Uşaqlara təpinən Fərda, "vor zakon" ana, deyingən arvad... – Reportaj

Uşaqlara təpinən Fərda, "vor zakon" ana, deyingən arvad... – <span style="color:red;">Reportaj
20 may 2019
# 09:00

Kulis.az Aliyənin "Niyə" serialının çəkilişindən yazdığı reportajı təqdim edir.

- Kasıbın niyə dərdi qurtarmır?

- Demə e. Problem içindən problem çıxır özü də.

“Niyə?” serialının çəkilişində üz gözü kasıblığın çalarları arasında itib batmış Asimanla-Fərda ilə danışmağa macal tapıram. Bu qısa arada o, Asimandı, ya Fərdadı aydın deyil.

Yəqin Fərdanın sevilməsinin bir səbəbi də kasıblıqla çabalayanların özünü Fərda ilə can bir qəlbdə hiss etməsidir. 27-ci seriyada onun Asimanı sevgi ilə pul arasında seçim etməlidir. Kasıblıq belədir - bir seçimdə 40 məsələni düşünməlisən. Kasıbın şansını qaçırması böyük faciədir.

Bir tələbə yoldaşımız var idi. 4-cü kursdan qızın gözünə yuxu getmirdi, Universiteti bitirənədək kimləsə evlənməli idi ki, kəndə qayıtmasın. Kəndə qayıtmaq ona əsirlik kimi idi. (İndi görəsən hardadı o qız?)

Kasıbın şərti çoxdur. Bu şərtlərin içindən özünə nazik, ciyiltili bir “Niyə?” sualı vermək hər kəsin işi deyil.

Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev illər əvvəl hazırladıqları bir sketçdə bu sualı verməyə güc tapdıqları üçün sıyrılıb kasıblıqdan qopa biliblər, aktyor olublar, sevgini də, pulu da qazanıblar. İndi yorğun-yorğun çəkiliş heyətinin minibusunda mini müsahibə verirlər:

“Kasıbın varlı olmaq arzusu elə komediyadır da... İsabala kimi, Asiman kimi həyat tərzi keçirən gənclərin varlanması şans məsələsidir. Müşfiq də, mən də kasıblıqdan gəlmişik. Varlanmaq ancaq zəhmət hesabına olub. O hind filmindədir ki, sevgini də, var-dövləti də rejissor səxavətlə qəhrəmanına verir ki, tamaşaçılar da razı qalsın. O rejissorun səxavətini qurban olduğum da versəydi lap yaxşı olardı.” – Xudaverdiyev yorğun-yorğun köks ötürür.

“Niyə?”nin süjetini serialın ssenari yazarları düzüb qoşsa da obrazların müəllifi tamamən özləridir: Müşfiq və Fərda. Öz qəhrəmanlarının necə deyərlər dabbaqda gönünə bələddirlər. Qalır ssenaristlərin bu qəhrəmanları müxtəlif vəziyyətə salmaları.

“Belələri hər yerdə qabağınıza çıxa bilər. Ortada yeyib qıraqda gəzənlər. İşləmək bunlar üçün deyil də...” - Müşfiq öz İsabalasına gülümsəyir.

Birdən haray-həşir qopur:

“Çəkirik!”

Aktyorlar avtomobildən düşən kimi Ulduz metrosu yaxınlığındakı sovetin quruculuq illərindən qalmış iki mərtəbəli yaşayış binalarının ortaq həyəti canlanır. Uşaqlar aktyorların ətrafına yığışır. Çoxdankı tanışlar kimi aktyorlarla salamlaşırlar. Deyəsən, hamı bir neçə dəfə şəkil çəkdirib. İndi məhəllədəkilərin qonaqları şəkil çəkdirir. Məşhur aktyorla şəkil çəkdirmək özü də qonaqlığa daxildir. Məhəllə sakinləri qürrəylə, dozası artırılmış ərklə qonaqlarını aktyorlara təqdim edib şəkil çəkirlər.

Bapbalaca qız uşağısa Fərdadan onu filmə çəkməyini xahiş edir. Həmişə tamaşaçılar müsbət impuls almayacaq ki. Aktyorların da çəkilişdən qabaq müsbət enerji almağa ehtiyacı var.

Çəkiliş başlayanda xosunlaşan uşaqlara Fərda özü təpinir. Həqiqətən də, məhz onun “Olmadı ki!”sindən sonra səslər kəsilir. Yüngülvari mətn məşqlərindən sonra “Kamera!” deyə “Niyə”nin quruluşçu rejissoru Əzizin səsi eşidilir. Əziz gah bu, gah da o biri kameraya nəzarət edə-edə epizodu başa çatdırır. Demək olar ki, bir-iki dubla bir epizod hazırdı.

Məkan Südabə ilə oğlu Asimanın yaşadığı evdi. Otaqda aktyorlar Allahverdi Yolçuyevlə Ələkbər Əliyev çay içir.

- Niyə həmişə xoşməramlı, insanlara rəhmi gələn bir polis obrazında çıxış edirsiz? Beləsi çoxdurmu ki?

Ələkbər müəllimin simasında güllər açır. Elə ürəkdən gülümsəyir ki, artıq belə polis olduğuna inanıram.

- Haqlısız, belə polis obrazları yaratmışam. Özü də niyə yoxdur ki? Bir dəfə mənə bir nəfər yaxınlaşdı, ehtiyatda olan polis zabiti idi. Mühafizədə işləyirdi. Dedi ki, məni sizin “Niyə?”dəki qəhrəmanınızın adı ilə çağırırlar. Kim gördü deyir: “Şıxıyev necəsən?”. Elə bil mənim obrazımı yaratmısız. Şıxov heç kimə pislik etmək istəmir. Həbs etdiklərinə də rəhmi gəlir.

Daha bir niyə ilə telefonun səsyazanını aktyor Allahverdi Yolçuyevə tuşlayıram. Sizin “Niyə?”serialındakı Firanız Asimanı evləndirməkdə canfəşanlıq göstərir. Niyə?

- Özü də təkdir. Taleyi gətirməmiş adamdır. Oğlu Rusiyadadır. Tək yaşayır Fira. İstəyir heç kim tək olmasın, evlənsin.

Bir azdan qrimçi xanım gəlib aktyor Allahverdi Yolçuyevin başına parik qoyur. Dərdli Firaya bu cür saç yaraşır. Bu görkəmdə Fira dərd əlindən dağa çıxan bəxtəvərə oxşayır.

Layihənin prodüseri Coşğun Vəliyev bir kənardan bütün bu həngaməni az qala Budda təmkini ilə müşahidə edir. Klassik prodüser pozasıdır: “Sizə nə var e... Birini bilirsiz, birini bilmirsiz...”.

Bu yerdə prodüserə bir minnətdarlıq borcum var: çəkiliş meydançasına aid hər ehtiyacı təmin etmək vərdişilə bizə “pover-bank” gətirir.

Epizodlar çəkildikcə heyət həyətdən evə doğru irəliləyir.

Gülcahan Salamovanın Asimanı türmə jarqonları ilə divara dırmaşdıran, dəli edən Südabəsi qapını açıb piyan oğlunu qarşılamalıdır. Kiçik bir məşqi heyət arasında zarafat sanıram. İkinci dublda epizodun ssenaridə olduğu çatır mənə.

- Südabə xanım, pardon, Gülcahan xanım, qəhrəmanınız niyə türmə jarqonu ilə danışır?

- Siz də Asiman kimi bu sözləri eşidəndə təəccüblənirsiniz? Vallah mən təəccüblənmirəm. Nə türmə jarqonu? Bunlar adi rus sözləridir.

Tin uşağı Asimanın pərt vəziyyətinə düşürəm. Qapıdan çıxanda pərtliyimi bir suyu repartyor-kaskadyor Səbuhi Məmmədliyə oxşayan aktyor Anar Almazovdan çıxmaq istəyirəm:

- Bəs sizin Atababa niyə əsəbidir?

- Arvadı deyingəndü ona görə. Arvad imkan versə həyat nədi bilərüg.

Binanın köhnə şəhərlilərin “Paradnı” dediyi blokunda bir epizod daha çəkilir. Kameramanın yanından bir mövqe seçib (“peşəkar fotoqraf deyilsənsə peşəkar operatorun yanından rakurs seç” prinsipi ilə), bir iki foto da çəkirəm. Bəsimdi.

Vaxtında getmək özü də peşəkarlıqdı. Niyə?

Niyə olacaq, maraqlı olsun diyə.

# 5207 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #