Efirdə niyə söyüş söyülür? - SEVDA SULTANOVANIN YAZISI

Efirdə niyə söyüş söyülür?  - SEVDA SULTANOVANIN YAZISI
1 iyul 2015
# 15:44

“Space” telekanal deyil. O, Vaqif Mustafayevin bir kinorejissor kimi “şah əsəridir”.

Bu, bir faktdır ki, V.Mustafayev Azərbaycan kinematoqrafiyasında fərqli, alternativ filmlər çəkir. Zira, onun kino dili, əhvalatı ekran həlli, yozumu, ümumiyyətlə kino təsəvvürü, estetikası gerçək, mükəmməl sənət səviyyəsində heç vaxt olmayıb.

Çünki onun qara yumorunda, qroteskləşdirdiyi personajlarında, normallığı farşa, absurda çevirməyində, təklif elədiyi ekssentrik situasiyalarda bir müəllifin ruhu, ağrısı, ciddiyyəti yox, sadəcə lağlağısı, təkəbbürü hiss olunur.

V.Mustafayevin filmlərində sanki bu intonasiya sıravi tamaşaçının alt şüuruna israrla basqı edir: “Siz busuz, busuz, mən isə daha yüksəkdəyəm”. V.Mustafayev bununla da tamaşaçı ilə şəxsi haqq-hesabını çürüdür. Onun sərt ironiyasında tragizmin yoxluğu, yersiz, bayağı şişirtmələr, ümumən filmlərindəki və əslində kino sənətinə sevgisizlik, ekrandan bizə ötürdüyü ikrah hissi şəxsən məni onun yaradıcılığını sevməyə mane olub.

İndi V.Mustafayev rəhbərlik elədiyi “Space” telekanalını eynilə filmlərindəki kimi bilərəkdən eybəcərcəsinə qroteskləşdirir, mümkün qədər proqramları klounadaya çevirir. Fəqət, bu klounadanın nə sənət anlamında, nə televiziyanın funksiyalarına əsaslanan məqsədi var. Məqsədin ancaq bu olduğunu ehtimal edirəm: yarandığı ilk dövrdə ciddi kanala iddialı olan və buna çalışan “Space”in mövcud durumu ilə seyrçiyə təhqiramiz münasibət sərgiləmək...

Kanalın “Günaydın” verilişində yenidən absurd şou təqdim edildi: şair Əziz Musa müğənni Mətanət Əsədovaya təhqir ünvanladı.

Məsələnin maraqlı tərəfi odur ki, aparıcı Vüsalə Kərimova tərəflər arasında mübahisənin təhqir müstəvisinə keçməsi üçün əlindən gələni elədi. O, sadəcə arxa fonda əlləri qoynunda marionet idarə edən manipulyator kimi vəziyyətə müdaxilə etmədi, bilərəkdən seyrçi mövqeyində dayandı.

Məqsəd tamamilə aydın idi: efirdə növbəti şouya nail olub, reytinqləri qaldırmaq.

Çünki şou estetikası haqda təsəvvürləri olmayan milli telekanalların lüğətində şou dava dalaşın sinonimidir.

Aparıcı canlı efirdə qalmaqala son dərəcə bəsit, yüngül, qeyri-peşəkar, öz məqsədini bəlli edərək rəvac verdi. V. Kərimova “telejurnalistika nədir, aparıcının vəzifəsi, davranışı necə olmalıdır” kimi mühüm şərtlərdən ya xəbərsizdir, ya da sadəcə, bəlli vəziyyətdə adekvat davranışı göstərmək onun məqsədinə uyğun deyildi. Bəlli davranışı ilə o, teleaparıcı statusundan çıxaraq, məhəllədə qonşuların mübahisəsini pəncərədən seyr edən qadına bənzədi.

Hər hansı verilişdə mübahisə edən tərəflərin emosiyalarını cilovlaya bilməyib təhqiramiz ifadəyə yol verməsi gözləniləndir, aparıcının vəzifəsi anında müdaxilə edib tərəfləri etikaya çağırmaqdır. Ümumiyyətlə, bizim normal polemika mədəniyyəti əskikliyimiz var. Hərçənd, verilişdə mübahisə predmetinin özü gülməli, dəxilsiz idi.

Mətanət Əsədova Əziz Musanın simasında bütövlükdə mətbuata münasibətini ifadə elədi: “Biz olmasaq sizi heç kəs oxumaz. Niyə lazımsız, kimsiz? Nəyinizi oxuyacaqlar, nə gündəsiz?”

Biz müğənnilərin, aktyorların çoxunun savadsız durumu ilə barışıq vəziyyətdəyik. Hətta yadıma gəlir ki, verilişlərdən birində şeir yazan Elza Seyidcahan Şahbaz Xuduoğlu ilə mübahisə edərkən “naşir” sözünü təəccüblə qarşıladı, bu sözü ilk dəfə eşitdiyini dedi. Əlbəttə ki, müğənnilərdən, aktyorlardan yüksək savad-filan gözləmirik. Amma ən adi anlayışları bilməmək sadəcə ayıbdır. Onların böyük əksəriyyəti sarı mətbuatı ciddi mətbuatdan, analitik məqalə yazan jurnalisti şou-biznes sahəsində işləyən jurnalistdən, qəzetçini yazıçıdan ayıra bilmirlər. Mətanət kimi digər müğənnilərə elə gəlir ki, dünya toy məclisidir, yer kürəsi də yalnız onların ətrafında fırlanır. Və onların dünyasından başqa heç nəyə yer yoxdur, ola da bilməz.

Kinorejissor V.Mustafayev efiri banal şou proqramlarla doldurmaqla, savadsız şou əhlini efirə çıxarmaqla, ciddi, intellektual adamları efirdən qaçırmaqla (çünki bilik sahibi olanların çoxu telekanallara çıxmağı özlərini sığışdırmırlar) israrla demək istəyir: “Siz busuz”. Bəlkə də fərqində deyil ki, klounadaya meydan verməklə, o, özü də çoxdan şou adamlarının sıralarına qatılıb.

Əgər V.Mustafayevin bir kinorejissor kimi kino sənətinə sevgisi olsaydı, ruhu olsaydı, heç olmasa qos-qoca “Space”in efirində baxımlı, ciddi bir kino verilişi olardı.

# 3695 dəfə oxunub

Oxşar xəbərlər

Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

Parisdə məşhur qrupun konserti yarımçıq qaldı: Şəhərdə işıqlar söndü

16:30 23 iyun 2026
Selin Diondan yeni fransızdilli mahnı

Selin Diondan yeni fransızdilli mahnı

16:10 23 iyun 2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

Azərbaycan və Türkmənistan prezidentləri Şuşada

15:15 23 iyun 2026
Tanınmış rejissorun 65 illiyi qeyd edildi

Tanınmış rejissorun 65 illiyi qeyd edildi

14:20 23 iyun 2026
"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

13:40 23 iyun 2026
Parfenon məbədi yenidən tam görünüşündə - 220 il sonra

Parfenon məbədi yenidən tam görünüşündə - 220 il sonra

12:50 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər