Seymur Baycan: "Mən canlı klassikəm, bu zirvədən çoxu görünmür" - Müsahibə

Seymur Baycan:  "Mən canlı klassikəm, bu zirvədən çoxu görünmür" - Müsahibə
15 noyabr 2023
# 09:00


Kulis.az Seymur Baycanın yeni müsahibəsini təqdim edir.

– Seymur müəllim, təzə kitabınız nəşr olundu. Gəlin kitabın adından başlayaq. Niyə "Səviyyəsiz hekayələr?" "Səviyyəsiz" sözünü hansı mənada işlədirsiniz?

– Səviyyəsiz sözünü elə səviyyəsiz mənasında işlətmişəm. Bu kitab son illərdə yazdığım hekayələr silsiləsinə aiddir. “Gecikmiş hekayələr”, “Alınmayan hekayələr”, “Mənasız hekayələr”, indi isə “Səviyyəsiz hekayələr” nəşr olundu. Əgər həyat imkan versə, növbəti kitabın adı "Vaxtı keçmiş oğurluq hekayələr" olacaq. Amma çox güman, “Səviyyəsiz hekayələr” sonuncu kitabımdır.

– Kitabdakı hekayələri iki hissəyə ayırıram. Birinci hissədəki hekayələrin mövzusu toy, evlilik, ikinci hissədəkilərin isə ölüm, ayrılıqdır. Bu bölgünü qurmaqda məqsədiniz varmı?

– Bunu məqsədli şəkildə etməmişəm. Bir növ, təsadüfən belə alınıb. Kitabdakı hekayələri sıraya düzəndə mövzu cəhətdən daha yüngül hesab etdiyim hekayələri irəliyə saldım, ağır hekayələri isə axıra. Nəticədə doxsan beş səhifəlik balaca kitab iki hissəyə bölünüb.

– Necə oldu ki, "Səviyyəsiz hekayələr"i yazmağa başladınız?

– "Mənasız hekayələr"dən sonra qərara gəldim ki, “Səviyyəsiz hekayələr” yazım. Əslində, məqsədim sırf məişətdən, gündəlik həyatdan, həyatın adi ahəngindən bəhs edən yüngül, sadə hekayələr yazmaq idi. “Mətbəxdə”, “Qoca iydə ağacının altında” hekayələrində məqsədimə nail olmuşam. Digər hekayələr ürəyim istəyən kimi alınmayıb. Demirəm, o biri hekayələr zəifdir. Sadəcə konsepsiya nöqteyi-nəzərindən “Mətbəxdə”, “Qoca iydə ağacının altında” hekayələri daha çox ürəyimcə alınıb.

– Deyirsiz ki, çox güman, bu kitab sonuncu kitabım olacaq. Niyə belə bir qərar vermisiniz? Belə çıxır, bundan sonra heç nə yazmayacaqsız?

– Yazmaq istəyirəm, ancaq yazmaq haqqında düşünürəm, mövzular da var. Həyat, məişət problemləri, maddi çətinlik göz açmağa imkan vermir. Yazı cəhətdən təcrübəli vaxtımda məişət problemləri məni çox əzdi. Buna çox təəssüf edirəm. Təcrübənin, həyatda gəldiyim nəticələrin yazıda, hekayələrdə ifadə olunmaması məni çox narahat edir. Yazmaqdan başqa heç bir arzum və istəyim yoxdur.

– Seymur müəllim, bir vaxtlar ədəbi hadisələrin düz mərkəzində idiniz. Qaynar mühit, proseslər, dostlar, şöhrət. Amma birdən qırağa çəkildiniz. Niyə hadisələrin mərkəzində qalmaq istəmədiniz və bu qırağa çəkilmə sizə nə qazandırdı?

– Bu sual bir kitablıq cavab tələb edir. Qısaca, onu deyə bilərəm ki, nə yazdığımın fərqindəyəm. Həm publisistikada, həm də nəsrdə elə bir zirvəyə qalxmışam ki, oradan baxanda adamların çoxu görünmür. Özümə qarşı çox tələbkaram. Yazılarımdan ibarət on kitab nəşr olunub. Onlarla yazım itib-batıb. Buna baxmayaraq bu gün məni on-on beş yazım qane edir. Bunu bir dəfə demişəm tam qətiyyətlə bir daha təkrar edirəm. Mənim nəsrimə Azərbaycanda uzağı beş-on adam qiymət verə bilər. Məqsədim canlı klassik olmaq idi. Məqsədimə nail oldum. Sən indi canlı klassiklə söhbət edirsən.

– “Sergi ata Zorbaya qarşı” adlı yazınızda “adi adamın müdrikliyindən, bu müdriklikdən xəbərsiz olmağından" söhbət açmışdınız. Siz necə olub ki, fəth elədiyiniz zirvənin fərqinə varmısınız? Canlı klassikə çevrilən yazıçı təvazökar olmalı deyilmi?

– Həddindən artıq utancaq, təvazökar adamam. Sadəcə demək istəyirəm ki, nə yazdığımın, kim olduğumun fərqindəyəm. Həm publisistikada, həm də nəsrdə zirvəyə qalxmağım, canlı klassik olmağım təvazökar olmağıma bir qram da mane olmur. Əksinə, məni daha da təvazökar olmağa vadar edir. Bar verən ağac başını aşağı salar.

– AYO yarananda hansı məqsədlə yaranmışdı, nə edə bildi, nə edə bilmədi? Ümumiyyətlə, AYO haqqında danışa bilərsinizmi?

– Biz çox ağır bir davaya girmişdik. Qüvvələr nisbəti həddən ziyadə qeyri-bərabər idi. Bir tərəfdə şəhərin mərkəzində yekə binası, jurnalları, qəzetləri olan, mükafat, təqaüd, ev verən, qoca kahinlərin idarə etdiyi Yazıçılar Birliyi, digər tərəfdə Allahın bir yığıncağını keçirməyə yer tapa bilməyən, çayxanalarda, kafelərdə yığışan, çox vaxt borca yemək yeyən kasıb-kusub, yetim-yesir gənclər... Hakimiyyət də, müxalifət də, elə xalq da bu davada Yazıçılar Birliyinin tərəfində idi. Bir neçə fədakar insanları çıxsaq, bizə heç kim dəstək vermədi. Ağır şərtlərə, məhdudiyyətlərə baxmayaraq Azad Yazarlar Ocağı çox böyük işlər gördü. Onlarla adamın bədii zövqü, ədəbiyyata baxışı dəyişdi. Bəziləri bunu açıq şəkildə etiraf edir, bəziləri isə nankorluq edir, əlinə fürsət düşən kimi AYO-nun fəaliyyətin gözdən salmağa çalışır. Təssüf ki, ikincilərin sayı daha çoxdu.

– Yaradıcı şəxs hansısa təşkilatın üzvü olmalıdırmı?

– Bu insanın özündən asılıdır. Bu barədə hər kəs özü qərar verməlidir. Amma burda incə bir nüans var. Adamları təqaüd, mükafat almaq arzusu yox, zövq, ideya, prinsiplər birləşdirməlidir. Şəxsən mən, Azad Yazarlar Ocağının üzvüyəm və bununla fəxr edirəm.

– Son yazılarınızda insan hisslərinin sanki gözünüzdən düşdüyü görünür. İnsan hissləri gözdən necə düşə bilər?

– Bir neçə ildir itləri yaxından müşahidə edirəm. İtlər mənə çox şeylər öyrətdi. Konkret başa düşdüm ki, insan canlılar aləminin bir üzvüdür, məməlilər sinfinə aiddir. Bu barədə "İtlərdən öyrəndiklərim haqqında" adlı yazı yazmışam. Kimə maraqlıdırsa, yazını tapıb oxuya bilər.

– Bu yaxınlarda yazılarınızdan ibarət "Mənim mübarizəm" seriyasından onuncu kitab çapdan çıxdı. Ümumən isə 20-dən çox kitabınız var. Yolun başlanğıcında 10 cild kitabınızın çıxmağını heç düşünürdünüzmü?

– İki mininci illərin əvvəllərində biz təzə-təzə fəaliyyətə başlayanda alovlu yazılar yazırdıq, əlimiz çatan qəzetlərdə müsahibələr verib kimi gəldi, nəyi gəldi sərt tənqid edirdik. O vaxt heç birimizin kitabı yox idi. Bir dəfə Həmid Herisçiyə dedim ki, Həmid, özümüzü əsl yazıçı, şair kimi aparırıq, müsahibələr veririk, amma ortada hələ kitablar yoxdur. Bunun axırı necə olacaq? Biz hara gedirik? Həmid də zarafatla dedi ki, kitablar sonra yazılacaq. Boynumuza düşüb, yazmağa məcburuq. Doğrudan da, 2000-lərin ortalarından başlayaraq bizim nəslin xeyli kitabları nəşr olundu. Başqalarının adından danışa bilmərəm, çox vaxt özüm öz çiyinlərimə yük qoyuram. Yazılarda, müsahibələrdə yekə-yekə danışıram, sonra danışdıqlarıma əməl etməyə cəhdlər edirəm.

– "Mənim mübarizəm" seriyası ilə nə edə bildiniz?

– Yazıları yığıb kitab halında nəşr etmək Rasim Qaracanın fikri idi. Rasim bəy bu barədə mənə fikrini bildirəndə qəti etiraz etdim. Dedim, bu mənasız işdir, kimdir kitabdan yazı oxuyan? Boş yerə əziyyət çəkməyin mənası yoxdur. Doğrudan da, kiminsə yazılardan ibarət kitabı almağına, oxumağına heç inanmırdım. Rasim bəy birinci kitabı nəşr etdi, kitabın bütün əziyyətini özü çəkdi, kitaba da "Mənim mübarizəm" adın o qoydu. Birinci kitab nəşr olunanda kitabın adı xeyli müzakirə olundu. Xeyli adam kitabın adına güldü. Mən isə susurdum. Susmağa məcbur idim. Sonralar növbəti kitablar nəşr olunanda daha kitabın adına gülənlər olmadı. Deyəsən, ada öyrəşdilər. Kitablar isə gözlədiyimin tam əksinə olaraq alındı və oxundu. Səmimi deyirəm, bunu heç gözləmirdim. Heç bilmirəm, bu necə oldu, niyə oldu? "Mənim mübarizəm" seriyası birmənalı olaraq Rasim Qaracanın ideyasının, zəhmətinin məhsuludu. Mənim özümə qalsaydı, o kitablar nəşr olunmayacaqdı. Ümumiyyətlə, bizim nəslin tanınmasında, bir yerə yığışmasında, bir təşkilatda fəaliyyət göstərməsində Rasim Qaracanın zəhməti, təşkilatçılıq qabiliyyəti, prinsipiallığı, tükənməz enerjisi müstəsna rol oynadı. Bunu mütləq qeyd etməliyəm. Minnətdarlıq hissi ali hissdir.

– Bir neçə ay əvvəl feysbukda özünüz üçün faizsiz və müddətsiz kredit almaqla bağlı status yazmışdınız. İndi maddi vəziyyətiniz necədir? Necə dolanırsınız? Hazırda bir işiniz varmı?

– Son iki ildə həyat məni çox sınaqlara, imtahanlara çəkdi. İndi təsəvvür et, gör onda hansı vəziyyətə düşmüşəm, hansı həddə çatmışam ki, elə bir məzmunda müraciət yazmağa məcbur olmuşam. Həmin gün sındım. Bəli, hər şeyi öz adıyla çağırsaq sındım, təhqir olundum. Lağa qoyuldum. Özümə nifrət elədim. Özüm öz gözümdən düşdüm. Həqiqətən, ehtiyac igidi qul eyləyir. Müraciətimə isə bir nəfər reaksiya verdi. Fürsətdən istifadə edib həmin şəxsə öz dərin təşəkkürümü bildirirəm.

– "Qızıl məbəd" yazınızda yazmışdız ki, "Hitlerin vəhşi cazibəsi qarşısında dayanmağı bacarmış adamlar haqqında son vaxtlar çox düşünürəm". Dünyanın bu qarışıq vaxtında sizi başqa ən çox nə düşündürür?

– Çexovun niyə, hansı səbəblərə görə evlənməyi haqqında çox düşünürəm. Bu məsələni çox araşdırmışam. Məntiqli, ağlabatan bir cavab tapa bilməmişəm. Çexovla görüşmək, ona "niyə evləndin?" sualı vermək istərdim.

– Həyatda nələrə heyifsilənmisiz?

– Təxminən bir il bundan əvvəl tam təsadüfən Salmon balığını özüm üçün kəşf etdim. Çox dadlı balıqdır. Hal-hazırda, bu an, bu dəm Salmon balığını gec tanıdığıma görə çox təəssüflənirəm. Mən bu balığı heç olmasa, beş il bundan əvvəl tanımalı idim.

– Özünüzə ölüm arzulayası olsaydınız, necə bir ölüm arzulayardınız?

– Təmtəraqlı ölümləri sevmirəm. Mənasız, məzmunsuz ölümlərdən xoşum gəlir. Xalq arasında belə ölümlərə "Allahın ucuz ölümü" deyilir. Badımcan şorabasından zəhərlənib ölməyi arzulayıram. Bəzən saytlarda badımcan şorabasından zəhərlənib ölən adamlar haqqında xəbərlər qarşıma çıxır. Özümdən asılı deyil, badımcan şorabasından zəhərlənib ölən adamlara paxıllığım tutur.

– İnsanda nifrət etdiyiniz, heç vaxt bağışlamayacağınız qüsur varmı?

– İnsanları obraz kimi görməyə çalışıram. Obraz kimi baxanda insanları mənfi cəhətləriylə qəbul etmək asanlaşır. Pis hərəkət, adam görəndə çətin də olsa, özümə təlqin edirəm ki, bunlar da olmalıdır. Bunlar bizim həyatın, yaşadığımız dünyanın tərkib hissəsidir. Sanki klassik roman oxuyuram. Roman isə mənfi və müsbət adamlardan ibarətdir. Həqiqətən, pislər olmasa, yaxşıların qiyməti bilinməz. Bu çox dəqiq deyilmiş sözdür.

– Uşaq ədəbiyyatı hazırda nə vəziyyətdədir və uşaqlar üçün nəsə yazmağı fikirləşirsinizmi?

– Bu yaxınlarda bir dostum məndən məsləhət istədi. Dedi, uşaqlara kitab almaq istəyirəm, hansı kitabları alım? Bu mövzu ətrafında xeyli düşündüm. Uşaqlıqda oxuduğum kitablar, məsələn, 'Koroğlu" dastanı, Sovet xalqlarının nağılları, Jül Vernin, Mark Tvenin əsərləri indiki uşaqlar üçün nə qədər maraqlı ola bilər? Şarl de Kosterin "Ulenşpigel əfsanəsi"ni necə maraqla oxuduğum yadımdadır. Bu günün uşaqlarını "Ulenşpigel əfsanəsi"ni oxumağa nə vadar edə bilər? Bu suala cavabım yoxdur. Arada uşaq ədəbiyyatıyla maraqlanıram. Yerli yazıçıların uşaq ədəbiyyatına marağı artıb. Bu çox yaxşı haldır. Həm yerli, həm də xarici müəlliflərin uşaqlar üçün yazılmış xeyli əsərləri nəşr olunub. Mən bilən, yerli yazıçılardan Reyhan Yusifqızının "Dostum Mimi" kitabı uşaqların marağına səbəb olub.

Sualın ikinci hissəsinə gəldikdə isə "Başından bezən adam" kitabındakı hekayələri uşaqlar üçün yazmışdım. Amma dostlardan bəziləri dedi ki, sənin başın xarabdır, bu nə hekayələrdi uşaqlar üçün yazmısan, bu hekayələri uşaqlara vermək olmaz, depressiyaya düşərlər. "Başından bezən adam" kitabındakı hekayələri yazmaqda məqsədim uşaqlara necə bir dünyada yaşayacaqlarını, onları gələcəkdə nələr gözlədiyini göstərmək idi. Bir növ uşaqları xəbərdar etmək istəyirdim. Hazır olun, kəmərləri bağlayın, həyat əjdaha kimi ağzın açıb sizi gözləyir. Görünür, əlim dinc durmayıb, reallığın barıtını çox eləmişəm.

– Süni intellekt haqqında nə düşünürsüz? Onun ədəbiyyata təsiri sizi narahat edirmi?

– Allahın bankomatından istifadə edə bilməyən adama verdiyin suala bax. Vatsapın adın eşitmişəm, üzün görməmişəm. Heç görmək də istəmirəm. Bilmirəm, müasir dünyamızda nələr baş verir. Mənim başım müasir dünyamızda baş verənləri təhlil etmək, hansısa nəticələri çıxartmaq iqtidarında deyil. Burnum girməyən yerə başımı soxmaq istəmirəm.

– Hazırda nə oxuyursunuz?

– Cəmşid Əmirovun "Qara Volqa" romanın təzədən oxudum. Maraqlı idi. İndi Knut Hamsunun "Səfillər" trilogiyasından birinci kitabı oxuyuram. Əla əsərdir.

# 6321 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #