Şit zarafat edənlərə söyüş qoyuram - Zamin Hacı yazır

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

9 dekabr 2021
# 09:00

Kulis.az Zamin Hacının "Təzə keşniş standartı" adlı yazısını təqdim edir.

Adamın evindən çıxanda, həmçinin evinə girəndə böyük zibilliyin içərisindən keçməlisən. 15 ildən çoxdur onu tanıyıram. Lakin bu illər ərzində bir dəfə də ağlına gəlməyib ki, o zibilliyi təmizləsin. Hər görüşəndə isə hökumətdən narazılıq edir. Son aylarda əsas müzakirə mövzumuz Zəngəzur dəhlizidir. Daha doğrusu, o danışır, mən qulaq asıram. Deyir nə üçün Zəngəzur dəhlizinin açılması ləngiyir. Avropanı, Amerikanı, Zakir Həsənovu, Elçin Quliyevi tənqid edir. Mən də ayaqqabımla yerdəki plastik butulkaya və günəbaxan, dondurma tumu qablarına təpik vurub ürəyimdə fikirləşirəm: “Bəlkə, ilk növbədə öz xarabana normal dəhliz açmaq haqda düşünəsən? Çox çətin iş deyil axı. 15 dəqiqəyə bütün bu zibilləri arabaya, torbalara yığıb atmaq olar”. Təbii, bu sözlərin heç birini ona demirəm. Nə də olmasa, arada illərin sınağından çıxmış xətir-hörmətimiz vardır.

Sözgəlişi, bir aralar küçə və məhəllələrə təzə zibil qabları qoyulanda onların hamısının qapaqları vardı. İndi fikir versəniz, çoxu qapaqsızdır. Çünki camaat zibili atmaq vəzifəsini balaca uşaqlara tapşırırdı (guya böyüklərin vacib işləri vardır), onlar da qapağı aça bilmir, zibili yerə atıb gedirdilər. Nəticədə kommunal xidmət çıxış yolunu qapaqları sökməkdə gördü. Bu da bizim yerli standartdır. Zibil qabı açıq olmalıdır. Açıq cəmiyyət qururuq axı.

Hə, düz tapmısınız, bu gün standartlardan yazmaq istəyirəm. Bizdə bu maraqlı işin hətta idarəsi də vardır. Tam adını yazmasam ölərəm: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi. İndi nəfəs ala bilərsiniz.

Qardaş, bunun adını belə qoyanda hansı standartlar nəzərə alınıbdır? Nəsimi adına dilçilik idarəsi hara baxırmış? Mümkün qədər ixtisarla yazmağa çalışsaq, İNAİBNDXASİ olur. Adam ana dilinə asi çıxar. Rəhmətlik Alimpaşa müəllim demiş, niyə belə eləyirsiniz axı siz? Gəlin gedək, bu abreviaturanı oxuyarkən partlamaya düşüb ölənləri sizə göstərim.

Ancaq xırdaçılıq lazım deyil, əsas odur ortada iş olsun. Mən də bu işi axtarmaq üçün idarənin azstand.gov.az adlı saytına baş, lap kəllə vurdum. Saytın manşeti bu ilin 11 iyun xəbəriylə təzələnmişdir və sizcə o xəbər nə haqdadır? Hansı standartımız yenilənmişdir? Dünyaya və ya dünyadan hansı standartı alıb-vermişik? Bəlkə, kosmosdakı peykimizin internetimizin sürətinə təsirləri üzrə hansısa standart tətbiq edilib? Ya alimlərimiz ürək damarlarında cərrahiyyə əməliyyatı üçün yeni üsullar və patentlər tapmışlar? Cırt. Tapmadınız. Buyurun, oxuyun, görün qarşıma çıxan ilk xəbər necədir:

“AZS 171-2005 "Təzə keşniş. Texniki şərtlər” və AZS 168-2005 “Təzə göyərti. Qəbul qaydaları. Sınaq üsulları. Qablaşdırma, markalanma” dövlət standartlarının dövrü yoxlaması aparılıb, bunların dəyişdirilməsi üçün idarəyə müraciət edilib”. Mən, əlbəttə, mümkün qədər qısa yazdım. Orada “asi” idarəmizin ismi-şərifi bütövlükdə keçirdi.

Ən əsası, idarə də standart üzərində müvafiq (tfu – bu sözü dilimizə soxan birinci adamın üzünə) dəyişiklik aparmışdır.

Mən indi başa düşdüm ki, məktəbin darvazası yaxınlığında göyərti satan şirvanlı Gülbadam xala nə üçün iyun-avqust aylarında gözə görünməkdən qətiyyətlə imtina etdi, bütün xalqımızı ota (pis çıxmasın və bu dəqiqə məktəblərin böyründə “patı-matı” arayan əlaqədar orqanların gözündən uzaq olsun) həsrət qoydu. Dovğa bişirmək istəyənlər Nərmin Kamalın “Dovğam çürüdü, a dostlar” şeirini oxuyur, ispanaq, vəzəri, keşniş, göy soğan, qırmızı turp, yaşıl nanə yemək istəyən vətənpərvərlər ac qalırdı. Sən demə arvad təzə keşniş standartlarına uyğunlaşmaq üzərində əzmlə çalışırmış.

Sonda mən “Patron” tumları istehsal edən milli şirkətimizə də üzümü tutub onlardan bu vacib suala aydınlıq gətirmələrini istəyirəm: “X.k.” nə deməkdir? Şirkətin bütün məhsulları üzərində ünvan yerinə bu ifadə yazılmışdır: “Tərtər r-nu, X.k.”

Tutalım (bu yerdə şit zarafat edənlərə müəllif söyüş qoyur), “r-nu” kodunu “rayonu” kimi açdıq. O zaman güman edə bilərik ki, “X.k.” da “Xoruzlu kəndi” deməkdir, çünki, Tərtərdə adı “x” hərfiylə başlayan ayrı kənd gözümüzə dəyməmişdir. Ola bilərmi şirkət kəndin adını özünə layiq bilməsin? Elədirsə, yaxşı çıxmır, tum çırtlamaq xoruzların da sevimli fəaliyyətidir, ümumiyyətlə, bu gözəl canlıya mənfi və yadelli münasibət yaraşmaz.

Ya da mümkündür bölgə cəbhə bölgəsi olduğu üçün şirkətlərin yerləşmə koordinatları şifrələnir.

P.S. Bu yazı “Meyvəli” bazarında keçirilən göyərti müsabiqəsinə təqdim olunmaq üçündür.

P.P.S. Fotolar, Allah heç qoymasa, müəllifindir.

# 4854 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #