Onu sevirdimmi?

Onu sevirdimmi?
21 dekabr 2015
# 15:48

Kulis Nərgiz İsmayilovanın “Siyahı boyayan bəyaz” yazısını təqdim edir.

Hər zaman atasından danışanda uzaqlardan gözlərini indiki zamana dartıb çəkə bilmirdi. Mən atasını ondan dinləyərkən onun ata olmamasına təssüflənirdim. Görəsən ona ata deyəcək olan uşaq necə olardı sualı həmişə məni düşündürürdü. Çinarların altına nədənsə çox toxum tökülmür. Çinarlar arsız deyil, yayılmırlar onlar başqa ağaclar kimi hara gəldi. Çinarlar laqeyid ağaclar deyil məncə, onlar özlərindən savayı hamının qeydinə qalırlar. Kölgələri ətrafa sərinlik, yarpaqları təzə nəfəs vəd edərkən, günəşə meydan oxuya-oxuya davam edir həyatına beləcə çinar.

Mən həmişə onu çinarla müqayisə edirdim. Bu müqayisə niyə yaranırdı beynimdə, bilmirəm. Ancaq onun qol-budağında huzur tapmaq, yuxuya getmək keçirdi insanın içindən. Onun çətir misalı yarpaqları qoruya bilərdi insanı yağışdan, ildirımlardan...

Mən ona öz gözlərimlə baxırdım, ancaq nədənsə onu hər zaman görmək istəyirdim yaşlı anasının gözləri ilə. Uşaqlığı kənddə keçmişdi, oylaqlarda, yaşılın ən valehedici rənginə boyanan yaylaqlarda.

O yerlərə hər ayaq basdığımda bu adam mənə gülümsəyirdi sanki. O, bir kişi kimi çox cazibəli idi, lakin məni daha çox onun dünyaya baxış bucağı maraqlandırırdı. Mən onu sevə bilərdimmi, sevirdimmi bunu bilmirdim, bilmək üçün vaxt və düşüncə sərfinə də girmirdim. Buna ehtiyacım da yox idi, insanların bir-birini qəddarcasına mənimsəyib, tükətdiyi bir zamanda tapdığım bu qəribə hekayə mənə bu halı ilə də xoş idi. Amma deyəsən mən meşənin dərinliyinə getməkdən də qorxurdum.

O özündən danışdıqca onu kəşf edirdim. İşimi-gücümü buraxıb bir adamı kəşf etmək istəyi yaranmışdı məndə. Bu planlı da deyildi, hekayə, ya da kitab üçün də deyildi, özüm üçün idi. Birdən, anidən baş vermişdi. Düşünün ki, təyyarədəsiniz, darıxırsınız oturacağın ciblərini yoxlayarkən nə tapacağınızı bildiyiniz bir neçə kitabçadan savayı orada unudulan başqa bir kitab tapırsınız və bu sizi özünə çəkir. Çünki o biri kitablara bənzəmir. Primitiv insan obrazlarından fərqli bir obrazı anladan bir kitab kimin diqqətini çəkməz ki? Uşaqlığı 16 yaşınadək xoş keçmişdi. Atasını itirəndə 16 yaşı var imiş, xəyalında sürdüyü 07 markalı maşının siqnal səsinə qarışmışdı evdəki ağlaşmalar. Həyatın ən şirin yerində diksinib oyanmışdı o. Qardaşı balaca idi, o isə balaca görünüşlü ataya çevrilmişdi bir anda.

Həyatını, xəyallarını bölüşdürmüşdü ailəsinin arasında, bu bölgü adil deyildi. Özünə çox az şey götürürdü o həmişə. Kök salan ailənin mərkəzində ucalan tənha çinar idi o. Hamının qol-budağında istirahət etdiyi, dincəldiyi. Bu onu xoşbəxt edirdi amma. O qardaş olmaqdan çoxdan çıxmışdı. Özünün xəbəri olmadan ataya çevrilmişdi. Böyük külfətin atası idi. Onun üzünə yox, ürəyinə yansımışdı həyatın ağırlığı. İnsanları sevirdi. İnsana olan sonsuz sevgisi mənə də insanları sevdirirdi.

Günün ən mənasız saatlarını mənalı edən düşüncələrə qərq olurdum onunla danışarkən. Bəzən isə boğulurdum, bezirdim. Özümü şərab, siqaret qoxusuna dəfn edilən otaq kimi hiss edirdim. Özüm itirirdim bilmədiyim yerlərdə.

Doğrusu, cəmiyyətə, mühitə, insanlığa olan soyuqluğum onunla isinməyə başlayırdı. Xoşuma gəlməsə də bu hal, tərk edə bilmirdim çinarın yanını. Ən pis zamanımda, hövsələmin çöküş anında, siqaretlə şərabın ortasında, qaranlıqlaşan gündüzlərimdə onunla danışıb gözümdə yanan tək-tük ulduzlara sarılırdım. Zorla uzanıb divanın altına düşən xəyallarımı toplayıb, yoluma davam edirdim. Onun yola çıxdığı meşədə zərdüşsayağı yolculuqlarını sevmirdim çox vaxt. Realist düşüncələrimə tərs idi gözəl fantaziyaları. Siyahı boyayan bəyaz idi o. Ruhumdakı qızıl zincirlərimi belə gözəl görürdüm. Ancaq öz dünyama hər qayıdışımda o dünyanı tərk etmək cəhdləri baş qaldırırdi beynimdə. Gerçək deyildi elə bil, onu gerçəklik adlandırmaq özümün inkarı idi. İstəmədən baş roluna çevrildiyim bu hekayənin bir qırağında oturub sonu gözləyirdim. Adamın dünyaya baxış bucağının işıqlandırdığı həyat səhnəsində hər gün fiqurana çevrilirdi Oskara layiq gördüyüm personajlar. Yaxınlıqlarımdan uzaqlaşırdım. Mənəvi uzaqlıqlara qarışırdı, fiziki uzaqlıqlar. Uzaqlıqlarım tamlaşırdı. Tamlaşan uzaqlıqlarım özümlə dolurdu, özümü nə qədər çox itirdiyimin fərqinə varırdım. Özümü onda hər tapanda utanırdım. Saatlarca onunla söhbət edirdim, özümlə söhbət edəndə isə onu səhv çıxardıb, ona gülüb, qəddarcasına onu silmək istəyirdim. Onun içimdə gizlənən yaxşı insanı tapıb hamıya göstərəcəyindən yaman qorxurdum. Əlimə ən kəsici aləti alıb çinarı kəsib, doğramaq istəyirdim. Bəzən sözlərimlə doğrayırdım da...

O isə təmkinlə qanını silir və susurdu belə anlarda. Siyahlarımı boyayan bəyaz idi o, bəli. Mənə sevginin aliliyindən danışardı. Sevgi anlayışı çox fərqli idi. Qəribə mühafizəkarlıq yağırdı sevgisindən. Belə anlarda sevgi haqqında nəsə yazmaq keçirdi könlümdən…

Sonra düşünürəm ki, heç kim birini olduğu kimi sevə bilmir. Kirli sevir hamı.

Ətrafımdakı çox insan yazılmış qaralanmış dəftər vərəqləriydi, sən ortalarda bir yerdə unudulan ağappaq qalan səhifə …

Mən isə əlimdə safran mürəkkəbiylə dolu qələm sənə baxıb düşünürəm, siyahlarımı boyayan bəyaz!

# 2614 dəfə oxunub

Müəllifin son yazıları

# # #