Kulis.az Mehman Qaraxanoğlunun “Ədəbi sezintilər” silsiləsindən “Raskolnikovun baltası” yazısını təqdim edir.
Hələ indi-indi Dostoyevskini linç eləyənləri anlamağa başlayıram; ən azından, Tolstoyu da, Nabokovu da. Çünki Dostoyevski onlar üçün böyük bir maneədir, çox böyük, belə demək caizsə, monumental bir maneədir. Füzuli də Axundzadə üçün belə bir maneə idi. Hətta kabus idi!
Tolstoy ürəyinin lap dərinliyində bilirdi ki, onun personajları Dostoyevskinin personajları kimi ziqzaqlı, ağrılı və möhtəşəm “monoloq”lar söyləyə bilməyəcəklər. Bax, məhz o yerdən Dostoyevskini “vurmaq” lazım idi. Ona görə də yazırdı ki, Dostoyevski obrazların yerinə daha çox özü danışır. Danışır, amma necə?! Əgər biz “Cinayət və cəza”dan “monoloq”ları dışa çıxarsaq, hər biri Hamletin monoloqundan daha əzəmətli, dəhşətli və təsirli olacaq. Həm də onlar müstəqil bir hekayə təsiri bağışlayacaq. (Yeri gəlmişkən, Tolstoy Şekspiri də sevmirdi...)
Sizə elə gəlmirmi ki, Coys da “şüur axını”na qoşulmazdan əvvəl Dostoyevskinin monoloqlarının içərisindən keçib?! Yuxarıda söylədiyimiz eksperimenti o, yüz faiz aparıb!
Dostoyevskini “öldürmədən” ondan heç nəyi “geri almaq” mümkün deyildir! Yolu ondan “təmizləmək” lazımdır! Dahi Tolstoy bunu etdi. Hətta onun qəhrəmanları da haradasa Dostoyevski personajlarına qarşıdır. Dostoyevski qəhrəmanlarını guya xaos, Tolstoyunkuları isə guya düzən idarə edir. Yox, belə deyildir!
Əgər Anna Karenina sonda özünü qatar altına atmasaydı, bütün psixoloji qabarma və çəkilmələri, tabuları sındırmaq və arxetiplərə arxa çevirə bilmə gücü və iradəsi ilə haradasa Dostoyevskinin epileptik, isterik və psixopatik qəhrəmanlarına oxşayacaqdı. Tolstoy özü də bunu görürdü. Ona görə də Annanı dartıb qatar vağzalına gətirir. Bu, intihar deyil, guya günahlardan arınma ritualıdır... Əlbəttə, guya! Amma buna qədər Anna artıq intihar edib!
Nabokovu isə heç cür başa düşmək olmur. Onun Raskolnikova və Sonyaya qarşı (Əslində, Dostoyevskiyə qarşı!) çox “qəddar” bir münasibət sərgiləməsi adama qəribə gəlir. Niyə Nabokovun qəzəbi fontan vurur? Nəsə bir səbəb olmalıdır? “Raskolnikovun qəddar və mənasız cinayəti bədənini sataraq ləyaqətini itirmiş qızın taleyinə heç yaxın gəlmir. Qatil və əxlaqsız qadın müqəddəs kitab oxuyur – cəfəngiyyatdır!” Nabokov öz qəzəbinin pik nöqtəsinə çatır: “Raskolnikovun cinayətinin bütün rəzil təfərrüatları təsvir edilib və müəllif onlara izahat verib. Sonyaya gəldikdə isə, onun peşəsi ilə məşğul olduğunu bir dəfə də görmürük”.
Məsələ aydındır! Nobokov şüuraltı olsa da, öz Lolitasına bəraət qazandırmaq istəyir. Ona bəllidir ki, Lolita haradasa Sonyanın mənəvi bacısıdır. Ona görə də cidd-cəhdlə Sonyanı “itələyib” yolu təmizləmək istəyir. Təbii ki, Raskolnikov da Sonyanın oduna yanır. Amma Nabokovun “qabaqdangəlmişlik” etməsinə heç bir ehtiyac yoxdur. Gör gör, kor kor... Nabokovun digər baş qəhrəmanı Humbert də Raskolnikov kimi qatil olmaqla bərabər, həm də “illər boyu keçirdiyi gizli əzablar” hesabına “fövqəlinsan soyuqluğu”na məhkum olunmuşdur...
Nəticə: Həm Tolstoy, həm də Nabokov Dostoyevski cazibəsini qıra bilmir. (Əslində, heç buna cəhd eləmək də doğru deyildi, çünki ədəbiyyat bir-birindən möhtəşəm təsirlənmə sənətidir. Aristotelin təbirincə desək, dar anlamda: təqlid sənətidir) Tolstoy və Nabokov dünyanı (burada nəsrin dünyasını!) gedib fırlansalar da, sonda daxil olduqları labirintin çıxışına gəlib çıxırlar. Buradasa onları əlindəki balta ilə Raskolnikov qarşılayır. Hər ikisi eyni vaxtda Roskolnikovun əlindən baltanı dartıb onun öz başına endirirlər. İndi düşünək: Kim daha çox qatildir; Raskolnikov, yoxsa Tolstoyla Nabokov?!
***
Bəzi kino tənqidçiləri məşhurların fikirlərini əsas götürərək guya Tarkovskinin “Güzgü” filminin alınmadığını yazırlar. Çox absurd bir yanaşmadır! Biryolluq anlamaq gərəkdir: Güzgü yoxdur! Biryolluq anlamaq gərəkdir: Güzgü vardır! “Var ol!”anla olmayanda məkan və zamanı, onların içərisində də xatirələri, olum və ölümü, sevgi, qüssə və ayrılığı, hətta hər hansı tarixi, epoxal detalları aramaq boş bir çabadır! Tarkovski bunları filmə daxil eləməklə nəyisə konkretləşdirmir, əksinə, özünün çoxgedişli, çoxqatlı oyununu oynayır.
“Güzgü” yüzlərlə güzgü parçalarından – real, irreal, magik, sürreal detallardan yığılıb. Bu da onu anlaşılmaz edən səbəblərdən biridir. Çünki tamaşaçı ilk andan onun bədənini – zahirini tam, bütöv göstərən bədənnüma güzgü görmək istəyir, amma qeyri-adi, gözlənilməz Tarkovski güzgüsü (Və ya üslubu) ilə rastlaşanda duruxur. Belə məqamda Nabokovun təklif etdiyi praktik üsul burada da yarıya bilər. Nabokov oxucuya sevdiyi əsəri birnəfəsə qurtumlayıb içməyi məsləhət görmürdü: “Ədəbiyyatı kiçik dozalarla, parçalayaraq, qırıntılarına ayıraraq (burada: güzgü qırıntılarına – M.Q), üyüdərək qəbul etmək lazımdır, onu dilinizlə ağzınızda zövqlə oynatmaq lazımdır – o zaman, yalnız o zaman siz onun nadir ətrini layiqincə qiymətləndirəcəksiniz...”.
Əgər siz də “Güzgü”yə təklif olunan alternativ variantla baxsanız, qeyri-adi sənət möcüzəsi ilə üz-üzə durduğunuzun fərqinə vararsınız...
***
Ədəbiyyatda qatil olmaq həyatda qatil olmaqdan çox çətindir. Çünki birincidə lənətə gəlmiş baltanı sənə uzadan yazıçının özüdür. İkinci halda isə seçim sənin ixtiyarındadır...
***
Mən sözləri çox sevirəm. Elə bilirəm ki, öz məhəbbətimi izhar eləməkdə xeyli gecikmişəm. Fəqət sözlər bunu heç bir zaman üzümə vurmayıblar...