Kulis.az sosioloq Sahib Altayın “Erkən nikah və cinsi fəaliyyət” yazısını təqdim edir.
Sovetin iki aclıq dövründən qarnı ac, canı sağ, üzü ağ çıxmış nənəm danışırdı: "Qonşumuz Güllü bajı 13 yaşında gəlin köçmüşdü bizim qonşuluğa. Nəinki ailənin, analığın, qadınlığın nə olmağını bilirdi, ümumiyyətlə, evli olduğunun fərqində deyildi. Səhər əri kolxoza işə gedən kimi, çıxıb, yolda darvazanın qarşısında qonşuların uşaqlarıyla "qonaq-bacı" oynayırdı. Başı o qədər uşaqlığına qarışırdı ki, axşam çağı bir də ərinin uzaqdan gəldiyini görüb, barmaqlarını dişləyir, ağlaya-ağlaya evə qaçırdı ki, çay, yemək hazırlamamışam". Nənəm bunları danışanda uşaq idim. Ancaq yadımdadır, həddindən artıq bezdirici uşaq idim, bir şeyin tam incəliyinə varana kimi suallar verirdim. Bunun da səbəbini soruşanda, nənəm bildirdi ki, bu, bir ənənə halını almışdı, müxtəlif səbəbləri var:
" O dövrdə çoxlu işçi qüvvəsinə ehtiyac var idi. Ona görə hər ailədə 10-15 uşaq olurdu. Və növbəti mərhələ üçün qızları tez ərə verib, yeni külfətlər (çoxuşaqlı ailələr) formalaşdırırlar. Eyni zamanda kasıbçılıq, aclıq dövrü idi, hər ailə öz uşağını başdan eləməyə çalışırdı ki, tez ərə getsin, canım qurtarsın, evin yükü azalsın. Təhsilimiz yox idi. Böyüklü-kiçikli hamımız, avam idik. Hansı kişinin bir az imkanı var idi, kimdən xoşu gəlirdi, atasından razılıq alıb, gətirirdi. Ataları, anaları da qınamıram. Bir tərəfdən "qəhrəman ana" olmaq eşqinə doğub, törəyirdilər, digər tərəfdən yeməyə çörək verə bilmirdilər. Həm də nikah problemi yox idi. Mollalar dini kəbini qazanc vasitəsinə çevirmişdilər. Və beləcə nə qədər uşaq öz uşaqlığını yaşamadan ana olurdu. İndi deyirlər, guya o dövrün uşaqları vərkər (erkən yetişmiş) olurdu. Doğrudur, bizim dövrümüzün uşaqları tez və sağlam böyüyürdü, amma nə qədər böyüsək də uşaq idik, qanmırdıq heç nə. Mənim heç yadımdan çıxmaz, nə qədər erkən ərə verilmiş qız uşağı uşaq dünyaya gətirəndə qanaxmadan ölürdü. Allah bu xalqı bu günə qoyanların bəlasını versin".
Mənim hələ analitik sosiologiya sahəsində araşdırmalar aparmağımdan öncə nənəmin müxtəlif mövzularda danışdıqları yaddaşımda xeyli yer etmişdi. Və ən çox da düşündüyüm mövzulardan biri də bu erkən nikah məsələsidir. Sonralar araşdırmağa başladım. Bir dəfə Türkiyənin Ərzrum bölgəsində kürd ailəsinə gəlin köçmüş bir qızın həyat hekayəsini oxuyub çox pis olmuşdum. Qız danışırdı: "Atam məni 11 yaşımda ərə verdi. Nə razı olmuşam, nə narazı. Heç bilmirdim, mən hara gedirəm, nə üçün gedirəm, niyə gedirəm. Bir toy gecəsi yatağımın qana boyanması, bir də 1 ay məni yatmağa qoymayan şiddətli ağrılar yadımdadır. Ancaq mən çox şanslıyam. Hər kəs belə şanslı olmur. Mənim bu evə gəlin köməyimə səbəb atam və qayınatam olmuşdu. İkisi dost olub və öz aralarında həll ediblər. Ərim məndən 15 yaş böyükdür. Ancaq çox anlayışlıdır. Ondan ilk anlayışı mənə qarşı yataq münasibətində gördüm. İlk dəfə cinsi münasibət qurduqdan və mənim hələ buna hazır olmadığımı gördükdən sonra 5 il mənə yaxın gəlmədi, 16 yaşıma kimi. Məni özündən də, öz, ailəsindən də qoruyurdu. 5 il o evdə dava-dalaşla yaşadıq. Atam, anam, qayınatam, qaynanam babalıq, nənəlik eşqilə yanıb, tutuşurdular.
Bu evə yeni gəldiyim vaxtlar idi. Evdə tək idim. Pəncərədən həyətdə oynayan uşaqları seyr edirdim. Elə istəyirdim, aşağı düşüb, onlarla birlikdə oynayım. Bir də anladım ki, buna evdəkilər nə deyər. Onları izlədikcə məni qəhər boğurdu. O özümə qapılıb, ağlamışam ki, ərimin evə gəlməyindən xəbərim olmayıb. Sakitcə otağa daxil oldu, məni qucaqladı, bir ana öz övladına necə nəvaziş göstərərsə elə nəvaziş göstərdi, gözlərimin yaşını silib, məni o biri otağa apardı. Yataq otağında çarpayının üstündə bir bağlama vardı. Bunu aç, dedi. Açdım, mənə kukla almışdı. Sonra dedi ki, düş həyətə, uşaqlarla bir az oyna, sonra gələrsən. Və mən böyüyəndə kimi bu adam mənim bütün uşaqlıqlarıma dözdü. Yalvarıram sizə əziz atalar, əziz analar, qız uşaqlarınızın uşaqlıqlarını yaşamasına imkan verin, onların qatilinə çevrilməyin. Hər kəs mənim qədər şanslı olmur".
Bunlar yaşananların on milyonda bir hissəsidir. Keçək əsas məsələyə. İbtidai icmadan bu yana insan yaradıcılıq qabiliyyətinin bir neçə göstəricisi var- elm, sənət, texnologiya, hüquq, din. Bütün bu göstəricilər insanın sosial rifahına, maddi və mənəvi rahatlığına xidmət edir. Bu göstəricilərdən biri də mahiyyəti əks etdirən yaradıcılıq göstəricisi olaraq elmdir. Elm tarixi 3 hissəyə bölünür: 1. Fundamental və analitik fəlsəfə. 2. Fundamental elm. 3. Analitik elm. Analitik elmə kimi elmin konkret predmetləri mövcud deyildi. XV əsrin əvvəllərindən etibarən bu predimetlər -iddia, təcrübə, düstur yarandı və analitik elmi formalaşdırdı. Elə haqqında bəhs etdiyimiz elm sahəsi - sosiologiya və cəmiyyət prinsipləri də o dönəmlərdə formalaşmağa başlayıb, XVIII əsrdə öz intibah dövrünü yaşadı. Bu gün artıq əlimizdə dəqiq və konkret sübutlarla çıxış edən bir elm sahəsi və onun analiz prinsipləri mövcuddur. Mövzu haqqında əsasən iki müstəvidən çıxış edəcəyik - analitik sosiologiya və hüquq.
İlk öncə bu suallara cavab tapmağa çalışaq. Erkən nikah nədir? Niyə onun adı erkən nikahdır? Bir nikahın erkən olmasının səbəbi nədir? Erkən nikah bir oğlan və ya uşağının hüquqla təyin edilmiş yaş həddindən öncə könüllü və ya məcburi olaraq birgə yaşayışı və ailə qurmaq missiyasını reallaşdırmasıdır.
Hüquq yuxarıda qeyd etdiyimiz yaradıcılıq göstəriciləri arasında sosial və siyasi idarəetməni əks etdirən yaradıcılıq göstəricisidir. Hüququ hüquqşünaslar yox, moralistlər (əxlaq nəzəriyyəçiləri) və elm adamları yaradıblar. XVIII əsrə kimi mövcud olan hüququn əsas tərkib hissəsi dindən və moralizmdən qaynaqlanırdı. Yəni heç bir təcrübə predmeti yox idi. XVIII əsrdən etibarən isə intibah dövrü irəlilədikcə, hüquq da analitik elmin predmetlərinə uyğun formalaşmağa başladı. Nikah və əsgərlik yaşı da sırf bu predmetə uyğun olaraq 17-18 yaş qəbul edilib. Və bu yaşdan öncə baş verən bütün ailə aktları erkən nikah sayılır. Bəs bir halda ki bu yaş həddindən öncə olan evliliklər nikaha daxil edilmir, o zaman niyə buna "nikah və ya erkən nikah" adı verilir. Bu, birbaşa olaraq inanc, din və dini kəbinlə bağlıdır. Yuxarıda qeyd etdiyimiz dövrə kimi din sosial qanunlar toplusu olaraq konstitusiyanın əvəzedicisi idi. Qərbdə bu missiyanı kilsə, Şərqdə isə qazilik və onun himayəsində olan "mollalıq sistemi" yerinə yetirirdi. Əhalisinin əksəriyyəti inanclı olan toplumlarda valideynlərin Allah qarşısında günah işləmək kimi bir dərdi olmur, çünki erkən nikahı dini kəbinlə reallaşdıra bilirlər. Analitik hüququn intibahından sonra isə bu davranış hüquqi baxımdan cinayət sayılır.
Bəs hüquq niyə 17-18 yaş təyin edib? Burada iki mövzuya toxunacağıq - cəmiyyət və yetkinlik. Cəmiyyət - 5 amil - dil, təhsil, mədəniyyət, tibb, siyasət əsasında formalaşan sosial struktur. Bu şərtlər ödənilmədiyi halda hər hansısa bir toplum cəmiyyət olmur. Ya sürü, qəbilə, ya kütlə, ya da qəbiləylə cəmiyyət arasında, heç bir sosial statusu olmayan "toplum" adını alır. Elm hər şeyə reallıq çərçivəsində ideal yanaşır. Elm deyir ki, bu amillərin mövcud olduğu halda bir cəmiyyət formalaşdıran toplumlarda həm oğlan, həm qız uşaqları fərd olur. Və o vaxtdan etibarən fərd yetişdirən institutu-ailəni qurmağa qadirdirlər. Hüquq da məhz bu prinsiplə nikah və hərbi xidmət yaşını 17-18 olaraq müəyyənləşdirib.
Yetkinlik nədir? İnsan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıq olduğu üçün, insan ömründəki yetkinlik statusu iki yerə ayrılır - bioloji yetkinlik, psixoloji-sosial yetkinlik. Bioloji yetkinlik qız uşaqlarında 9-15 yaş arası əvvəlcə bədən quruluşunun dəyişməsi, sonra menstruasiya (el arasında aybaşı kimi bilinən adət halı) halının başlamasıyla, oğlan uşaqlarında isə 12-17 yaş arası öncə bədən quruluşunun dəyişməsi, cinsiyyət orqanının formalaşması və böyüməsi, üz və qasıq nahiyələrində tüklərin əmələ gəlməsi, ikinci və üçüncü mərhələdə ilk seksual istəklərin oyanması, orqanizmin əsasən çanaq və qarın boşluqlarında yerləşən testislər, epididim, vas deferenstan, seminal vəzikullar - prostat və penisin zəncirvari fəaliyyəti nəticəsində formalaşan, ilkin dövrlərdə su, daha sonra süd rənginə oxşar, ağ rəngli "sperma" adlanan mayenin ifraz olunmasıyla formalaşır. Psixoloji-sosial yetkinlik isə həyatı dərk etmək və müstəqil qərar qəbul etmək qabiliyyətinin formalaşmasıyla əlaqədardır. Bu da təbii ki, sosiologiyanın cəmiyyət düsturu yla əlaqədardır. Nikah və hərbi xidmətlə yanaşı, "kişi" və "qadın" statusu da bu prinsiplərlə əlaqədardır. Bioloji bakirəliyin fenomen olduğu toplumlarda oğlan və qız uşaqlarına bu statuslar nikahdan sonra veririlir. Əslində isə elmin təqdim etdiyi modelə əsasən artıq psixoloji-sosial yetkinliyə çatmış yetiyetmə "fərd" sayılır və onun bioloji bakirəliyinin olub- olmamasından, nikah bağlayıb-bağlamamasından asılı olmayaraq "kişi" və "qadın" statusu alır.
Nikah, ailə və cinsi fəaliyyət. Gəldik məsələnin ən qəliz, ən incə və ən çox izah, sübut tələb olunan məqamına. Bu məqamda öncə analiz edəcəyimiz mərhələ "ailə" anlayışıdır. Ailə nədir? Analitik elmin intibah dövrünə kimi ailə moralizmin əsas müdafiəçisi idi. Yəni Sokratın, İbn Xaldunun, İmmaniel Kantın irəli sürdüyü bəşəri, Platonun, Ouqust Kontun, Will Durantın irəli sürdüyü ictimai əxlaq, Bertran Rasselin irəli sürdüyü bəşəri əxlaqa bağlı fərdi və ictimai əxlaq anlayışı xaric, cinsiyyətçiliyə dayanan bütün şəxsi əxlaq anlayışları və xüsusilə cinsi dominantlığın, sosial asılılığın nəticəsində qadının üzərinə yüklənən "namus" məsələsi ailədə öz həllini tapırdı. Cinsi münasibət digər canlılardan fərqli olaraq, insanda nəsil artırmaqla yanaşı həm də davamlı bioloji ehtiyac və psixoloji, mənəvi zövq olduğuna görə, ailə insan və cəmiyyətdə həm nəsilartırmaq metodu, həm də seksual istəklərin əxlaq səviyyəsinə ödənildiyi qurum hesab olunurdu. Ancaq elm inkişaf etdikcə yeni-yeni nəticələr əldə olundu, modellər yarandı.
XVIII əsrin ortalarında Ouqust Kant adlı bir adam ortaya çıxıb, fundamental sosiologiyanı təcrübi elmlər müstəvisinə gətirib, sosial elmdən həm sosial, həm də dəqiq elmləri əhatə edən analitik sosiologiyanı yaratdı. İlk olaraq ortaya qoyduğu və hal-hazırda da dünyanın bütün ölkələrində hüquqi status alıb, tətbiq edilən "İşçi nəzəriyyəsi" ni meydana gətirdi. Bununla da sübut etdi ki, əslində moralizmə dayanan cinsi əxlaq nisbidir, dəyişkləndir və insanların dindən, mentalitetdən təsirlənib, düşündüyü qədər mənəvi yox, ondan daha çox maddi önəm daşıyır. Niyə? Çünki iqtisadi quruluşla, sosial - cinslərarası münasibətlər düz mütənasibdir. Ya cinslərarası münasibətlər iqtisadi quruluşu formalaşdırır, ya da Cinslərarası münasibətlər iqtisadi quruluşu. Yəni XVIII əsrə kimi insan və cəmiyyətdə dinin, moralizmin və adət-ənənənin formalaşdırdığı əxlaq mənəvi anlamda izah edilən "namus" dan daha çox maddi anlamda izah edilən "iqtisadiyyat"ın tərkib hissəsidir. Elmin bu ixtirasından sonra ailənin də mahiyyəti tam olaraq anlaşılmağa başladı. Ailə - icazəli cinsi əlaqə qurmaq üçün nəzərdə tutulmuş qurum yox, aralarında müəyyən mənəvi bağlar, psixoloji və sosial uzlaşması mümkün olan iki fərdin bir yerdə yaşayaraq, özlərindən üstün insan yetişdirməsi üçün nəzərdə tutulmuş müəssisədir. Buradan belə bir nəticə əldə edirik: Ailəylə, cinsi münasibət aktı ayrı-ayrı məfhumlardır. Avropada intibah dövründən sonra yengəlik adəti, moralizmə xas ənənəvi əxlaq polisliyi, cinsi diskriminasiya, erkən nikah və bakirəlik fenomenləri tədricən ortadan qalxmağa başladı. İngiltərə Sənaye İnqilabından sonra bu proseslər tədricən irəlilədi, 1873-cü il "Ağır fabrik qanunları" konsepsiyasından sonra isə sürətlənməyə başladı. Yeni yaranmış iqtisadi quruluş - istehsalçı sənaye mahiyyətli kapitalizm cinslərarası münasibətləri kökündən dəyişdi. Ancaq bir məqam, dövlətin ailədə atanın maddi borclarını uşağın erkən yaşlarından sahiblənməsi nəzarəti tamamilə itirdi. Nəticə olaraq doğrudur, erkən nikaha cəlbetmə və insanların yatağına kimi müdaxilə etmək ixtiyarı olan ənənəvi əxlaq qaydaları və qapalı cəmiyyət prinsipləri aradan qalxdı, Fransada, İngiltərədə ABŞ-da "seks inqilabı" baş verdi, azad cinsi münasibət mədəniyyəti yarandı. Ancaq bu mədəniyyət getdikcə fərdi azadlığın belə sərhəddini aşdı. Yəni ailənin cinsi münasibətdən ayrılması və fərdiyyəçilik bir tərəfdən müsbət nəticə verdi, sağlam fərd yetişdirmək missiyasını gerçəkləşdirdi, digər tərəfdən ailə institutuna dağıdıcı zərbələr vurdu, eyni zamanda bir zamanlar məcburi olan erkən nikahları erkən yaşda könüllü cinsi münasibətlə əvəz etdi. Və bu gün Avropada meqapolislərin orta məktəblərində dövlət azyaşlıların cinsi münasibətdən yoluxucu xəstəliklərə yoluxmasının qarşısını almaq üçün pulsuz qoruyucular paylayır.
Yaxın və Orta Şərqdə isə intibah dövrü hələ də gecikir. İstər düşüncə, istər sosial, cinslərarası münasibətlər, istər ailə institutu, istər inanc prinsipləri və şəriət qaydaları, ailədə, sosial mühitdə, siyasi müstəvidə diktorina ya rəsmi, ya da qeyri-rəsmi formada davam edir. İqtisadi quruluş isə adda "kapitalizm" olsa da, mahiyyət etibarilə "feodalizm" dir. Yəni bu günün Şərq insanı XXI əsrdə XVIII əsrin qanunlarıyla yaşayır. Məhz bu səbəbdən də övlad ailədə fərd ola bilmir və valideyndən sosial asılı olduğu üçün onun himayəsi altında, onun qərarları ilə yaşamağa məcbur olur. Yeni nəsil yeni dövrün qaydalarla, köhnə nəsil köhnə dövrün qaydalarıyla yaşamağa can atır. Formalaşmış qeyri-fərdiyyəçilik isə məişət faciələrinə, erkən nikaha, intiharlara yol açır.
Bəs bütün bunları aradan qaldırmaq üçün çıxış yolu nədir? Davamlı olaraq mühafizəkarlıq etməliyikmi, yoxsa Avropadakı kimi azyaşlıların könüllü cinsi münasibətinə şəraitmi yaratmalıyıq?
Çətin suallardır. Ayrı-ayrı qeydlərlə izah edəcəm.
Qeyd 1: Hər bir dövrün öz qanunları, iqtisadi quruluşu və buna uyğun sosial münasibətlər modeli var. XXI əsrdə XVIII əsrin qaydalarıyla yaşamaq mümkün deyil. Məsələn, evimizə aldığımız ərzaq məhsulları adi halda, maksimum 1 həftə qalır, sonra isə xarab olur. Bu müddətin uzanması üçün soyuducu yardımçı rolunu oynayır. Lakin soyuducu ərzağı nə qədər qorusa da, hər hansısa bir ərzaq məhsulunu ən çox 1-2 ay soyuducuda saxlaya bilərik. Sonra ya xarab olacaq, ya da keyfiyyətini itirəcək. Mühafizəkarlıq da ideologiyalar, modellər və quruluşlar üçün soyuducu rolunu oynayır. Şərqin köhnə yaşayış qaydalarının bir hissəsi çürüyüb, bir hissəsi də mühafizəkarlığın "buzlama"sında öz keyfiyyətini itirib. Bütün quruluşlar və modellər dağılmağa məhkumdur. Şərqin də mühafizəkarlığı nə zamansa dağılacaq. Ancaq bu proses toplumların sükunət halında baş verdikdə, lazımi dəyərlərin də məhv olmasına gətirib çıxarır. Nəticə etibarilə mühafizəkarlıq bu problemin həlli üçün çıxış yolu deyil.
Qeyd 2: Əsas klişe bakirəlik fenomenidir. Bakirəlik ortadan qaldırılmalıdır. Bəs bakirəlik ortadan qaldırıldığı zaman ilk mərhələdə bakirəliyini itirən qadınlar yenidən mental toplumla qarşılaşmayacaqlarmı? Bu, onların bədbəxtliyinə gətirib, çıxarmayacaqmı? İlk mərhələdə bu, belə də olacaq. Bütün inqilablar qurban tələb edir. Qurbanların sayını sıfıra endirmək mümkün deyil, sadəcə sayını azalda bilərik. Necə? Qarşımızda Avropa modeli var, həmin modelin mənfi tərəflərini nəzərə alıb, öz insanımızın düşüncəsinə, hissiyyatı a və təbiətinə uyğun bir model yarada bilərik.
Qeyd 3: Hansı model? Hansı şərtlər daxilində? Demokratiya hüquqsuz cəmiyyət demək deyil. Əksinə, hüquqların daha üstün sayıldığı quruluşdur. İlk təklifi XX əsr Azərbaycan Cümhuriyyət tarixinin parlaq simalarından olan, mədəniyyətşünas, fikir adamı Əhməd Bəy Ağaoğlu vermişdi. Amma model təqdim etməmişdi. Sadəcə demişdi ki, "biz tamamilə Qərbə yönəlməliyik". Razı deyiləm.
Dominantlığın bir neçə növü var - cinsi dominantlıq, fiziki dominantlıq, iqtisadi dominantlıq, siyasi dominantlıq, mədəni dominantlıq və. s. Qılınc-qalxan dövrü geridə qaldı. Bu gün fiziki dominantlığı texnoloji-hərbi vasitələrlə zirehlənmiş hərbi güc əvəz edib. Ərazi və sərvət müstəmləkəçiliyi də tarixin xatirələri kimi anılır. Bu müstəmləkəçilik növünü də sənaye yaradıcılığı əvəz edir. Deməli, hərbi və iqtisadi gücü olan dövlət artıq iki nəsnəyə görə rəsmi güc hesab olunur. Artıq bu baxımdan bir gücə çevrilmiş ölkə digər ölkələrin qarşısında dominanta çevrilir. Ən əsas da idxalçı istehsalçının müstəmləkəsinə çevrilir. Və bu yolla güc kimi qəbul edilən bir ölkə müstəmləkəsinə öz mədəniyyətini də asan sırıya bilir. Milli şüuru olmayan toplumları rahat şəkildə özününküləşdirir. Bu gün Şərq toplumlarında beyni şərqli, bədəni-ayaqları, əlləri, sinəsi və s. qərbli olan insanlar az, deyil.
Bəs nə etməli? Bizdə yazılı nəzəriyyəçilik olmasa da tariximizə baxanda gözəl yaşayış modellərimiz olub. Məsələn, Orta Asiyada yazılan "Oğuznamələr" də əks olunan qədim türk modeli. Kişi ilə qadın həm hüquqda, həm də fəaliyyətdə bərabər idi. Cinslərarası şəxsi münasibətlər dürüst münasibət modelinə əsaslanırdı. Kişi ilə qadın münasibət qururdu, bir-birini öyrənirdi, sevirdi, sevişirdi və zamanı gəldikdə iki obanın şahidiyilə evlənirdi. Təbii ki, o zaman yazılı hüquq mövcud deyildi. Amma bu modeldən örnək götürüb, bu günkü iqtisadi quruluşa və modelə uyğun bir milli model yaratmaq mümkün deyilmi? Təbii ki, mümkündür.
Qeyd 4: Modellər necə meydana gəlir? Heyət yaradıcılığı ilə. Artıq "Molla Nəsrəddinçilik" dövrü sadəcə bir nostalji olaraq anılır. Tənqid keçərli deyil? Müstəqil maarifçilik hər zaman olacaq. Ancaq demokratik sistem istəyən toplumda dövlətin buna maraq göstərməsi vacibdir. Bu gün güc olmaq istəyən ölkə ilk öncə cəmiyyəti təşkil edən amilləri öz ölkəsində formalaşdırır. Və hər şeydən əvvəl müxtəlif sahələrdə kadr yetişdirib, geniş təhsil imkanları yaradır. Azərbaycanda heyət yaradıcılığı üçün bir yaradıcılıq mərkəzi mövcuddurmu? Cəmiyyəti təşkil edən 5 amildən biri təhsil, digəri siyasətdir. Daxili siyasət cəmiyyət formalaşdırmağa, insan yetişdirməyə, analitik düşüncə tərzini təşkil etməyə meylli olmalıdır. Bunlar bir az utopya kimi görünür, bilirəm. Amma Avropa bunların sayəsində Avropa olub və bu gün də gücə çevrilib bizim üzərimizdə hərtərəfli dominantlıq edə bilir. Mən Avropadan örnək götürməyək demirəm, götürək, ancaq avropalı olmayaq, amerikalı olmayaq. Hər kəsin çaldığı havaya oynamaq meymunluqdur. İnsanın meymun tərəfi bioloji varlığıdır, bəs sosial varlığı? Yeri gəlmişkən sosial modellər elə hazırlanmalıdır ki, insanın bioloji ruhunu pozmasın. İnsan "homosapiens" olaraq bioloji, "insan" olaraq sosial varlıqdır, mədəniyyətlərin yetirməsidir. Əgər bu gün Qərbin elm adamı özü erkən nikahı aradan qaldırıb, yeni quruluşda, meydana gələn erkən cinsəl münasibətlərə çıxış yolu axtarırsa, biz bütünlükdə bir Avropa modelini götürüb özümüzdə tətbiq etsək, bizdə də eyni nəticələri verəcək. Milli mənafeyi olmayan toplumlar məhvə məhkumdur.
Əsrlər öncə Platon deyirdi: "Mən qorxuram ki, gələcəkdə dövlət uşağı atanın əlindən alsın. Və düşündükcə məni daha da çox qorxu hissi bürüyür, ola bilər ki, dövlət uşağı ananın da əlindən alsın. Və ən qorxulusu isə budur ki, dövlətin mənimsədiyi uşaqlar öz, yetimliklərinə" azadlıq" adı verib fəxr edəcəklər. Bu gün eyni situasiya Qərbdə yaşanır. Mənim təklif etdiyim modeldə övlada nəzarət məsələsi də var. Məncə bakirəliyin aradan qalxması, azad cinsi münasibətlərin meydana gəlməsilə yanaşı, həm də nəzarət olmalıdır. Ən azından nikah 16-17 yaşına kimi valideyn nəzarəti olmalıdır ki, cinsi akt erkən yaşlarda baş verməsin. Bu yaş həddindən sonra fərdin özü nə vaxt istəyir nikah bağlasın, lap 30 yaşında evlənə belə, onun bu yaşa kimi cinsi fəaliyyət azadlığı olsun. Ya seçdiyi münasibət zəminində, ya da "vətəndaş nikahı"nda.
Qeyd 5: Erkən nikahın ortadan qaldırılması üçün dini nikahın ləğv edilməsi də önəmlidir. Dövlət nikahının mövcud olduğu halda dini nikaha ehtiyac yoxdur. Çox vaxt bu nikah növü inanclı kütlənin təsəlli vasitəsinə çevrilir. Yaş nikahla uyğun olmur, amma valideynlər dini nikahla məcburi evləndirirlər övladları.
Son olaraq bir məqamı da qeyd edim ki, erkən nikahlar bizim və bizim statusumuzda olan toplumlarda təkcə qız uşaqlarına yox, həm də oğlan uşaqlarına tətbiq edilir. Fərdiyyətçiliyi olmayan bir övlad valideynin şəxsi mülküdür. Lakin qadın bizdə sırf dinin, mentalitetin və tarixi işğalların travmasının nəticəsi olaraq ikinci cins olduğu üçün, onlar daha çoxdur və daha, çox zərər çəkir.
Cinslərarası münasibətlər hamısı bir-birilə zəncirvari bağlıdır. Mən də bu məqaləm vasitəsilə təkcə bir ad altında müxtəlif mövzulara toxunmağa çalışdım. İlk öncə düşüncə, qadına, qarşı münasibət, ailə anlayışı dərk olunmalı, maddi gəlirlər gəncliyə öz şəxsi həyatını qurmaq imkanları yaratmalı və bunlar ümumilikdə dövlətin maraqları çərçivəsində analitik təhsillə təmin olunmalıdır...