"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır... - "Etikanın metodları"ndan bir hissə

"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır...  - "Etikanın metodları"ndan bir hissə
28 avqust 2026
# 15:30

Bu gün ingilis filosof Henri Sicvikin (Henry Sidgwick) anım günüdür.

Kulis.az onun "Etikanın metodları" əsərindən seçilmiş hissələri təqdim edir.

Kainatın nöqteyi-nəzərindən hər hansı bir fərdin rifahı başqa bir fərdin rifahından daha vacib deyildir; əlbəttə, əgər birincinin vəziyyətində digərinə nisbətən daha çox xeyrin gerçəkləşəcəyinə inanmaq üçün xüsusi əsaslar yoxdursa...

***

Hər bir kəs digər bir insanın rifahına ən azı öz rifahı qədər dəyər verməyə mənəvi baxımdan borcludur; istisna yalnız qərəzsiz yanaşıldıqda həmin rifahın daha az olduğu, yaxud fərd üçün dərk edilməsi və ya əldə olunması daha az ehtimal daşıdığı hallar üçün keçərlidir.

***

Gələcək nəsillərin maraqları hazırda yaşayan insanların maraqları ilə toqquşanda, biz onları nə dərəcədə nəzərə almalıyıq? Bu sualın cavabı aydın görünür: bir insanın mövcud olduğu zaman kəsiyi universal baxış bucağından onun səadətinin dəyərinə təsir göstərə bilməz. Beləliklə, gələcək nəsillərin maraqları bir utilitaristi müasirlərinin maraqları qədər düşündürməlidir — tək fərq ondadır ki, fərdin atdığı addımların gələcək nəsillərin həyatına və hətta onların mövcudluğuna olan təsiri daha böyük qeyri-müəyyənlik daşıyır.

***

İnsan nəslini davam etdirməkdən ümumi şəkildə imtina etmək utilitar baxış bucağından təsəvvür edilə biləcək ən böyük cinayət olardı.

***

Platonun filosof həyatının həzzpərəst həyatından daha çox zövq verdiyinə dair irəli sürdüyü arqument açıq-aşkar yetərsizdir. O iddia edir ki, filosof hər iki həzz növünü — həm hissi, həm də intellektual zövqləri dadıb və fəlsəfi həyatın ləzzətlərini üstün tutub; buna görə də həzzpərəst onun qərarına etibar etməli və onun yolunu getməlidir. Lakin kim zəmanət verə bilər ki, filosofun təbiəti hissi həzzləri onun üçün kifayət qədər zəif və sönük hiss etdirəcək quruluşda deyil?

***

İnsanların səadət vasitələrini hədsiz dərəcədə israf etməsi fonunda, sözün əsl mənasında xudbinlikdən - fərdin sırf öz səadətinə ifrat diqqət yetirərək başqalarının zövq və iztirablarına qarşı daxilində güclü bir maraq duymasını qeyri-mümkün edən o xüsusiyyətdən - daha aşkar bir ehtiyatsızlığın olmadığını söyləmək heç də şişirtmə sayılmaz.

***

Məqsədimiz ümumi, yoxsa orta səadəti ən yüksək həddə çatdırmaqdır?... Əhali sayındakı artımın orta səadətin azalması ilə müşayiət olunacağını mümkün hesab edirik... Əgər utilitarizmin fəaliyyətin ali məqsədi kimi ümumilikdə səadəti tələb etdiyini qəbul etsək, belə bir nəticə çıxır: əlavə əhali bütövlükdə müsbət səadətdən zövq alırsa, biz əlavə say sayəsində qazanılan səadətin miqdarı ilə əhalinin qalan hissəsinin itirdiyi səadətin miqdarını tərəzidə ölçməliyik.

***

Bir çox dindar insan hər hansı bir əməlin ən ali əsasının Tanrının iradəsi olduğunu düşünür; digərləri üçün isə "özünügerçəkləşdirmə", "özünüinkişaf" və ya "təbiətə uyğun həyat" həqiqi ali məqsəd kimi görünür. Bu cür anlayışların etikanın fundamental sualına əvvəllər sadalananlardan daha dərin və daha dolğun cavablar verdiyinin zənn edilməsi anlaşılandır; çünki onlar "nəyin olmalı olduğunu" təkcə özlüyündə təqdim etmir, bunu "mövcud olanla" zahirən sadə bir əlaqədə göstərirlər. Tanrı, Təbiət və Mən varlığın təməl həqiqətləridir; Tanrının İradəsini nəyin həyata keçirəcəyini, nəyin "təbiətə uyğun" olduğunu, hər birimizdə həqiqi "mən"i nəyin gerçəkləşdirəcəyini bilmək etikanın olduğu kimi metafizikanın da ən dərin problemlərini həll edirmiş kimi görünür.

***

Həm fəlsəfə, həm də tarix öyrətmişdir ki, "təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır.

***

"Həzz və ağrı müdrik insan üçün fərqsizdir" paradoksunun qeyri-insani sərtliyi heç vaxt ikrah doğurmaya bilməzdi; xəyali bir müdrikin mükəmməl səadət içində saxlanmalı olduğu xəyali işgəncə aləti real filosof üçün ən azı təhlükəli bir dialektik əzab vasitəsi idi. Xristianlıq mənəvi şüuru mənəvi subyektin hisslərinə qarşı rəzil köləliklə qeyri-insani laqeydlik arasındakı bu çıxılmaz vəziyyətdən xilas etdi. O, hər ikisinin ən kamil gerçəkləşməsini o biri dünyaya köçürməklə fəzilət və həzz arasındakı uzunmüddətli münaqişəni uzlaşdırdı; beləliklə, fərdin maneəsiz səadət arzusunun məntiqli və təbii olduğunu inkar etmədən, ənənəvi əxlaqın özünü rasional və təbii bir meyar kimi təsdiqləməsinə imkan yaratdı.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 87 dəfə oxunub

Oxşar xəbərlər

Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

16:03 28 avqust 2026
Türkiyə musiqi sənayesində tarixi ilk

Türkiyə musiqi sənayesində tarixi ilk

15:45 28 avqust 2026
Londonun yeraltı aləmi ekranlaşdırılır - Məşhur repçinin prodüserliyi ilə

Londonun yeraltı aləmi ekranlaşdırılır - Məşhur repçinin prodüserliyi ilə

14:45 28 avqust 2026
Əli İsa Cabbarov namizədliyini geri götürdü - İşdən çıxmaqla bağlı ərizə yazdı

Əli İsa Cabbarov namizədliyini geri götürdü - İşdən çıxmaqla bağlı ərizə yazdı

14:10 28 avqust 2026
Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparır

Prokurorluq tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparır

13:50 28 avqust 2026
"Üsyan edən arvadınızdırsa, qaça bilməzsiniz..." - Feminist yazardan sitatlar

"Üsyan edən arvadınızdırsa, qaça bilməzsiniz..." - Feminist yazardan sitatlar

13:10 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər