu adlandırılan gün gəlib çatanda ikisi də xoşbəxt idi. Amma bu xoşbəxtlik ömür boyu davam edəcəkdimi, bunu bilmirdilər. Dünyanın ən böyük beyinlərindən biri sarışın bir afətlə: dünyanın ən böyük sarışın afətlərindən biri, hətta birincisi, həyat boyu heyranlıq duyacağına əmin olduğu, ideallaşdırdığı böyük bir yazarla evlənirdi.

Demək, başqalarının ən böyük idealı ola bilən insanların da öz idealları ola bilirdi.

İki məşhur insan kimi yaşamağı da, hər şeydən sıyrılıb adi ər-arvad kimi yaşamağı da sınaqdan keçirdilər. Artur Milerin evlilik üzüyünə yazdırdığı “indi, sonsuzdur” sözü, sonsuzluğun mümkünsüz olduğunu dəyişdirməmişdi. Merilin Monronun toy şəkillərindən birinin arxasına yazdığı “ümid, ümid, ümid” sözü isə, bir qadının hisslərinin göstəricisi idi əslində. Toy, bir qadın üçün ümidlərinin həyata keçdiyi, Merilin üçün isə ümidlərinin başladığı an idi. Amma ümidlərinin puç olması ehtimalı da həmişə var idi.

Fırtınalı başlayan və enişli çıxışlı davam edən sevgi, 11 noyabr 1961-ci ildə boşanma ilə nəticələndi. Miller qısa müddət sonra yenidən evləndi. Merilin isə çəkilişlərə getmədiyi üçün işindən olmuşdu.“Mənim üçün bir gələcək olduğunu bilirəm, amma mən onu gözləyə bilmərəm”,- deyən Merilin 5 avqust 1962-ci ildə insanları bir yana buraxıb Tanrıya tərəf yola çıxdı. Təbii ki, çılpaq...

Altay Ötkem

# 3951 dəfə oxunub

Müəllifin son yazıları

# # #