Ziyalı inqilabçı olmayanda...

Ziyalı inqilabçı olmayanda...
21 fevral 2013
# 12:38

Məmməd SÜLEYMANOV

“Bəs sizlər nə fikirləşirdiz? Elə bilirdiz, inqilab - idilliyadır? Və Yaradıcılıq öz yolunda heç nəyi dağıtmır? Yüzlərlə kələkbaz, təxribatçı, müftəxor ortada qalan sərvətə göz dikməyəcək? Nəhayət, “qaralar”la “ağlar”, “təhsillilər”lə “təhsilsizlər”, ziyalılarla xalq arasındakı əsrlərin ədavəti “ağrısız”, “qansız” həllini tapacaq?”

(Aleksandr Blok. “Ziyalı və İnqilab”)

1918-ci il, yanvarın 5-də Aleksandr Blok gündəliyində yazır: “Ziyalıların sevimli məşğuliyyəti etirazlarını ifadə etməkdir: teatr qapadılıbsa, qəzet bağlanıbsa, kilsə dağıdılıbsa - etiraz. Qan azlığının düzgün əlaməti: deməli, öz qəzetinizi və öz kilsənizi güclü sevməyibsiz”.

Həmin günlərdə Blokun fikirlərini sosial statusda əlahiddə mövqeləri ilə qürrələnən ziyalıların inqilaba aşağılayıcı münasibəti və bu cür skepsisin səbəbləri məşğul edir. Nəticədə üstündən 96 il keçəndən sonra da sanki bu gün yazılıbmış kimi oxunan “Ziyalı və İnqilab” mətni ərsəyə gəlir. Bu barədə şair-yazıçının gündəliyində 9 yanvar günü üçün aşağıdakı qeyd var: “Bütün axşamı yazıram. “Ziyalı və İnqilab” məqaləsini tamamladım. Onunla birlikdə gələcək kitab da (7 məqalə və ön söz) tamamlandı”. Həmin qeydində Blok kitabın mövzusu üzərində 1906-cı ildən işlədiyini də vurğulayır.

Məqalə “Utro Rossii” qəzetində çap olunur və ziyalıların tanınmış nümayəndələrinin - “tanrı kimi düşünüb burjua kimi yaşayanlar”ın (Şarl Bodler) sərt tənqidi ilə qarşılaşır. Oktyabr İnqilabını ilk gündən sevinc və entuziazmla qarşılayan Blokdan fərqli olaraq, rus ziyalılığının əksər nümayəndələri bolşeviklərin qələbəsinə ifrat mənfi münasibətdə idilər. Bloku düşündürən, onun cavab axtardığı sual da elə bu idi: Niyə çarizmə qarşı müxalifətdə dayanmış bu şəxslər, illər boyu “İnqilab” deyib duranlar, Stolıpini, Rasputini və Durnovonu qamçılayanlar, Azefi və provakatorları lənətləyənlər, Azadlıq istəyənlər indi budur, illər boyu şikayətləndikləri hisslər - darıxma, dəhşət, tövbələr və ümidsizlik bitəndə, irəlidə tamamilə yeni üfüqlər görünəndə öz yuvalarına çəkilib hamısı sözləşiblərmiş kimi Yeniliyə yumruq göstərirlər? Məgər onlar deyildi çarizmə, Dünya Savaşına, ədalətsizliyə qarşı kükrəyənlər, yeni dünya istəyənlər?

Və Blokun məqalədə yazdığı sayaq: “Rusiya ziyalısı sanki kar olub: xırda qorxular, cılız sözlər. Xoşniyyətli, ancaq zəif savadlı birisinin əli ilə yazılmış elanda səhvlər tutub onu lağa qoymaq ayıb deyilmi? “Axmaq suallar”a cavab verməyib susmaq ziyalı mövqeyidirmi? “Yoldaş” sözünü qəsdən dırnaqarası işlətmək lovğalıq deyilmi?”

Əslində bu cümlələri ilə Blok suallara cavab verir: Özlərini Göyün yeddinci qatında sayan, dinlədikləri musiqi və şeirlərlə, oxuduqları kitablarla öyünən və xalqa qara, korafəhim kütlə kimi baxan rus “ziyalılar”ı bu xalqın qələbəsini öz burjua həyat tərzləri üçün sonsuz təhlükə kimi görürlər. 4 il ərzində bu xalqın milçək kimi məhv edildiyi Dünya Savaşını müdafiə edənlərin indi qandan, fəlakətdən danışması isə gülünc görünür. Axı həmin ziyalılar Avropa xalqları bir-birini palçıqlı səngərlərin toplusu olan cəbhələrdə qanına qəltan edəndə işsizlik və darıxma içində oturub qırğını seyr edirdilər. Bəs o vaxt niyə fəlakətdən danışmırdılar? Əksinə, bu müşahidəçi statusuna öyrəşib “müharibədən əvvəlki mənzillərinin bütün çirkinliklərini - xəyanət, kart düşkünlüyü, əyyaşlıq, xırda mübahisələr və şayiələri də yanlarında gəzdirirdilər”.

***

Əlbəttə, “ziyalılar” özlərinin bu cür çılpaq portretindən məmnun qala bilməzdilər. Bir var bunu Bonç-Bruyeviç, yaxud Trotski yazsın (nə olsun ki, təhsillidirlər - ziyalılar üçün onlar aşağı instinktlərlə yaşayan kütlənin bələdçiləri olaraq qalırlar), bir də var bu sərt, öldürücü diaqnoz məşhur şairdən - Aleksandr Blokdan gəlsin... Öz sexlərindən, öz sektalarından səslənən tənqidi onlar dərhal xəyanət kimi qəbul etdilər.

Blok yanvarın 22-də gündəliklərində yazır: “Yesenin zəng vurmuşdu, dünənki “Utro Rossii” qəzetindən danışdı. Onu, Andrey Belını və məni lənətləyir, “xain” adlandırırlar. Kadetlər və Merejkovski mənə bərk qəzəblidir... Cənablar, siz heç vaxt Rusiyanı tanımamısız və heç vaxt onu sevməmisiz. Həqiqət gözlərinizi deşir...”

4 gün sonra - yanvarın 26-da Blok gündəliklərində yenə bu mövzuya qayıdır: “Məqalə (“Ziyalı və İnqilab” - Red.) barədə təəssüratlar: Merejkovski açıq-aydın boykota eyham vurur, Soloqub deyir ki, “bizim sevdiyimiz” Blok keşişlərə qarşı heç olmasa indi felyeton çap etməsin...”

Aleksandr Blokun ziyalılıq manifesti sayılmağa layiq məqaləsini ziyalılar süngü üzərində qarşılayır. Və Blokun hələ yanvarın 14-də gündəlikdə yazdığı qeydlər bir daha təsdiqini tapır: “Tamamilə qeyri-adi hadisə baş verməkdədir: “ziyalılar”, yəni, inqilabı təbliğ edən şəxslər, “inqilabın məsihləri” indi onun xainlərinə çevrilib. Qorxaqlar, araqatanlar, burjua alçaqların qabyalayanları...”

Və nə qəribə ki, bu mövqeləri ilə Blok özünü nəinki bolşeviklərin tərəfində hiss etdirir, üstəlik onunla Leninin fikirləri səsləşir. Müasir rus marksisti Vladimir Arslanov lap yaxınlarda orijinal bir fikir səsləndirdi: Marksın yanında onu həmişə anlayan Engels olub, Lenini isə ən yaxşı anlayan isə Aleksandr Blokdur.

Əlbəttə, onlar nəinki dost, heç yaxın tanış da omayıblar. Ancaq istər “ziyalılar”a münasibət, istərsə də ən çətin 1918-ci ilin hadisələrinə sərgilədikləri mövqelər bir-birinə çox yaxındır. Məsələn, hələ 1917-ci ilin 19 oktyabrında (Diqqət! - Sosialist İnqilabının başlanmasından 1 həftə əvvəl) Blok gündəliyində yazır: “Yalnız Lenin inanır ki, hakimiyyətin demokratiya ilə zəbti müharibəni yox edir və ölkədə hər şeyi sahmana salır”.

Yaxud, Uçreditelnoye Sobraniyeyə (Təsis yığıncağı, parlament) Blok inanmır: “Parlamentlərə, təsis yığıncaqlarına instinktiv nifrət. Çünki, gec, ya tez hansısa Milyukov çıxıb söyləyəcək: “Qanun layihəsi 3-cü oxunuşda əksəriyyət tərəfindən rədd edilir”.

Və Lenin bu parlamenti qapadanda, onun ən qızğın tərəfdarlarından biri də Aleksandr Blok olur. O, ziyalılar arasında İnqilaba dəstəyin əhəmiyyətini ilk anlayanlardandır. Yanvarın 18-də Blok yazır: “Bir də nəyi anladım: bolşevizmin işçi tərəfini. Burada onlara kömək etmək lazım. Xalqda qanadlar var, bacarıq və bilik isə çatışmır. Doğrudanmı, “bacaranlar”ın çoxu köməyə gəlməyəcək?”

“Ziyalı və İnqilab” məqaləsi də konkret məqsədlə yazılıb - İnqilabın ziyalıların köməyinə ehtiyacı var. Və ziyalılar bu köməyi göstərməlidirlər.

***

“Yalnız sosial ədalətsizlik haqda biliklər insanı insan edir”

(Aleksandr Blok. “Ziyalı və İnqilab”)

Müəllif ortaya “dəmir məntiq” qoyur. Çarizmin mənfurluğuna və müharibənin fəlakətlərinə tolerantlıq göstərən “ziyalılar”a “Nə daha ürəkbulandırıcıdır: o qırğın, yoxsa indiki bekarçılıq” sualını verir. “İnsan qəlbində, xalqın ruhunda əzəldən gizlənən niyyətlər onları sıxan buxovları qırıb coşqun axınla irəli atılanda, bəndləri aşanda - bu, İnqilabdır”. Məgər ziyalılar da bunu arzulamırdı?!

Əlbəttə, arzulayırdılar. Ancaq onlar İnqilabı tamam başqa cür təsəvvür edirlər və “İnqilabda yalnız öz arzularının icrasını axtarmağı düşünən adam yazıq adamdır. İnqilab qasırğa kimidir, çovğun kimidir; o, çoxlarını aldadır; öz burulğanında hətta yaxşıları da şikəst edir, layiqsizləri isə sağ-salamat quruya çıxara bilir; ancaq bunlar - ayrı-ayrı təfərrüatdır, axının nə ümumi istiqamətini, nə də qulaqbatırıcı uğultusunu dəyişir. Bu uğultu istənilən halda möhtəşəmdir”.

Blokun izahı da möhtəşəmdir: “Ziyalılar” üçün inqilab - şəxsi arzuların reallaşmasıdır və bu, baş vermirsə, onlar “qara kütlə”dən, “savadsızlar ordusu”ndan, “layiqsizlərin hakimiyyəti”ndən danışırlar, “məhv olan ölkə” üçün ağlaşırlar, qələmlərini itiləyib nifrinlər yağdırırlar. Onlar üçün yalnız bir ssenari qəbulounandır - çar yıxılır, xalq yenə ən aşağıdadır, boş pyedestala isə özləri yüksəldilir. Axı onların ədəbiyyatdan, musiqidən, fəlsəfədən başları çıxır, onlar etiketi bilirlər, səhvsiz yazırlar və intellektualdırlar. Xalq isə...

Blok yazır: “Həyat gözəldir. Buna inanmayan xalq və ya insan niyə yaşamalıdır? Əgər fikirləşirsə ki, yaşamaq “elə də pis deyil, ancaq yaxşı da deyil” və hər şey öz... təkamül axarı ilə getməlidir...” Bununla da Blok təkamülü yox, İnqilabı seçdiyini qabardır. Yəni, “Elə yaşamalısan ki, həyata münasibətdə ölçüsüz tələblər irəli sürəsən: ya hər şey, ya heç nə; gözlənilməyəni gözləməli; “dünyada olmayana” yox, dünyada olmalı olana inanasan - əgər o, indi mövcud deyilsə və hələ uzun müddət olmayacaqsa da.”

***

“Kremllərin, sarayların dağılmağından qorxmayın. Onları xalq üçün qorumaq gərəkdir; ancaq onları itirməklə xalq hər şeyi itirmir. Dağılan saray - saray deyil. Taxt-tacdan düşürülən çar - çar deyil. Kreml ürəyimizdədir, çar - başımızda” - Blok ziyalılara səslənir.

Qəribə dövr gəlib: “yaxşı adamlar” öz xalqından gileylənir, ətraflarında vəhşilik və kobudluqdan başqa heç nə görmək istəmir, hətta “heç bir inqilab olmayıb” deyirlər. Əvvəllər çarizmə nifrət edənlər artıq ona ağuş açmağa hazırdırlar, dünənki beynəlmiləlçilər bu gün “müqəddəs Rusiya”dan danışırlar. Müharibəni dayandırmaq istəyən Leninə münasibətdə eserlər “Döyüşməyək, ancaq üsyan edək” taktikası sərgiləyir (Heç kəs səngərə yollanmaq istəmir, ancaq savaşı bitirməyə çağıran bolşeviklərə qarşı üsyana çağırır).

Və bu absurdla yalanın qovuşduğu cinahda bəlli olur ki, “ziyalı” elə əvvəlki kimi yaşamaq istəyir. Burjua kimi, o da imtiyazlarına təhlükə görür. Və burjua kimi, o da əks-inqilabçıdır.

“Yekaxana siyasətbazlıq - böyük günahdır. Ziyalılar nə qədər çox öyünməkdə və istehza etməkdə davam etsə, ətrafda bir o qədər çox dəhşət və qan olacaq. Təkəbbürlə ədviyyələnmiş bu elastik, quru, dadsız “ehkamsız ehkamçılıq” təhlükəlidir. Vahiməyə qarşı yalnız ruh dayana bilər” - Aleksandr Blok məqaləsinin sonunda yazır.

Onun ziyalılara ünvanladığı “Bütün bədənlə, ürəklə, şüurla İnqilabı dinləmək” çağırışına tezliklə eserlərin "Trud" qəzetində cavab dərc olunur. Cavabın da adı "Ziyalı və İnqilab" idi. Müəllifi - eserdi. İnqilab pislənirdi. Ziyalılar onu müdafiə etməməyə çağırılırdı. Bu məqaləni isə İlya Erenburq yazmışdı.

Sonrası ümumməlumdur. İnqilabçı Blok 1922-ci ildə vəfat etdi. Əks-inqilabçı Erenburq Stalinin lakeyinə çevrildi. İstedadlı lakeyə. Və keçmişinə xəyanət etdi. Stalinin ölümündən sonra Stalinə də xəyanət etdi, onu pislədi. Ruhu bədənə dəyişdi…

İnqilabı ziyalılar müdafiə etməyəndə, o, yoldankeçən “intellektual avaralar”ın girovuna çevrilir...

P.S. Heyf Aleksandr Blokun məqaləsi dilimizə tərcümə olunmayıb. Təkcə o yox, həm də Emil Zolyanın “Mən ittiham edirəm”i, yaxud şairin həmfamili olan Mark Blokun “Qəribə məğlubiyyət” kitabı. Hər üçü eyni aktual problemi qabardır...

# 3957 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #