Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası - Azər Turan

Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası - Azər Turan
21 yanvar 2024
# 12:00

Kulis.az Azər Turanın "Şuşa estetikası" silsiləsindən "Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası" yazısını təqdim edir.

Uşaq ədəbiyyatı barədə mütəxəssislər yazsa bu, daha uyğun olar, lakin məni düşündürən odur ki, tutalım, Teymur Elçinin "Toğrul babanın nağıl ağacı" poeması yazılışından 40 ilə yaxın vaxt keçsə də, ədəbiyyatşünaslığımızda niyə müzakirə və tədqiqat obyektinə çevrilməyib? Teymur Elçinin bu poemasını hətta fransız şairi Prevertin "Bir quşun rəsmini çəkmək istəsən" şeiri ilə də müqayisə etmək mümkündür. Uşaq xəyalının sənət üfüqlərinə pərvazlanması, mifoloji yaddaşa, nağıllar aləminə səyahət, milli təfəkkürün və estetik dünyagörüşünün formalaşdırılması baxımından "Toğrul Babanın nağıl ağacı" poemasının doğurduğu intibalar çoxdur...

Şuşalı Teymur Elçin poeziya dili ilə Bakının sağ əlində, Xəzərin sahilində Kuklaların evində şuşalı Toğrul Nərimanbəyovun çəkdiyi divar rəsmlərinin nağıllarını təfsir edib; rəng sözə, söz rəngə qarışıb. Toğrul baba sehrkardır, rəngləri də sehrlidir, çubuqlarla - fırçayla "danışır" və kuklaların evinin divarında bircə anda bağ salır. Toğrul baba nağıl rəssamıdır... Onun rəngləri "gülür-danışır", "küsüb-barışır"lar. Lazım gələndə, Toğrul baba rənglərə əmr edir, onlar bir yerə "yığışır", içi heyva-nar dolu xurcuna, səbətə çevrilirlər, yaxud göyçək bir qıza dönüb mışıl-mışıl yatır, nar olub yaşıl budaqlardan sallanırlar və s.

"Kilimçi" nağılı Qız qalasının yaxınlığında qaravəlliylə başlayır. Teymur Elçinin yaratdığı teatral mənzərə unikaldır. Məncə, Azərbaycanda nağıl estetikasını bu qədər dərindən mənimsəmiş ikinci şairi təsəvvürə gətirmək çətindir. Bayaq da qeyd etdiyim kimi, Teymur Elçinin "Toğrul babanın nağıl ağacı" poemasını Toğrul Nərimanbəyovun Kukla Teatrının divarlarına çəkdiyi rəsmlərin iştirakı ilə oxumaq xüsusi estetik anlam kəsb edir. Bu, Azərbaycan estetik düşüncə tarixində yeni hadisədir. Həm də o mənada ki, tutalım, bizdə nağıl motivləri əsasında yazılmış poetik nümunələr, hətta nağıl-pyeslər var. Amma Azərbaycan nağıllarının, az qala, hamısının divar rəsmlərinə mövzu olması, onların bir süjet ətrafında birləşdirilməsi ənənəsi Toğrul Nərimanbəyova qədər olmayıb və Teymur Elçinin bu poeması da o rəsmlərin təkrarsız poetik, nəzəri və ensiklopedik şərhidir. Teymur Elçin Toğrul Nərimanbəyovun rəsmlərini şeirləşdirir. Bu şairanəlikdə rənglərin səciyyəsini dərindən bilən sənətşünas manerası da var; hər şey (məsələn, Qız qalasının yanında kilimçi Qara Vəlinin obrazı və bu obrazın ətrafında baş verənlər, görünən başqa obrazlar) şair Teymur Elçinin poetik izharları ilə tanınır.

Uzanıb pəhləvantək

Kilimçi Qara Vəli.

Oyun çıxardır yenə,

Danışır qaravəlli.

Əlləri, ayaqları

meydançadır, elə bil.

Göstərdiyi tamaşa

bir xonçadır, elə bil.

Kilimin üstündəcə arxası üstə uzanıb əl-ayaqlarını yuxarı qaldırmış kilimçini Toğrul Nərimanbəyov şəkilləndirir. Amma onu Qara Vəli olaraq tanıdan, poetik rakursu meydançaya çevirən, onun danışdığı qaravəllini mətnləşdirən, Toğrulun çəkdiyi tablonun şərhini verən Teymur Elçindir. Kilimçinin açıq ovucunun birində eşşəyə minmiş xurcunlu oğlan, digərində isə haldan-hala düşən və qazı əlbisəsi geymiş başqa bir obraz var.

Bax bu eşşəkçi oğlan

evdən getmişdi çoxdan.

Quş südü istəmişdi

şəhər qazısı ondan.

Quş südü bəhanədi,

Kim bilir ki, o nədi...

Evlərində heç kəsi,

Tamam boşdur heybəsi.

Gətirdiyi bir az nar -

sirli bağın meyvəsi...

Sol ovcunda qazını

oynadır Qara Vəli:

- Qazı deməyin buna -

Cəlladdır - əmmaməli...

Kilimçinin qaldırdığı ayaqlarının birinin pəncəsində bir oğlan təsvir edilib:

Bu da tacirin oğlu,

Pulu var çoxlu-çoxlu.

Satın alar dünyanı...

Görün, necə qalıb mat:

Oğlan gəlib salamat...

Qara Vəlinin yuxarı açılmış digər pəncəsi üstündə rəqs edən qız:

Qonşu qız çıxıb səsə,

Salmışdılar qəfəsə.

Gah oynayıb oxuyur,

Məhəl qoymur heç kəsə.

"Tut ağacı boyunca,

Tut yemədim doyunca.

Yarım qayıdıb gəlib,

Görəcəyəm doyunca".

Teymur Elçin Toğrul babanın nağıl personajlarını bir-bir şərh edir. Toğrul baba rənglərlə nağıl dünyası yaradır. Onun rəssam təxəyyülündən yaranan nağıllar ətirlidir, rəngarəngdir. Və elə buradaca əlavə edim ki, bu nağılların - rəsmlərin mifoloji mündəricəsi də çox dərindir. Teymur Elçinin qurduğu süjet Nərimanbəyovun çəkdiyi rəsmləri danışdırır. Boyu bir tikə olan Cırtdan Toğrul babanın xurcununa girir və oradan yekə bir nar çıxarır. Toğrul baba bütün dəcəlləri çağırıb nağıla başlayır. Növbəti nağıl - "Nar bağı" təkcə uşaq ədəbiyyatında deyil, ümumiyyətlə ədəbiyyatımızda yeni hadisədir.

Günər Nar bağında "Məlikməmməd" nağılından tanıdığımız dördbuynuz devi öldürüb nar giləsi kimi şirin və gözəl qızları ölüm yuxusundan oyadır. Yuxudan ayılan Narcan:

Arzun nədir, gizlətmə gəl?!

Eylərəm ona əməl,

- deyə Günərə səslənir. Günərin arzusu Günəşi tapmaqdır. Çünki eli, obası zülmətdədir. Narcan ona yol göstərir. Buynuzlaşa-buynuzlaşa qabağına gələcək Ağ qoçla Qara qoçun epizodu yekunlaşır və Narcan məsləhət görür ki, Günər Qara qoça yaxınlaşmasın, Ağ qoçun buynuzundan möhkəm yapışsın, çünki Ağ qoç onu işığın ünvanına - Qaf dağının ətəyinə aparacaq. "Cırtrdan"ın nağılındakı işıq gələn tərəf semantikası Azərbaycan uşaq şeirində bu şəkildə dəyişdirilir. Ardınca süjet xəttinə Qaf dağı səmtində uca və tənha çinar ağacında yuva qurmuş Zümrüd quşu - yuvasında balalarıyla daxil olur. Simurqun əfsanəvi səciyyəsinin müasir uşaq ədəbiyyatı mətninə bu şəkildə daxil edilməsi ədəbi baxımdan hadisədir. Zümrüd indi Qaf dağının ətəyindədir. Amma Toğrul babanın nağıl ağacına o, Qız qalasından pərvazlanıb:

Pərdə salıb ağ bulud,

Üstündə Zümrüd quşu.

Qalanın başı üstdə

Göyərçinlər uçuşur...

Bütün mənəvi zirvələrdə Zümrüd quşu vardır. İşıq zirvədədir. İşığa qovuşmağın sirri isə narın içindədir. Narcan Nar bağında Günərə nar verib demişdi ki, çinar ağacında yuva qurmuş Zümrüdü görəndə narı dənələyib quşun balalarına yedirərsən, sonra harda dara düşsən, zümrüd quşları səni xilas etməyə gələcək. İşıq soraqlı xəyali yol beləcə davam edir. Bu dəfə süjet xəttində Qaf dağının zirvəsində zəncirlənmiş gəncin obrazını görürük (Teymur Elçin mətni ağırlaşdırmır. İşıqdan soraq verən Prometeyi, sadəcə, zəncirlənmiş gənc oğlan olaraq təqdim edir):

O zirvəyə çıxsan əgər,

O cavanın zincirini

Qırıb atsan,

Çatacaqsan istəyinə.

Rəssamın yaratdığı rəng axını onun özünə olduğu kimi, şairə də intermedial qurğu üçün geniş üfüqlər açır. Burada, həm dekorativ tətbiqi sənətin xalça sənətindan başlayaraq bütün növləri, eləcə də arxitektura, mifoloji anlamlar, həm musiqi, həm folklor elementləri və s. birlikdə iştirak edir.

Teymur Elçin Toğrul babanın nağıl ağacını Şimal motivləri - Şimal mifləri ilə də zənginləşdirir. "Nə yoğurub, nə yapıb, hazırca kökə tapan" Cırtdan "tapdığı" kökəni bir qartala verir. Qartal onu şimala aparır. Azərbaycan nağıl estetikasının obrazlar silsiləsinə yeni elementlər daxil olur. Cırtdan qarlı çöldə itlərə qoşulmuş xizəyə minir. Yolda qartalın "lazım olacaq" deyə ona verdiyi:

Lələyi verdim,

Bir nağıl aldım.

Bura gələndə

nağılı saldım.

Bir ağ göyərçin

havada tutdu.

Ala bilmədim,

Nağılı uddu.

Göyərçin nağılı qardaşına danışanda Əsmər eşidib Cırtdana söyləyir. Teymur Elçin nağıl estetikası ilə, mifoloji təsəvvürləri, özü də həm türk mifolojisini, həm yunan mifolojisini, hətta xristian mifolojisində müqəddəs ruhu təmsil edən Ağ göyərçini, o cümlədən, bir qartalın qanadlarında şimala uçan Cırtdanın nağılıyla şimal miflərini, üç oğulun etinasızlığından Ağ göyərçinə - ruha çevrilib evdən gedən Ananın nağılını - şimaldan gələn "Ağ göyərçinin nağılı"nı, eləcə də Azərbaycanın yeni Nar mifini - Nar qızın nağılını bir mətnin içində, çox rahat şəkildə əridə bilib. Poemanın dili nağıl dili kimi yüyrəkdir. "Elçi gəldi Təpəgöz" nağılı əslində xaosun gəlişidir, Səməndərin danışdığı "Yuxucul Domrulun nağılı"nda Domrulun yuxudan oyanması eli xilas edir, harmoniyanı bərpa edir. Uşaq şeirinin süjetinə Dədə Qorqud motivli təsvirin məhz bu şəkildə, rahatlıqla aşılanması Toğrul Nərimanbəyovun nağıl kosmosunu Teymur Elçinin qələmi ilə uşaq ədəbiyyatımızın poetik güzərgahına çevirir. Nağıl bitir. "Toğrul babanın nağıl ağacı"nda hər şey işıqla yekunlaşır, amma göydən üç alma düşmür:

Cırtdan çıxıb uzanmışdı

yaşıl nağıl ağacına.

Nağıllara baxırdı o,

Nağılların qucağında...

Yuxarıda qeyd etdiyim kimi, uşaq xəyalının sənət üfüqlərinə pərvazlanması, mifoloji yaddaşa səyahət, milli təfəkkür hadisəsi, nağıllar kontekstində estetik dünyagörüşünün formalaşması baxımından "Toğrul Babanın nağıl ağacı" poemasının doğurduğu intibalar çoxdur...

10 yanvar 2024

# 2924 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #