Şəhriyar del Gerani: "Kişi kimi yaşamaq çox çətindir..." - Müsahibə

Şəhriyar del Gerani:  "Kişi kimi yaşamaq çox çətindir..." - Müsahibə
5 mart 2026
# 10:00

Kulis.az Sevinc Mürvətqızının “Kişiyana” layihəsində şair Şəhriyar del Gerani ilə müsahibəsini təqdim edir.

Kulis.az-da yeni başladığımız “Kişiyana” layihəsində bu kəlmənin cinsiyyətə bağlı klişeləşmiş sosial rol və stereotip anlamından uzaqda - onu mənəvi məsuliyyət, daxili ləyaqət, insanın öz vicdanı qarşısında duruşu aspektindən anlatmağa çalışan söhbətlər təqdim olunacaq.

Layihənin ilk qonağı şair Şəhriyar del Gerani bu yanaşmanın ən həssas tərəflərinə “Kişiyana” cəsarətlə toxunmaqdan çəkinməyib.

Söhbət boyu ailədə dəyişən rol modeli, münasibətlər, müasir dövrdə kişi obrazı, sevgi və günah duyğusunun poeziyada ifadəsi, cəhalət, mütaliə mədəniyyətinin getdikcə zəifləməsi, sosial ədalətsizlik, illərdir davam edən beyin axını, Vətənə bağlılıq və yaddaş məsələsindən bəzən sərt, hərdən ironik, bəzən isə şairə xas bir həssaslıqla, poetik təfəkkürlə söz açıb.

"Kişilik, kişiyanalıq da istedad faktıdır..."

– Sizcə, mentalitetimizdəki “kişiyanalıq” anlayışı doğuluşdan gələn bir mahiyyətdir, yoxsa sonradan öyrənilən sosial konstruksiyadır?


– Ümumiyyətlə, gəlin belə danışaq, yaradılış iki başlanğıcdan yola çıxır: dişi və erkək. Bütün yaradılış bu iki qütbün arasında. Fiziki tərəfi məlumdur erkək-dişi söhbətinin. Amma mənəvi-psixoloji mənada “kişilik”, “kişiyanalıq” keyfiyyətləri sonradan qazanılır. Gen mühəndisləri mənimlə razılaşmayacaqlar, bilirəm. Amma daha çox atalar sözləri və məsəllər janrındadır onların da tezisləri – "ot kökü üstə bitər" - filan. Gen mühəndisləri hansısa irsi xəstəliklərdən arındıra bilərlər insanları, mahiyyət verə bilməzlər. Mahiyyət bir az da istedad kimidir. Belə demək mümkünsə, kişilik, kişiyanalıq da istedad faktıdır.

– Bu haradan “qazanılır”?

Ətraf mühitdən – yaşadıqlarından, oxuduqlarından, cəmiyyətdən, böyüdüyü atmosferdən… Hər bir şeyin rolu var. Amma deyə bilərsiniz, eyni şərtlər altında iki oğlan övladı böyüyür, eyni valideynlər, eyni mühit, eyni təhsil və sairə. Biri xarakter olur, digəri Şəngülüm. Bu, artıq dediyim kimi, istedad söhbətidir. Alınmayanda alınmır. Min bir əzab-əziyyətlə uşaq dünyaya gətirirlər, zəhmətlə boya-başa çatdırırlar, bir də baxırlar böyüyüb-böyüyüb olub Şəngülüm. Nə etməli? Heç nə. Allah səbr versin.


"İndi kişi ailədə dominant deyil"

– Bəs siz haradan əxz etmisiniz?

Böyüdüyüm mühitdən, atamdan. Bizim evdə atam dominant olub. Mən də atamdan bunu öyrənmişəm. Dünyada çoxlu sayda sosioloqlar institusional məşğul olurlar bu məsələlərlə və belə qərara gəlirlər ki, ailədə dominant məhz kişi olmalıdır. Belə olanda ailə, bəli, ailə olur. Məsələn, indi bütün dünyada, elə Azərbaycanda da, deyirlər, boşanmaların sayı çoxalır. Niyə? Çünki müasir dövr, sistem, müxtəlif, kökü-mənşəyi bilinməyən “izmlər” kişidən o dominantlığı alıb. İndi kişi ailədə dominant deyil. Ailədə dominant olan kişilərə pis baxırlar. Yekə bir sistem var dünyada və dayanmadan işləyir. Zaman gəldi, ailədə də sistemi, rol modeli dəyişdirdilər. Bunu hansısa Məmmədağa əmi və yaxud, Gülümnisə xala eləmədi. Bunu dəyişdirdilər, belə istədilər, belə oldu. İndi çoxlu sayda kişi tənhadır. Statistikaya görə, Bakı üzrə ötən il 56 faiz boşanma qeydə alınıb. Hələ bu, azdır. Yaxın illərdə bu rəqəm 90 faizi keçəcək. Bu, uzun söhbətdir... Amma deyə bilərəm, bütün bunlar bütövlükdə bəşəriyyətin ziyanınadır.

– Müasir Azərbaycanda kişi olmaq çətindir, yoxsa kişi obrazını qorumaq?

Böyük mənada hamısı obrazdır. Mən erkək yaradılmışam, kişilik obrazını da atamdan görüb-götürmüşəm. Uşaq vaxtından, ağlım kəsəndən atam idealım olub. Yadıma düşür, anam dünyasını dəyişənə qədər bu belə idi.

"Daha Azərbaycanda ictimai sifariş də kişiyə, kişiliyə, xarakterə, comərdliyə deyil..."

– Bir şeirinizdə var: “Enməmişdi kişiliyə, qadınlığa ruhumuz”. Bəs bir yandan da üstünüzə geyindiyiniz, o dediyiniz “erkəklik” “zirehinin” ağır gəldiyi vaxtlar olurmu?

– Sözün birbaşa mənasında deyirəm, kişi kimi yaşamaq çətindir. Çox çətin...

– “Kişi kimi yaşamaq” deyəndə “alnının açıq yerindən, üzünün ağ yerindən” yaşamağı nəzərdə tutursunuz?

Həm də. Təmiz, alnıaçıq-üzüağ yaşamaq. Ümumiyyətlə, cins olaraq da kişilərə yaşamaq çətindir düşünürəm. Kişilərin rəqibləri çox olur. Həm çox, həm də yırtıcı, amansız. Üstəlik, ən dəhşətlisi bu ki, daha Azərbaycanda ictimai sifariş də kişiyə, kişiliyə, xarakterə, comərdliyə deyil.


"Ədəbiyyat cıdır deyil ki, burada birinci, ikinci, nə bilim, beşinci olsun..."


– Rəqib demişkən, kimisə özünüzə rəqib görürsünüz?

Yox, xeyr. Çoxdandır bu barədə düşünmürəm də heç.

– Bəs əvvəl olub? Məsələn, hansı sahədə özünüzə rəqib görürdünüz?

Əvvəllər hə, əlbəttə. Uşaq vaxtı küçədə, məhəllədə demək olar hamı rəqib sayılırdı 90-larda. İndi bilmirəm necədir. Bizim uşaqlıq dövründə əməlli-başlı rəqabət mühiti vardı. Hamı yarışırdı. Yeniyetməlikdə idmanla məşğul olmuşam, o müstəvidə də rəqiblərim olub. Məktəbdə də eynən. Məktəb dövrü axı oğlan uşağının yetişkənlik periodu olur. Daha sonra – universitet illərindən ədəbiyyatla məşğul oldum, ədəbiyyat da yarış meydanı deyil. Ədəbiyyat cıdır deyil ki, burada birinci, ikinci, nə bilim, beşinci olsun. Ədəbiyyat olsa-olsa, estetik mübarizədir. Burada yarış yoxdur, mübarizə var. Yarışda udan-uduzan olur. Mübarizədə isə heç kəs udmur, uduzmur. Mübarizə prosesin özüdür. Mübarizə yoldur, ünvan deyil. Mən şeiri bu cür yazıram, Qismət, Fəridə başqa cür, mən hekayəni belə yazıram, Vüqar Van, Nərmin Kamal elə.

– Rahatsınız bu mübarizədə?

Hədsiz dərəcədə. Bu dünyada dinc və rahat olduğum yeganə yerdir ədəbiyyat, yaradıcılıq. Nə yaxşı ki, şeir var, ədəbiyyat var, musiqi var, nəğmə var, film var, sənət var. Həqiqətən, yoxsa dözülməz olardı yaşamaq. Burnunu azacıq yaradıcılıqdan kənara çıxaran kimi yekə bir zibilxanaya düşürsən. Baxırsan, hərə bir yerdə eşələnir və min bir yolla səni də öz üfunətinə şərik etməyə çalışır.


"Mən qəhrəman deyiləm, heç olmaq da istəmirəm"

– Bir misranız var: “Amma mən heç bir qadının ağ atlısı olmadım...”. Bu, bir kişinin məğlubiyyətidir, yoxsa dürüstlüyü?

Azərbaycan poeziyasında həmişə günahkar qadın olub. Məsələn, çox sevdiyim, böyük şair Musa Yaqub deyir, “Onda biləcəksən mənim sevgimi, Biləcəksən, o da çox gec olacaq”. Yaxud, bir dövrün çox məşhur ortabab şairlərindən olan, şeirləri amansız zamanın sınağından çıxmayan Nüsrət Kəsəmənli vardı, yazmışdı, “Saxta məhəbbətin saxta sənəd tək, Nə vaxtsa üstündə tutulacaqdır...”. Açıq-aşkar qadını danlayırlar ki, bax, mən bomba oğlanam, amma sən heç nəsən, zaysan...

– Siz bu məqamda neylədiniz? O kişilərin yükünü, günahını öz üzərinizə götürdünüz yoxsa...?

Mən isə dedim, “Məni elə bağışla ki, bilinməsin günahım, ay sənə and verirəm alnımın açıq yerindən, üzümün ağ yerindən…”

Və ya:

“Bir daş altda, bir daş üstə, bir də məni bağışla,
bağışla ki, qoy məni
yaş sulara atdığım daşlar da bağışlasın,
yuvasını uçurtduğum quşlar da bağışlasın,
bağışla ki, baxa bilim bu gecənin ay üzünə,
bağışla ki, çıxa bilim bu gecədən
bu dəlinin, sərsərinin, eşşəyin adam üzünə...”.

Yaxud,

“Gətir silim göz yaşını,
yenə havada yellənir
yorğun düşüb əllərin
məni bağışlamaqdan...”

Şeirlərim doludur belə üzrxahlıqlarla. (gülür) Yəni ortada bir sevgi şeiri var, şeirdə bir aşiq var, bir məşuq, tutalım bunlar ayrılıblar, aşiq məşuqa şeir yazıb, amma aşiq bomba oğlan deyil, günahkardır. Günah hissi, günahkarlıq duyğusu nəinki milli poeziyamızda, heç nəsrimizdə də düz-əməlli işlənməyib. Ona görə də çalışıram günahkarlığın şeirlərini yazım. Bayaq misal çəkdiyiniz “Amma mən heç bir qadının ağatlısı olmadım” misrası. Ağ at – ümiddir, “Ağatlı” isə qəhrəman. Mən qəhrəman ola bilmədim. Qəhrəman deyiləm. Heç olmaq da istəmirəm.

"Heç bir şeirimi tam şüurlu şəkildə yazmamışam..."

– İsa kimi “günahları öz üzərinə almaq” motivi digər şeirlərinizdə də var. O "çarmıxı" daşımaq yormur?

Şeirdə şüur tam mənada iştirak eləmir. Sadəcə, belə alınır. Şəxsən məndə belədir, digərlərini deyə bilmərəm. Heç bir şeirimi tam şüurlu şəkildə yazmamışam.

– Bir şeirinizdə darıxmağın qiymətini soruşursunuz, bəs özünüz darıxmağın əvəzini ən baha nə ilə ödəmisiniz?

Bihudə keçən darmadağın həyatımla, sinir sistemimlə, səhhətimlə.


"Şairin sevgisinə də, dostluğuna da tab gətirmək çox çətin məsələdir..."

– Özünüzə qarşı belə qəddar olmağınızın səbəbi nədir? Məsələn, “Günahlarımı güllə kimi sıxdım ömrümə...”. Sizcə, insan niyə özünü cəzalandırır?

Bilmirəm. Bunu düşünmək gərək. Doğrudan, çox gözəl və çətin sualdır. Mayakovski intihar edəndə Svetayeva yazırdı ki, insan Mayakovski 12 il idi şair Mayakovskini öldürürdü, nəhayət, şair Mayakovski bezib insan Mayakovskinin başına güllə çaxdı. Svetayevadan söz düşmüşkən, yadıma başqa fikri düşdü, təxminən beləydi, insanın içindəki mənlərdən biri, nə vaxtsa o birini öldürməli olur. Doğru təsbitdir. Elə olur. Əksər insanlar özlərini cəzalandırırlar. Hərə bir cür kəsir bu cəzanı özünə. Görünür, yaradıcı adamlar daha emosional davranırlar bu məhkəmədə.

– Sevdiklərinizə haqsızlıq eləmisiniz?

Həmişə incitmişəm, həmişə narahat eləmişəm. Onlar məni incitməyib, narahat eləməyib. Mən etmişəm hər dəfə. Hərdən mənə elə gəlir, həyatımda olan hər kəs mənə dözür. Niyəsə bezmirlər. Sevgidə də, dostluqda da çox olmuşam həmişə. “Bir sümük-bir dəri qaldım sənə dostum, ən dostum” misrasındakı dostdan danışıram. Dost olanda da şair kimi dost oluram, sevəndə də şair kimi sevirəm. Amma şairin sevgisinə də, dostluğuna da tab gətirmək çox çətin məsələdir. Bu təbii, vəhşi, yabanı bir sevgidir. O enerjinin qarşısında necə dayanmaq olar? Heç kəsi qınamıram.

"Özümü tanıyandan bəri özümdən qorxmuşam"

– Bir şeirinizdə “kişilər ağlamaz” tabusunu qırırsınız: Bir kişi gedib Setaranın pəncərəsinin altında durub ağlaya da bilər. Ümumiyyətlə, bizim cəmiyyətə belə bir kişi obrazı lazımdır?

Orada ağlayan kişi deyil, şairdir. Şair xüsusi insan növüdür. Bu, haqq sözdür. Sizə deyim, kim sevirsə, sevə bilirsə, şairdir. Poetikası olmayan kişi heç bir qadına vurula bilməz, heç vaxt sevə bilməz. Azərbaycan kişisinə sevməyi, aşiq olmağı Füzuli öyrədib. Ümumiyyətlə, bəşəriyyətə sevməyi şairlər öyrədir. İstənilən aşiqin içindən şeiri çıxart, olacaq qup-quru Cahandar ağa.

– Elə füzuliyanə estetika ilə digər bir şeirinizdə yazırsınız: “Məni özümdən qoru, ya Rəb...”. Niyə qorxursunuz özünüzdən?

Özümü tanıyandan bəri özümdən qorxmuşam. Ona görə qorxuram ki, özümü yaxşı tanıyıram.


"Müqəddəs qadın ədəbiyyata lazım deyil..."

– Və “Allahı bağışlamaq” üsyanından “Allah necə haqdır?” təslimiyyətinə gəldiniz...

Yaxşı ki, Allah var. Olmasaydı, daha pis olardı. Dözülməz darıxmaq hissiylə yaşamaq amansız taledir. Diş ağrısı, qulaq ağrısı kimi hiss edərdik darıxmağı əgər Allah olmasaydı.

– Görüşümüz Ramazan ayına təsadüf edir, oruc tutursunuz?

Dindar deyiləm, amma beş-altı yaşımdan oruc tuturam. Mənə görə orucluq fiziki-mənəvi özünütəmizləmə metodudur. Bir az da xatirələrə toxunmaqdı. Uşaq idim, lap uşaq idim, uzaq 90-larda. Bəzən günlərlə, həftələrlə işıq olmurdu rayonda. O vaxt qırmızı radio-maqnitofonlar vardı, həm elektriklə, həm də batareyayla işləyən, fənərli. Bizim ərazidən – İmişlidən Təbriz radiosu yaxşı tuturdu, azan verilənə qədər atam yarım saat, qırx dəqiqə radio dinləyərdi imsakda. Otuz-otuz iki il bundan qabağın söhbətini eləyirəm. Elə indiki kimi qış vaxtlarıydı, anam odun peçinin üstündə çörək qızardardı, qızarmış çörəyə yağ yaxardı, yağ əriyib çörəyə hopardı, əncir mürəbbəsiylə yeyərdik. Ramazan mənim üçün həmin xatirələrdir həm də. Hər dəfə başqa cür təzələnir. Heç biri eyni deyil Ramazan ayının. İbadət də gərək adətə çevrilməsin. Adətə çevrildisə, ibadət deyil. İbadət daha çox toxunmaqdır, hiss edə bilməkdir. Əgər mən ora – dünyanın ən təhlükəli, pak və mübarək ərazisinə, yəni anamlı uşaqlıq çağlarıma toxunuramsa Ramazanda, ordan nəsə götürürəmsə, xırda bir hənir, mehr, məhəbbət, işıq gətirə bilirəmsə bu günümə, həyatıma tətbiq eləyə bilirəmsə o həniri, mehri, məhəbbəti, ətrafıma yaymağı bacarıramsa o işığı, deməli ibadətdəyəm.

– Ümumiyyətlə, qadını müqəddəsləşdirirsiniz?

Qətiyyən. Müqəddəs qadın ədəbiyyata lazım deyil. Ədəbiyyat üçün gərəksiz olan mənim üçün də gərəksizdir.

"Kitab oxumurlarsa, bunlar necə müəllim, necə həkim, necə tələbə, necə jurnalistdirlər?"

– Bizdə indi "hərşeyşünaş mütəxəssislər" arasında bu mövzu trend olub - kişilər deyir qadın belə olmalıdır, qadınlar deyir kişi belə davranmalıdır... Saysız-hesabsız “reseptlər” verirlər...

Azərbaycan əhalisinin 90 faizi cəhalətdən şiddətli şəkildə əziyyət çəkir. Əvvəlcə necə deyərlər, əl-ələ verib bu adamlara kömək etməliyik, yazıb-oxumaq, düşünmək, oxuduqlarını başa düşməyin yollarını, üsullarını öyrətməliyik. Bu yaxınlarda bir balaca araşdırma apardım, məlum oldu ki, əhali sayı 10 milyonu ötən bir ölkədə kitablar 300-500, ən yaxşı halda 1 000 tirajla çap olunur. Belə olan halda hansı işıqlı, hansı adekvat, hansı normal cəmiyyətdən danışmaq olar? Başqa ixtisasları qoyaq bir kənara, məmləkətdə 145 000 müəllim, 35 000 həkim, 60 000 tələbə var. Televiziya-radio-sayt-qəzet-kitabxana işçilərini də nəzərə alsaq və yuvarlaq götürsək, toplam 250 000 (iki yüz əlli min) edər. Bu 250 000 insan ildə ən azı 2 kitab oxumalıdır. Heç olmasa, 2 kitab. Bu insanların oxumaqdan başqa variantları yoxdur çünki. Rəqəmlərin dili ilə danışsaq, görünən budur, vəziyyət sıfırın altından çox-çox aşağılarda. Rəqəmlərin dili ilə danışası olsaq, tam arxayınlıqla deyə bilərik, bəli, mərhum Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları”nda bir kənddən, bir mahaldan deyil, bütövlükdə bir ölkədən - Azərbaycandan bəhs etmiş. Yox, əgər belə deyilsə, o zaman bu müsahibəni oxuyan bir zirəng, bir fərasətli adam çıxıb cavab versin görək, bu 250 min insan nöşün kitab oxumur? Kitab oxumurlarsa, bunlar necə müəllim, necə həkim, necə tələbə, necə jurnalistdirlər? Ümumiyyətlə, məqsədləri nədir bu 250 min insanın? Əvvəla bunu dəqiqləşdirək, sonra keçək əsas məsələyə. Bunları təkrar-təkrar deməkdə məqsədim var. Məqsədim budur, əvvəlcə adamları cəhalətin girdabından xilas edək, sonra keçək başqa söhbətlərə. Ki, qadın elə olmalıdır, kişi belə olmalıdır, lezlər nə etməli, geylər necə etməli və sair və ilaxır...


"Tövbə qapısı çox ciddi məqamdır"

– “İndi mən Allahdan nə üçün yox, kimin üçün yaradıldığımı soruşuram...”. Bu “sorğu”nuza cavab verilib?

Hələ ki, yox. Xeyr. Bəlkə, tövbə qapısı açılandan sonra cavab gələ. Tövbə qapısı da bilirsiniz, yeganə qapıdır ki, sən döyməklə açılmır; gərək özü sənə açılmaq istəyə, özü açıla. Tövbə qapısı çox ciddi məqamdır.

– Hərdən sosial şəbəkədə dövrlə, insanlarla, işsizliklə bağlı üsyankar statuslarınız qarşıma çıxır...

Hə, bəli. Olur hərdən. Bilirsiniz, cəmiyyət şairdən, yazıçıdan xilas gözləyir. Amma cəmiyyət bilməlidir, şair həkim deyil, şair ağrıdır. Obrazlı desək, biz – yəni şairlər, yazıçılar cəmiyyətin xəstələnmiş, yoluxmuş tərəflərində ağrıya çevrilməliyik ki, həkimlər, yəni səlahiyyət sahibləri həmin yerləri rahat görsünlər, tapıb müalicə etsinlər. Doğrudan doğruya Azərbaycan çox gözəldir, elə azərbaycanlılar da mahiyyətcə yaxşı insanlardır. Bayaq dediyimiz 90 faiz cahili də gözəldir. Bizim cahil kim olasıdı? Uzaqbaşı Novruzəli, ona da başqa tərəfdən baxsaq, sədaqət rəmzidir, məktubu atıb poçt qutusuna, gözətçilik edir. Lap olsun Usta Zeynal. Ona da başqa tərəfdən baxsaq, yetim neyləyib ki? Allahın çağırışına gedib də. Sözüm ona, azərbaycanlılar gözəl insanlardı. Sadəcə məmurlar, idarəçilər doğru-dürüst rəftar etmirlər bu xalqla. Bunları demək lazımdır. Hara qədər deyə biliriksə sözümüzü, deyirik, yazırıq.

Şəhriyar ustadın təbiriylə desək, bizdən qabaqdadı avropalılar, çün işi işbilənə tapşırır onlar. Düstur çox sadədir, işi peşəkara tapşırarlar, diletanta yox. Vəssalam. Adamları incitmək lazım deyil, adamlar acdır. Mən sizə tam səmimi deyirəm, heç 90-cı illərdə bu qədər aclıq yox idi. İnsanlar acdır, pulsuzluq-səfalət içindədir. Rayonlarda vəziyyət daha acınacaqlıdır, bir yandan bahalaşma, digər yandan maaşlar az. Hamı 3–5 manat sosial müdafiə, pensiya ümidinə qalıb. İndi dövr elə gəlib sağımız-solumuz müharibədir, elə özümüz də təzə çıxmışıq müharibədən, amma səfalət bu qədər də olmamalıdır. Azərbaycanlılar yaxşı yaşamağa layiqdirlər. Ən pisi isə orta sinfin yoxluğudur. Halbuki dünyanın inkişaf etmiş ölkələrində cəmiyyətin dayağı orta təbəqədir. Bizdə orta təbəqə ləğv edilib nə üçünsə. Amma bütün neqativlərə baxmayaraq, gələcəyə ümidim böyükdür. Ən gözəl Azərbaycanı müstəqil nəsil, belə deyək, uşaqlığı 90-lara düşən adamlar quracaqlar. Mən buna inanıram. Görəcəksiniz...


"30 ildir Azərbaycandan xaricə beyin axını var..."

– Sözün bütün mənalarında “kişiyana” demək istədiyiniz nə var?

Azərbaycanı çox sevirəm. Bakıya dəhşət bağlıyam. Bizim mühacirətdə - dünyanın hər yerində çoxlu sayda dostlarımız var — şair də, yazıçı da, bəstəkar da, rəssam da, alim də, jurnalist də, həkim də, başqa bütün digər sahələrin peşəkarları da. İstəyərdim, Azərbaycan elə bir məmləkətə çevrilsin, onlar hamısı qayıtsınlar qürbətdən, öz vətənlərində yaşasınlar. Biz də müalicəyə, təhsil almağa xaricə getməyək. İnanın, heç nə yox, xaricdə yaşayan həkimlər, müəllimlər, elm adamları Azərbaycana qayıtsa, bundan sonra 100 il də bəsimizdir. 30 ildir Azərbaycandan xaricə beyin axını var. Həmin beyin axınını qaytarmaq lazımdır geriyə. Bu elə-belə yaranan hal deyil, kor-koranə olmayıb. Böyük güclər, yekə dövlətlər illərlə xüsusi proqramlar işləyib bütün dünyadan beyinləri alır, çəkirlər özlərinə. Zərgər dəqiqliyi ilə işlənib bu sistemlər. Yoxsa, hə, günlərin bir günü bir Dırbışəli yuxudan durub qərara gəldi ki, hop, köçürəm Avropaya. Əsla, belə deyil bu işlər. Ciddi söhbətlər var.

"Mənim kişiyana sözüm bu olardı ki, bütün gedənlər qayıtsın..."

– Özünüz də bir vaxtlar çıxıb getmişdiniz...

Getdim, yaşaya bilmədim, qayıtdım. İki dəfə getmişəm, iki dəfə köçmüşəm ölkədən. Mənim getmək fürsətim indi də var. O vaxt cavan idim, gedirdim, amma indi gedə bilmirəm. Bura dəhşət çox bağlıyam, mənim üçün Azərbaycansız yaşamaq mümkün deyil daha. Hazırda xaricdə yaşayan çox məşhur bir dostum var, onunla hər dəfə danışanda görürəm, duyğulanır, kövrəlir. 20 ildən çoxdur gedib. Amma hələ də öyrəşə bilmir, yaşaya bilmir. Vətən çox dəhşətli anlayışdır. Mən indi hətta Bakıdan ötrü çox darıxıram. Öz doğulduğum rayondan çox, buradan ötrü darıxıram. Şamaxıda yaşayırdım keçən ilin yazından, indi də gedib-gəlirəm işimlə əlaqədar, amma demək olar, Bakıya qayıtmışam. Bakısız mümkün deyil sadəcə. Mənim bu dünyada bir kimliyim var – şair, yazıçı. Bu kimliyi mənə Bakı bəxş edib. Bütün ömrümü bu şəhərə borcluyam. Bakını sevirəm. Mənim kişiyana sözüm bu olardı ki, bütün gedənlər qayıtsın. Vallah, o insanlarla Azərbaycan — Azərbaycandır. Vətən insanlardır. Hamı buradan çıxıb getsə, bura nə olar? Xaraba. Bir söz də deyim, dəqiq həqiqətinə çatmışam bunun, heç kəsin xətrinə dəyməsin: Qürbətdə səadət yoxdur. Qəti yoxdur!

Foto: Rüfət Mustafayev

# 348 dəfə oxunub

Oxşar xəbərlər

Herri Stayls: "Mən onda möhtəşəm olmağa çalışan birini görürdüm"

Herri Stayls: "Mən onda möhtəşəm olmağa çalışan birini görürdüm"

10:38 5 mart 2026
“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilib

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilib

10:35 5 mart 2026
"Füyuzat”  dərgisinin 147-ci sayı işıq üzü gördü

"Füyuzat” dərgisinin 147-ci sayı işıq üzü gördü

18:14 4 mart 2026
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olundu

18:10 4 mart 2026
"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

"Bütün janrlarda rahatlıqla ifa edə bilərəm” - Elnarə Abdullayeva

17:40 4 mart 2026
“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

“IRS-Heritage” jurnalının yeni nömrəsi işıq üzü gördü

17:30 4 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər