Vampirləşmiş Dante

Vampirləşmiş Dante
18 fevral 2021
# 17:30

Kulis.az tənqidçi Mehman Qaraxanoğlunun “Ədəbi sezintilər” silsiləsindıən “Vampirləşmiş Dante” essesini təqdim edir.

Yeni qaz sayğaclarının havanı da hesablaması artıq sirr deyildir. Amma elə “ədəbiyyat adamları” vardır ki, onlar onillərdir yeni qaz sayğacı sistemi ilə işləyirlər; ədəbiyyat adına bütün zir-zibillərini bir yerə toplayıb, havalı-havalı yerbəyer edib, hesablayıb və nəticədə “məbləğ”i şişirdirlər: 20 kitab, 30, 32 kitab... Üstəgəl, “akademik” ovurdlarla kitablarına üfürülən əlavə “hava” – rəylər və önsözləri... Onlar da bir kitab. Oldu 33 kitab. Sözün bitdiyi yer...

***

İndividual olmadan, dəyişilmədən, yeniləşmədən necə modernist olmaq olar? Hələ postmodernist olmağı demirəm. “Modernizm”in ümumi bir anlayış olduğunu da heç bir zaman unutmaq olmaz; yəni, o, birmənalı olaraq, yeni yaranan istənilən cərəyanın mahiyyətində vardır. İncəsənətdə modernist olmaq çox da çətin deyildir. Yetər ki, sən nəsnələrə yeni gözlə baxmağı (deyəsən, çətini elə budur!) bacarasan. Rus folklorçu, mifoloq və ikonaçı rəssamı V.M.Vasnetsov (1848-1926) kimi... Onun “Yolayrıcıda cəngavər”, “Yeraltı krallığın üç şahzadəsi”, “Peyğəmbər quşu”, “Alyunuşka”, “Uçan xalça” və digər rəsmləri rus mifoloji düşüncəsinin ən sadə laylarından - yeraltı məkanlarından süzülüb gəlir. “Uçan xalça” lap adamı yandırır.

Wiktor Michajlowitsch Wassnezow 003.jpg

Dünya nağıllarında bir çox sehrli obrazlarla yanaşı, uçan xalçalara da gen-bol rast gəlinir. Amma Azərbaycan nağıllarında uçan xalçanın xüsusi bir yeri vardır. Lakin biz bunu sənətə çevirə bilməmişik. Yadınıza gəlirsə, Avropa Oyunlarının açılış mərasimində Alim Qasımov lap uçan xalça üzərində muğam da oxuyur. Amma həmin performans əsl sənətə çevrilmədiyindən yaddaşlarda qalmadı, vizual görüntülər gəldiyi kimi də yox olub getdi. Xalçaçılıq, muğam və miniatür sənəti bizdə, amma “Uçan xalça”nı (1880) dünyaya bəxş edən isə Viktor Mixayloviç Vasnetsov... Bax, adamı yandıran budur.

***

Heç cür anlaya bilmirəm ki, niyə məhz cəhənnəmdə Danteni Vergili müşaiyət edir? Dante Vergilidən nə istəyir? Niyə Vergilini sonra Beatriçe əvəz edir? Suallar çoxdur. “İlahi komediya” həm də Dantenin arınıb təmizlənməsi “komediyası”dır. Bəlkə bu işdə Danteyə müqəddəslik statusu qazanmış iki şəxs – məhz Vergili və Beatriçe kömək edə bilər? Suallar kilidlənir. Kilidlərin bəzi açarlarını dahi fransız rəssamı Vilyam Burqonun (1825-1905) 1850-ci ildə Parisdə tamamladığı “Dante və Vergili cəhənnəmdə” rəsmindən almaq olar. Rəsmdə qabarıq görünən əsas obrazlar vampirlə cavan bir oğlandır; vampir cavan oğlanın boğazından yapışıb qanını sorur. Hər iki obrazın plastikası o qədər möhtəşəmdir ki, sözügedən qəddar “ritual” arxa plana keçir. Biz gözümüzü onlardan azacıq ayırandan sonra məlum olur ki, burada başqa iştirakçılar da vardır; vampirin yerdə uzalı qalan “köhnə” qurbanı, cəhənnəm odunda yanan günahkarlar, qanadlı eybəcər varlıq, nəhayət, həmin səhnəni seyr edən Dante Aligyeri və Vergili... Hiss olunur ki, Dante üçün bu səhnə çox da dəhşətli deyildir, əslində, o, düşüncələrinin proyeksiyasını görür. Amma Vergili heyrətlənməklə yanaşı, həm də qorxur, ona görə də xəfifcə Danteyə tərəf dartınır...

Image result for Dante

Böyük rəssam Vilyam Burqo, bəlkə, özü də bilmədən tənqidçi və təhlilçilərə Ariadna ipi uzadır. Dante şəxsi həyatında cəhənnəmi görmüşdü – onun Beatriçeni cavan yaşında itirməsi, iki dəfə ölümə məhkum olunması bunu deməyə əsas verir. Yaşadığı ağır sarsıntı və əzablar onun qəlbini daşa döndərmişdi, başqa cür desək, o vampirləşmişdi. O heç özünü mələküzlü Beatriçenin didərgin ruhuna da layiq bilmirdi. Qəlbinin dərinliyində bunları hiss eləməyin özü də cəhənnəm əzabı idi. Bəli, Beatriçeyə yalnız Vergili layiqdir! Amma bunu dilə gətirməyin özü də dəhşətdir! Dante Vergilini Beatriçe ilə görüşdürmür. O bunula özündən, daxilindəki amansız vampirdən intiqam alır...

“İlahi komediya” bütün bunların üstündən sirli bir niqab çəksə də, başqa bir dahi – Vilyam Burqo niqabı aralaya bilir...

***

Don Kixot yaxşılıq eləmək istəyir, pislik alınır. Mefistofel pislik eləmək istəyir, yaxşılıq alınır. Bəlkə, biz Mefistofellə Don Kixotun görüşünü təşkil edək? Bəlkə, ortaq nöqtəni onlar bir yerdə tapa bildilər? Görəsən, Lütfi Zadə bizi “yaxşılıq”la “pislik” arasındakı o sonsuz “mərhəmətli” nöqtələrin varlığına inandıra bilərmi? Bax, bunu məhz ədəbiyyat edə bilər!

Lütfi Zadənin Qeyri-səlis məntiqi Mefistofellə Don Kixot arasında uçuşan ən ağrılı bir eskiz və ya bir qarabasmadır. Eyneşteyn də əslində, bu halı yaşamışdır. Onun dünyanın ən əzabkeş, “alçaldılmış və təhqir olunmuş” bir yazıçısına – Dostoyevskiyə sərsəri sevgisinin kökündə də bu dayanır. Ümumiləşdirək; dünyanın ən böyük yazıçısı Don Kixot, Mefistofel, Eyneşteyn və Lütfi Zadədir...

***

Standart və zorən imitasiya dəzgahından keçirilmiş mətnlər görəndə az qala yunan mifologiyasının qəhrəmanı Prokrusta bəraət qazandırmaq istəyirsən. Fərq orasındadır ki, quldur Prokrust öz alçaq niyyətini birbaşa insanlar, müəlliflər isə diskurslar üzərində həyata keçirirlər. Dərindən baxanda bu, fərq deyil, daha çox bənzəyişdir. Çünki diskurs də elə insan deməkdir...

# 3167 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #