Kulis.az Mehman Qaraxanoğlu “Ağ buludlar”ın üstüylə məqaləsini təqdim edir.
(Ən gözəl oxucu dostum Zamin müəllim üçün...)
Vaxtilə Mübariz Örənin “İlıq” hekayəsində təsvir olunan məkanı “Bir Cümləlik kənd” (Mətn anlamında!) adlandırmışdıq. Uzaq səfərlərə çıxan adam özünə gərək olan əşyaları yol çantasına necə canıyananlıqla yığırsa, Mübariz də elə həmin səliqə-sahman və canıyananlıqla səsi, sözü və mətni o Bir Cünlə-yə yığmışdı. Amma və lakin Allahın bu primitiv bənzətməsi də “qəliz” xarakterli dostlarımda qıcıq yaratmışdı...
Sonra “Qar tanrısı” haqda “Alma almaya bənzəmir...” essesi yazıldı. Və M.Örənin Mifdən Yazıya (Kamal Abdulla) və yaxud əksinə, Yazıdan Mifə (M.Q) ustalıqla keçidi və bu aralıqda müstəsna narrativ (burada: konfliktli) təhkiyə tərzi və dil oyunları, bədii-poetik nizam, süjetin sinxronizmi, açığı, bizi heyran etmişdi. Bəlkə də, bəşəriyyətin qurtula bilmədiyi ilkin günah hissinin (Mağara ”təcrübəsi”nin!) heç burnu belə qanamadan günümüzəcən “sağ-salamat”, dipdiri gətirilişi parlaq və cəsarətli bir jest idi.
Essedən çıxarış: “Qədim yunan mifoloji mətnlərində Şimal küləyi Akvilonun qızı Xion qar və buz ilahəsidir. Ağa “böyüklük” eləmək rahat deyildir! Bunun üçün sən özün də ağdan da ağ olasan gərək! Xion bunu bacarır! Yesara da “pis deyil!” Bircə fərqlə: Öləndən sonra! Yazıçı “günah” anlamına da başqa aspektdən yanaşır. Gözəlliyin “üstündə” olarkən etdiyin günahın “muzdu”nu gözəlliyini itirib əcaib məxluqa çevriləndən sonra da ödəməli olacaqsan. Həm də Mifə dönüşün əzabını yaşayacaqsan...”
Mübarizin Örənin ilk irihəcmli əsərinin - “Ağ buludlar”ın ruh şkalası üzrə doqquz ballıq zəlzələsi öz yerində, yuxarıdakı sətirlər də bizə yeni yazı üçün ipucuları verdi. Öz zolağından güc götürməyən təyyarə təkərləri heç bir zaman yığıla bilməz! Mətnin ilminatorundan, deyəsən, intuitiv də olsa, ağa “böyüklük eləməyə” can atan Mübarizi Örəni görə bilmişdik. Həqiqətən, ağa böyüklük eləmək rahat iş deyildir...
Ricət. Tarkovski yazırdı: “Kino incəsənətin ən bədbəxt növüdür. Ondan saqqız kimi istifadə edirlər. Siqaret, ya da hansısa əşya kimi...” Biz isə deyirik: İncəsənətin ən bədbəxt növü ədəbiyyatdır. Ondan lap məşuq, məşuqə kimi də istifadə edirlər. Çünki bu bədbəxtin ilğım-bədən əraziləri kino ilə müqayisədə haraya desən uzanıb gedir. Kim haradan istəyir, oradan daxil olur ədəbiyyata. Və bu ərazilərdə nə qədər desən, bədbəxt “yetişdirmək” olur. Baxın, ədəbiyyat nə qədər insanı bədbəxt edib və etməkdədir. “Fələk darvazamızı vurubdu...”. (Ə.Haqverdiyev). Külli-aləm yığıla, “vurubdu”ya qafiyə tapılmaz! Bəs çıxış yolu?! Dadımıza Sartr çatır: “Yazmaq əzabdır, mütaliə isə bayram”. “Əzab”a büdrəmələr, ehtiyaclar, xəstəliklər, toplumun təpki və qəzəbi də daxildir. Amma bir həqiqət də vardır, bəlkə Sartr şedevrlər yaratmasaydı, yazmağın əzab, mütaliənin isə bayram olduğunu bilməyəcəkdi. Və anti-tezis: Axı, Sartr da hüdudsuz mütaliədən sonra yazmağa girişdi. Bütün hallarda sadə bir iksir vardır: Biz yazmaqdan daha çox, mütaliə etməliyik! Birincisi, özümüzü kontekst daxilində görüb tanıyarıq. İkincisi, yazdıqlarımızın ev, qonşu, yurd, ölkə və dünya üçün maraqlı olub olmadığını ayırd edəcəyik. Nəhayət, müqayisə və paralellərdən sonra ən dürüst addım atacağıq – yazmaqdan əl çəkib yalnız mütaliə edəcəyik! Ortada isə fərqli üslubunu yaradıb yazmağı davam etdirən ən istedadlı mütaliəçilər qalacaq... Mübariz Örən məhz sonuncuların sırasına daxildir. Onlar isə ədəbiyyatımızda barmaqla sayılacaq qədərdir. Ricətin sonu.
Ölə bilməyən babalar
Baba keçmişi, Nəvə isə gələcəyi simvolizə edir. Baba yeldir! Yelin hədəfi həmişə gələcəkdir. “Mifoloji dansökülənimizdə” (Kamal Abdulla) bir “Yel baba” obrazı vardır. Yel yalnız Nəvə göyündəki buludları (Sözügedən əsərdə Müqəddəs gölün üzərindəki buludları. Çünki sirr yalnız Qocaya bəllidir.) qovmağa gərək olur. Nəvəyə baxan nənə və babaların daha çox yaşaması absurd bir nəsnə. Yel çox şey bilir, amma susqunluq onun bilgi sandığının qıfılıdır. Susan adam qəddarlıq fonu yaradır. Əsərdəki Qoca kimi. O, ağzını açsa, həqiqətlər çıxar üzə. Amma susur. Axıracan susur. Qoca ölə bilməyən Zamanın özüdür. Zaman niyə qorxulu və təhlükəlidir? Çünki ölmür. Ölə bilmir. Zaman-zaman əldə etdiyi amansız təcrübələr onu ölməyə qoymur. O, seyrçidir. Qocanın səsini eşitmirik, hərəkətlərini görürük...
– Niyə məni qoydun öləm, baba?!
Əsər bu cavabsız sualla başlanır... İndilikdə cavabsız. Sonra açar sözlər gəlir: Göl içindəki bulud, lənət, günah, bədlik dalınca bədlik, indi də bu... Süjetin sonrakı gedişatı “indi də bu”nun metafizik qatını açır. Sözə qənaətin parlaq nümunəsi! Mətnə bütünlüklə “qənaət” adlı bir senzor nəzarət edir.
Mifoloji personajlar içərisində Edip ən tragik qəhrəmandır. Evləndiyi qadının anası olduğunu biləndən sonra Çar Edip öz gözlərini ovub çıxardır və yaşadığı Fiv şəhərini qızı Antiqonanın müşaiyəti ilə tərk edir. Bu acı hekayətin Mübariz Örənin “Ağ buludlar”ı ilə nə əlaqəsi?! Çox dərin mifoloji bağlar görünür. Amma üst qatda deyil bunlar. Dərindədir, lap dərində!
Povest səs-səs, söz-söz, cümlə-cümlə, bir sözlə, addım-addım bulud ağlığına doğru gedir. Buludların üzünü qaraldan da, ağardan da insandır. Çar Edip də özünü kor etmək üçün uzun illər “gözləyib”. Povestin qəhrəmanı da “samadhi”yə - aydınlanmağa doğru gedir, amma aydınlanmadan əvvəl bir sönmə halını yaşamalıdır o! Buddaya istinadən deyirik. Mübarizin həm hekayə, həm də sözügedən povestinin qəhrəmanları da bu halı yaşayır.
Ricət. Bəzi yazarlar (Salam, ey “bəzi”, “bəzisi”, “bəziləri”! Olmasaydınız, neynərdik?!) kitab içində kitabı, mətn içində mətni hərfi anlamda başa düşür və müxtəlif profilli mətn konstruksiyalarını yan-yana qoyub “əsər” yapırlar. Hələ bu azmış kimi, əsər ətrafında elə atəşfəşanlıq – qurama müzakirələr düzəldirlər ki, gəl görəsən. Gülməlidir, hə? Amma gülməyə vaxtımız yoxdur. Ricətin sonu.
Birmənalı olaraq, cavanlar, qocalar, yaşıdları da, Mübarizin istedadını qəbul edirlər. Hətta onu dünyanın ən məşhur sənətkarları ilə müqayisə edirlər. Paralellər gətirirlər. Əgər Mübarizin mətnləri açıq-aşkar kimlərinsə mətnlərinə oxşayırsa, bu, yaxşı hal deyildir. Bənzəyişlər zahiri effekt üçündür. Mübarizdə yoxdur belə şeylər. Onun ustalığı ondadır ki, “götürdüklərini” – təbii xammalı səbr və təmkinlə yoğurub, yoğurub elə bir tanınmaz hala salır ki, (Tam bur Arı təcrübəsi!) ortada yalnız özünəməxsusuluqlar qalır.
E.Heminquey yazırdı: “Mən əsərlərimi yorulmadan ixtisarlar etmək və yenidən işləməklə böyük zəhmət bahasına qələmə alıram”. (“Yazıçı işi” essesi). Dünyanı heyran qoyan əsərlərin yolu böyük ixtisar və yenidən işləmələrdən keçir. Hünərin var “Qoca və dəniz”in bircə sözünə toxun!
“Ağ buludlar” dünya çapında olan bir əsərdir! Niyə? Birincisi, dünya nəsrinin ən modern, avanqard meylləri burada çarpazlaşıb. İkincisi, mətndə süni montaj (kollaj) yoxdur, hər bir səs, heca, söz, cümlə bir-birini tutur. Üçüncüsü, qeyri-adi dinamizm mətnin ruhuna hopub. Daha doğrusu, bu zahiri dinamizm deyil, yəni mətnə detektivlik çaları gətirmir, personajların iç dünyasında gedən qovğaları müşaiyət edir. (Qəfil Dostoyevskini xatırladım!). Dördüncüsü, biz Dildə mövcuduq! Dildən başqa “gəlimli-gedimli, son ucu ölümlü dünya”mız varmı?! Hər bir əsərin ikinci müəllifi (Bəlkə də, birinci!) Dildir! (Bu yerdə Kamal Abdulla yadıma düşdü!) Mübariz Örənin Dili (mətni!) dolu sünbül tarlasıdır sanki. Cümlələr başını salıb aşağı. Yuyulub, təmizlənib, arınıb, cilalanıb. Pırpızlı, tikanlı cümlələr yoxdur burda. Biz dünyaya həm də Dilimizlə qoşuluruq. Povest buna parlaq bir nümunədir. Beşincisi, povestin ideya sayrışmaları gen-bol olmaqla yanaşı, həm də bəşəridir. Bu haqda bir az sonra.
Povest struktur baxımından (Bilərəkdən “povest” sözünü tez-tez təkrarlayıram, çünki bizdə yalançı “roman bumu” hələ də yaşayır. Əsəri roman janrına müncər edənlər də vardır. Onlar əslində özlərini xilas etmək istəyirlər. Günlərin bir günü soracaqlar: “Ağ buludlar” kimi möhtəşəm bir əsər oldu povest, səninki roman?!) lal sulara atılan xırda bir daş effekti üzərində qurulub sanki - əvvəl kiçik bir dairəcik əmələ gəlir, ardınca bir-birindən böyük dairəciklər. Dairəciklər böyüdükcə suyun bütün səthini bürüyür. Lakin ilkin dairəcik “episentr” olaraq qalır.
Deyilənləri mətnə “transfer” edək. “İçi buludlu” qəhrəman Tümenə gəlib çıxır - atılan daş suyun səthini yaşaş-yavaş hərəkətə gətirir. İlk dairəcik yaranır. Tatara nə qədər zəng eləsə də, əlaqə baş tutmur. Savçenkonu yığır. Savçenko da onu “oğru”dan çox qəzet redaktoruna oxşayan” Qansın yanına gətirir. Artıq dairəciyin üçü hazırdır. Mətnə yeni dairəciklər – Sadomor qəsəbəsi və Müqəddəs gölün baş tərəfindəki dikdə yerləşən və öz aralarında “Apollon oteli” adlandırdıqları Qocanın “qəsri” daxil olur. Sonra əsgərlik dostu Tatarla bağlı xatirələr... Müəllif təhkiyənin düzənini pozmadan edir bunları. Obrazlı desək, elə bil sınıq-salxaq bir “Alabaş” bir nöqtədən qalxıb sürət yığa-yığa müxtəlif dayanacaqlarda durmuş sərnişinləri yığır. Mətn tədricən personajlarla dolur. Hərəsinin də özünə görə xarakterik cizgiləri. Yenə Heminqueyə müraciət edək: “Müasir romançıda səbr və təmkinlə işləmək xüsusiyyətləri olmaqla yanaşı, müstəsna uydurma və uyğunlaşdırma qabiliyyəti də çox vacibdir”. (“Yazıçı işi”) “Uydurma və Uyğunlaşdırma!” Mübariz Örən necə gözəl uydurur və necə də gözəl uyğunlaşdırır! Mətnə, qəsəbədə “ximik” olan atası daxil olur. Bu, yeni dairəcik deməkdir. Sonra qəhrəman atasının axtarışına çıxır. Axtarışın nəticəsi: “Ağ, pırpız birçəkli, pırtlaşıq saçlı bir qarı” onun qabağını kəsib deyir: “Rədd ol çıx get burdan, itin balası it! Sadomorlu arvadların yanına getdi dədən. Ha-ha-ha-ha-ha!.. Hə-hə-hə-hə!.. Ho-ho-ho-ho!..”.
Bu, artıq taledir və ya taleyin ironiyasıdır! Bir tikə çörək qazanmaq üçün doğma yerlərini buraxıb dünyanın müxtəlif yerlərinə, daha çox Rusiyaya səpələnən həmvətənlərimizin taleyi. Onlar qazandıqlarından daha çox itirirlər. Mübariz Örən bir kimsənin bugünəcən toxunmadığı (Bilirəm, “toxunan” var, amma bu cür işlənməyib!) “kiçik” bir insani faciəni yüksək sənətkarlıqla ümumiləşdirərək bəşəriləşdirir: Hey, insan, yad yerlərdə qazandığın pullarla öyünüb eləmə, olsun ki, günlərin bir günü o pulları doğmaca qardaşın aparsın, atadan bir bacınla da yatağa girəsən. Və o havalanmış qarının səsi əbədi olaraq səninlə qalacaq: “Ha-ha-ha-ha-ha!.. Hə-hə-hə-hə!.. Ho-ho-ho-ho!..”.
Povestin əsas ideya saçmalarını burada axtarmaq lazımdır. Lakin əsərin mifoloji-fəlsəfi qatında arxetiplər dayanır. Fransız dilində “köhnə tip”, “ilkin nümunə” anlamını verən arxetiplər Karl Qustav Yunqa görə, həm də kollektiv şüursuzluğun və davranışlarımızın nədənidir. Yunqa görə, arxetiplərin hansı formada qayıdışına heç kəs zəmanət verə bilməz. Onlar yuxugörmə, simvol, dini “inanclar” şəklində də qayıda bilər. Mübarizdə arxetip Günah hissinin simvollaşdırılmış formasında sayrışır. (“Qar tanrısı”nı yada salın!) Məhz bu arxetipin alovu onu və oxucunu qədim mifoloji uzaqlıqdan vurur. Və istər-istəməz “Edip kompleksi”nə gedib çıxırıq. Lakin Mübarizin qəhrəmanı atasına qarşı düşmənçilik duyğularına yoluxmayıb. Dünyanın ən qəmli, faciəvi və universal bir “Oyunu”na özü də bilmir ki, necə qatılıb.
Təhkiyəçi çox maraqlı bir oyun qurub. İki “fərqli” situasiyanı qarşılaşdırır. Əsərin qəhrəmanı “Apollon otel”ində olarkən dostu Tatar təzə gətirdiyi bir qızı ona təqdim edib deyir ki, qorxma, bu qızın işini öz atası görüb. Çaşqınlıq içində quruyub qalan qəhrəman “əlinə keçəni dörd tərəfə tolazlayıb bağırdıqca bağırmışdı. – Oğraşlar! Binamuslar! Qəhbələr! Rədd olun hamınız!” Eşitdiklərindən dəhşətə gələn qəhrəmanın başına növbəti daha dəhşətli o “gözlənilməzlik” gələndən sonra onun intihardan başqa çarəsi qalmır. Təhkiyəçi incə psixoloji detallarla öz qəhrəmanını ölümə hazırlayır. Tarkovski necə də haqlıdır: “İncəsənətin əsas məqsədi insanları ruhən ölümə hazırlamaqdır”.
Səni çox sevirəm, Günah
Heç bir Tanrı bəndəsi günahdan sığortalanmayıb. (Son söz çox uzaqları göstərir. Yerinə düşməyib!) “Günah” “insan” sözünün sinonimidir. Biz bunu qəbul etməsək, yaşamaq bizim üçün çox çətin olacaq və necə ki, çətindir. Bir-birimizi “vurmaq” üçün ən “primitiv” silahdan – günahdan istifadə edirik. Hətta Dostoyevski ilə Tolstoy arasında seçim edərkən ikincinin üstünə qaçırıq. Və şüuraltı olaraq guya günahdan (Dostoyevskidən) qaçdığımıza özümüzü inandırırıq. “Anna Karenina”nı yazmış Tolstoya tərəf, hə? “Əvvəllər fahişələrlə yatıb sonra ev qızlarını alırdıq. İndi ev qızlarını alıb fahişələrlə yatırıq”. (Tolstoy) Buyur, bu da sənin Tolstoyun! İndi o, mənimdir!
Mübarizin povesti məhz belə acı, qəddar həqiqətləri üzümüzə çırpır. Heç nə itib eləməyib, hamısı bir-bir qayıdır. “Hətta şeytanın bizə etdiyi və bədbəxtliklərimizə bais olan köməkləri də”. Düşünürsən ki, ən dəhşətli günahların canlı mücəssəməsi qədim Pompey şəhəri eramızın 79-cu ilində Vezuvinin püskürməsi nəticəsində yolunu azmış sakinləri ilə birlikdə vulkan külü və lavanın altında qalıb məhv oldu?! Bəs Sadomor?! “İtmiş” Pompey XXI əsrdə Sadomor qiyafəsində qayıdıb. Sadomor Pompeyin son gününə doğru gedir. Məşhur rus rəssamı K.P.Bryullovun (1799-1852) “Pompeyin son günü” rəsmində təsvir olunanlara doğru...
Müqəddəs gölün üstündəki lənətin götürülməsi O-ndan asılıdır. O, ölümə sarı qaçır. Arxasınca qaçan Aysulu isə “ölümdən”. “Məni burda qoyma, qardaş, özünlə apar. Sənnən başqa kimim var ki?!” Çox acı səhnədir.
“ – Niyə məni qoydun öləm, baba?!”
Əsərdə “O”-nun adı yoxdur. Elə bu adsızlıq da bəşəri faciələrin milli mənsubiyyət tanımadığına bir işarədir. Qlobal götürsək, bəşəriyyətin hər bir üzvü eyni bir miqyassız faciənin (Günahın!) daşıyıcısıdır. Fərqi yoxdur, bu, təzə günahdır, yaxud köhnə!