Təkbaşına jurnal çıxaran yazıçı

Təkbaşına jurnal çıxaran yazıçı
23 may 2013
# 11:19

“Qəzetdə köşə müəllifləri - uğursuz xırdavat alverçiləridir. Valideynləri onları nisbətən ziyalı peşəsi ilə məşğul olmağa məcbur ediblər, ancaq alver istedadları yox olmayıb” (Karl Kraus. “Məşəl”)

1936-cı ilin bir yaz axşamında Vyana küçələrindən birində velosipedçi ilə piyada toqquşur. Xəsarət alan piyada xəstəxanaya çatdırılır, həkimlər onun bədənindəki sınıqları sağalda bilmirlər və 2 ay sonra - iyunun 12-də o, vəfat edir. Bununla da Vyana unikal bir şəxsiyyəti, alman dilli Avropa ədəbiyyatı və mədəniyyəti isə 20-ci əsrin ilk otuz ilinin fenomenini itirir. Həmin şəxs 62 yaşlı yazıçı, jurnalist, natiq, satirik Karl Kraus idi.

Sonralar deyəcəkdilər: onun bəxti gətirdi, səhnəni aktyor kimi vaxtında tərk etdi, nə etməliydisə, hamısına müvəffəq oldu. 2 il sonra anşlüs baş verəcəkdi, Hitler Avstriyanı Almaniyaya birləşdirəcəkdi, Klaus isə təkcə antifaşist deyildi, həm də yəhudiydi. Onun mühacirət etmək ehtimalı da sıfırdı - Vyananı Kraussuz, Krausu isə Vyanasız təsəvvür etmək nonsensdi.

***

1874-cü ildə indiki Çexiyanın Yiçin şəhərində varlı yəhudi ailəsində dünyaya göz açan Karl Krausun ömrünün böyük hissəsi Vyana ilə bağlıydı. Burada o, universitetə qəbul olur, diplom almadan təhsilini yarımçıq tullayır, jurnalist və yazıçı olur, elə burada da Kraus özünün nəşri 37 il (ta ölümünə qədər) davam edəcək Die Fackel (“Məşəl”) jurnalını buraxır.

“Məşəl”in ilk nömrəsinin vyanalılarda necə şok effekti yaratdığını hadisənin şahidi jurnalist Robert Ley bu cür təsvir edir: “Hara baxırsan - hər yerdə qırmızı rəngdir. Hamı pıçıldaşır, uğuldayır, deyinir. Küçələrdə, tramvayda, şəhər parkında - hamı qırmızı jurnal oxuyur”.

Tarix - 1899-cu il, qırmızı jurnal - “Məşəl”. Və onun ilk nömrəsinin çapı ilə mətbuat tarixinin ən paradoksal süjetlərindən biri başlayır. 37 il ərzində jurnalın 922 nömrəsi çapdan çıxır, ümumi səhifələrin sayı 22500-ə çatır. Jurnalı yaratmaqda Krausun məqsədi isə jurnalistikanı məhv etmək idi.

Çox tezliklə Krausun jurnalı alman dilində ən hörmətli və nüfuzlu jurnallardan birinə çevrilir (O vaxtlar “hörmətli” və “nüfuzlu” sözləri hələ antonim deyildi). Əvvəlcə o, ayda 3 dəfə çıxır, ancaq tezliklə bu mütəmadiliyi saxlamaq olmur və jurnalın üz qabığında “Sərbəst dövriyyə” kəlməsi peyda olur. Bəzən ayrı-ayrı nömrələr arasında 2-3 ay vaxt olurdu, Dünya Müharibəsi vaxtı isə jurnal 6 aylığa yoxa çıxır. Həcmdə də stabillik yoxdu-əvvəl jurnal 24 səhifəydi, sonra artır, bəzən 80, bəzən 300 səhifəyə çatır. Təbii ki, hər dəfə qiymət də dəyişir.

Jurnalla Avqust Strindberq, Oskar Uayld, Erix Müzam, Peter Altenberq və öz dövrünün digər məşhur qələm sahibləri əməkdaşlıq edirdi. Ancaq jurnal nə qədər nüfuz qazanırdısa, abunəçilərinin sayı nə qədər artırdısa, müəlliflərin siyahısı da bir o qədər qısalırdı. Və gün gəlir - bu, 1911-ci ildə baş verir - jurnalın üz qabığında “Bütün məqalələr Karl Kraus tərəfindən yazılıb” cümləsi peyda olur. Beləliklə, Vyananın ən məşhur jurnalı “bir aktyorun teatrı”na çevrilir. 25 il ərzində Kraus jurnalın yeganə müəllifi olur.

***

Jurnal diaqnozdu, jurnal həm də reseptdi. Kraus başqalarından daha tez anladı ki, Vyana mədəni həyatında onu qıcıqlandıran təzahürlər əslində cəmiyyətin korlanmasının, dərin böhranının simptomlarıdır. Krausun fikrincə, “Dövrün böhranı - ilk növbədə dilin böhranıdır”. “Alman dili çox dərindir, alman nitqi isə çox dayaz” - Kraus yazır və bu “dil böhranı”ndan başlayan Apokalipsisi anatom dəqiqliyi ilə təşrih edir. Onun qənaətinə görə, addımbaşı məmurların, siyasətçilərin, jurnalistlərin təhrif etdikləri dil bəşəri şəri qaçılmaz edir, çünki, bu şər “Sözlərin təmizliyi ilə kütləvi nitqin çirkli niyyətləri arasındakı uyğunsuzluqdan yaranır”. Özünün çoxsaylı məşhur aforizmlərindən birində isə o, “Çox vaxt əməllər niyyətlərdən də pis olur” yazır.

Bu problemin üzərində nisbətən müfəssəl dayanmalıyıq, çünki, Krausu narahat edən problem bu gün o vaxtlardakından daha aktualdır. Kraus həmin problemin qaynaqlarını nömrədən nömrəyə öz “Məşəl”iində açıb göstərir və bunun üçün sadəcə hazır materiallardan - Vyana cəmiyyəti haqqında mətbuatda yazılanlardan və sitatlardan yararlanır. Kraus obyektiv və amansızdır, çünki, sonralar Elias Kanettinin yazacağı kimi, “Onun gətirdiyi sitatlar bu sitatların müəllifinə qarşı yönəlir və Kraus opponentlərini onların öz dili ilə vurur”.

Kraus nədən yazırdı? Həmişə eyni mövzudan - Vyana həyatının mətbuatda necə işıqlandırılmasından. O, yerli qəzetlərdəki materialları dünyanın sonunun klinik mənzərəsi kimi öyrənir və ən xırda hadisənin də mətbuatda necə təsvir olunduğunu gözdən qaçırmırdı. İstər dilənçinin ölümü olsun, istər fahişənin həbsi, hansısa siyasi qalmaqal, yeni tamaşa, küçə savaşı, parlamentdə söz duelləri, yaxud Dünya müharibəsi - heç nə Krausun diqqətindən qaçmır və hamısı onun analiz obyektidir.

“Ən əhəmiyyətsiz hadisə üçün ən dəhşətli tale - onun qəzet xəbərinə çevrilməsidir” - Kraus yazır. Çünki, 20-ci əsrin əvvəlindən başlayaraq qəzet xəbərləri artıq hadisələr haqda sadəcə məlumat olmaqdan çıxaraq absurda çevrilib, jurnalist isə məsələn, “İmperator Vyanaya gəlib və birbaşa ova yollanıb” xəbərini artıq olduğu kimi verməyərək onun yanını hər cür şayiə, fantaziya, yalan və qalmaqalla “bəzəyir”. Bir sözlə, jurnalist yalnız xəbər vermək kimi əsas işini kənara tullayıb, əvəzində rəy yaymaq, emosiyaları coşdurmaq, elmi, yaxud psevdoelmi təlimləri təbliğ etməklə, müxtəlif konsepsiyaların reklamı ilə məşğuldur.

Və bu, hələ dünyanın sonu deyil. Dünyanın sonu o vaxt başlayır ki, kölgə öz yerini tutmaqdan imtina edir, yalan və şayiə real insanları və real aləmi üstələyir, hadisələr isə yalnız ona görə baş verir ki, qəzet səhifələrinə düşsünlər (Necə də tanış mənzərədir! Bu gün şou-biznes və siyasi şou əhli sözləri, qalmaqalları və şayiələri ilə yalnız buna çalışmırmı? Yaxud, əgər mətbuat tərəfindən boykot olunsaydılar, çeşidli terroristlərin aksiyalarının sayı bəlkə də 90 faiz azalmazdımı?)

Nəticədə nə baş verir? İnsanlar öz hisslərini, baxış və rəylərini qəzet başlıqlarına (bizim dövrümüzdə həm də TV, sosial şəbəkə, saytlar) uyğunlaşdırırlar. Klaus bu faciəni “Baş redaktorların konklavının pis yuxusu” adlandırır. O, özünün əsas düşmənini də elan edir və onu “fraza” adlandırır. Bizim dilimizdə həmin anlayışa ən müvafiq gələn yəqin ki, “laqqırtı” kəlməsidir. Laqqırtı elə cümlədir ki, məzmunu sözlər vasitəsilə təhrif olunur, həm yazanın, həm oxucunun başını aldadır, üstəlik də özünü gah siyasət, gah elm, gah ədəbiyyat donunda təqdim edir.

Kraus “laqqırtı”ya qarşı mübarizədə şəxsi silahı kimi sitatdan istifadə edir. Onun “Məşəl”ində bütün mətnlər gündəlik Avstriya mətbuatından götürülən sitatların ətrafında qurulub. Hansısa yalançı siyasətçi, yaxud fırıldaqçı jurnalisti ifşa etmək üçün onun istər əvvəllər, istərsə də indi söylədiklərindən sitat gətirmək yetərlidir. Və bu silah Kraus dövründə yeni idi, bizim dövrümüzdə isə heyf ki, unudulub.

Kraus heç vaxt “laqqırtı” ilə polemikaya girmirdi, əvəzində bu frazanın necə qurulduğunu qat-qat açaraq, onun arxasında gizlənən ikiüzlülüyü, axmaqlığı, satqınlığı bir anatom kimi açıb ortaya qoyurdu. Elə ona görə də Krausu siyasətçilər sevmir, qəzet redaksiyalarında isə onun adını çəkməyə belə qadağa qoyulurdu.

Eynilə Marina Svetayeva kimi, Karl Kraus üçün də Söz - müqəddəsdi və o, mətndə cümlələr bir yana, hərfin də üstündə əsirdi. Onun vyanalıları hətta şirniyyat mağazasında üzlərini turşutmadan “Bu piroq deyil, poemadır” deyirdisə, xaosu nizama məhz Sözün keçirdiyinə inanan Kraus cavab verirdi: “Piroqu poema adlandırmağa başlayan ölkə sonunda xəmirdən düzəldilən poeziyada dayanacaq”.

***

Kraus bəxtli adamdı - sərvət sahibi olmağı ona sevdiyi intellektual fəaliyyətlə məşğul olmağa imkan verirdi. Çexiyadakı kağız fabriki hətta Dünya müharibəsi illərində də ona maddi cəhətdən təmin edirdi. Odur ki, o, 37 il ərzində “Məşəl”ini təkbaşına nəşr edə bildi. Üstəlik, jurnal heç vaxt ziyana işləməyib, dəfələrlə isə Kraus eyni nömrəni təklifin çoxluğunu nəzərə alaraq təkrar-təkrar çap etməli olub. Bu gün də naməlumdur - “Məşəl” hansı tirajla çıxıb? Əvəzində isə Avstriya Elmlər Akademiyası onun bütün nömrələrini saxlayıb, 2006-cı ildən isə (müəllifin ölümündən 70 il sonra müəlliflik hüququ qüvvədən düşdüyündən) internetdən hər kəs “Məşəl”in bütün məqalələrini pulsuz oxuya bilər.

Kraus isə yalnız jurnalistləri Akopalipsisin səbəbkarı sayan, “kütlələrin dövrü”nün yaxınlaşdığını proqnoz verən jurnalist və publisist deyildi. O, 4 cildlik “Aforizmlər”in, dilçiliyə dair sanballı əsərlərin, bir çox pyeslərin müəllifi, hətta Nobel mükafatına namizəddir. Onun “Bəşəriyyətin son günləri” dramı Dünya müharibəsi illərində yazılıb və bir tənqidçinin yazdığı kimi, “Yalnız dramın bütün dərinliyinə varmağın, bəzən də onun məzmununu zamanın (həmçinin alman dilinin) reallığının kontekstindən kənarda anlamağın qeyri-mümkünlüyündəndir ki, 1-ci Dünya Müharibəsindən bəhs edən ən əhəmiyyətli əsər Krausun “Bəşəriyyətin son günləri” yox, Remarkın “Qərb cəbhəsində sakitlikdir” romanı sayılır”.

Qatı pasifist olan Kraus həmin əsərində müharibə haqda yazır: “Müharibə - başlanğıcda ümiddir ki, bizə yaxşı olacaq; sonra - gözləntidir ki, onlara pis olacaq; daha sonra məmnunluqdur ki, onlara heç də bizdən yaxşı deyil; nəhayət gözlənilməz kəşfdir ki, bizə də, onlara da pisdir”.

***

Offenbaxın musiqisinin məftunu olan, Brextə simpatiya bəsləyən, Lev Tolstoyu bəyənməyən Karl Krausun 20-ci əsrin bir çox böyük fikir adamlarına güclü təsiri olub. Onlardan biri - nobeliat, “Kütlə və hakimiyyət”in müəllifi Elias Kanetti özünün avtobioqrafik “Yüzilliyimizin adamı” kitabında ona ayrıca fəsil həsr edib. Fəsil “Karl Kraus, müqavimət məktəbi” adlanır.

Vyanada 1924-cü ilin aprelində Krausun anşlaqla keçən 300-cü mühazirəsini dinləyən, “onun diktaturası altına düşən”, üstündən 41 il keçəndən sonra qeydlərini qələmə alan Kanetti həmin kitabında yazır: “Effektə nail olmaq üçün Krausun 2 əsas vasitəsi vardı: mütləq dəqiqlik və dəhşət”. Dəqiqlik dedikdə Kanetti müəlliminin sitatlardan yararlanma məharətini nəzərdə tutur: “Karl Krausun insanları öz dilləri ilə mühakimə etmək qabiliyyəti vardı. Bu məharətin mənbəyini mən eşitmə sitatı adlandırıram”.

Kanetti davam edir: “O dövrün əksər yazıçıları eşitdiklərinin çoxunu qulaqlarına yaxın buraxmırdılar. Onlar özləri kimilərlə ünsiyyətdə olur, bəzən dinləyir, çox vaxt etiraz edirdilər. Ziyalıların köklü qüsuru ondadır ki, onlar üçün dünya ancaq ziyalılardan ibarətdir. Kraus da ziyalı idi, ancaq onun qulaqları həmişə açıqdı və heç vaxt qapanmırdı, hər şeyi eşidirdi, qəzetləri də elə oxuyurdu ki, sanki dinləyir. Qara ölü çap sözləri onun qulaqlarında cingildəyirdi. Sonralar o, sitat gətirəndə dinləyiciyə elə gəlirdi ki, başqasının səsi danışır: eşitmə sitatları...”

İkinci vasitə barədə isə Kanetti yazır: “Karl Kraus dəhşətin ustası idi. Bu gün də “Bəşəriyyətin son günləri”ni vərəqləyən hər kəsin gözündə ziddiyyətlərin, müharibənin alçaltdıqları ilə yüksəltdiklərinin qonşuluğu canlanır: müharibədə şikəst olanlar müharibədə varlananlarla, kor əsgər ondan hərbi salam tələb edən zabitlə, edam olunanın nəcib siması cəlladın piyli bədəni ilə qonşudur... Kraus bunlar haqda danışanda qarşısında minlərlə adam donub əyləşmişdi... Hələ 2-ci Dünya Müharibəsi, onun dağıntıları və məntiqi məhsulu - atom bombası olmalıydı ki, danışılanlar hamı üçün adiləşsin. Bu mənada Kraus atom bombasının xəbər gətirəni idi və bütün gələcək dəhşətlər artıq onun beynində yerləşmişdi...”

***

1927-ci ilin 14 iyulunda Vyanada fəhlələrin tətili gülləbaran olunur, 100-dən çox insan qətlə yetirilir, yaralıların sayı 1000-i keçir. Səhəri Vyana küçələrində şəhərin polisey-prezidentini (polis rəisi) istefaya çağıran və günahkarların cəzalandırılmasını tələb edən plakatlar peyda olur.

Plakatları bircə nəfərin imzalamışdı - Karl Kraus...

# 4172 dəfə oxunub

Müəllifin son yazıları

# # #