“Cənnət böyük bir supermarketdir”

“Cənnət böyük bir supermarketdir”
10 yanvar 2013
# 14:00

Böyük Anton Çexov “Yazıçının vəzifəsi cavablar vermək yox, suallar qoymaqdır” yazırdı. Bu, çoxluğun hazır cavablarla yemlənərək düşünməmək istəyinə çəpər çəkmək cəhdi də sayıla bilər. Sənə cavabları başqaları öyrədirsə, bir insan kimi öz dərrakən nəyədir?

Bu, həm də ədəbiyyatın elitarlığına işarə idi. Yəni, yazıçını düşünə bilənlər, düşünmək istəyənlər oxumalıdır. Yaradıcı üçün fəxrdir ki, onun auditoriyası kütlə deyil. Onsuz da obıvatel üçün sual da, cavab da əhəmiyyətsizdir. Əsl ədəbiyyat hazırlıqlı oxucu üçündür.

Üçüncü bir şərt də var - yazıçı öz nəticələrini təlqin etməməli, sırımamalıdır. Əsl ədəbiyyatın detektivdən fərqi də budur - çeşidli detektiv müəllifləri mütləq sonda hazır cavabı təqdim edirlər, intriqanı çözürlər və məhz onların təqdim etdiyi nəticə yeganə düzgün cavab kimi təlqin olunur.

Ancaq demək ki, yazıçı əslində heç bir cavab vermir - səhvdir. Sadəcə bu nəticə kamuflyaj olunur, oxucu ilə yazıçı “qəlb qohumluğu”nda olmalıdır ki, birincisi ikincisinin nə demək istədiyini anlasın. Özü addım-addım o nəticəyə gəlsin. Fikir axarı sonunda cavabı tapıb oxucu “Evrika” söyləyəndə, onu müəllifin yox, özünün cavabı kimi qəbul etsin. Əvvəl-axır, əsəri bitirib ardınca fikrə dalmırsansa, sualı özün çözməyə çalışmırsansa, deməli, oxuduğun əsər yox, “kütləvi istehsal”dır.

Bir sözlə, müəllifin cavabı oxucunun öz cavabı kimi qavranılır. Və buna elə Çexovda nə qədər desəniz təsdiq tapa bilərsiniz.

***

Onun 38 yaşında yazdığı bir hekayəsi var: “Mormutu” (rusca - “Krıjovnik”). Mormutu - qarağat fəsiləsindən kol bitkisidir. Vaxtilə Miçurin onu “Şimal üzümü” adlandırmışdı.

Hekayənin süjeti sadədir: Baytar həkimi İvan İvanoviç yağışdan daldalanmaq üçün gəldikləri evdə yoldaşlarına qardaşı Nikolay İvanoviç haqqında danışır. Qardaşı ömrü boyu kənddə necə mülk sahibi olmaq istəyir, bunun üçün yeməyindən, geyimindən, istirahətindən kəsib bütün gəlirini mülk üçün toplayır, sonra yaşlı və çirkin qadınla evlənir ki, onun da pulunu arzusunu reallaşdırmaq üçün işlətsin... Qadın yarıac yaşayışdan xəstələnib ölür, Nikolay İvanoviç isə sonunda mülk alır və orada mormutu əkir. Mormutu onun ikinci arzusuydu - mütləq həyətdə bu koldan olmalıydı.

İvan İvanoviç qardaşına baş çəkir, onun qocalmış sifətini, piylənmiş qarnını, donuza oxşayan fizionomiyasını... təsvir edir, necə gecənin yarısı yatağından qalxıb masaya yaxınlaşaraq böyük həzlə mormutu yediyini xatırlayır. İvan İvanoviç səhər açılan kimi qardaşının evindən qaçır.

Alın, bu da sizə xoşbəxt adam! Ən böyük arzusunu həyata keçirib, mülkü də var, mormutusu da. Mujiklər ona itaət edir, əsl ağadır, bayram günlərində kəndliləri bir vedrə arağa da qonaq edir, onlar da içib təriflər söyləyirlər. Həyatın mənası xoşbəxtlikdə deyilmi? - Nikolay İvanoviç xoşbəxtdir...

İvan İvanoviç isə bu cür düşünmür. Çexovun qoyduğu sual da budur: Xoşbəxt adamın həyatını mənalı saymaq olarmı?

***

Çexovun sualı necə qoyduğunu qabartmaq üçün hekayədən balaca bir parçanı təqdim edirəm (Tərcümə özümün olduğundan, keyfiyyətinə söz vermirəm):

“Siz bir bu həyata baxın: güclülərin abırsızlığı və bekarçılığı, zəiflərin cahilliyi və heyvanlığı, ətrafda ağlasığmaz yoxsulluq, basırıqlıq, cırlaşma, əyyaşlıq, riyakarlıq, yalan... Eyni vaxtda isə bütün evlərdə və bütün küçələrdə səssizlik, asudəlik; şəhərdə yaşayan 50 min adamdan bir nəfər də çığırmır, bərkdən hiddətlənmir.

Biz görürük ki, bazara ərzaq ardınca gedirlər, günorta yeyirlər, axşam yatırlar, çərənləyirlər, ailə qururlar, qocalırlar, öz ölülərini iltifatla məzarlığa daşıyırlar... Ancaq biz əzab çəkənləri görmürük və eşitmirik. Yaşamağın dəhşəti haradasa pərdə arxasında baş verir. Hər şey sakitdir, səssizdir və yalnız lal statistika etiraz edir: bu qədəri dəli oldu, bu qədər vedrə araq içildi, bu qədər uşaq aclıqdan tələf oldu...

Və görünür, bu qayda, bu düzüm gərəklidir; xoşbəxt özünü ona görə xoşbəxt hiss edir ki, bədbəxtlər yüklərini susaraq çəkirlər və bu susqunluq olmazsa, xoşbəxtlik də mümkün olmaz. Bu, ümumi hipnozdur. Gərəkdir ki, hər bir xoşbəxt, razı adamın qapısının arxasında kimsə çəkiclə dayanaraq ona daima səslə xatırlatsın. Xatırlatsın ki, bədbəxtlər də var və o nə qədər xoşbəxt olursa olsun, həyat gec-tez ona caynaqlarını göstərəcək, fəlakət baş verəcək - xəstəlik, yoxsulluq, itkilər. Və o vaxt onu bir kimsə görməyəcək və eşitməyəcək, necə ki, o özü indi görmür və eşitmir. Ancaq əli çəkicli adam yoxdur və firavanlıqdır...”

***

Bir neçə il əvvəl bənzərsiz Çulpan Xamatova Kremlə çağırılanda orada məhz hekayənin bu hissəsindən sitatla çıxışına başlamışdı. Sonralar o, xatırlayırdı: Müəllifin (Çexovun) adını çəkmədən nitqinə başlayanda zalda oturmuş mədəniyyət-incəsənət nümayəndələrinin gözlərində çaşqınlıq və qorxu oxuyur. Qalina Volçek isə başını tutub “Sən nə edirsən!” deyirmiş.

Budur Çexovun yazdıqlarındakı əbədiyyət. Əsrlər (hekayə 1898-də yazılıb) və minillik dəyişib. Dövlətlər və sistemlər bir-birini əvəzləyib. İnformasiya, texnika, texnologiyalar, istehsal və istehlak bumu... Ancaq məzmun həminkidir - Xoşbəxtləri rahat edən bədbəxtlərin sükutudur. Bir mülk və bir neçə mormutu kolu - xoşbəxtlikdir, əgər ətrafdakı mujiklər etiraz etmirlərsə və ara-sıra qabaqlarına qoyduğun araqdan keflənib şəninə təriflər deyirlərsə...

Ancaq bu, Çexovun cavabı deyil. Əksinə, Çexovun sualı indi başlayır: Bu cür xoşbəxtlik üçün ümumiyyətlə yaşamağa dəyərmi? Budurmu həyatın mənası?..

***

Çexovun qaldırdığı sualdan müvəqqəti uzaqlaşıb məsələyə başqa bucaqdan baxaq. 1958-ci ildə neomarksist filosof Erix Fromm telemüsahibəsində söyləyirdi: “Əgər insanlardan cənnəti necə təsəvvür etdiklərini soruşsanız, yalan danışmazlarsa əksəriyyəti deyəcək ki, cənnət onlar üçün böyük bir supermarketdir, hər həftə oraya yeni məhsullar gətirilir və onları almaq üçün yetərincə pulun var”.

Cənnəti xoşbəxtliyin sinonimi qəbul etsək, onda müasir insanın xoşbəxtlik kriterilərini sadalamaq da asanlaşır. Və bundan sonra Sovet fiziki Zeldoviçin “Xoşbəxtlik - səhər işə getmək, axşam isə evə dönmək həvəsidir” aforizmi obıvatelin nəzərində gülməli və gülünc söz yığınına çevrilmiş olur.

Cəmiyyətin əsas məramının insana və insanların xoşbəxt olmasına xidmətdən ibarət olmasını qəbul etsək, onu təşkil edən fərdlərin nəyi xoşbəxtlik saymaları artıq bu cəmiyyəti qiymətləndirmək və adlandırmaq, çox halda isə ona diaqnoz qoymaq üçün yetərlidir. Konkret olaraq Azərbaycan cəmiyyətində xoşbəxtlik kriteriləri hansılardır? Sadalamağa ehtiyac duymuram, çünki miskinlikləri təkrarlamaq istəmirəm. Burada əsas sual indi nələrə tapınmağımızda yox, niyə onlara tapınmağımızdadır. Səbəblərdə və motivlərdədir.

Vaxtilə Erix Fromm “Psixoanalizin böhranı” əsərində yazırdı: “Hazırkı sənayenin getdikcə daha çox istehlak yaratması və onu təmin etməsi faktı tərəqqi hesab olunur, Azadlıq dedikdə isə alıcının pul kisəsinə uyğun gələn əşyaları seçmək azadlığı nəzərdə tutulur. Yəni, Azadlıq - istehlakçının istehlak azadlığıdır”.

Bundan sonra təsadüfidirmi ki, 80-cı illərin sonlarında “Böyük demokrat” Yeltsin ilk dəfə Qərbə gedib qayıdandan sonra əksinqilabın ruporlarından olan “Oqonyok” jurnalının hazırda ABŞ-da bulvar jurnalı çıxarıb falçıları reklam edən (hər kəsə özününkü) redaktoru Korotiç ondan müsahibə alarkən ən güclü təəssüratını soruşanda Yeltsin ona “Supermarketdəki çeşid-çeşid kolbasa” cavabını vermişdi. Buymuş “demokratlar” üçün azadlıq - çoxsaylı ətsiz kolbasalar arasında seçim etmək azadlığı.

***

Karl Marks sosializmi insan tələbatlarına xidmət edən cəmiyyət adlandırıb. Onda sual doğur: Məgər hazırkı kapitalizm elə insanın tələbatlarının təmininə yönəlməyibmi? Reklam şirkətləri, istehlakçının motiv, istək və təkliflərini öyrənən çoxsaylı statistik bürolar, sorğular... - onların işi tələbatları təmin etmək deyilmi?

Problemin kökü ondadır ki, bir filmimizdə deyildiyi kimi, “Almadan almaya fərq var”... Marks İNSAN TƏLƏBATLARI deyəndə insanın təbiətinin, məzmununun reallaşmasını təmin edən, təbii tələbatları nəzərdə tuturdu. O dəyərləri ki, insanı insan edir, onun potensialını açır. İstehlak dəyərləri isə ona xoşbəxtlik şərti kimi sırınan süni tələbatlardır.

İnsanın mahiyyətini açmaq üçün Marksın istifadə etdiyi misallardan biri onun pul və pulun insan təbiətini təhrif etmək gücünə dair mülahizəsidir. Marks yazırdı: “Pul sədaqəti xəyanətə, sevgini nifrətə, nifrəti sevgiyə, xeyirxahlığı qüsura, qüsuru xeyirxahlığa, qulu ağaya, ağanı qula, səfehliyi ağıla, ağlı səfehliyə çevirir. Pul qeyri-mümkünləri bir-biri ilə qucaqlaşdırır...İndi isə insanı bir insan kimi, onun ətrafla münasibətini isə insani münasibət kimi təsəvvür et: bu halda sən sevgini ancaq sevgi ilə mübadilə edə bilərsən, etimadı isə etimadla və s. Əgər incəsənətdən zövq almaq istəyirsənsə, mədəni cəhətdən təhsilli olmalısan...”

Marks əsl və yalançı tələbatları bir-birindən ayırmaq üçün “insan təbiəti” adlandırdığı xüsusi anlayışdan yararlanırdı. Subyektiv olaraq hər kəs özünün yalançı tələbatını da çox mühüm və təxirəsalınmaz sayır. Subyektiv cəhətdən əsl və yalançı tələbatları fərqləndirmək üçün kriterilər mövcud deyil. Xüsusən də informasiya zombiləşdirməsi, TV və reklam subyektə bu imkanı vermir. Olur ki, fərd yalnız yalançı tələbatlarını dərk edir və əsl tələbatlarını dərk etmir.

***

“İnsan təkcə çörəklə yaşamır” - minillərin kəlməsi. Lixtenberq isə 18-ci əsrdə yazırdı: “Bağışlayın, cənablar, axı insan təkcə cinsiyyət və həzm orqanlarından ibarət deyil...” Daha nələrsə var. Və insanı insan edən də məhz bu “daha nələrsə”dir.

Marksdan daha bir sitat: “İnsan bir İnsan kimi nə qədər yoxsullaşırsa, onun pula tələbatı da bir o qədər böyüyür, onun pulunun hakimiyyəti isə istehsal əşyalarının kütləsinə tərs mütənasibdir; bu, belədir: pulunun gücü artdıqca onun tələbatları da artır... Öz yadlaşma tələbatlarına boyun əyən insan ruhca da, cismani də artıq İnsan deyil... O, özündənrazı və özünü dərk edən əmtəədir. Bu insan-əmtəə ətraf dünya ilə yalnız bir münasibət üsulunu tanıyır: malik olmaq və istehlak etmək. Onun yadlaşması nə qədər çoxdursa, istehlak və sahib olmaq da bir o qədər həyatın mənasına çevrilir”.

Və Marksın fikirlərinin rezümesi: “Mövcudluğun nə qədər mənasızdırsa, bir o qədər az öz həyatını büruzə verirsən, malik olduqların bir o qədər çoxdur, bir o qədər çox həyatın yadlaşıb”.

Marksın psixoloji təlimində (“1844-cü ilin iqtisadi-fəlsəfi əlyazmaları” kitabı) OLMAQ və malik olmaq bir-birinə antaqonist anlayışlardır. İnsan nə qədər az İNSAN OLURSA, bir o qədər çox malik olmağa can atır.

Bir sözlə, istehlakı mərkəzi dəyərə çevirəndə, insan insanlığından uzaqlaşır, simasızlaşır, yadlaşır.

Əvvəl ludditlər, sonra Marks, 20-ci əsrin ilk illərində isə öz “Dəmir Daban”ında Cek London insanların maşınların əsarətinə düşəcəyini proqnozlaşdırırdı. İnsanlar isə təkcə maşınların (istehsal vasitələrinin) yox, həm də (və ilk növbədə) simvolların hakimiyyəti altına düşdü. Az qalsın hər gün tapılan və reklamla sırınan süni tələbatlar ilk növbədə simvolların təsiri altına düşməkdir. Heç bir funksionallığı olmayan əşyalar düşünülür, sonra informasiya, təbliğat və reklamla obıvateldə ona iştaha və süni tələbat yaradılır. Nə vaxtsa Marks “istehsal xədimlərinin saray xədimlərindən daha çox və iyrənc üsullarla iştaha və ehtiras yaratdığını” yazırdı. Bu yolla onlar fərdlərin ciblərini soymağı, aldatmağı, hər cür zəiflikləri özləri üçün pula, dividentə çevirməyi bacarırlar.

***

Vəziyyət eynilə Emil Zolyanın “Reklam qurbanı” hekayəsinin qəhrəmanı Pyer Landrinin başına gələnləri xatırladır (İnanmaq çətindir ki, Zolya bu hekayəni 120 il əvvəl yazıb).

Reklam olunan hər şeyi alan, ömrünü reklamları oxumağa və istehlaka sərf edən Landrini sonunda vannada ölü tapırlar: bir şarlatan onu inandırır ki, satdığı “dərmanları” alarsa, o, 15 yaşlı yeniyetməyə çevriləcək (Landrini isə reklam olunan hər zir-zibili alıb istifadə etməsi erkən qocaltmışdı).

Landri xoşbəxt ölür: Əvvəldən vəsiyyətini yazmışdı - onu elə tabutda basdıracaqdılar ki, bu tabut onun nəşini bir fırıldaqçı aptekçinin patentləşdirdiyi üsulla ani olaraq mumiyaya çevirəcəkdi. Ancaq qəbiristanlığa çatanda tabut düşüb sınır və Landirinin cəsədini bulaşdığı palçıqdan təmizləmədən dəfn edirlər.

Üstəlik, “Karton daşdan və mərmərin imitasiyasından düzəldilmiş qəbirüstü abidə pis havalara tab gətirmir. Tezliklə məzardan heç nə qalmır”. Vəssalam. Elan və reklamlarla yaşayan binəsibin gülməli sonu.

Emil Zolya istehlak dəlisinin hansı mərhələlərdən keçdiyini də uğurla təsvir edir. Reklam qəhrəmanın əvvəl var-dövlətinə, sonra bədəninə, sonra ağlına zərər vurur. Zolyanın dövründə olsun ki, Pyer Landri atipik və nadir nüsxə idi, bizim illərimizdə isə o, kütləviləşib, dövrümüzün qəhrəmanına çevrilib.

Çexov da, Zolya da əslində bizə Marksın yazdığı “yadlaşmış insan” obrazını təqdim edirlər...

***

Yadlaşma insan dəyərlərinin təftişinə və təhrifinə aparıb çıxarır. Əgər fərd ali məqsəd kimi gəliri və iqtisadiyyatı seçirsə, əsl mənəvi dəyərlər onun diqqətindən uzaqlaşır.

Erix Fromm “Marksın insan konsepsiyası” kitabında yazırdı: “Yadlaşma şəraitində həyatın bir sahəsi digəri ilə (məsələn, iqtisadiyyat əxlaqla) əlaqəli olmur. Və bu, yadlaşma səltənətinin spesifik xüsusiyyətidir - hər kəs öz şəxsi yadlaşma müstəvisində dolaşır və heç kəsi başqasının yadlaşması (özgə dərd-ağrı) narahat etmir”.

Eynilə Çexovun “Mormutu”sundakı mühit. Heç kəs başqasını narahat etmir və başqası ilə maraqlanmır. “Mormutu xoşbəxtliyi” iri addımlarla irəliləyib bütün Yer kürəsini ağuşuna alıb. Qloballaşma elə bu imiş.

Marks yadlaşma dünyasında insan tələbatlarının başına gətirilənləri yaxşı anlayırdı və bu prosesin finalını da öncədən görmüşdü. Sosializm ideyalarında əsas əhəmiyyət daşıyan insan tələbatlarının zənginliyidirsə, kapitalist istehlak dünyasında ən mühümü hər gün kəmiyyətcə böyüyən qeyri-insani tələbatlardır. “Hər kəs çalışır ki, başqasında hansısa yeni bir tələbat oyatsın, onu yeni qurbanlar verməyə, yeni asılılıqlara salmağa, yeni həzlərə qatmağa, bununla da iqtisadi cəhətdən müflis etməyə nail olsun” - Marks kapitalizmdə tələbatlar haqqında yazırdı.

***

Bu total reallığa qarşı necə dirəniş verməli? Əlbəttə, Sistem daxilində bu, çətin görünür.

İtalyan yazıçısı Antonio Tabukkinin “Teatr” hekayəsində Uilfred Kotton uzaq Afrikada, Mozambikdə öz teatrını yaradır. Teatr 1 nəfərdən - özündən - ibarətdir: Rejissor da, aktyor da qoca Kottondur. Burada o, “Kral Lir”i, “Yay gecəsində yuxu”nu səhnələşdirir”. Yəni, əsəri ucadan oxuyur, özünü rolların hər birində təsəvvür edir. Onun yeganə tamaşaçısı bu uzaq qəsəbəyə əhalinin qeydiyyatını aparmaq üçün gəlmiş çinovnikdir. O da işini başa vurub paytaxta qayıdır.

Yalnız Kottonun ölümündən sonra çinovnik öyrənir, ki, söhbət Şekspir teatrının nəhəng aktyorundan, ingilis teatrallarının sevimlisindən gedir. O, illər əvvəl sivil cəmiyyəti tərk etmiş və izi itmişdi. Çox axtarsalar da, Kottonu tapa bilməmişdilər. O isə dünyanın kənarında çirkli qəsəbədə öz “teatr”ını qurub yaşayırdı. Əsl insani tələbatını burada ödəyə bilmişdi.

Kottonun xoşbəxtliyi ilə Nikolay İvanıçın mormutu xoşbəxtliyi nəinki bir-birindən fərqlənir, həm də bir-birinə ziddir. Birincidə əsl insani tələbatdan söhbət gedir, ikincisi isə sırf süni tələbatlardır. Nikolay İvanoviçə xoşbəxt olmaq üçün mülk, mormutu kolları, itaət edən mujiklər lazımdır, Uilfred Kottonun tələbatı isə çox yüksəkdir - Şekspir və onun əsərləri...

***

Çexovun hekayədə qaldırdığı xoşbəxtlik məsələsi isə Nikolay İvanoviçin və onun timsalında bizim müasirlərimizin “xoşbəxtliy”i ilə əlaqəlidir. Yəni, bu xoşbəxtlik həyatın mənasıdırmı? Deyilsə, bəs o məna nədədir?

İndi də Çexovun İvan İvanoviçin dili ilə çatdırdığı cavabı dinləyək:

“Qardaşımın yanından səhər tezdən ayrıldım və o vaxtdan mənə şəhərdə olmaq dözülməzdir. Məni sakitlik və səssizlik əzir, pəncərəyə baxmağa qorxuram, çünki mənim üçün masa ətrafında əyləşib çay içən xoşbəxt ailə qədər ağır səhnə yoxdur. Mən artıq qocayam və mübarizə aparmağa yararsızam, hətta nifrəti də bacarmıram. Qəlbimdə dərd çəkirəm, əsəbiləşirəm, peşmanam, gecə fikirlərin axınından başım dağılır və yata bilmirəm... Ah, kaş cavan olaydım!...”

Yox, bu cavab deyil. Cavab - budur:

“ ...Xoşbəxtlik yoxdur və olmamalıdır da. Və əgər yaşamaqda məna və məqsəd varsa, bu məna və bu məqsəd heç də bizim xoşbəxtliyimizdə deyil, daha şüurlu və daha yüksək dəyərlərdədir”.

“Daha şüurlu və yüksək” - Çexov və Marks eyni dəyərlərdən söz açırlar...

***

“Kiməsə şəraitin yaratdığı illüziyalardan xilas olmağı təklif etmək ona illüziyalara ehtiyac yaradan şəraitdən xilas olmağı təklif etmək deməkdir”. Yenə Marks...

11-12 aprel 2012.

# 3870 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #