Kulis.az Şərif Ağayarın “Brilliantın dəyəri” yazısını təqdim edir.
Dünən tezdən Brilliant Dadaşovaya xeyli qulaq asdım. Uzun illər idi ki, bu müğənnini əsaslı şəkildə dinləmirdim. Deyəsən, efirdə də az-az görünür. Bir anlıq düşündüm ki, o boyda ifaçı az qala unudulur. Və bir status yazdım...
Bizdə qəribə ölçü hissi var. Kiminsə fəxri adı varsa, düşünürlər ki, hər cür qayğı ilə əhatələnib. Sizi əmin edirəm, min ildir fəxri adlar Azərbaycan sənətkarlarına dürüst qiymət verməyimizə mane olur. Kiminsə ifasında bir səhv görürsən, ağzını açmağa qorxursan. O saat üstünə düşürlər ki, sən kimsən, xalq artisti haqqında tənqidi fikir səsləndirəsən!
Şükür, son illər bu adı çox mənasız adamlara verirlər deyə, ölçü-biçi itir. Fəxri adlardan canımızın qurtarması üçün yeganə çıxış yolu onun dəyərsiz adamlara verilməsi, ölçü və meyar olmadığının əyaniləşməsidir.
Yoxsa “diktə sənəti” bizi çox girinc eləyəcək.
“Diktə sənəti” dedikdə, öz ağlımızın, öz düşüncəmizin, öz zövqümüzün seçimi ilə yox, “yuxarılar”dan kiminsə seçiminə önəm verməyimizi nəzərdə tuturam. Bu ənənə totalitar sovet rejimindən qalıb. Mesaj budur: Cəmiyyətin başı yoxdur ki, nəyi sevib, nəyi sevmədiyini müəyyən etsin, o, seçim edə bilmir, ona görə, nəyə qulaq asıb, nəyi oxumasına biz qərar verməliyik.
Bu gün bu dəyərləndirmə sistemi az qala sənətin bütün sahələrini iflic edib. Yaxşı şairdir? AYB üzvü olsun. Yaxşı oxuyandır? Fəxri ad alsın.
Elə ifaçılar var ki, ad və soyadının qarşısında hansı fəxri adın olması önəmli deyil. Brilliant Dadaşova bu cür ifaçılardandır. Hansı adı, hansı mükafatı almasına baxmayaraq adı çəkilən kimi şux, oynaq, insanda əhval yaratmağı bacaran musiqiləri yada düşür. O ritmi bəlkə də ən çox hiss edən musiqiçidir. Hətta o qədər ki, özündən sonra Röya kimi istedadlı bir ifaçıya da yaxşı mənada təsir edə bilib.
Aygün Kazımova bütün şıltaqlıqları və cəsarətli addımlarına rəğmən heç vaxt Brilliantı kölgədə qoya bilməyib. Yəqin ki, Aygün özü bunun sirrini bilmir. Mən deyirəm: ritm!
Aygün ona görə bunu bilməyə bilər ki, ritm sarıdan ciddi problemlər yaşayır. Onun Namiq Qaraçuxurlunu tapıb o cür səviyyəsiz musiqilər oxumasını çoxu anlaya bilmirdi. Mən anlayırdım. Aygün ritm axtarırdı. İçindəki müdhiş boşluğu meyxana ilə kompensasiya edirdi. Ancaq alınmadı. Təbii ki, alınmayacaqdı. Ritm müğənninin içində, ruhunda olmalıdır. O kənardan gələ bilməz. Meyxanadan heç gələ bilməz. Meyxana sadəcə ritmi ortaya çıxarmaq üçün bir üsuldur.
Bəli, bir adamın ritmi tutub-tuta bilmədiyini ən asan meyxana ilə yoxlamaq olar. Əlinlə stola döyüb bir misra meyxana deyirsən. Qarşındakı təkrar edə bilirsə, ritmi var deməkdir, edə bilmirsə, yoxdur. Bu qədər sadə.
Diqqət etsəniz, Aygün meyxana deyə bilmirdi. Müqayisə üçün Mirzə Babayevin “Dərviş Parisi partladır” filmindəki ifasını yada salın:
Mən bir köhnə dərvişəm
Cəhənnəmdən gəlmişəm...
Elə deyir, az qala adamın sümükləri yerindən oynayıb oynağından çıxır.
Mirzə Babayev şəxsi söhbətlərimizin birində demişdi: “Brilliant indi oxuya bilən yeganə qadındır”. Mən bu fikirlə razı olmasam da dəqiq bilirəm ki, Mirzə Babayev kimi böyük bir sənətkarın Brillianta bu dərəcədə yüksək qiymət verməsinin səbəbi də ritmdir.
Brilliant səsini, zənguləsini istədiyi xırdalığa apara bilir. Səsi az ola bilər, ancaq bu səsin öhdəsindən axıracan gəlir. Nə desəniz oxuyur. Brilliantın ritm və boğaz masterliyini görmək istəyirsinizsə, bircə “Vokaliz” bəs edər.
Röya Aygündən melodiya, Brilliantdan ritm götürə bildi və onları sintez eləməklə son illərinin triumfuna imza atdı. Röyanın bütün uğurlarının kökündə bu amil dayanır.
Sözüm onda yox...
Brilliantı dinlədim və haqqında balaca bir status yazdım. Status zövqlü, intellektli, ciddi insanlar tərəfindən ciddi etirazlar doğurdu. Açığı, səbəbi hələ də mənim üçün qaranlıqdır. Sən demə Brilliant məsələn, Türkiyənin adi oxuyanlarından da zəifmiş.
Əlim üzümdə qaldı.
Biz özümüzə niyə bu qədər qəddar yanaşırıq?!
Özümdə də müşahidə etmişəm. Azərbaycan filminə baxıram, o saat içimdə tənqidi fikirlər doğur, birdən öz-özümə deyirəm: əgər bu filmi, tutaq ki, Pedro Almadovar çəksəydi, eyni şeyləri düşünərdimmi? Cavabım qətidir: yox!
Cəmiyyətdə bir ümidsizlik, bir inamsızlıq var və bu istər-istəməz sənətə də yansıyır. Tutaq ki, yanacağın qiymətinin qalxmasına dilxor olan bir adam Facebooka girir və qəfil mənim Brilliant haqda yazdığım xoş sözlərlə qarşılaşır və qıcıqlanır. O, bu an xoş söz eşitməyə hazır deyil. Mən nə hayda, bu nə hayda havasındadır. Hətta haqlı olaraq məni söymək istəyir. Mən bunu anlayıram. Amma sizi əmin edirəm, azərbaycanlının özünə, öz sənətkarına inamını itirməsinin səbəbi təkcə bu deyil.
Bu səbəbi dərindən araşdırmaq üçün böyük sosial institutlar işləməlidir.
Bizim xəyalımız çaşıb.
Yaxud da onu qəsdən çaşdırıblar.