Leyla Şıxlinskayanın iti olmaq istəyənlər

Leyla Şıxlinskayanın iti olmaq istəyənlər
27 aprel 2018
# 11:41

Mirmehdi Ağaoğlu

Yığışın-yığışın, təzə tema var. Leyla Şıxlinskaya hər ay itinin yeminə 500 manat xərcləyirmiş.

500 manat, a kişi. Bir igidin maaşı. Hərçənd aya 500 manat qazanan adama içi özüm qarışıq igid deməyə dilim dönmür. Hər halda reallıq budur.

Məhkəmədə vəkilin dediyinə görə, Leyla Şıxlinskaya bunu hər ay qara mühasibatlıqla klinikanın büdcəsindən silirmiş. Hə, bu başqa məsələ. Klinikanın büdcəsindən silinən o pulu itinə yox, uşağının geyiminə də xərcləsəydi, yenə eyni şey olardı – qanun pozuntusu, mənimsəmə. Ancaq biz məsələni çox da dərinləşdirmədən “it” məsələsinə gələk. Zatən bizi qanun pozuntuları, büdcədən mənimsəmə, yeyinti, rüşvət məsələləri düşündürmür. Çünki hər il neçə-neçə belə məhkəmələr olur, o məhkəmələrdə kimlərin yüz minləri, milyonları mənimsədikləri üzə çıxır, ancaq o xəbərləri eşidəndə heç tükümüz də tərpənmir. Olsun, o söhbəti “bacarana can qurban” düşüncəsi ilə bir kənara çəkib, öz mövzumuza qayıdaq – Leyla Şıxlinskayanın hər ay itinə 500 manat xərcləməsinə.

Ümumiyyətlə, mən heyvanlara qarşı bu cür münasibəti anlaya bilmirəm. Axı, ətrafında bu qədər aclıq çəkən, ehtiyac içində dolanan adam varkən necə ola bilər ki, heyvana bu qədər pul xərcləyəsən. İlk baxışda heyvanlara qayğı kimi görünsə də dərindən götürəndə içində böyük bir eqoizm var. Sənin ölkəndə nə qədər insan acdır, ancaq evinə 5000 manatlıq akvarium alırsan, neçə min dollarlıq it saxlayırsan.

Başa düşürəm burda, qanuna zidd, qeyri-əxlaqi bir addım yoxdur. Pulu var, könlü istəyir lap balina saxlayır. Kimə nə? Bəli, ilk baxışdan belədir. Dərindən götürəndə isə gərək o qədər böyük əxlaq sahibi olasan ki, vətənində, ölkəndə aylıq maaşı 500 mamat civarında olan bu qədər insan varkən itinə o cür dəbdəbəni rəva görməyəsən. Dərin mətləblərdir, bir ucu gedib Məhəmməd peyğəmbərin “Qonşusu ac ola-ola özü tox yatan məndən deyil” fikrinə dayanır. Hamımız peyğəmbərin bu fikrinə əməl etsəydik, dünya çoxdan yaşanılacaq yer olardı.

Fikirləşirəm, görəsən tanıdığım-bildiyim, dünyada olan-olmayan insanlarından kim qonşusu ac qala-qala hər ay itinin yeminə 500 manat xərcləməzdi? Tolstoy gəlir ağlıma. Dəbdəbəli həyatdan imtina etmişdi, kəndliləri kimi yulaf yarması yeyirdi, onlarla bir yerdə əkində-biçində iştirak edirdi, çox vaxt kəndli qiyafələriylə gəzərdi. Ömrünün sonunda da əsərlərini ümumxalq malı elan etmək istədi, arvadı Sofiya Tolstaya razılaşmadıqda isə baş götürüb evdən qaçdı.

Bax, mənim dediyim əxlaq budur. Gərək nə qədər dərin əxlaqa sahib olasan ki, minimum əmək haqqının 130 manat olduğu, insanların ayda 500 manat tapmadığı yerdə heyvana 500 manat xərcləməyin ayıb olduğunu, insana yaraşmadığını başa düşə biləsən.

Yadımdadır, bir neçə il əvvəl Aygün Kazımova ilə bağlı da belə söhbət yayılmışdı. Xalq artisti demişdi ki, itimin qarderobunun qiyməti 7000 manatdır. Onda Aygün xanımın açıqlamasından o qədər qəzəblənmişdim ki, “İtlərin inqilabı” adlı hekayə yazmışdım. Cavan vaxtlarım idi, solçu damarım tutmuşdu, RAF, Qırmızı Qızılgül kimi solçu təşkilatları haqqında oxuyub cuşa gəlirdim. Hekayənin məzmunu belə idi: məşhur bir müğənninin itinin qarderobunun qiymətinin 7000 manat olduğunu öyrənən inqilabçı küçə itləri, öz it heysiyyətini itirmiş həmcinslərindən qisas almaq qərarına gəlirlər və müğənninin evinə hücum edib iti girov götürmək, sonra pula dəyişmək qərarına gəlirlər. Ancaq plan baş tutmur, inqilabçı itlər güllələnir.

Nəsə çox uzatmayım. Belə gəlib, belə də gedəcək. Bizdə onsuz əvvəldən itə ehtiram göstərilib. Seyid Əzim nahaq yerə “Köpəyə ehsan” şeirini yazmamışdı. Orda necə deyilirdi: “İt deyil, o dəxi bizim birimiz”.

Seyid Əzimin o şeiri yazmasından 150 ilə yaxın vaxt keçib. O dövrün itləri ilə indiki itləri müqayisə edəndə görürsən ki, indikilər bizim birimiz filan deyillər. Bizdən də üstündürlər...

Adamın lap Leylanın iti olmağı gəlir.

# 2347 dəfə oxunub

Müəllifin son yazıları

# # #