500 manatlıq kitab, ölən qızın adına nəşriyyat evi - Kitab festivalından Reportaj

500 manatlıq kitab, ölən qızın adına nəşriyyat evi - <span style="color:red;">Kitab festivalından Reportaj
10 may 2019
# 18:22

Kulis.az Rəvan Cavidin Bakıda keçirilən II Kitab Festivalından yazdığı reportajı təqdim edir.

9 may tarixində Heydər Əliyevin anadan olmasının 96, "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin yaranmasının 2 illiyi münasibəti ilə təşkil olunmuş II Kitab Festivalı keçirildi.

Faulzun qəribə, eyni zamanda məni valeh edən romanının növbəti səhifəsini əlfəcinlə işarələyib "Elmlər Akademiyası” stansiyasından çıxıb üzüaşağı – Dövlət Statistia Komitəsinə tərəf əyildim. Keçən il festivalda iştirak etməsəm də, maraqlı olduğunu bir neçə reportajdan oxumuşdum. Hələki Bakıya o qədər də doğma olmayan kitab festivallarının sayının artması bir kitab sevdalısı kimi məni sevindirirdi.

Tələsmişdim. "Azərkitab”ın qabağındakı kiçik yaşıl sahədə hələ hazırlıqlar gedirdi. Mikrofonlar yoxlanılır, stendlər hazırlanır, imza günü olacaq yazıçıların masalarına adları qoyulur, adamlar su almaq üçün festivalın yeganə köşkünün qabağında o qədər də uzun olmayan növbə yaradıb. Sağ tərəfdəki stendlərdən başlayaraq bir-bir nəşriyyatların, yayım evlərinin kitabları ilə, satıcıları ilə qeyd dəftərçəmi doldurmağa başladım.

Birinci stend "Təhsil” nəşriyyatının idi. Başını əlinə söykəyib qarşısında duran qalın kitabı adamlara təqdim edən kitabçı xanımın üzündəki erkən yorğunluq mənə havanın isti olmasını xatırlatdı. Digər əli ilə tez-tez özünü yelləyib eyni sözləri təkrarlayırdı:

– Bu kitab deyil, açın...

Lənkəran çayının kitab formasındakı qabı imiş. Qiymətini soruşdum. Xüsusi sifarişlərdən olduğunu, 400-500 manat arası qiyməti olduğunu və bu gün sərgi üçün gətirdiyini deyib yenidən əlini yellədi.

– Mənim şəklimi çəkə bilərsiniz? – Kostyumda alnının tərini səliqəli silən bir bəy telefonu uzatdı, – ancaq elə edin kitabın üz qabığı yaxşı düşsün...

Şəkli çəkib uzaqlaşmaq istəyəndə xanım gileyini də eşidib gülümsəyirəm:

– Ancaq şəkil çəkdirirlər...

Növbədə "Qədim Qala” və "Parlaq imzalar” yayım evləri idi. Balacaboy xanım həvəslə kitabları təqdim edir, onlar haqqında danışır, mikrofonların səsinə duruxub dayanır, yenidən davam edirdi.

– Mən bu kitabı oxuyanda ağladım, yəni o dərəcə...

Başımı səs gələn tərəfə çevirsəm də, kitabın üz qabığını görə bilmədim və hansısa bestsellerin olduğunu güman elədim. Adamlar isə getdikcə çoxalırdı. Qonaqlar öz yerlərini alır, aparıcı son məşqlərini edir, oxucular isə kitab alıb yaşıllığa otururdular. Ən çox oxucu isə "Ovod” kitab evini təmsil edən stendin qarşısında idi. Türkiyədən kitab sifarişi ilə məşhur olan kitab evinin kitabçıları dayanmadan kitabları paketlərə qoyub gülərüzlə müştəriləri yola salırdı. Stendin arxa tərəfindəki balaca ərazidə ipək üzərinə işlənmiş rəsmlər sərgilənirdi. Azyaşlı uşaqların müəllifi olduğu rəsmlər sufi mövzusunda, butalar, milli atributlar idi. Ayasofyanın rəsm edildiyi ipəyin qarşısında bir az dayanıb cibimdə daşıdığım dostumu ovuclarımda gün işığına çıxardım. Sarı dinozavr oyuncağına "Mövlud "adı qoymuşdum. Rəngi günəşin rənginə qarışdı. İndi tək deyildim. Üzərinə Qənirə Paşayevanın adı qoyulmuş masada kitablar üst-üstə öz müəllifini gözləyirdi. Davam etdim.

"Şərq–Qərb”in məşhur seriyası həmişəki kimi stendin tamamını tutmuşdu.

Su, kola, meyvə şirəsi satılan köşkün yanında yol ikiyə bölündü. Səs gələn tərəfə getdim. "İdiot” yayım evinin həvəsli kitabçısı qışqırırdı:

– Kitablara toxunmaq pulsuzdu! Şəkil çəkdirmək olmaz! Kitab oxumaq pulsuzdu!

Sonra bir xanıma Corc Oruelin "1984”nü danışır. Himn səsini eşidib tədbirin başlandığını yəqin edirəm. və bundan sonra bir qulağım orda olacaq. Satıcının adı Ülvi idi. Söz vermişdim ki, reportajda adını yazacam. Bütün kitabçılar onun kimi həvəsli olsaydı daha gözəl olardı, amma... belə də pis deyildi. Festivala adamlar axışırdı.

Növbədə "Üçbucaq” idi. "Ovod”dan sonra ən çox oxucu burada idi. Kitabların arasında dünya gözəl görünürdü. Aparıcının "Azərkitab” haqqında verdiyi məlumat yarım saat çəkdi. Nəhayət, ilk söz "Azərkitab” layihəsinin rəhbəri Sabir Həsənova verildi. Növbədə isə "TEAS” idi. Mə.hur kitab yayım evinin qarşısında bir xeyli oxucu var idi. Diqqətimi çəkən isə bir xanım oxucunun nə az, nə çox – düz on beş dəqiqə "Ürəyimə toxun” kitabı ilə çəkdirmək istədiyi selfi idi. Mən yoluma davam etdim, bilmədim, nəticə necə oldu.

"Alatoran”ın yanında həmişəki kimi Rasim Qaraca, Azad Yaşar və bir neçə kitabçısı dayanmışdı. Azad bəylə bir az söhbətləşəndən sonra mənə "Nərmin” yayım evinin tarixini danışdı. Çox kitab oxuyan, kitablarla yaşayan bir qızın adı imiş Nərmin. Çətin bir müalicədən sonra ailəsi Nərmini itirir və onun adına bir yayım evi açılmasını istəyirlər. Sonra şairlə kitabçıların vəziyyətindən danışdıq bir az. Rasim bəy oxucuların kitab almamaqlarından şikayətlənirdi ki, bir xanım kitab aldı.

– Baxın, Rasim bəy, belə də olur – deyib güldüm.

– Həə, ara-sıra adamlar kitab da alır

Bir az kədərli intonasiya ilə. Mövludu rəsm sərgisi olan tərəfə keçirdim. Qonaqlar isə bir-birinin ardınca festivalı alqışladıqlarını, dalbadal keçən əlamətdar günləri təbrik edirdilər. Çingiz Abdullayev isə Şuşanı da yada saldı.

Sonra hərbi ansambl çıxış etdi.

Kitab stendlərinin sonunda isə milli əşyaları satan admalar dayanmışdı. Orta yaşlı bir bəy nəfəsli alətlərin hər birində ifa edib alıcılara yoxlayırdı. Onun yanında da kəlağayı satan bir xanım. Əsl festival.

Bir azdan yazıçılar imza üçün masalarına gəldilər. Əkbər Qoşalı, Elxan Elatlı, Varis, Çingiz Abdullayev, Qənirə Paşayeva, Gülay Hüseynova və digərləri.

Yaşıllıqda balaca uşaqlar bir azdan edəcəkləri çıxışı məşq edirdilər. "Həyat” rəqs qrupu. Balaca əlləri havada yellənirdi.

Bir neçə kitab alıb yaşıl otların üstünə mən də oturdum. Çıxış edənlərin səsini eşitmirdim. Adamlar kitabları imzalatmaq üçün masaların yanında idi. İstidə Faulz oxumaq çətin olacaq, fikirləşdim və kitabı əlfəcinlədiyim yerdən açdım. /artkaspi.az/

# 4031 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
#
#
# # #