Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı
1 avqust 2026
# 14:35

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb.

APA xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir.

Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.

1962-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasına daxil olan Nəriman Həsənzadə 1965-ci ildə aspiranturanı bitirib dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1962-ci ildən başlayan Nəriman Həsənzadə “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 1978–1991-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru işləyərkən qəzetin ədəbi-ictimai mühitdə nüfuzunun daha da genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.

Nəriman Həsənzadə 1991–2001-ci illərdə Azərbaycan Respublikası mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində çalışmışdır. O, 2001-ci ildən ömrünün sonunadək Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik etmişdir.

Böyük söz ustası Nəriman Həsənzadə poeziya aləminə qədəm qoyduğu ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirmişdir. Şair milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalmaqla, özünəməxsus ifadə tərzi və dəst-xətti sayəsində Azərbaycan xalqının poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmişdir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən əsərləri onu həmişə ədəbi prosesin ön mövqelərində saxlamışdır. Şairin öz həzinliyi və səmimiliyi, dil səlisliyi, axıcılığı və təbiiliyi ilə seçilən şeirlərində müasirlərimizin hiss və düşüncələri dolğun bədii əksini tapmışdır. Nəriman Həsənzadə poema və mənzum pyeslərində keçmişimizin uzaq və yaxın dövrlərinin taleyüklü mühüm hadisələrini və böyük şəxsiyyətlərini tarixi həqiqətlər işığında dərin vətənpərvərlik və milli dövlətçilik duyğusu ilə canlandırmışdır. Azərbaycan xalqının mübarizliyini və qəhrəmanlığını tərənnüm edən bu əsərlər teatr səhnələrində uğurla tamaşaya qoyulmuş, tamaşaçıların dərin rəğbətini qazanmışdır. Dilimizin tükənməz imkanlarından ustalıqla bəhrələnmiş şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.

Sənətkarın ədəbi şəxsiyyəti ilə vəhdət təşkil edən alim, pedaqoq və ictimai xadim kimi dolğun fəaliyyəti Vətənə və xalqa ləyaqətlə xidmətin bariz nümunəsidir. Nəriman Həsənzadə respublikamızın ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmiş, müxtəlif illərdə SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsinin direktoru, eləcə də rayon, şəhər sovetinin və XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə daim dərin vətəndaşlıq duyğusu ilə yanaşmış Nəriman Həsənzadə mədəniyyətimizin tərəqqisi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün var qüvvəsini sərf etmişdir.

Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafı naminə uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları – “Şöhrət” (2001), “Şərəf” (2011) və “İstiqlal” (2021) ordenləri ilə təltif edilmiş, 2026-cı ildə isə “Heydər Əliyev” ordeninə layiq görülmüşdür.

Görkəmli şair və dramaturq, tanınmış ictimai xadim, səmimi və təvazökar insan Nəriman Əliməmməd oğlu Həsənzadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!


İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Arif Paşayev

Anar Rzayev

Çingiz Abdullayev

Rəşad Məcid

Sabir Rüstəmxanlı

Kamal Abdullayev


# 824 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər