Bizə məlum olanı riyakarcasına xalqdan gizlətdik – Tənqidçidən ad günü yazısı

Bizə məlum olanı riyakarcasına xalqdan gizlətdik – Tənqidçidən ad günü yazısı
3 may 2021
# 10:21

Kulis.az bu günlərdə 64 yaşı tamam olan tənqidçi, saytımızın əməkdaşı Mehman Qaraxanoğlunun “Ad günüm” yazısını təqdim edir.

Tanrı lütfü ilə, əziz dostlar, doğum günümlə bağlı paylaşımlarınız, hərarətli sözlər və bəyənmələrinizlə mənə inanılmaz hislər yaşatdınız, mənim də gücüm bir “ürəy”ə (smaylikə!) çatdı, amma qəlbimin dərinliklərində hiss etdim ki, bir ”ürək” çox az oldu, lap az, ona görə də sizə olan dəruni hörmət və ehtiramımı bir kiçik “hesabat”la da ifadə etmək istəyirəm:

1. Tez-tez düşünürəm ki, Yer üzünü pisliklər (mənəvi deqredasiyalar, saxtakarlıqlar, hər cür ruhi kataklizmlər, müharibələr və s.) bütünlüklə cənginə alıb hər şeyin sonu olandan çox-çox sonra insanlığın nağıl dövrü gələcək; gözəl yuxular, gözəl sevgilər və gözəl personajlar haqqında gözəl miflər uyduracaqlar. Amma bütün o gözəlliklər onların gözü qarşısında ola-ola görmək istəmirlər. Müəllimliklə yanaşı, yazı fəaliyyətimdə də çalışmışam və ya çalışmağa cəhdlər etmişəm ki, məhz gözəllikləri görüm, özü də maksimum; təmasda olduqlarımda, dostlarımda işlədiyim yerlərdə, şagirdlərim, tələbələrim və fb dostlarımda da... Fb-nin nə olduğunu bilmədiyim dövrlərdən artıq gözəl “gördüklərim”in gözəl bəhrəsini görmüşəm və görürəm də...

2. “Vətənin şərəfi üçün atəşə get, Hamı üçün... Sevgi üçün” Nekrasovun “Şair və vətəndaş” şeirindəndir. Əsərin ümumi ruhundan sıçrayan amansız “qəlpə” budur: “Şair olmaya bilərsən, amma vətəndaş olmağa borclusan”. Vətəndaş olmaq isə fiziksəl olaraq təkcə bir məkana aid olmaq və ya bir kimliyə sahib olmaq demək deyildir, sevgili Vətənində nə baş verirsə, onu süngər kimi daxilinə çəkib vird eləməkdir. İstedadlı gənclərin oturub qafiyə quraşdırıb, gözümüzün qarşısında Mirzə Cəlilin “Şeir bülbülləri”nə, Haqverdiyevin Mirzə Səfərinə çevrilməsinə baxmaq çox ağır bir mənzərədir. Onlar gərək 44 günlük “Zəka müharibəsi”ndən (Rafiq Əliyev), uğurumuzun əsas mahiyyətindən özlərinə ibrət dərsi götürsünlər. Dahi Nizaminin bu misralarını nə tez unutduq?! Amma... və lakin... biz yaxın tariximizi unudan xalqıq, qaldı o misraları: “Şeirdən ucalıq umma dünyada/ Çünki Nizamiylə qurtardı o da”. Təbii ki, orijinalda “şeir” yerinə “nəzm” yazılıb, nəzm isə əsrarəngiz Harmoniyanı simvolizə edir, oraya 12 fənn daxildir, ümumi şəkildə “elmül-ədəb”; nəzm də onlardan biridir: Quran, hədis, təfsir, ədəbiyyat, əruz, coğrafiya, tarix, inşa, xəttatlıq və s. Şair özü bu haqda yazır:

Alimlər ki, bilir, on ikicə fənn
Onlardan mükəmməl bilən mənəm, mən!

(“Yeddi gözəl”, “Lider” nəşriyyatı, 2004. Səh: 172)

Tərcümənin də bərbadlığı göz önündə. Məhz gənclər içərisindən gələcəyin Nizami tərcüməçiləri, Nizamişünasları çıxmalıdır. Amma... Bunun üçün müstəqil bir Nizami İnstitutu fəaliyyət göstərməlidir. Orada həmin 12 fənlə yanaşı, qədim ərəb, fars dili, “Ərəbşünaslıq”, “İranşünaslıq” fənləri, “ölmüş” latın və yunan dilləri də öyrədilməlidir. Qədim dilləri və elmləri öyrənmədən bizim tariximiz “qaranlıqdan işıqlığa” çıxa bilməyəcək. Burada Ziya Bünyadov, Rüstəm Əliyev kimi nəhəng alimlərin titanik fəaliyyətini qeyd etməmək insafsızlıqdır. Əziz dostlar, sözümün canı odur ki, Vətəndaş olmaq rahat iş deyildir. Özümə gəlincə, yalnız cəhdlər edirəm...

3. Yenə özümə gəlincə, şüurlu şəkildə şeirdən təhlilə (ədəbi tənqidə!) adladım. İşim də göz önündə... Buradan nəsə qazanmağı heç bir zaman ağlımın küncündən də keçirmədim, aldığım həzz qazancım oldu, ona görə də özümü xoşbəxt hesab edirəm. Ustadım mənə pisə pis deməməyi, yalnız yaxşı əsərləri və ya yaxşı hesab elədiklərimi təhlil edib, bununla da zəif əsərlərə mesaj göndərməyi israrla tapşırıb. Ciddi şəkildə əməl edirəm. Olur ki, bu “postulat”ı hərdən “qırıram” və yenə də “ləzzət”lə əzabını da çəkirəm... Amma burada bir haşiyə çıxmağı özümə borc bilirəm: Belə çıxmasın ki, dərindən oxuyub təhlil etməyə zamanı çatdırmadığım əsərlər zəifdir, pisdir. Belə əsərlər çoxdur, lap çoxdur. Onları ədəbi tənqidlə məşğul olan digər həmkarlarım da çatdıra bilmirlər. “Niyə”si məlumdur! Çünki ədəbi tənqid ölkəmizdə peşə, sənət səviyyəsinə çatmayıb, çörəyimiz bu sənətdən çıxmır! “Mozaik” məşğul olmalarla analitik ümumiləşdirmələrə nail olmaq çox çətindir. Adam təəssüf edir ki, “tarixdən daha fəlsəfi olan” (Aristotel) və Dilimizin, Sözümüzün, Ruhumuzun Paytaxtına - klassikaya və çağdaş ədəbiyyata niyə bu qədər biganəyik? Orta və ali məktəblərdə Dil ədəbiyyatdan ayrı tədris edilir! Lap ayrı! Bu, dırnağı ətdən, ruhu bədəndən ayırmaq kimi bir şeydir. Bunu kimlər edir, niyə edirlər? Hansı “vətənsiz” mərkəzlərdən idarə olunur bunlar?! Abituriyent yalnız dildən imtahan verir! Filoloji fakültələri çıxmaqla, bütün qeyri-ixtisas qruplarında tələbələrə də yalnız dil dərsləri keçirilir. Bu, rüsvayçılıqdır. Bəs ədəbiyyat?! Onlar dildən nə öyrənirlər ki? Orta məktəbdən nə bilirlər, odur. Qeyri-ixtisas qruplarında, əksinə, ədəbiyyat tədris olunmalıdır. Dil də ədəbiyyatda maddiləşir. Ədəbiyyat teologiya, tarix, mədəniyyətşünaslıq, dil, fəlsəfə və s. deməkdir. Yeri gəlmişkən, dil də fəlsəfənin əsas predmetidir. Biz isə tələbələrə ismi, onun kateqoriyalarını, köməkçi nitq hissələrini öyrədirik! Bundan böyük rüsvayçılıq olarmı?! Bəs əldən verdiyimiz imkanlar və bugünün mədəni-mənəvi, geosiyasi reallıqlarının diktəsi harada qaldı? Özümə gəlincə, fəaliyyətimdə sözügedən istiqamətləri sintez eləməyə cəhd edirəm...

4. Paytaxtda “Ədəbi Əsərlərin Analitik Təhlili Mərkəzi” fəaliyyət göstərməlidir. Ölkənin bütün peşəkar təhlilçiləri (ədəbi tənqidçiləri) və bu işə maraq göstərən istedadlı gənclər burada toplaşmalıdırlar. Baxın, ölkədə nə qədər siyasi-analitik və araşdırma mərkəzləri vardır. Dövlət onlara pul ayırır, üstəgəl, qrantlar da alırlar. İşləri-gücləri dünən dediklərini bu gün danıb tamamilə cəfəng şeylər danışmaqdır. Televiziya ekranlarından onların çıxışlarına bir baxın! “Dəmir yumruğ”un bir dəfə yuxarı qalxmasıyla onların bütün proqnozlar piramidası darmadağın oldu. İndi də yaxşı “üsul” tapıblar; Prezidentin keçdiyi yerlərdən onlar da öz riyakar sözlərini "keçirirlər". Amma Mirzə Fətəlilər, Əli bəy Hüseynzadələr, Mirzə Cəlillər, Haqvediyevlər, Sabirlər, Nəriman Nərimanovlar, Ordubadilər bizim bügünkü reallıqlarımızı görüb, dəqiq proqnozlaşdırırdılar. "Siyasət" sözünün qorxusundan "S" hərfini yaza bilməyən" (Mirzə Cəlil) bu nəhəng fikir adamları taleyüklü ən dərin, incə və acı mətləbləri çox zaman çılpaq deyil, libaslaşdırılmış bir halətdə (əyin-başına şirinlik yaxılmış acı həblər kimi) verirdilər. Biz də dərinliklərə enmədən tələm-tələsik onlara “bədii söz” deyib üstündən keçdik və ya bizə məlum olanı da riyakarcasına xalqdan gizlətdik! Çünki “böyük qardaş” belə istəyirdi. Kiçik bir misal; “böyük qardaş”ın istəyi ilə biz əvəzsiz yazıçı, tarixçi, siyasi xadim Y.V.Çəmənzəminlinin “İki od arasında” romanını “Qan içində” adıyla nəşr etdirdik. Biz indi iki od arasında qalmamışıqmı?! (Baxın, tənqidçi-ədəbiyyatşünas İradə xanım Musayevanın araşdırmalarına!) Bəli, ölkədə “Ədəbi Əsərlərin Analitik Təhlili Mərkəzi” (buraya struktur-semiotik, mifolinqvistik təhlillər də daxildir) fəaliyyət göstərməlidir. Ali məktəblərdə də həmin ixtisas üzrə gənclər yetişdirilməlidir.

Sayğılarla, Mehman Qarxanoğlu

# 2651 dəfə oxunub

Müəllifin son yazıları

# # #