Kulis.az Fəridənin "Mən yalnız bir robotam" adlı yazısını təqdim edir.
Dövlət İmtahan Mərkəzində Azərbaycan dili üzrə sertifikatlaşdırma imtahanının onlayn platformasının təqdimatında həmin xəbəri mən yazmışam.
Açığı, bəzi saytlar xəbəri hazır press reliz halında vermişdi.
Mən məlum məsələni ayrıca xəbər şəklində yazandan sonra "loo" düşdü, tez hamı xəbərin içini dəyişib başlığa "Məleykə xanım yazıçıları dil imtahanından keçməyə çağırdı" cümləsini çıxardı.
İki gündür bu xəbər ucbatından düşən çaxnaşmanı görəndən sonra işin-gücün bu qaynar çağında məsələyə münasibət göstərmək ehtiyacı hiss etdim.
Lətifəsi bizdən uzaq, deyirlər "bir dəli quyuya bir daş atdı, min ağıllı yığışıb çıxara bilmədi".
İki gündür saytlar dağılır. Yazıçılar dəyib bir-birinə. Hamı bərk narahatdır bu məsələdən.
Əvvəlcə, qısaca bir məlumat verim, məsələnin nədən ibarət olduğunu izah edim ki, narahat qəlblərə dinclik ələnsin.
Bu imtahan ingilis, alman və s. xarici dillərdə A1, A2, B1, B2, C1 səviyyələri təyin edildiyi kimi, Azərbaycan dili üçün də bu səviyyələrin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub və əsasən, xaricilər üçündür. Yəni, Azərbaycanda yaşamaq, işləmək istəyən şəxslər ehtiyac olduğu halda bu imtahandan keçib dili hansı səviyyədə bildiklərinə dair sertifikat alacaqlar.
Hazırda imtahan demo versiyada təqdim edilib. Yəni, ilkin layihədir. İndi bu demo versiyanın işləkliyini ölçmək, nəticələrini analiz edə bilmək üçün əldə ilkin bir data, yəni, məlumat bazası olmalıdır. Dövlət İmtahan Mərkəzi də yazıçılara, alimlərə, müəllimlərə səslənib deyir ki, gəlin siz keçin bu imtahandan, nəticələri görə bilmək, analiz etmək, versiyanı püxtələşdirmək və s. üçün əlimizdə bir nəticə olsun.
Çünki nəticə üçün əldə ən azı 2000 nəfərlik bir məlumat olmalıdır.
"Ziyalı" deyiləndə ilk ağla gələn yazıçı və müəllimlərin bu reaksiyası olduqca gülməlidir və təəssüf doğurur.
Məsələni anlamadan, nə olduğunu öyrənmədən hərə ağlına gələni danışır. Saytlar gündəm xatirinə kimdənsə açıqlama alır, siz də ağlınıza gələni danışırsınız. Fürsətdən istifadə edib kimlərəsə atmaca atan kim, "söz soxan" kim, Məleykə xanımı az qala təhqir edən kim.
Xanımlar və cənablar, qocaman yazıçılar, relax bir az. AYBdır.
Dildən danışanda, kiminsə yaradıcılığını qiymətləndirəndə şirəli-ballı söz və ifadələrlə, gəlişi gözəl cümlələrlə "master klass" keçəndə, bir-iki nimdaş sözlə palaz-palaz hekayələr yazanda çox rahat idiniz, nooldu? Nədən qorxursunuz?
Etibarlı mənbələrdən aldığım məlumata görə, müəllimlərimiz də, ən azı, yazıçılar qədər narahatdırlar. Hamının kürkünə birə düşüb.
Allah köməyimiz olsun. Yeniliyə bu qədər qapalı, köhnədən yapışıb buraxmayan, danışmağa gələndə dərs keçib, işə gələndə aradan çıxmağa cəhd edən bu ziyalılarla inkişaf, rəqəmsal dünyaya inteqrasiya, yeni üfüqlər, lap elə "yaşıl dünya naminə" cəhdləri belə o qədər uzaq, əlçatmaz üfüqlər kimi görünür ki...
Yazıçı Kamal Abdulla da deyib ki, məsələni ciddiləşdirməyək, ola bilər, Məleykə xanım zarafat edib.
Kamal müəllim, siz də orda idiniz, mən də. Allah haqqı, zarafat deyildi. Məleykə xanım dəfələrlə təkrarladı, jurnalistlərin suallarını cavablandıranda bir də təkrar etdi, müəllim, alim və yazıçıların bu imtahandan keçib data formalaşmasında iştirak etməsini istədi. Belə də olmalıdır. Elm naminə, təhsil üçün, cəmiyyət, gələcək üçün hesablanmış bu layihədə müəllim, alim, yazıçı da yaxasını kənara çəkəcəksə, nə oldu daha?
Hay düşən kimi "mən ziyalıyam" deyib bizə dərs keçən bu kəsimin yaralı barmağa dərman olmaq istəniləndə bu cür reaksiya verməsi çox ağrılı mənzərədir.
DİM sədri zarafatla dedi ki, imtahandan keçsələr, bəlkə də, böyük çoxluq çox aşağı nəticə göstərəcək, inanın ki, reaksiyaları əvvəldən təxmin etdiyimə görə və bir az da xəbəri agentlik üçün yazdığımı nəzərə alaraq onu əlavə etmədim.
Hər şey hesabladığım, gözlədiyim kimi oldu. Ziyalılarımız bizi bu dəfə də yanıltmadılar. Müəllimlər yəqin maaşlarını, yazıçılarımız da bəzi "imtiyazlarını" itirməkdən narahatdırlar. Tragikomediya.
Nə deyəsən? Dövlət İmtahan Mərkəzinin, lap elə Təhsil Nazirliyinin işi çox çətindir, vallah. Bu qədər dar düşüncəli, köhnə fikirli, qorxaq, analiz qabiliyyəti zəif, bu qədər narahat, təlaşlı, panik "ziyalılar"la, bu cəmiyyətdə təhsil adına iş görə bilmək, nəsə bir layihə həyata keçirmək çox qəliz məsələdir. Allah köməyiniz olsun. Bunlara qalsaydı, yəqin ki, hələ də uşağı ali məktəbə qəbul ola bilsin deyə atalar rayondan çiynində qoç gətirəcəkdi dekanatlıq, rektoratlığa...
Yuxum gəlir. İçimdə dəniz boyda bir təəssüf var. Heç nəyin dəyişməyəcəyinə dair. Gecənin gündüzlə bərabərləşdiyi bu çərşənbə gecəsində yəqin ki, təxminən, belə bir yuxu görəcəm:
"Bakı. 2050-ci il. Bir müəllim lövhənin qabağına çıxardığı müasir, süni intellekt əsaslı, insanabənzər robota böyük-kiçik yeri bilmək öyrədir. Dəmir qıçlarına bir-iki çubuq çəkir. Robot axşam dərsdən evə qayıdıb gündəliyinə bu sətirləri yazır: kənd gecənin ana laylası qədər şirin, dan yeri kimi işıqlı, məsum bir gözəlin küləkdə sovrulan pəjmürdə telləri qədər cazibəli sükutuna qərq olanda insanlardan gizlənib ağlamaq istədim, heyif ki, mən yalnız bir robotam. Mən yalnız bir robotam"...