Kulis.az 23 yaşında dünyasını dəyişən pambıqçı Sevil Qazıyeva haqqında maraqlı faktları təqdim edir.
Sevil Həmzət qızı Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1 yaşı olanda, Sevilin atası müharibəyə yollanır. Sonralar bir ayağını cəbhədə itirib evə qayıdan ata qızına müharibədə tibb bacılarının fədakarlığından bəhs edir. Bu söhbətlər onda həkim olmaq arzusu yaradır.
Bacısı Sona Qazıyeva həmin günləri belə xatırlayır:
***
Sevil balaca olarkən ən böyük arzusu həkim olmaq idi. Bundan başqa o, həm də şeirlər, hekayələr yazırdı. Yaşının az olmasına baxmayaraq, o, "Qərənfil" adlı pyes də yazıb. Həmin pyesi atama həsr edib. Atam müharibədə ayağını itirmişdi. Qapıdan içəri girəndə Sevil atama qəribə baxıb. Anam arxadan çiynindən itələyib ki, get, qucaqla, atandı. Sevil də deyib ki, yox o, atam deyil, atamın ayağı var idi, hanı onun ayağı? Gedib, bir ip tapıb gətirib, ayağının üstündən bağlayıb ipi çəkməyə başlayıb. Atam ağlamağa başlayıb, ondan sonra Sevil yavaş-yavaş buna öyrəşməyə başlayıb”.
Həmyaşıdlarından fərqli olaraq o, beş yaşında orta məktəbə gedir. 1958-ci ildə orta məktəbi bitirən Sevil atasından onu Bakıya aparmasını istəyir. Atası isə səhhəti ilə əlaqədar onun bu istəyinə qarşı çıxır. Lakin Bakıda yaşayan dayısı Sevilə dəstək olur. Beləliklə, atası Sevili Bakıya gətirir. Yeniyetmə qız Tibb İnstitutuna imtahan verir. İmtahanların üçündən "5" qiymət alır, ancaq birindən müəllim qiymətini kəsir. Müəllim ondan atasının gəlməsini istəyir. O da deyir ki, "Atam kolxozçudur, özü də əlildir, gəlməsin. Mənim qiymətim nədirsə, onu verin". Sonra o konkursa düşür. Sevil israrla atasına bir daha rayona qayıtmayacağını bildirir.
***
Günlərin bir günü qəzetdə Montində qızlar üçün sənət məktəbi açıldığı barədə elan çıxır. Qızlar bu barədə Sevilə deyirlər və ona da orada oxumağı təklif edirlər. Sevil də razı olur və məktəbin "Poliqrafiya" ixtisasında oxuyursənədlərini Azərbaycan Tibb İnstitutuna versə də, müsabiqədən keçə bilmir. Elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada poliqrafiya sənətini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərir.
***
Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evinin üzvü olan Sevil əvvəlcə Süleyman Sani Axundovun "Laçın yuvası" pyesində Pərican, sonra isə Cəfər Cabbarlının "Sevil" pyesində Sevil obrazlarını yüksək səviyyədə canlandırır. Həmin illərdə mətbuatda şeirləri də dərc olunur.
***
1959-cu ilin dekabrında Sevil qəzetdə bir məqalə oxuyur. Məqalə ilə tanış olan tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənir. Bu xəbərdən həvəslənən Sevil dörd rəfiqəsi ilə birgə Mərkəzi Komitənin katibinə məktub yazıb Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər. Gənc qızların bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün bir müddət sonra Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır.
***
1960-cı ilin yayında Sevil və rəfiqələrini indiki Beyləqan rayonundakı 5 nömrəli pambıqçılıq sovxozuna göndərirlər. İstehsalat təcrübəsi zamanı Sevil maşınla 97 ton pambıq yığır.
Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbini bitirəndən sonra Sevil Qazıyeva könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedir.
***
1961-ci ildə Özbəkistanda sovet pambıqçılarının ümumrespublika toplanısında Azərbaycan nümayəndə heyətinin tərkibində 21 yaşlı Sevil Qazıyeva da iştirak edir. Sevil Özbəkistanda olarkən məşhur sovet pambıqçısı Tursunoy Axunovanın iş təcrübəsi ilə yaxından tanış olur. O, Daşkənddən qayıtdıqdan sonra Beyləqanda Tursunoy Axunova kimi kompleks-briqada yaradır və həmin briqadaya başçılıq edir.
***
1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. 1962-ci ildə onu Azərbaycan LKGİ-nin XXIII qurultayına nümayəndə seçirlər. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. Sevilin başçılıq etdiyi briqada həmin il hər hektardan 30 sentner pambıq götürdüyü üçün onu "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edirlər.
***
23 yaşlı Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir.
***
Elə həmin ilin sentyabr ayının 27-də tarlada pambıq yığarkən Sevilin uzun hörükləri bir dəqiqədə 1600 dəfə çarxlara dolaşır. Kombaynın tamburu onun başının bir hissəsini üz dərisindən qoparır. Həkim gələndə isə Sevil artıq dünyasını dəyişmiş olur.
***
Hadisə zamanı yanında olan Qazıyevanın dostu Qənimət, eləcə də Çingiz Fərəcev hadisənin şahidi olur. Ekspertizanı aparan məhkəmə-tibb eksperti Sabir Əliyev də mərhumun bədənində zorakılıqla ölüm əlamətləri aşkar etmir.
***
Qazıyevanın faciəli ölümü ilə bağlı sonralar ortaya bir neçə versiya çıxır. Bir versiyaya görə, Qazıyevanın ölümü bir təsadüf deyil, saxtalaşdırılır. İkinci versiyaya görə, Sevil Qazıyeva tarlada baş verən yanğın zamanı traktorunu xilas etmək istəyərkən faciəvi şəkildə ölür.
***
Üçüncü versiyaya görə isə onun aldığı xəsarətlərin ölümcül olmadığı deyilir. Sevilin ölümünə əsas səbəb onun qorxudan ürəyinin partlaması olur. Sevil Qazıyeva Zaqatalada dəfn olunur.
***
Bacısı Sona Qazıyeva müsahibələrinin birində Sevilin ölümü ilə bağlı deyir:
“Anamla həmin sahədə idik. Maşın dayanmışdı, anam dedi görəsən nə olub? Axşam idi, anam orada işləyən köməkçi Qənimət adlı kişini çağırıb Sevilin yanına göndərdi. O, qışqıra-qışqıra Sevilin qəzaya uğraması xəbərini verdi. Nə vəziyyətə düşdüyümüzü təsəvvür edə bilməzsiniz. Hamı Sevilin sahəsinə axışırdı. İş işdən keçmişdi. Artıq bacım dünyasını dəyişmişdi. Sonralar Bacımın ölümü qəza kimi qiymətləndirildi, amma mən bunun təxribat olduğunu düşünürəm. Çünki bacım çox diqqətli idi, ola bilməzdi ki, o, təhlükəsizlik qaydalarına əməl etməsin”.
1970-ci ildə "Azərbaycanfilm" tərəfindən ona həsr olunmuş "Sevil Qazıyeva" filmi çəkilmişdir. Azərbaycan şairi Nəbi Xəzri "Sevil" poemasını məşhur pambıqçıya həsr edib, onun nəşrindən sonra Sevil Qazıyeva "Günəşin bacısı" adlandırılmağa başlayıb.