Yazıçılar Birliyinin Qurultayında nələr baş verdi? – Reportaj

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı

27 oktyabr 2022
# 14:00

Kulis.az Ulucay Akifin AYB-nin XIII Qurultayından reportajını təqdim edir.

– Oturuz, oturuzz, hamuvuz oturuuzzz.

Akademik Milli Dram Teatrında adamlar qarışqa kimi qaynayır, hamı özünə yer axtarır. Onsuz da, bu dünyada hamı öz yerini axtarır.

– Xahiş eləyirəm, oturuz, başdıyağun. Çingiz Abdullayev təkrarlayır.

Şəhriyar del Gerani ilə mən özümüzə lojanın ən arxa sırasında yer tapıb otururuq.

– Çox adam elə bilir ki, bizim 30-40 Xalq yazıçımız, Xalq şairimiz var, amma elə dögül. Bizim 4 Xalq şairimiz, 8 Xalq yazıçımız var. Onlardan xahiş edirəm, gəlib səhnədə otursunlar. – Çingiz Abdullayev yavaş-yavaş Qurultayı açmağa hazırlaşır.

Şəhriyarla mən saymağa başlayırıq.

– Xalq şairləri Ramiz Rövşəndi, Sabir Rüstəmxanlıdı, Vahid Əzizdi, Nəriman Həsənzadədi. Səkkiz Xalq yazıçısı kimdi? – Şəhriyardan soruşuram.

– Anar, Çingiz Abdullayev, Elçin, Kamal Abdulla, Afaq Məsud. Neçə oldu? – məndən soruşur.

– Bilmədim.

– Anar, Çingiz Abdullayev, Elçin, Kamal Abdulla, Afaq Məsud. – təzədən barmaqlarını qatlaya-qatlaya sayır. Beş oldu. Qaldı üçü.

– Natiq Rəsulzadə. Oldu altı. Qaldı ikisi. – deyirəm.

– Bəlkə elə 6 nəfərdi e. – gülür.

– Rusdilli yazıçılarımızdan başqa kimsə var?

– Həə, Elmira Axundova. Bu da yeddi.

– Səkkizinci kimdi bəs?

Nə qədər fikirləşirik, yadımıza düşmür.

– Dörd üstəgəl səkkiz eləyir on iki. İsa peyğəmbər və on iki həvarisi. “Sonuncu şam yeməyi”nə (Leonardo da Vinçinin əsəri) oxşayır e. Ona görə sayıram. – səhnəni göstərib zarafat eləyirəm.

Yazıçı Anar çıxışına başlayır. Son Qurultaydan (2014-cü il) bu yana dünyasını dəyişmiş yazıçıların (AYB üzvləri) adlarını çəkir. Siyahı uzandıqca uzanır. Bir vərəq, iki vərəq, üç, dörd... Zala sükut çökür. Yaşlıların canındakı vahimə açıq-aşkar bütün zala hopur. Siyahı bir neçə gün əvvəl vəfat etmiş Yafəs Türksəsin adı ilə bitir. Anar müəllim nitqindən sonra ilk çıxış üçün sözü İsa Həbibbəyliyə verir və onun 20 dəqiqəlik nitqinin olacağını söyləyir. Çıxışın ilk dəqiqələrinə qulaq asıb Şəhriyarla siqaretə çıxırıq.

Teatrın eyvanında Xəyal Rzanı (kimin üçünsə AYB-nin Mətbuat katibi, bizim üçünsə şair) görürük. O da siqaretə çıxıb.

– Səkkizinci Xalq yazıçısı kimdi? – tapdığımız 7 adı çəkib Xəyaldan soruşuruq.

– Mövlud Süleymanlıdı da. – Xəyal həmən cavab verir.

– Həəə! Mövlud Süleymanlı! Necə yadımıza düşmədi e! – ikimiz də bir-birimizə baxırıq.

Get-gedə eyvanda siqaret çəkən adamların sayı artır. Deyəsən, İsa Həbibbəyli 20 dəqiqə limitini də keçir. Qayıdırıq zala. Yerimizda başqa adamların oturduğunu görüb məcbur ayaqüstə dayanmalı oluruq. Elə içəri addımımızı atan kimi Anar müəllimin səhnədən yüksək səslə adımı çəkdiyini eşidirəm:

– Ulucay Akif! – deyir və dayanır.

Duruxuram. Birinci elə bilirəm ki, Anar müəllim mənə nəsə demək istəyir, amma heç nə demir. Siyahı açıqlayırmış.

– Təsadüfə bax e, düz adın çəkiləndə qayıtdıq. – Şəhriyar mənə baxıb deyir.

– Bu nə siyahı idi görəsən? – Şəhriyardan soruşuram. Sonra “Yəqin sonuncu Qurultaydan bu Qurultaya kimi ölməyənlərin siyahısı idi”. – deyib zarafata salıram.

Çıxışlar biri-birini əvəz edir. Çıxışçıların hamısı Anar müəllimin mütləq yenidən sədr seçilməli olduğunu deyir, zaldakı hamı da bu fikri alqışlayır. Zalda, təxminən, 500 yazıçı var. Anar müəllimə deyilən bütün xoş sözlər yazıçılar tərəfindən alqışlanır. Hamı ona sevgisini nümayiş etdirir.

Ramiz Rövşən çıxış edir. O da Anar müəllimin ünvanına xoş sözlər söyləyir, onu yenidən sədr görmək istədiyini deyir və çıxışını “Toz” şeiri ilə yekunlaşdırır. Ramiz Rövşənin yeri düz kürsünün yanında olduğundan çıxış üçün tribunaya çıxan hər kəsə yol verməli olur. Gah stulunu qabağa çəkir, gah dala, gah ayağa qalxır, gah yana çəkilir.

– Ramiz Rövşən hamının qabağını kəsib e! – bu dəfə Şəhriyar zarafat eləyir.

Çay fasiləsinə çıxırıq. Teatrın foyesi, eyvanı şıq geyinmiş yazarlarla dolub-daşır. Hamı biri-biri ilə salamlaşır, söhbətləşir, deyib-gülür. Aqil Abbası görürəm. Yanımdakı Nihat Pirin qolundan tutub qabağa çəkirəm:

– Aqil müəllim, bu oğlanı tanıyırsınız?

Nihat Pir utana-utana gülür.

– Aqil müəllim, mənim Məmməd Araz haqqında bir yazım Lənkəran Universitetində birinci yerə layiq görülmüşdü, siz də mənə 500 manat vermişdiniz. Nihatdı adım, Nihat Pir.

– Həəə, tanıdım, tanıdım, Nihat. İmzanı tanıyıram, belə üzdən yadımda qalmamısan.

– Mən buna beş ay qabaq 5 manat vermişəm, beş aydı yadımdan çıxmır, siz 500 manat verib necə yaddan çıxarırsınız? – Aqil müəllimlə zarafatlaşıram.

Birazdan şair Qulu Ağsəslə rastlaşırıq. Desəm, bəlkə, inanmayacaqsınız, amma pandemiya söhbətlərindən sonra onu ilk dəfə görürəm. Bu neçə il ərzində COVİD-19 qorxusundan evdən çölə çıxmırdı. Hətta şayiələr gəzir ki, AYB-nin binasının yerini də unudub, keçən dəfə çaşıb Rəssamlar İttifaqının binasına gedib, keçib hansısa otaqda oturub, “Ulduz” jurnalını çap eləyib, qayıdıb evinə. Xeyli məzəli söhbətlər eləyir. Öz İnstaqram profilini bizə göstərir, deyir ki, indi bütün ciddi adamlar İnstaqramdadı, feysbukdakılar kimi deyillər.

Birazdan foyedə bir nöqtədə izdihamın yarandığını görürəm. “Çəkilin, mən şairəm!” deyib izdihamı yarıb keçirəm. Görürəm ki, hamı Ramiz Rövşənin başına yığışıb, onunla şəkil çəkdirir. Qadınlar şairin qollarından, çiynindən, boynundan sallaşır. Hətta biri az qala başına çıxmaq istəyir. Ramiz müəllim də təmkinlə dayanır, təbəssümünü əskik eləmir.

Şairin ətrafındakı izdiham seyrəkləşən kimi mən də yaxınlaşıb salamlaşıram.

– Ramiz müəllim, bilmirəm məni tanıyırsınız, ya yox... – elə ilk cümləmi tamamlamamış Ramiz müəllim sözümü kəsir:

– Tanıyıram, Ulucay! Niyə tanımıram? İzləyirəm, oxuyuram səni. Çox talantlısan. Əsl şairsən!

Əsl şair olduğunu düşündüyüm birindən bu sözləri eşitmək məni çox sevindirir.

– 2-3 il qabaq sənin bir şeirini qalib seçib mükafat vermişdim. Qiraət müsabiqəsində bir qız sənin şeirini oxumuşdu. "Kölgə" idi şeirin adı. – deyir.

Bu hadisəni də yadında saxlamasına lap sevinirəm. Şəkil çəkdirib sağollaşıram. Ramiz müəllim məndən aralananda görürəm ki, qara paltarlı bir qadın hələ də onun ayaqlarından yapışıb buraxmaq istəmir.

Mədəmə bir tikə nəsə atmaq istəyirəm, amma qab tapa bilməyib çıxıram yenə eyvana. Eyvanda sədrliyə namizədliyini irəli sürmüş gənc şair Fuad Cəfərlini görürəm.

– Mən səsimi sənə verəcəm! – Fuada deyirəm. Gülür. Deyəsən, zarafat elədiyimi düşünür.

– Vallah, düz deyirəm, mən sənə səs verəcəm.

Təşəkkür eləyir.

Birazdan tanımadığım bir kişi mənə yaxınlaşır:

– Sən Akif Səmədin oğlusan? 2004-cü ilin Qurultayında namizədliyini verdi, mən də orda idim, bir köpəyoğlu ona dəstək olmadı! Heç kim ona səs vermədi!

İstəyirəm soruşam ki, “sən köpəyoğlu niyə səs vermədin bəs?”. Amma soruşmuram. Dayının cümlələrinə elə ancaq başımı yelləyirəm. O qədər eşitmişəm ki, bu cümlələri.

– Atan əla kişi idi! Əsl kişi idi! Mən də ordaydım. Düz deyir, bir köpəyoğlu atana səs vermədi, heç kim dəstək olmadı – dayının yanındakı o biri dayı mənə deyir.

– Elə siz də pis kişi deyilsiniz! Siz də əsl kişisiniz! – deyirəm. Dayılar sözlərimdəki ironiyanı tutmurlar. Məmnun halda məndən aralanırlar. Mən də sevinirəm məndən aralanmalarına.

Zəruri haşiyə:

Ədəbi mühitdə belə adamlar çoxdur. Gəncləri hər fürsətdə qızışdırmağa çalışırlar. İçki məclislərində odlu-alovlu çıxışlar edirlər, Anarı və AYB-ni yıxıb-sürüyürlər, bir “rumka” araq, bir qarın yeməklə gəncləri öz maraqlarının təbliğatçısına çevirməyə çalışırlar, amma özləri heç nəyə etiraz etmirlər, nə tədbirlərdə, nə yazılarında, nə də sosial şəbəkələrdə. Hətta tədbirlərdə Anarı görəndə qabağına qaçıb ikiəlli görüşürlər, hörmətlərini, sevgilərini bildirirlər.

Elə bilirsiniz ki, mən bunları görmürəm? Bir mənim gözümə baxın, görün mənim gözümdən qaçar bu şeylər?

Bu adamların arasında Anarın ən yaxınında olanları da var. Bir tərəfdən gəncləri belə qızışdırırlar, o biri tərəfdən də Anarın həmin gənclərə qarşı münasibətinin pisləşməsinə çalışırlar. Söhbət AYB üzvü olan, hətta orada vəzifə sahibi olan şəxslərdən gedir əlbəttə.

Zəruri olan ikinci haşiyə:

AYB üzvü olmayan yazıçıları Anarın sədr olması niyə narahat edir, bilmirəm. Onsuz da siz bu qurumun mənasız, faydasız bir qurum olduğunu düşünürsünüz, hətta ləğv olunmasını istəyirsiniz. Ləğv olunmasını istədiyiniz qurumun sədri Anar olsa nə olar, olmasa nə olar? Özünüz bir qurum yaradın, öz aranızdan ora sədr seçin, öz istədiyiniz kimi də idarə edin. Bu, çox əla olar. Ədəbi prosesi daha da canlandırar. Belə sizə deyə bilərəm ki, AYB-nin üzvləri Anarın sədrliyindən çox razıdılar. Gördüyümü deyirəm də. Hamı yekdilliklə onu dəstəkləyir. Qurultayda gözümlə gördüm axı. Gözlərimə inanım, ya sizə?

Qurultayın növbəti hissəsi başlayır. Çıxışlar biri-birini əvəz edir. Sona yaxın çıxış edən Xalq Yazıçısı Elçin təklif edir ki, çıxışlar yekunlaşsın, səsvermə başlasın. O da Anarın sədrliyini tam dəstəklədiyini bildirir. Zaldakı hamı hər iki fikri alqışlayır.

Rəşad Məcid bu çıxışdan sonra Anarın namizədliyini səsverməyə çıxarır. Hamı əlindəki yaşıl mandatı havaya qaldırıb Anarın lehinə səsini verir. Zal bir anda yaşıl rəngə boyanır. Mən mandatımı qaldırmıram. Səs vermirəm. Çünki digər namizəd Fuad Cəfərliyə səs verəcəyimi əvvəlcədən demişdim.

Elə bu məqamda digər iki namizəd, gənc şairlər Fuad Cəfərli ilə Emil Rasimoğlu etirazlarını bildirirlər. Onlara da çıxış üçün söz verilməli olduğunu, ən azından namizədliklərinin səsverməyə çıxarılmalı olduğunu deyirlər. Dostları, gənc şair Tural Turan da onlara dəstək olur.

Mən də düşünürəm ki, onlara söz verilməli idi, ən azından namizədlikləri səsverməyə çıxarılmalı idi. Ən azından, protokol qaydası olaraq belə olmalı idi. Amma, təəssüf ki, belə olmur.

Bu, yazıçıların, şairlərin Qurultayıdır. Burada mübahisələr, etirazlar, sərt çıxışlar, tənqidlər olmalıdır. Ən azından, biz belə eşitmişik keçmiş Qurultaylar haqqında. Bir şey ki, adicə iki-üç dost olan yazıçı belə çay süfrəsi, yemək süfrəsi arxasında biri-biri ilə mübahisə edir, dalaşır, kimsə kiminsə fikri ilə razılaşmır, etiraz eləyir, 500 yazıçının olduğu bir Qurultayda etirazın, fikir ayrılığının olmasında qeyri-adi nə var? Əksinə, bunun olmamağı anormal sayılar. Gərək ki, belə olmazdı. Gərək, namizədliyini irəli sürmüş gənc dostlarımıza da söz haqqı tanınardı. Onsuz da zaldakı Qurultay iştirakçılarının, demək olar, hamısı yenə Anara səs verəcəkdi.

Sonuncu haşiyə:

Vaqif Bayatlı Odərin 2005-ci ildə “Azərbaycan” jurnalına verdiyi müsahibədən bir hissə:

“Mətbuatdan oxuyub, eşitdiyimə görə, Akif Səməd Yazıçılar Birliyinin son qurultayında sədr seçkisində özünün namizədliyini irəli sürüb və bir nəfər də olsun adam balası, bir yazıçı ona səs verməyib. Bu xəbəri eşidəndə çox sarsıldım. Mən sevgi carçısıyam, istərdim Anarı altı yüz yox, altı milyard insan sevsin. Ancaq heç kəs məndən inciməsin. Görünür, həmin anda o böyük zal sevgi hissindən, xalqımızın yüksək nəciblik və insanilik ruhundan bir az uzaq olub. Mən uşaq vaxtı görmüşəm ki, hətta ən zavallı adam da tənha qalanda toplumdan heç olmasa bir nəfər, bəlkə toplumun ən dəlisi, bəlkə də ən güclüsü, ən dahisi, bəlkə də ən adisi o təklənənə qahmar durar, ya da ağsaqqalıq edib nəsə bir könül sözü deyərdi. Heç bir seçimə imkanı olmayan o təklənmiş adamın yanında olar, onun səsinə səs verərdi. Bəli, mən belə mühitdə böyümüşəm və həmişə özüm də dediyim o ağsaqqalın, o dəliqanlının, o könül adamının – o kimsəsizə səs verənin yanında olmuşam. Və belə rəhmdilliyinə, insaniliyinə görə böyüdüyüm o mühitlə fəxr edirəm.

İndi də özümü bir daha o gözəl insani məqamda hiss eləmək imkanım var, ən azı, Allahın yanında. Çünki mən o qurultayda iştirak etməmişəm və deməli, səsim nəzərə alınmamış qalır. Və mən Anara böyük hörmət bəsləsəm də, öz səsimi qurultayda altı yüz nəfərin içində təklənmiş Akif Səmədə verirəm. Aradan aylar, illər, ölümlər, olumlar keçsə də, mənimçün zaman və ölüm yoxdur. Akif, mən sənə səs verirəm. Akif, mən həm də sənə səs verməyimlə o zaman ora yığışmış yazıçı cəmiyyətini, yazar dostlarımı xilas edirəm. Onlar xilas olacaqlar, lap mənim bu səsimi qəbul eləməsələr də. Çünki şübhəm yoxdur ki, Allah onu qəbul eləyəcək. Və mənim səsimi Allah qəbul elədiyindən, gör, sən nə boyda səs almış olursan, Akif Səməd!”.

Sizi təbrik edirəm, Anar müəllim. Yenidən AYB üzvləri yekdilliklə sizi sədr seçdilər. Bunu öz gözlərimlə gördüm. Bu səbəbdən də sizi təbrik etməliyəm. Mən isə səsimi sizə yox, gənc dostlarıma verdim.

# 4694 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa:  "Xəyanətə görə ailə dağıtmazlar" - Müsahibə

Məşhur aktrisa: "Xəyanətə görə ailə dağıtmazlar" - Müsahibə

18:05 24 iyul 2024
Selin Dion Paris Olimpiadasında çıxış edəcək

Selin Dion Paris Olimpiadasında çıxış edəcək

16:44 24 iyul 2024
Polisə xəbər verməkdən niyə qorxuruq? - Eminquey Akif

Polisə xəbər verməkdən niyə qorxuruq? - Eminquey Akif

15:00 24 iyul 2024
MEMİM Azərbaycan mədəniyyətinin keşiyində

MEMİM Azərbaycan mədəniyyətinin keşiyində

14:49 24 iyul 2024
"Ağadadaş Ağayev səhv edib" - Şərif Ağayar

"Ağadadaş Ağayev səhv edib" - Şərif Ağayar

13:36 24 iyul 2024
"Hərdən jurnalistlər xətrimə dəyirlər" - Arif Babayevdən açıqlama

"Hərdən jurnalistlər xətrimə dəyirlər" - Arif Babayevdən açıqlama

13:36 24 iyul 2024
# # #