Ə.Haqverdiyev özünü simvolizmin banisi hesab edirdi. “Pəri cadu haqqında qeydlər”ində oxuyuruq: “Dоxsanıncı illərin оrtasında simvоlizm deyilən bir ədəbiyyat üsulu teatrо səhnəsinə atıldı.
Alman ədibi Hauptmanın “Qərq оlmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun оlması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvоliк bir əsər teatrоmuz üçün yazmaq fiкrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvоlizmin bizim ruhumuza uyğun оlmasıdır” (Əbdürrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lider nəşriyyat, 2005, 408 səhifə, səh: 332.)
Böyük ədib haqlı idi.
K.Abdulla Haqverdiyevi həm də magik realizmin banisi hesab edir. O da haqlıdır.
Bəndəniz onu primitivizmin banisi hesab edir. Haqlı olmağıma əminəm. Lakin fikrimi sübut etmək üçün müəyyən dəlillər gətirməliyəm.
XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində dünya incəsənətinin bütün sahələrində yeni yaranan təmayüllərin fonunda keyfiyyət dəyişimləri baş verdi. Primitivizm də bir cərəyan kimi incəsənətin müxtəlif sahələrində parladı. Lakin daha çox rəssamlıqda sayrışdı. Çünki kətanla həyat arasında məsafə çox azdır. Hətta bəzən kətan təbiətin davamı kimi görünür. Rəssam hər gün rastlaşdığımız və gözümüzün alışdığı rəngləri kətana köçürərkən elə manevrlər edir ki, sən reallıqla irreallığın arasında oldduğunu unudursan. Hansı da xoşdu, onu da yadından çıxarırsan. Amma paralellər aparmaq üçün artıq sənin əlində resursların olur. “Yalnız incəsənət vasitəsilə biz öz mükəmməliyimizin fərqinə vara bilərik” (O.Uayld)
Dahi faransız Qogen (1848-1903) impessionizmin və primitivizmin ən böyük nəhənglərindən sayılır. Adətən, onun haqqında belə deyirlər: “Rənglərin və qadınların kralı” Sivilizasiyanı qəbul etməyən dahi Taitidə və Markiz adalarında yaşayır. Və ömrünün sonuna qədər sadəliyin, təbiiliyin, bir sözlə, primitivizmin cazibəsindən çıxmır.
Məşhur gürcü rəssamı Niko Pirosmani (Pirosmanişvili 1862-1918) gələcək şöhrətindən xəbərsiz səfil, sərgərdan, sərsəri bir həyat yaşadı. Lakin bu dünyaya heyətini uşaq kimi hifz eləyib qorudu. O, primitivizmin ən böyük ustadıdır. Onun rəsmlərinə baxanlar deyərlərmiş: “Mən bundan yaxşı çəkə bilərəm” İki yüzə (İki min də deyilir!) qədər rəsm əsəri çəkən rəssam sağlığında demək olar ki, tnınmayıb. Sadə kənd həyatındn götürülərn mövzular onun tablolarını misilsiz edir. Rəsmlərinin adları da mövzuları kimi sadə və gözəldir: “Beqonun kampaniyası”, “Kaxetiya çaxırı”, “Beş zadəganın şənlənməsi”, “Zürafə”, ”İnək sağan”, “Odun daşıyan” və s.
Qədim Tiflis ədəbi və mədəni mühitinin Zaqafqaziya üçün nə demək olduğunu, zənnimizcə, bilməyən yoxdur. Maraqlı orasındadır ki, digər böyük ziyalılarımız kimi Haqverdiyev də ruhca bu mühitlə sıx bağlı idi. Dünya mədəniyyəti və incəsənətində baş verən dəyişimlər ilk növbədə burada özünü göstərirdi. Haqverdiyev həm də Pirosmaninin müasiri idi. Dahi rəssam ondan cəmi səkkiz yaş böyük idi. Əgər nəzərə alsaq ki, Haqverdiyevin aldığı təhsil və tərbiyə də ədəbi, mədəni və siyasi səhnədə baş verənləri dərk etməkdə ona yardımçı idi, onda bu iki sənətkar arasındakı ruhi əlaqələrdən çox danışmağa lüzum görmürük.
Ədəbiyyatda pimitivizm ən sadə və bəsit, çox da nəzər-diqqəti cəlb etməyən hadisələrin təsviri ilə şərtlənir. Hər şey zahirən (Məhz zahirən!) o qədər aydın və şəffafdır ki, hər hansı bir gizlinin olmasından söhbət belə gedə bilməz! Təhkiyəçinin nəql etdiyi hadisənin qayəsi sanki kasadakı suyun üzündə üzür. Necə deyərlər, əlini at və tut! Elə məsələnin qəlizliyi də məsafənin bu qədər yaxınlığından yaranır. Sən demə, bu, aldanış imiş... Əsl ideya suyun üzündə üzən deyilmiş, üzdəkilərin altında gizlənibmiş. Məhz buna görə də əlahəzrət “tənqid” Haqverdiyevi doğru-dürüst dəyərləndirməyib, onu darmadağın edir və etməkdədir.
Əgər məndən soruşsaydılar ki, inkiaf edib “çiçəklənmiş” Azərbaycan “tənqidi”ndən ən çox əziyyət çəkən klassikimiz kimdir, başqa klassiklərimizin ruhunun məndən inciyəcəyini bilsəm də, tərəddüd etmədən deyərdim ki, Əbdürrəhim bəy Haqverdiyevdir. Birinci ədəbi rüsvayçılıq Haqverdiyevi satirik yazıçı kimi təqdim etməkdir. Bu haqda bir az sonra.
İndi isə fikirlərimizi ümumiləşdirib deyə bilərik ki, Haqverdiyev ədəbiyyatımızda üç ədəbi cərəyanın yaradıcısı kimi qiymətləndirilməlidir: simvolizm, magik realizm və primitivizmin. Hər üçü bir yerdə Haqverdiyevin Sirli Üçbucağı da adlandırıla bilər.
Kiçik bir haşiyə: Ədəbi cərəyanlara münasibətdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Bəzən ehtiyatsızlıq ucbatından ara qarışır, meyarlar itir. Nədə ehtiytalı olmalıyıq? Birincisi, bugün tanıdığımız və tanımadığımız bütün ədəbi cərəyanların izləri, əsintiləri hansı dövrdə yaranmasından asılı olmayaraq əvvəlki dövrlərə gedib çıxır. Homerdən Nizamiyə qədər və onlardan üzübəri yaranan ədəbi nümunələrdə haqqında bugün geniş söhbət gedən cərəyanlardan nəsə vardır. Lakin bunlar əsinti şəklindədir. Cərəyan, axın şəklində deyildir. Ona görə də biz Nizamidə realizm, romantizm, sürrealizm, modernizm, hətta postmodernizmin və digər “izm” lərin izlərini çox rahat görə bilərik. İkincisi, modernizm həm ədəbi cərəyan kimi, həm də yaşam tərzi, həyat iksiri kimi qavranmalıdır. Şair və yazıçılarımızın çoxunda modern keyfiyyətlər (əsintilər) vardır. Lakin bu, əsas vermir deyək ki, haman yazar modernist və ya postmodernistir. Bu cür düşünmək xəyal qırıqlığına uğramaqdır.
“Tənqidçi”lərimiz modernizmin nəzəri məsələlərindən yetərincə danışırlar. Çünki bu barədə nəzəri resurslar çoxdur. Amma konkret olaraq ad çəkməyə gələndə duruxurlar. Kimin adını çəksinlər? Üz üzdən utanır axı... Və beləcə susqunluğu “qızıl orta” hesab edirlər. Polemika “açıq” qaldığından yazarlar öz aralarında ona aydınlıq gətirmək istəyirlər. Və qəribə bir “gözəgörünməz” savaş gedir. Hecə deyərlər, hər kəs bu və ya digər şəkildə közü öz ətəyinə doğru çəkmək istəyir. Üçüncüsü, haqqında söhbət açdığımız Haqverdiyev də Azərbaycan ədəbiyyatına simvolizm, magik realizm və primitivizmi gətirdiyinə görə klassik anlamda modernist sayıla bilər. Lakin çağdaş anlamda bunu söyləmək banallıq olardı.
Aldadan yazıçı,
Aldanan “tənqid”...
“Diş ağrısı” hekayəsindən başlayaq. Hələ də əziz-xələf “tənqid”imizə elə gəlir ki, tacir Hacı Rüstəm guya xəsisliyi ucbatından sağlam dişlərini çıxartdırır. Heç kəs demir ki, o, tipik bir Azərbaycan Kişisidir. Ömründə fürsəti fövtə verməyən, məqsədi aydın, gedəcəyi mənzili doğru, dürüst hədəfləyən Hacı Rüstəm taks sındırandır. Bu yolda o, hər şeydən keçməyə hazırdır. Hətta xəzinədən gələn və hər kəs tərəfindən danışıqsız qəbul edilən vergi elanındakı qiyməti də sındırmaq istəyir. Bunu edə bilməyəndə isə içindəki hikkəni azacıq da olsa “soyutmaq” üçün oğlunu çağırıb deyir: “Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki…”
Bu, Mental Bir Eqodur. Bu Eqonun qarşısında sağlam dişlər necə duruş gətirə bilər?! Bu Eqo daima bizimlədir! Budur, Haqverdiyevin dahiliyi! Bunun bəyənilən, ya da bəyənilməyən xasiyyət olduğunu deyə bilmərik. Heç yazıçı da bu haqda bir kəlmə də demir. Lakin həqiqət budur ki, Haqverdiyev, deyəsən, Hacı Rüstəmə “bəraət” qazandırır. Hekayənin sonunda qəhrəmanın vəhşi sevinci fonunda bu aydın sezilir. Həm də “sezilmir”. Çünki böyük yazıçı bunu məharətlə gizlədə bilir.
Çox sadə, primitiv bir hadisədən danışan “Mirzə Səfər” hekayəsinin başlıca qayəsini “tənqid” bugünəcən açmayıb. Şairliyi kulta çevirən xalqın səmasında amansız bir kabus dolaşır: “Şairlik” kabusu! Anadan “şair” doğulanların baxışları yuxarıdadır. Cənablar, bəs aşağıdan xəbəriniz varmı? “Darvazamızı fələk vurubdu”dan sonra gələn misra Ata ədəbiyyatımızın ən ağrılı qınağıdır: “Sən tək bişüuru mənə veribdi”
Diqqət: Mirzə Səfər “faciəsi”nin magik qatında başındakı şairlik havası durmurmu?! “Mirzə Səfər eşitmişdi кi, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət оtaq və bir şüşə şərab. Şərab içdiкdən sоnra təb açılıb, şeir öz-özünə su кimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda İki dəfə qeyzlə təpiyini yerə çırparsan, о saat qafiyə öz-özünə tapılar.
Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər кi, şərab, əlbəttə, gərəк qırmızı оlsun кi, yarın dоdaqlarına оxşasın. Şərabı masanın üstünə qоyub, papağı bir tərəfə, çuxanı о biri tərəfə atıb, yaxasını açıb, başının tüкlərini pırtlaşdırıb, özünə bir laübali sifət verib aynaya baxdı
və dedi:
– Afərin, Səfər, İndi xalis şairsən!
Şərabdan bir stəкan töкüb içəndən sоnra gördü gözləri qızarıb, daha şairliyinə şəкк оla bilməzdi”
Baxın, faciə elə budur! Sözə, şeirə, şairliyə bu tövr kərkinən başqa bir xalqın nümayəndəsinə rast gəldinizmi?!
Mirzənin saatsaz Zeynalla dostluğunun təməlində də şeir durur. Onlar demək olar ki, şeirlə danışırlar. Müəllif də şeiri hekayənin sonunacan “diri” saxlayır.
Mirzə Səfər uçurumun lap kənarındadır. Çünki “darvazımızı fələk vurubdu”ya qafiyə axtaran bir xalqın övladıdır. Əslində şeir, başındakı şeir havası onu meyitə çevirib – Həsən ağanın qohumuna kobudluq etdiyinə görə o, artıq ölüdü. Dostu usta Zeynal xilasedici mələkdir. O olmaya da bilərdi. Bir anlıq Usta Zeynalı hekayədən kənarlaşdırsaq, hər şey alt-üst olar. Haqverdiyevin özü də təmizliyin, saflığın tərəfindədir. Ona görə də usta Zeynalı – Sanço Pançonu öz Don Kixotuna yardımçı yollayır... Fəqət yazıçının alt şüuru üsyan edir: Qafiyə axtarışına çıxan xalqın “darvazasını fələk vurubdu!!!”
Aradan illər keçdi, bizi “şair xalq” elədilər, ayaqlarımız üzüldü yerdən. Bu da Eqo-nun başqa bir şəklidir. Bugün Azərbaycan şeirindən havaya bülənd olan sızıltı, ah-nalə və şivənlər eşidilərkən acı-acı gülümsəməkdən savayı əlimizdən bir şey gəlmir:
Darvazamızı fələk vurubdu!!!
“Çeşmək” Haqverdiyevin ən “primitiv” hekayələrindən biridir. Di gəl ədəbi tənqid onun aydınlığında bügünəcən batıb. “Çeşmək” fərdin toplumdan təcrid olunaraq yalqızlaşması, tənhalaşması yollarından birini qabardır – bu, çox rahat başa gələn bir prosesdir, hər hansı bir zarafatı “gülzari-cəmiyyət”ə gerçəklik kimi təqdim elə və qal “kənarda”. Günlərin bir günü eşidərsən ki, hədəfə aldığın fərd çərləyib öldü. Abırlı, ləyaqətli insanları öldürməyin ən gözəl yollarından biri də budur. Olayın bu məqamında ideya bəşəri məna kəsb edir.
Yazıçı bəni-insana sərt mesaj verir: İnsanı istər zarafatla, istərsə də başqa niyyətlə qarabaqara izləmək olmaz! Bu, təkadamlıq kamerada monoton bir damcı ilə məhbusun axırına çıxmağa bənzəyir. Hekayədəki dil manevrləri və oyun əlvanlığı möhtəşəmdir. Zənnimizcə, bugünkü nəsrimizdə bunlar çatışmır. – "Çeşməy"in bizə yolladığı sonuncu mesaj: Əhməd bəy öldü, ehtiyatlı olun, onu ölümə aparan yollar ölməyib!!!
Gəlib çıxdıq “bir az sonra”ya saxladığım fikrin üstünə: Ədəbi “tənqid”in ədəbli rüsvayçılığına – Haqverdiyevin satirik yazıçı kimi təqdim edilməsinə.
Ə.Haqverdiyev sovet dönəmində, qırmızı terrorun tüğyan elədiyi bir zamanda - 1927-ci ildə öz hekayələrini “Marallarım” adı ilə kitab halında çap etdirdi. Elə çıxırdı ki, “marallar” köhnə dünyada qalıb. Yeni dünyada nə maral?! Guya tiplər də onun tənqid hədəfləridir. Və bu hekayələr də satirik hekayələrdir.
Absurddur!
Sonrakı dönəmlərdə də “tənqidçi”lərin bunları satirik-yumorlu hekayələr kimi təqdim eləmələri təəssüf doğurur. Beləcə, realist-demokratik ədəbiyyatın görkəmli nümayəndəsi kimi qələmə verilən yazıçının zəngin ədəbi irsinə birtərəfli yanaşılmış, onun ədəbi irsi rus və dünya ədəbiyyatı kontekstindən ayrı təhlil olunmuşdur. Reallıq budur ki, o, realist-demokratik ədəbiyyat qəlibinə sığmayan, dünya nəsrinin ən avanqard meyillərini nəsrimizə gətirən və bunun fonunda Qərblə Şərq ədəbiyyatının sintezini ortaya qoyan ilk görkəmli sənətkarlarımızdandır.
Kiçik olmayan bir haşiyə: Qəribə bir halla rastlaşırıq: “Tənqidçi”lər öz klassiklərimizə və çağdaşlarımıza doğru-dürüst qiymət vermək əvəzinə, Kafkadan, Kamyudan, Coysdan və s. danışırlar. Bu bilirsən nəyə bənzəyir, evin içini çöldən rəngləməyə! Neynək, qoy danışsınlar. Amma bütöv mətni ələk-vələk edib “tənqidçi”nin məhz öz fikirlərini görmək istəyirsən, arzun qalır gözündə. Lənət olsun bu cür intellektual görünməyə! Bizə belə öyrədiblər və bu cür də görmüşük: Araşdımaçı, tutaq ki, Sartr haqda dünya çapında olan fikirləri qoyur ortaya və sonra özününküləri. Və seçimi buraxır oxucunun ixtiyarına. Borxes də belə edib, xüsusən, Nabokov da. Bəs bunlar nə edir? Nə qədər başqalarının fikirlərini öz fikirləriniz kimi mətnə dürtüşdürərsiniz? Yorulmadınız?!
Bomba effektli “Bomba”...
Görün, ədəbi “tənqid” nə ilə məşğul olub: “Kərbəlayı Zal satirik, yoxsa yumoristik obrazdır?”
Ürəyinizi buz kimi saxlayın, hörmətli cənablar, Kərbəlayı Zal nə ondandır, nə bundan. O, dünyanın ən faciəvi obrazlarından biridir. Məhz bu yerdə ədəbi paralelin qaçılmaz olduğunu görüb deyirəm: Hökumət qulluğununun son dadını çıxarmağa hazırlaşan Kərbəlayı Zal məşhur İtaliya yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Doroqo ilə müqayisə oluna bilər. Söhbət ideya müqayisəsindən gedir. Doroqo da gözləyir, Kərbəlayı Zal da.
Hamımızın həyatında gözləntilərimizin əksi düşdüyü bir səmt, reallıqda isə mövcud olmayan xəyali bir ilğım məkanı – Tatar çölü vardır. Biz ümidli və ümidsiz çağlarımızda oradan nəyinsə bizə tərəf gələcəyinə inanırıq. Oradan düşmən də gələ bilər, dost da. Kim gəlirsə gəlsin, təki gəlsin...
Kərbəlayı Zal gözünü o Tatar çölünə dikib. Oradan cəmi-cümlətani bir-iki il də qopub gəlsə, dövlət qulluğundakı iyirmi beş ildən artıq bir müddət tamamlanar və pensiyası gəlib çıxacaq. Ona görə də xüsüsi bir cəngavər nəvazişi ilə deyir: “Arvad, sən hökümətin ləzzətini anlamırsan”
Hökumətin ləzzəti...
Mənə qalsa, hekayənin ikinci adını “Hökümətin ləzzəti” qoyardım. Bu ləzzətin şirinliyinə söz ola bilməz. Amma hərdən (Və ya çox vaxt!) bomba kimi partlamağı da vardır. Hekayədəki ideya həmişə dipdiridir. Bugün də gözünü Tatar çölünə dikən nə qədər istedadlı dostlarımız vardır... Onlar da Kərbəlayı Zal kimi pensiya vaxtlarının gəlməsini gözləyirlər. Sonrakı mərhələ isə məlumdur: Oturub hökümət qulluğu ləzzətinin dadını çıxaracaqlar...
Həm də bu müddətin sonları qəribə qorxularla müşayiət olunur: “Olmaz belə, olar elə” ilə. Və bu qara-qura fikirlərin qaramatı altında heç kəs zəmanət verə bilməz ki, günlərin bir günü onların da gözlərinə nəsə görünməsin...
Özü də hökümət qulluğunda çalışan Ə.Haqverdiyev Azərbaycan bədii-fəlsəfi, sosial-siyasi fikir tarixinə elə bir ideya bombası atıb ki, bugünəcən nə onu zərərsizləşdirmək, nə də biryolluq partladıb ədəbi əraziləri “təmizləmək” mümkündür.
Əlqərəz, Ə.Haqverdiyev ideyalar dahisidir!
“Böyük” bir haşiyə: Klassiklərimizə münasibət budur. Ədəbi “tənqid” də ağzına su alıb durur. Ya da özünü belə göstərir. Dünya Düma ilə Coys arasındadır. Biz isə hələ də Vaqiflə Zakir arasındayıq...