Həmid Herisçi: “Pirləri deyil, ümidləri təbliğ edirəm”

Həmid Herisçi: “Pirləri deyil, ümidləri təbliğ edirəm”
16 yanvar 2013
# 10:11

Həmid Herisçi “Gizli Azərbaycan”ı ANS-də tapandan bəri tamaşaçı da onun illərdir efirdən uzaq olan simasını gördü. Amma indi tamam fərqli, öyrəşdiyimizin əksinə bir layihə ilə. Mistik mövzular, pirlər, ziyarətgahlar, müqəddəs məkanlar və onların bilinməyən, öyrəndikcə vahiməyə salan sirlərini gətirdi ekrana...

Və indi ANS deyəndə yada düşən ilk beş verilişdən biridir “Gizli Azərbaycan”. Biz də onun müəllifi, yaradıcısı ilə Azərbaycanın sirlərini aralamağa qərar verdik.

- Həmid Herisçinin ANS-i seçməsinin səbəbi nədir? Tamaşaçılar və oxucular sizin daha öncə ANS-lə qısa miqyaslı da olsa, qarşıdurmanız olduğunu xatırlayır. Seçim niyə ANS-dən yana oldu?

- İnanın bu sualı mən də özümə verirəm... Məncə, efirə qayıdışım sırf mistik hadisədir... Təklif ANS-dən gəldi. Mövzu mənə yad deyildi. ANS-ə gəldikdə isə onlar məsələyə işgüzar maraqları çərçivəsində baxırlar, onlara bu sahəyə bələd olan peşəkar lazım idi. ANS şirkətinin yaradılması prosesində iştirak etmiş bir şəxs kimi, deyə bilərəm ki, burda baş verənlərə, istər mənfi, istərsə də müsbət hallara biganə deyiləm.

- Xeyli zamandır verilişiniz gedir. Bu verilişlər yaradıcılığınızın davamıdır, ya dəvət olunduğunuz layihənin icrası?

- Mistikaya həmişə meylli olmuşam. Sualların cavabını tək məntiq çərçivəsində axtarmağın tərəfdarı deyiləm. Bir çox sualların cavabı məntiqlə deyil, mistika ilə açılır. Mən asan cavablarla deyil, çətin suallarla uğraşıram. Suallar həqiqətdir, cavablarsa yalan. Mən cavab vermirəm, cavab axtarıram. Suallar məni daha çox düşündürür. Verilişin üslubunda, yanaşmada da bu, aydın şəkildə görünür.

- Gəlin mistik aləmdən reallığa qayıdaq. Siz nə üçün mistikaya bu qədər baş vurdunuz. Səbəb nə idi?

- Beyin bədəndən fərqli olaraq, əslində insana tabe deyil, kosmik fəzaların əmrinə tabedir. Beyni düzgün yönləndirməyi bacardınsa, bir futbolçu kimi mütləq rəqib qapısına qələbə topu vuracaqsan... Mənim teleməkana qayıdışım əslində elə özü də bir mistikadır... Məntiqlə mən teleekranlara artıq qayıtmamalıydım.
Suallarınızı məntiq çərçivəsində də cavablandırmaq mümkündür. Bu layihəni qəbul etməyim ədəbiyyatın, televiziyaların keçirdiyi dərin böhranla əlaqədardır. Məsələ ondadır ki, şou-biznes kabusu Azərbaycanda əvvəlcə musiqi mədəniyyətimizi uçuruma yuvarlatdı. Ucuz, peşəkarlıqdan kənar meyarları ilə musiqi, ifaçılıq sənətimizi heçə yuvarlatmağa çalışdı.

Bütün bu top 10-luqlar, yalançı yarışmalar, tv-lərin nəfəsini kəsmiş əyləncə vakxanaliyası, təəssüf ki, axırda gəlib ədəbi aləmi də qapsadı. Ucuz saytlar, dərgilər ədəbiyyatı da şou-biznes meyarları çərçivəsinə salmağa çalışdılar. Musiqiyə necə zərbələr vurmuşdularsa, ədəbiyyata da həmin zərbələr endirildi. Çal-çağır, qalmaqal estetikası gözümüz önündə ədəbi aləmə də keçdi. Sıralarında olduğum Azərbaycan postmodernistləri də bu axara uydular, bütün bunlar bizim yollarımızı ayırdı. Yaradıcılığımın mistika dövrü beləcə başladı. Hərçənd ki, əvvəl də mistik mövzulara müraciətim az olmayıb.

Ancaq bu layihədə öz mistik düşüncələrimi, müşahidələrimi Azərbaycan gizlinləri, mistikası ilə bağlamaq imkanı tapdım.
Həm də postmodern böhranı yaşayan ədəbiyyatımız keçid mərhələsində idi. Ya mistika, konspirologiya, ya da şou-biznes yolunu seçməli idi. Mən birincini seçdim. Bizim televiziyaları şou-biznes viruslarına yoluxdurmuş digər dünya televiziyaları da çoxdan bundan imtina ediblər. Dünya artıq şou-biznesi arxada buraxıb.

- Bizim tv-lər bəs nə üçün bunu etmədilər?

- Biz yenə də qatara sonuncu minmişik. Bu məsələlərdə qabaqcıl deyilik. ANS burda irəli düşə bildi və mistik çalarlı bir layihəni tamaşaçılara təqdim etdi. Beləcə, mən bu layihəyə dəvət aldım.
Bu gün bütün dünya dini dünyagörüşdən uzaqlaşır. Dini zəmində suallara cavab axtarışında mistikaya baş vurur, əslində buna dinə qayıdış da demək olar. Bu, elmi, mistik qayıdışdır. Bəlkə də bu, uzaqlaşmaq yox, daha da yaxınlaşmaqdır dini təfəkkürə. Bizdə isə bu uzaqlaşma ateizm şəklində baş verir, yalnız iki mövqe dartışılır - ya ağ, ya qara. Üçüncü bir baxış hər zaman ya iqnor edilir, ya inkar.

- Belə çıxır ki, sizin verilişlərdə 3-cü yanaşma sərgilənir. Bu yanaşma sizə doğmadırmı?

- Bəli, bu üçüncü yanaşmadır, elmi yanaşmadır. Axı qarşıda duran sualların həm də mistik cavabı var. Mən bunu göstərirəm. Mistikanın da yaşamaq haqqı var.

- Elmi dediniz, çoxları isə bunu xurafat adlandırır.

- Stiven King Amerikanın ən müasir və oxunan yazarıdır. Onun cavablarına diqqət edin. Yazarlar həmişə mistik cavablar verir, ədəbiyyat hər zaman mistikdir. Uzağa getməyək, Azərbaycanda ən mistik yazar elə İsa Hüseynovdur. O da kinodan geniş istifadə edib. Mən mistikanı öyrənərkən rejissor Əlisəttar Atakişiyevin yaradıcılığına diqqət yetirdim. Onun bütün filmləri mistikdir. Yadınıza salın, “Sehirli xalat”, “Bir qalanın sirri”...

- Deyirsiniz, ədəbiyyat həmişə mistik olub. Sosialist realizmi ədəbiyyatı da?

- Bəli, məsələn, Qorkinin “Ana” əsəri müqəddəs Məryəm ana barədə dini mistik əfsanənin dekonstruksiyasıdır.
Sovet təbliğat makinası isə sosialist realizminin ilk qaranquşu hesab edirdi bunu. Yaxud İsa Hüseynovun “Kollu Koxa” əsəri. O, realist əsər deyil, Dədə Qorqud surətinin müasir həyatımızdakı təzahürüdür. Yadınıza salın, Kollu Koxa hamıya Dədə Qorqud sayağı ad verir. Misallar çoxdur.

- Yaxşı, Həmid bəy, pirləri göstərmək, onlar barədə verilişlər etmək bu günün insanına nə verir?

- Biz ilk olaraq göstərdik ki, Azərbaycanda paranormal yerlər çoxdur. Bunlar pirlərdir. Burda məntiq, fizika qanunları işləmir. Ziyarətə gələn insanların şəfa tapması bir faktdır. Dünya ağ-qara deyil, teizm və ateizmdən ibarət deyil. Bu gün bütün dünya paranormal hadisələri öyrənir, elmi araşdırmalar aparır. Bunu dərk etmək lazımdır.

- Amma ziyarətə gələnləri göstərirsiniz, onlar elmi araşdırmalar arxasınca gəlmirlər pirlərə. Bəlkə də əksinə edirlər.

- Biz təkcə ziyarətçiləri göstərmirik, verilişlərdə elmi, fəlsəfi düşüncə sahiblərinə də geniş yer verilir. Məsələn, Altay Göyüşov, Heydər Camal, Hacı Şahin, Hacı Eldar, Nadir Bədəlov, Hacı Mirəziz kimi alimlərimizin fikirləri də yer alıb bizim verilişlərdə.

- Etiraf edim ki, oxucunuz olaraq, bu cür potensialla sizdən maraqlı bir ədəbi layihə də gözləyirdim. Doğrudanmı siz şou-bizneslə mistika arasında seçim etməli idiniz?

- Doğrusu, bu gün ədəbi sahədə baş verənlər o qədər də ürəyimcə deyil və onlardan kənarda qalmaq istərdim. Ədəbiyyat, daha doğrusu, ədəbiyyat özü deyil, ədəbi proses sürətlə şoulaşır. Top onluqlar dəyərləndirmə meyarına çevrilir. Mən ədəbiyyatda da, televiziyada da şoulaşmadan kənarda qalmağa çalışmışam. Yaradıcılığımın mistik cəhətinə gəldikdə isə, bunu qeyd etmək istərdim: əgər sən gizli, sirli Gəncəni, yaxud Şamaxını aşkarlamaq istəyirsənsə, bütün adi siyasi, ədəbi marşrutlardan kənara çəkilməli, bu səyahətə ordakı pirlərdən başlamalısan. Bakıya Bibiheybət pirindən, Gəncəyə İmamzadədən daxil olun. Gözləriniz qarşısında tamam başqa aləm, tamam başqa dünya, şeiriyyat, ədəbiyyat açılacaq. Qədim, həqiqi Azərbaycan pirlərdən başlayır, şəhər avtovağzallarından deyil... Bu şəhərlərin baş küçələri pirlərə yönəli deyilsə, yad ünvanlara aparıb azdırar səni...

- Azərbaycan kimi ölkədə - insanların real həllini tapa bilmədiyi problemlər üçün ziyarətgahlara üz tutduğunu nəzərə alanda - sizin verilişlərinizdə pirlərin təbliğatı nəyin ifadəsidir? Siz bununla həm də tamaşaçıya ezop dilində nələri çatdırırsınız, yoxsa..?

- Bəli. Mən indi quş dilində, pirlərin dilində danışıram... Sovet vaxtı pirləri qapasalar da, AzTV-də məşhur “Piri babanın nağılları” verilişi gedərdi. Soltan Hacıbəyovun “Karvan” suitasının müşayiəti ilə. Yəni pirlərin nağıllarını yasaqlamaq əbəsdi. Mənim bu verilişim sanki o verilişin növbəti reinkarnasiyası, keçmişdən müasirliyə qayıdışıdır...

Bəli, mən möcüzəyə inanıram, inanıram ki, pirlər paranormal yerlərdir. Orda fizikanın bəzi qanunları pozula bilir, mistik qanunlar işləyir. Lakin bunun səbəbi bəlkə də o pirlərin özü yox, ora ümidlə gələn insanların arzu və diləkləri, energetikalarıdır. Mən pirləri deyil, insanların ümidlərini, diləklərini təbliğ edirəm. Əgər əli hər yerdən üzülmüş insanların son ümidləri bu dağılıb, uçmuş kiçik komaları və sərdabələri mistik bir məkana çevirə bilirsə, o zaman digər sahələrdə də möcüzələr yaratmaq gücündədir. Hər şey inama və inanca bağlıdır.

- Aydındır. Bəs bizim qəzet üçün nə vaxt yazacaqsınız? Ədəbi-publisistik fəaliyyətiniz nə yerdədir?

- Sizin qəzetdə getmiş yazıları ayrıca bir kitab halında nəşr etdirmək barədə düşünürəm. Diqqət etsəniz, həmin portretlər də ağ-qara janrında yazılmayıb. Bu mənada yaradıcılığımda yanaşma dəyişkənliyi baş verməyib. Dəyişən ancaq mövzulardır.

"Yeni Müsavat"; Sevinc Telmanqızı

# 3420 dəfə oxunub

Oxşar xəbərlər

Puqaçovadan haqlarında çıxan iddialara cavab

Puqaçovadan haqlarında çıxan iddialara cavab

10:21 30 oktyabr 2024
20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

20 gənc peşəkar təlimlərdə və tamaşada iştirak etdi

09:49 30 oktyabr 2024
"Füzuli muğam dünyası" konserti keçirildi

"Füzuli muğam dünyası" konserti keçirildi

09:26 30 oktyabr 2024
Məşhur reper sui-qəsddə ittiham olunur

Məşhur reper sui-qəsddə ittiham olunur

09:23 30 oktyabr 2024
"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

"Qeyri-səlis məntiq və dil-nitq" kitabının təqdimatı keçirildi

16:46 29 oktyabr 2024
Rasim Balayevin ailəsində ağır itki

Rasim Balayevin ailəsində ağır itki

16:28 29 oktyabr 2024
# # #