Kənan M.M: “Kişi qadını yumruqla vurursa, qadın kişini...” – Müsahibə

Kənan MM

Kənan MM

29 mart 2023
# 09:00

Kulis.az rejissor Kənan M.M.-lə müsahibəni təqdim edir.

- Kənan bəy, son illər çəkilən filmlər və seriallar haqqında fikirləriniz necədir? Bu layihələrin keyfiyyəti sizi qane edirmi?

– Var film, var ekran əsəri... Bunlar başqa-başqa şeylərdir. Mən bir film çəkmək istəyəndə yaxınlarım, ətrafım, guya sənətdən anlayışı olanlar, xətrimi istəyənlər deyir ki, bu film izlənilməyəcək, tamaşaçı baxmayacaq, az pul qazanacaqsan. Yanaşmaya baxın: “Az pul qazanacaqsan”. Komediyaların dəbdə olduğu, partladan dönəmində belə mən “Qayıdış”ı çəkdim, hamı dedi ki, bu qədər komediyanın ortasında sən dəlisən, ürək edib dram çəkdin. Məsələ odur da, bir insan olaraq fərqim odur ki, hamının etdiyini etmək istəmirəm. Bir də ki, mən biznesmen deyiləm, sənət adamıyam. Məqsədim film ilə pul qazanmaq deyil, insanların izləməyidir. Bir məsəl var, bir əşya bir nöqtədə dəyərsizdisə, hər yerdə elə olmalıdır. Həqiqəti odur. Mənim filmlərim kinoteatrlarda baxılmır. Yutubda partlayır. Efirdə partlayır... Sonra yavaş-yavaş oralarda da baxılır. Çünki səndən öncə çəkilən zəif filmlərin sən də qurbanı olursan. O ki qaldı məni qane etməyə, heç kim bilmir ki biz hansı şərtlərdə film çəkirik, filmə nə qədər xərcləyirik.

- Son vaxtlar Tik-tok sosial şəbəkəsində çox aktivləşmisiniz, enerjinizi tik-toka sərf etmək sizi narahat edirmi?

- Tik-tok mənim həyatımın koronasıdır. Həmin vaxtlara təsadüf etdi. Depressiyada idim. Vatsap, instaqram sənin yerin deyil deyə bir anlayış yoxdur. Çoxu dedi ki, tik-tokdan sonra sizi sevdik, sizə nifrət etdik. İnsan dəyişmir ki, inkişaf edir. O ki qaldı enerjiyə, kifayət qədər enerjiliyəm.

- Musiqi sahəsinə yaxşı kliplərlə gəlmişdiniz. Fuad Əlişovla, Ülviyyə Könüllə, eyni nəsildən hesab olunurdunuz. Düşünürlər ki, sizin karyeranız uğursuzluqla nəticələndi.

­­­­­­­­­- Axırıncı dəfə nə vaxt klip çəkdiyim yadıma gəlmir. Ülviyyə Könülün, Fuadın da nə zaman klip çəkdiyini xatırlamıram. Bu uğursuzluq deyil, telefonun ön kamerasının yaxşı çəkməyindən sonra baş verib. Artıq insanlar texnologiya ilə çox şeyi çəkə bilirlər. Düşünmürəm ki, bundan sonra mənim, Ülviyyə Könülün, Fuadın çəkdiyi klip kiməsə lazım olsun. İnsanlar kamera ilə özlərini çəkməklə və reklamla məşğuldurlar. Ancaq qeyd edim ki, mənim kliplərimdə süjet var idi. Həmişə kinoya meylli olmuşam.

- Azərbaycanda Kənan MM-in qədri bilinmədi?

- Hacı Şahinin bir sözü var, “biz öldürüb ağladan millətik”. Olar bir sualı da mən sizə verim?

- Buyurun...

- Bu ölkədə neçə rejissor var? 10 nəfər varsa məni onlar arasında xatırlayarsınız?

- Əlbəttə.

- Deməli nəsə etmişəm də... Kənan MM elədir, belədir... Bəyəm biz dinlədiyimiz müğənniləri, izlədiyimiz filimdəki aktyorları analiz edib sonra sevirik? Sənəti ilə, etdikləri ilə sevmirikmi?

- Elədir. Siz Türkiyədə “Savaşçı” serialında Azərbaycan zabiti obrazını canlandırmışdınız, bu sizi daha geniş kütləyə tanıtdı. Müəyyən mənada Türkiyədəki film sektoruna bələd oldunuz, vəziyyət onlarda necədir, bizdə necədir?

- Mən “Savaşçı”dan çıxdım, o məndən çıxmadı da... “Savaşçı”daykən mənə yazırdılar ki, səninlə fəxr edirik. Axı nə dəyişdi ki, burda olanda niyə fəxr etmədiniz? Burda nə mane olurdu? Məndə heç nə dəyişmədi ki, mənim qara qaşıma, gözümə aşiq olub orada saxlamamışdılar. Burda Kənan MM təkcə mənəm, orda isə nə qədər Kənanlar var, bilirsiniz? Şərtlər çətin idi, qalma səbəblərimdən biri o idi ki, sol qolumda Azərbaycan bayrağı var idi. Küçəyə çıxanda azərbaycanlı aktyor deyirdilər. Azərbaycan adı mənim adımdan öndə gəlirdi. Daha sonra yeni təkliflər də aldım, qala bilməməyimin yeganə səbəbi isə kimlərəsə qeyri-səmimi gələ bilər, amma and ola Allaha ki, Vətən sevdası, həsrəti oldu. Əşya yerini dəyişmir ki, insan yerini dəyişir, çətin idi.

- Peşmansınız?

- Düz etmədim, amma peşman deyiləm. Bu, elə bil 94-cü dəqiqədə penalı çölə vurmaq kimidir... Ancaq əlaqələrim davam edir, yəqin ki, yeni işlər görərəm orada.

- Çox yaxşı aktyor fakturanız var, niyə çəkilən son filmlərdə sizi görə bilmirik?

- Mən istedadlı olduğumun fərqindəyəm. Hər bir insan özü haqda həqiqəti bilir. Taratinonun yaxşı sözü var “ən yaxşı aktyorlar rejissorlardır”. Mən dövlət filmində Fuad Poladov, Qurban İsmayılovla oynayırdım. Eldar Quliyev “Babək”in rejissoru bizim müəllimimiz olub, həmin filmdə də rejissor o idi. O mənə heç nə demirdi. Yön vermirdi. Bu qürurverici idi. Çünki işi bilirdim.

Başqa rejissorlar məni çəkmir, öz işləridir. Mən yoluma davam edirəm, yeni layihəmiz var, uşaq oğrularından bəhs edir. Mövzu da çox maraqlıdır.

- Yaradıcı adamlar səbirsiz, fərqli və ərköyün olurlar. Sizi tanıyanlar düşünürlər ki, siz çox aqressiv xasiyyətə maliksiniz. Hətta sosial şəbəkələrdəki müzakirələrdə bəzən hirslənib söyüş söyürsünüz. Bütün bunlardan kənarda Kənan MM necə biridir?

- Mən öz toyumda qalstuk taxmayan adamam. Əslində, bəlkə də, taxmalı idim. Tələb olunan o idi. Bilmirəm, amma istəmədiyim şeyi edə bilmirəm. Söyüşə gəldikdə, hamı söyüşü bilir. Söyməyən, ya da özünü söydürmək istəməyən, söyüşü eşitmək istəməyən insan var. İmam Əli deyir ki, çox sərt olma, qırarsan, çox yumşaq olma, səni qırarlar... Orta olmalısan. Bəzən isə məcbursan ki, bəzi insanların dili ilə danışasan. Əksini etmək üçün səbir lazımdı, mən o səbrin adamı deyiləm. Ərköyün deyiləm, Naxçıvanda blokadada yaşamışam, 8 yaşımdan çörək növbələrinə durmuşam. Uşaqlıq görməmişəm. Bəlkə də, elə buna görə, indi ərköyün görünmək istəyirəm. O stressi atmaq istəyirəm üstümdən.

- Son dövrlərdə qadın qətllərin sayı çoxalıb. Xüsusən, müsəlman ölkələrində buna daha çox rast gəlinir. Siz bu barədə nə düşürsünüz. Qadın niyə döyülür? Ümumiyyətlə, qadın döyülməlidirmi?

- Qadın niyə döyülür, döyülməlidirmi? Yox, amma kişi də döyülməməlidir. Kişi qadını yumruqla vurursa, qadın kişini söz ilə, qabağına çayı atmaqla, sifət etməklə, telefonu üzünə söndürməklə vurur. İnsan şiddəti qoyaq bunun adını... Qadın, yaxud kişi yox... İnfarktdan ölən neçə qadın var? Kişilərsə çoxdur. Kişi ağlayıb içindəkilərini ata bilmir. Bəlkə də, ağlasa, bu şiddət olmaz. Evlilikdən sonra bu xüsusilə çox olur. Haqq vermirəm ha, qadına vurmaq olmaz. Həzrəti Əli deyir ki, qadın bəşəriyyətin anasıdır. Qadın vacibdir.

- Həyat yoldaşınız gözəl müğənnidir, sənəti ilə bağlı toylara, məclislərə gedir. Siz də çox mühafizəkar kişi təsiri bağışlayırsınız. Hətta bir dəfə lap çoxdan mənim yoldaşım toya getməyəcək ifadəsini işlətmişdiniz. Hazırda bu mənada balans necə qurulur? Evdə problemlər olurmu?

- Hamı bilir ki, evliyəm, 3 övladım var. Hüseyn, Fatimə, Zeynəb. Ailə haqda danışmaq istəmirəm.

- Bir neçə il öncə İlkin Həsəni ilə aranızda mübahisə yaranmışdı. Bu barədə mövqeyiniz yenə eyni qalıbmı?

- İlkin kiçik qardaşımdı hər evdə söz-söhbət olar. Mən belə baxıram. Uğurlarına sevinirəm hər birinin bu sənətin uğurudur şəxsi deyil. Adlarının önündə Azərbaycan varsa buna sevinirəm. Tanınmış insanlar öz paylaşımlarında diqqətli olmalıdırlar. Buna uğur da daxildir. Girin səhifəmə baxın. Mən qarşılıqsız hamının uğurunu paylaşıram. Amma onlardan bu dəstəyi görməmişəm. “Uman yerdən küsərlər”. Kamilləşdikcə isə insan hər şeyə normal baxır. Artıq hər şeyə hazıram və heç nə məni şoka sala, təəccübləndirə bilməz.

- Mütaliə edirsinizmi?

- Bədii əsərdən çox fəlsəfə və kəlamlar oxuyuram. Kəlam oxumaq hər kəsin başı üçün deyil, onun arxasında böyük dünya yatır. Üç kəlam var ki, məni dəli edir: “Öz səhifəsidir, qoy necə istəyir elə doldursun”. “Həyasını itirən insan, nə edirsə eybi yox”. “Mal yiyəsi, mülk yiyəsi, hanı bunun ilk yiyəsi”.

# 3973 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #