Tarixi həqiqətlərimiz ingilis ədəbiyyatında - Elnarə Qaragözova

Tarixi həqiqətlərimiz ingilis ədəbiyyatında - Elnarə Qaragözova
8 iyun 2025
# 12:00

Kulis.az Elnarə Qaragözovanın "Tarixi həqiqətlərimiz XIX əsr ingilis ədəbiyyatında: Ceyms Moriyerin və Ceyms Frazerin bədii mətnlərində Azərbaycan" adlı yazısını təqdim edir.

Şərq həmişə öz sirri, ekzotikliyi və zənginliyi ilə avropalıları özünə cəlb etmiş, əsrlər boyu rəssamlar, yazıçılar və musiqiçilər üçün sonsuz ilham mənbəyi olmuşdur. Avropada Şərqə, Şərq həyatına bir çox bədii əsərlər həsr olunmuşdur. Bunların sırasında xüsusilə C. Bayronun “Şərq poemaları” nı, Y.V. Hötenin “Şərq divanı”nı, V. Hüqonun “Oriyentaliya”sını göstərmək olar. Lakin Şərqə dair ən məşhur əsərlər sırasına aid edilən, ingilis yazıçısı C. Moriyerin “İsfahanlı Hacıbabanın macəraları” romanının taleyi adları çəkilən əsərlərin taleyi kimi uğurlu olmamışdır. İlk dəfə 1824-cü ildə Londonda nəşr olunan bu əsər yazarına böyük şöhrət gətirsə və əldən-ələ gəzsə də uzun zaman ciddi tədqiqat obyektinə çevrilməmiş, hətta müəllifi plagiator damğası belə qazanmışdır.

“İsfahanlı Hacıbabanın macəraları” romanında Şərq hərtərəfli və təfərrüatlı şəkildə təsvir olunmuşdur. Məhz bu təsvirin adekvatlığına və canlılığına görə Ceyms Moriyerin əsərin əsl müəllifi olmadığı fikri də irəli sürülmüşdür. Bu əsərdə Şərqin bir parçası olan Azərbaycan haqqında da qiymətli məlumatlara rast gəlinir və romandakı hadisələrin bir qismi əzəli Azərbaycan torpaqlarında cərəyan edir, indi Ermənistanın tərkibində olan Azərbaycan torpaqları - Qərbi Azərbaycan haqqında da bu gün üçün strateji, siyasi önəmə malik məlumatlar verilir. Belə ki, yazıçı əsərdə həmin ərazilərin adını əslində olduğu kimi, həmin dövrdə - XIX əsrin əvvəllərində işləndiyi kimi vermişdir. Məsələn: Hamamlı, Göylü kəndi, Pəmbək çayı, Zəngi çayı, Ağrı dağı və s. Fikrimizcə, C. Moriyerin “İsfahanlı Hacıbabanın macəraları” romanı məhz bu cəhətdən Azərbaycan haqqında nəinki bədii, eləcə də tarixi mühüm mənbələrdən biridir.

Ceyms Moriyer kimi Şotland səyyahı və yazıçısı James Baillie Fraserin də yaradıcılığında Şərq həyatının təsviri mühüm yer tutur. Onun əsərlərində Azərbaycan haqqında da qiymətli məlumatlara rast gəlmək olar. Bu baxımdan onun “İranın Xəzər dənizinin cənubundakı əyalətlərinə səfərlər və macəralar” (Travels and Adventures in the Persian Provinces on the Southern Banks of the Caspian Sea ) və “Qızılbaş: Xorasan əhvalatı” (“The Kuzzilbash, a Tale of Khorasan”) əsəri tədqiqat üçün zəngin material verir.

C.B.Frazerin “Qızılbaş: Xorasan əhvalatı” əsərində elə ilk səhifədən baş qəhrəmanın türk - əfşar tayfasından olması vurğulanır. Lakin müəllif bunu aşkar qeyd etməsəydi də bunu mətndəki zərif bir elementdən bilmək olardı. Türk xalqları islam dinini qəbul etsələr də, daim özünəməxsusluqlarını qoruyub saxlamışlar. Bu qadına münasibətdə, eləcə də qadınların davranışında da öz əksini tapmışdır. İslamda qadının yad nəzərlərdən qorunması vacib olsa da, türk xalqlarına məxsus müsəlman qadınlar türk törəsinə görə xüsusi mövqeyə malik olduqları, namusları şərtsiz müqəddəs hesab olunduğu və kişilərlə bərabərhüquqlu hesab edildikləri üçün əksər hallarda bu qadağaya əməl etmək ehtiyacı duymamışlar. Bu türk, eləcə də Azərbaycan bədii ədəbiyyatında da öz əksini tapmışdır.

Digər maraqlı cəhət isə ondan ibarətdir ki, türk toplumunda şamanlar, cadugərlər, cindarlar və başqa bu kimi peşə sahibləri qadın məclislərinə sərbəst daxil ola bilərdilər və kişilər bunu normal qəbul edirdilər. Məsələn, M. F. Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” əsərində olduğu kimi. Bildiyimiz kimi bu əsərdə Şəhrəbanu xanım Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üçün əvvəlcə Hatəmxan ağadan xahiş edir ki, onu yoldan saxlasın.

Hatəmxan ağa bu səfərə mane olmadıqda başqa bir üsula əl atır, Şahbazı yoldan saxlamaq, qızı Şərəfnisənin səadətini təmin etmək üçün cadugərə müraciət edir. Fraserin “Qızılbaş. Xorasan əhvalatı” əsərində də Qızılbaş körpə olarkən anası evə kişi – şeyx çağırır və uşağın taleyinə baxdırır. Elə bu məqamda da yazıçı açıqlama verir ki, şeyxlərin, dərvişlərin istənilən evə sərbəst şəkildə girmək hüququ var idi və kişilər heç zaman buna etiraz etməzdilər. Elə bu məqam da Fraserin türk – azərbaycan ailələri ilə yaxından tanışlığından xəbər verməklə yanaşı, M. F. Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” əsərindəki qadınların sərbəstliyi səhnəsinin bütün türk toplumunun reallığı olduğundan xəbər verir.

Maraqlı daha bir məqam isə həm Ceyms Moriyerin, həm də Ceyms Frazerin əsərində yerli əhalinin, yəni Azərbaycan türklərinin dilində işlənən sözlərin olduğu kimi verilməsi və onların mənasının izah edilməsidir:

Fraser: Kuzzilbash (Fraser1828:5) – Qızılbaş; Janee (Fraser1828: 37) – can; aoul (Fraser1828:48) – aul; khanum (Fraser1828: 50) – xanım; ghourumsaug (Fraser1828: 51) –qurumsaq; Altoun Tuppeh (Fraser1828:184) – altın təpə

Moriyer: Ai qardach (Moriyer 1834:85) – Ay qardaş; haif (Moriyer 1834:87) – hayıf; yavash (Moriyer 1834:91) – yavaş; bosh (Moriyer 1834:99) – boş və s.

Həmişə Azərbaycan dilinin Şərq aləmində, eləcə də Qafqazda mövqeyindən və bu mövqe haqqında qərblilərin fikrindən danışılarkən məhşur nümunə kimi M. Y. Lermontovdan, A. S. Puşkindən sitat gətirilir. Dilimizin sadəliyindən və anlaşıqlığından bəhs edən daha bir qərbli müəllif məhz Ceyms Fraser olmuşdur. O, elə "Qızılbaş" əsərinin əvvəlində qeyd edir ki, bu əsərin oxunmasında onun işini asanlaşdıran yeganə səbəb Azərbaycan dilində yazılmış sözlər, müəllifin ifadə etdiyi kimi Toorkee tongue (Fraser 1828: 8)olmuşdur.

Ədəbiyyat tarixin unudulmuş və ya təhrif olunmuş səhifələrini bərpa etmək, oxuculara hadisələrə və şəxsiyyətlərə yeni rakursdan baxmaq imkanı verən unikal düşüncə və bədii-intellektual təsvir platformasıdır. Ədəbiyyat həm də tarixi yaddaşın reabilitasiyası prosesində əvəzsiz vasitədir. Tarixi yaddaşın ədəbiyyat vasitəsilə bərpası cəmiyyətə öz keçmişini dərk etməyə, ədaləti bərpa etməyə və mədəni irsi qoruyub saxlamağa imkan verən mühüm və çoxşaxəli prosesdir.

# 280 dəfə oxunub

Oxşar xəbərlər

Kasıblara kömək et, məbədlərə deyil... - Aygün Əziz

Kasıblara kömək et, məbədlərə deyil... - Aygün Əziz

10:00 8 iyun 2025
Dumbadzenin “Kykaraça”sı Gəncə səhnəsində

Dumbadzenin “Kykaraça”sı Gəncə səhnəsində

15:30 7 iyun 2025
Ermənilər onu "xalq qəhrəmanı" elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?

Ermənilər onu "xalq qəhrəmanı" elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?

15:00 7 iyun 2025
Tanınmış aktrisa xəstəxanaya yerləşdirilib

Tanınmış aktrisa xəstəxanaya yerləşdirilib

13:40 7 iyun 2025
Devid Bekhemə cəngavər rütbəsi veriləcək

Devid Bekhemə cəngavər rütbəsi veriləcək

12:20 7 iyun 2025
Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi?

Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi?

12:00 7 iyun 2025
#
#
# # #