Fərid maykanı əyninə keçirib, ətəklərini qaytanına “Calvin Klein” yazılmış, təbii ki, geydirmə olan qırmızı zolaqlı tumanına saldı. Ütünün hərarətini hələ özündə saxlamış qara şalvarını geyinib nənəsinin cehizliyindən qalma dəmir çarpayının üstündən nişastalanmış ağ köynəyi götürdü. Şalvarın qabağını düymələyib kəməri bağlayandan sonra xeyli vaxt bədənnüma güzgünün qarşısında özünə məftunluqla tamaşa elədi. Qara şalvar - bəyaz köynək ona necə də yaraşırdı?! Yay fəsli olmasaydı pencəyini də geyinərdi. Bu cür dəst geyinməkdən xoşu gəlirdi. Belədə özünü film qəhrəmanlarına bənzədirdi. Amma bu zəhrimara qalmış qalstukdan heç xoşu gəlmirdi. Atası təkid eləməsəydi, qalstuk taxmazdı. Amma atasının sözündən çıxa bilmirdi.
Həyətdə, qaysı ağacının altındakı taxtın üzərində oturmuş atası çox qiymətli rəsm əsərinə tamaşa edirmiş kimi qarşısında şux dayanmış oğluna xeyli baxdı. Taxtdan düşdü, çolaq ayağını çəkə-çəkə oğluna yaxınlaşıb məxsusi olaraq onun üçün aldığı qırmızı qalstukun düyününü düzəltdi, aralanıb kənardan yenə oğluna baxdı. Taxta qalxıb təzədən yerində oturdu. Ətrafı dərin sükut bürümüşdü. Fəridin ətrafında dövrə vurub dayanmış anası, gəlinbacısı, bacıları, balaca qardaşı sükutla atalarının nə deyəcəyini gözləyirdilər. Ata yanına qoyulmuş, anasının bayaqdan süzdüyü pürrəngi çaydan bir qurtum aldı:
- Get çıxart köynəyi. Qardaşının qışda gətirdiyi futbolkadı, nə zibildi, onu gey.
Fərid sevincək evə qalxsa da anasının matı-mutu qurumuşdu. O, yaxınlaşıb taxtın kənarında əyləşdi. Fəridin balaca qardaşı da hoppana-hoppana onlara yanaşıb taxta dırmaşdı, atasının dizinin üstündə əyləşdi. Kişi çaydan bir qurtum da içdi:
- Köpək uşaqları geyinmir belə şeylər. Neçə dəfə fikir vermişəm, geyindiyi şortikdi, nə bilim üstü yazılı-yuzulu futbolkadı. Biz hamımız işə qəşəng ütülənmiş köynəkdə, şalvarda gəlirik, o isə bu boyda təşkilatın müdiridi, geyindiyi əski-üsküdü. Nəsə bu əcnəbi köpək uşaqlarının kostyumla, rəsmi geyimlə heç araları yoxdu. Geyimdən isə çox şey asılıdı. Atalar necə deyib, “Adamı geyiminə görə qarşılayarlar”. - Kişi danışdıqca arvadı gah başını tərpətməklə, gah da qısa kəlmələrlə onun dediklərini təsdiq edirdi.
Fəridin böyük qardaşı Rusiyada yaşayırdı. Kənddə iş olmadığına görə hələ on il əvvəl dayısı onu da özü ilə götürüb aparmışdı Rusiyaya, bazarda alverə. Bu on ildə o cəmi üç dəfə doğma kəndinə gəlmişdi. Hər dəfə də çamadan dolusu pay-parça ilə. Sonuncu dəfə evlənmək üçün gələndə sovqatı həmişəkindən az olsa da bacı-qardaşlarını unutmamışdı; Fəridə bir ədəd mavi rəngli, üstü yazılı futbolka, balaca qardaşına açıq yaşıl rəngli suatan tapança, bacılarının hər birinə bir ədəd kiçicik süfrə gətirmişdi. Böhran ucbatından axır vaxtlar alver yox idi. Yığdığı pulu toy üçün saxlamış, amma evə əliboş qayıtmaq istəməmişdi. Süfrələri Çindən mal vurub Moskvaya gətirən eloğlusundan elə topdansatış qiymətinəcə almışdı. Futbolkanı da Moskva küçələrinin birində yoldan ötənlərə havayı futbolka paylayan bir dəstədən. Fəridin sovqatının da düzəlməsinə sevinən qardaş mənzilinə qayıdandan sonra futbolkanı paketdən çıxarıb baxmış, təzədən selofan paketə salıb yol çantasına qoymuşdu. Balaca qardaşını da unutmamışdı. Suatan tapançanı lap yola düşə-düşə binanın qarşısındakı köşkdən almışdı.
Bacıları süfrələri işlətmədilər, onlardan yana ayrılmış cehiz sandığında saxlamaq üçün analarına verdilər. Fərid də futbolkasını işlətmədi, əlamətdar gün üçün saxladı. Təkcə balaca qardaş o dəqiqəcə tapançaya su doldurub atmağa başladı. Evdə islatmadığı üst-baş, dər-divar qoymadı. Gələn gününün səhəri xalası qızı ilə adaxlanıb bir həftə içində evlənən qardaşının toyu günü ehtiyatsızlıqdan tapançasını xarab elədi. Tezliklə Rusiyadan qayıdanda ona yenə tapança alıb gətirəcəyinə söz verən qardaşı artıq altı ay idi ki, getmişdi. Balaca qardaş ilə gəlin intizarla onun yolunu gözləyirdilər.
Fərid futbolkanı selofandan çıxarıb tələsik sevimli gəlinbacısına ütülətdi, qaynar-qaynar əyninə keçirib istidən qovrula-qovrula həyətə, atasının yanına qaçdı.
- Adam səni görən kimi bəyənəcək, baxarsan. Onlar belə geyimdən ötrü ütürlər. Allah qoysa fermada heyvanların altını atmağa fəhlə işindən-zaddan verər sənə. Yaxşı get, allah amanında.
Artıq üç aydan çox idi ki, kənddə Avropa cinsli inəklərin yerli şəraitə uyğunlaşdırılması mərkəzi açılmışdı. Mərkəzin direktoru buranın camaatının rəhbər işçilərdə görməyə adət etmədikləri dərəcədə gülərüz olduğu üçün kənddə hamının “Bambılı” adlandırdığı Adam adlı ingilis idi. Azərbaycanca yaxşı anlamayan Adamla rastlaşan itoynadan cahıllar salam-kəlamdan sonra onun anlamayacağı bir tərzdə ingilisi şəbədəyə qoyurdular. Cahılların onunla məzələndiklərini anlamayan ingilis də məsumcasına gülümsəyirdi. Elə bu yersiz gülümsəmələrinə görə kənddə hamı onu Bambılı çağırırdı.
Fəridin atası mərkəz açılandan orada zootexnik işləyirdi. O Sovet dövründə texnikumda yiyələndiyi, kolxoz ləğv olunduqdan sonra tərk etdiyi ixtisasına yenidən qayıtmışdı. Adam özü kimi soyuq ölkədən gəlmiş bu cins inəkləri yerli şəraitə uyğunlaşdırmağa, onları yerli inəklərlə cütləşdirməyə çalışsa da özü nə bu isti iqlimə öyrəşə bilir, nə də cütləşə bilirdi; asudə vaxtını ətrafı hündür şam ağacları ilə sarılı, qırmızı kərpicdən Sovet memarlıq üslubunda tikilmiş keçmiş kolxoz binası olan ofisində kondisionerin altında kənd dükançısının məxsusən onun üçün Bakıdan sifarişlə gətizdirdiyi “Heinkein” pivələrindən içərək keçirirdi.
Fərid qapını taqqıldadıb içəri girəndə Adam yumşaq kreslosunda əyləşib pornofilmə baxırdı. Stolun üzərindəki açıq yaşıl “Heinkein” butulkasının üzəri puçurlamışdı. Adam onu narahat edib işindən ayıranın kimliyini müəyyənləşdirmək üçün başını qaldıranda sifariş etdiyi qadının düşündüyündən də füsunkar olmasına sevinən adamlar kimi heyrətləndi. Ciddi sifətinə yenidən gün doğdu. Çöhrəsi aydınlandı.
Fərid ona qarşı olan bu isti münasibəti atası ilə əcnəbinin aralarının yaxşı olmasına yozdu.
Qara dəri divanda yanaşı əyləşmişdilər. Adam Fəridə də bumbuz “Heinken” pivəsi açmışdı. Onun butulkası da yavaş –yavaş puçurlanırdı.
Fərid mərkəzdə işə düzəlmək istədiyini bildirəndə Adam əlüstü onu işə götürəcəyini bildirdi. Hətta yüksək maaş da vəd edib butulkaları bu tanışlığın şərəfinə qaldırmağı təklif etdi. Butulkaları toqquşdurandan sonra hərəsi bir qurtum alıb mizin üstünə qoydu. Fərid belə asanlıqla işə düzəlməsinə sevinir, gülərüzlülükdə Adamdan geri qalmaq istəmirdi.
Adamın iri, sarımtıl əlləri buduna toxunanda sifəti bozarsa da, özünü ələ aldı. Soyuqqanlılıqla, özünü o yerə qoymadan gözünün ucu ilə Adamın əllərinin hərəkət trayektoriyasını izləməyə başladı. Lakin iri, sarımtıl əllər paçasını qamarlayanda Fərid daha dözə bilmədi. Adamın əlini kənara itələyib ayağa qalxdı. Nə yuvanın quşu olduğunu öyrəndiyi adamı söyüb qapıdan çıxmaq istəyəndə Adam onun qolundan yapışıb sakitləşdirməyə çalışdı. Köynəyi barədə nəsə dedi. Fərid isə daha burda durmaq istəmədi.
Fərid ofisdən çıxan kimi başını qaldırıb ətrafa belə baxmadan özünü tələsik bənddən aşağı verdi. Kanalın kənarında dayandı. Qardaşının ona sovqat gətirdiyi, üstünə “Sorry girls. I’m gay!” yazılı mavi futbolkanı çıxarıb şiltə-şiltə elədi, axar suya tulladı. Əyilib kanalın bulanıq, lilli suyunda əl üzünü yudu. Bəndi qalxıb utana-utana, ara yollarla tələsik evlərinə qaçdı.
Kənd içində maykada gəzmək ayıb sayılırdı.
2010