Leyla Əliyevanın şeirlərində insana sevgi - Nargis yazır...

Leyla Əliyevanın şeirlərində insana sevgi - Nargis yazır...
6 mart 2023
# 17:46

Kulis.az Nargisin “Leyla Əliyevanın şeirlərində insana sevgi” adlı yazısını təqdim edir.

Azərbaycanın qadın şairləri içində Leyla Əliyevanın yazdığı sətirlər öz emosional ruh çağırışları, kədərin hakimiyyəti, varlığına inanılan eşqə sitəm, humanizm, tolerantlıq kimi motivlərlə zəngindir. Leyla Əliyevanın əsərlərində yer alan qadın hisslərinin tərənnümü konsepsiyası onun bütün şeirlərinin ruhuna hopmuşdur.

Leyla Əliyevanın şeirləri eşq, sevgi, bəşəri ideallara çağırış, dünyəvi məqamlar, insanpərvərlik kimi məsələləri özündə ehtiva edir. Burada biz humanist çağırışlar edən insan obrazı görürük. O, insanlığa inanır, insanı ali hisslərin tərənnümçüsü olmağa səsləyir. Onun ağır, məşəqqətli yollarda belə yorulmamalı olduğunu, keçdiyi yollarda əzabla yanaşı, gözəllikləri də görməyin vacibliyini, hər şeyə rağmən insanın insanlığını qorumasının lazımlılığını, bu missiyanın onu duruldacağına inamı görürük.

Humanizm ideallarının şeirdə tərənnümü, insana inam motivi, çağdaş ədəbiyyatda çox fərqli şəkildə tərənnüm olunur. Bu motivlər bu günün dünyasında insanların depressiv ruh halından çıxıb, bəşəri ideallara, sülhə köklənməsinə kömək edir. Qeyd edək ki, XIII əsrin sonlarında Avropada bu qaranlıq dövrdən intibaha gedən yolun ziyalıları yetişməyə başlayır. Onlar Qədim Yunan ədəbiyyatı və Latın ədəbiyyatından nümunə götürərək “ideal insan”ı yaratmağa cəhd edirlər. Humanizm insan və insan xoşbəxtliyinə diqqəti yönəldən, transsendent, metafizik və fövqəltəbii məsələlərə şübhə ilə yanaşan etik ənənənin modern ifadəsidir.

Bu gün insan sevgisi kimi başa düşülən humanizm hər bir fəaliyyətdə insanları əsas götürən, həyat dəyərlərinin mərkəzinə insanları qoyan bir anlayış kimi geniş vüsət almışdır. İnsan qəlbini hiss etmək, empatiya hissinin əhəmiyyət də bu zaman ortaya çıxır.

Leyla Əliyevanın uşaq evinin körpələrinə həsr etdiyi “Unuda bilmirəm gözlərini mən” şeiri bu baxımdan təqdirəlayiqdir. Şeirdə gülümsəməyən körpənin timsalında bütün atılan, tək, yalnız körpələrə, uşaqlara diqqət çəkilir. Körpənin üzünü ağlından keçirməyən müəllif, özünü onun yerinə qoyaraq onun tənhalıqlarının dərinliyini ruhunda hiss edir və misralara tökür:

Bircə sən, bircə sən gülümsəmirdin
İndi üzülürəm sənin fikrindən...

Yaxud ...

Bilirəm, axşamlar çox qəmlənirsən,
Divardan o yanda nələr var deyə
Bütöv bir dünya var orda gözəldən gözəl...
Sənsə inanmırsan möcüzələrə.

Görüldüyü kimi, şeirdə bir körpənin gülüşündən yola çıxılaraq onun beyni, düşüncələri, qəlbi ortaya qoyulur və bəşəri kədər motivi tərənnüm olunur. Bunu ancaq bir qadın, bir ana, humanist insan ürəyi hiss edə bilər.

Beləliklə, Leyla Əliyevanın misralarında biz dərin empatiya hissinə malik insan obrazı görürük. Həmin insan qarşılaşdığı bütün insanlara, hadisələrə bu cür mövqedən yanaşır və hadisələri bu kontekstdən təhlil edir. Humanizm insanlığa məhəbbət, insanlığa məhəbbətdir. Bir insanı rənginə, irqinə, dininə, mövqeyinə, mərtəbəsinə fikir vermədən sevmək onun xeyirinə düşünməkdir.

Leyla Əliyevanın “İnsanlar” şeiri əvvəldən sonadək insansevərlik, yüksək insani keyfiyyətlərin tərənnümünə həsr olunub. Buradakı motiv yalnız yaxşı ilə pisin ayrı-seçkiliyinə əsaslanmır, insan fenomenindən kənara çıxır, insan məsuliyyətinə və potensialına əsaslanan fəlsəfi mövqeyin ifadəçisinə çevrilir.

O yazır:

İnsanlar, bilirəm, çətindi sevmək,
Nifrət eləməksə asandı sizə.
İnsanlar heç zaman könül qırmayın
Sevinc bəxş edin bir-birinizə.

Yaxud:

Mən ki, istəmirdim bir kimsəni incidəm.

Leyla Əliyevanın sətirlərində eşqə inamsızlıq hissi güclüdür. Onun misraları ayrılıq, əzab, darıxmaq, sədaqət, kədər motivləri ilə zəngindir.

Onun “Cığırla bir insan baş alıb gedir” şeirində də insana inam motivi güclüdür. Burada insan qəlbinin dünyadakı gözəlliklərə biganə qalmamalı olduğuna dair çağırış var.

Odu, cəsarətlə yeri, ay insan
Dərd çəkməyə səbəb varsa da belə,
İnsan zərrəcik də olsa dünyada
Ən uca zirvəni fəth edə bilər.

Humanist, insan şüurunun, insan şüurunu sorğulamaq gücünə inanır. Dünyada baş verən haqsızlıqların, despotizmin aradan qaldırılmasında, azadlıqlar uğrunda mübarizədə humanizmin canlı və dəyərli intellektual potensialının hələ də öz cazibəsini saxladığına inanan Edvard Səid qeyd edir ki, dəyişiklik bəşər tarixidir, o, insanın tarixinin də insanın əməli ilə formalaşır. O, buna uyğun olaraq inkişaf edən bəşəri elmlərin humanizmin əsasını təşkil etdiyi qənaətindədir.

Nə bilim, bəlkə də həyatımı
Bu kiçik fırçamla çəkib rənglədim
O qədər rəngləyib boyaq vurdum ki,
Aldadıb çaşdırdım öz taleyimi
Bəlkə də doğurdan da, məni görməyi
Nahaqdan hamıya yasaq eylədim?
Yəni belədirmi, varmı bir ürək?
Həm doğrudan sevsin, həm də əbədi.

Humanizm insan haqqında hər şeyi sorğulamaq, aradan qaldırmaq və yenidən düşünmək üçün bir vasitədir. Onun “Tərk edə bilmərəm heç zaman səni”, “Sənə vurulmuşam”, “Gedim bir az ağlayım”, “Səninlə görüşün həsrətindəyəm”, “Sənsiz dəli kimi darıxıram mən”, “Mənə olan sevgin ölə bilərmi” kimi şeirləri güclü sevgi motivi əsasında qurulub.
Fikirlərimi Leyla Əliyevanın “Mənə güc ver ilahi” şeir ilə yekunlaşdırmaq istəyirəm. Burada yer alan “Güc ver insanları, hamını sevim. Axı Sənin zərrən hər insanda var” misralarına nəzər salaq.

Bu misralarda biz Mövlanənin “yaradılanı Yaradanı üçün sev”, Nəsiminin “Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm, Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm” fəlsəfəsi xatırlanır.

# 3336 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #