Qısqanclıq sevginin yox, şübhənin göstəricisidir

Qısqanclıq sevginin yox, şübhənin göstəricisidir
28 iyul 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Sevginin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Gözəl olur gül yanında,
Gördüklərin xoşa gəlir.
Zər də verir zamanında,
Nə atırsan qoşa gəlir.

Naməlum müəllif

Güclü insanlar öz keçmişlərinə ironik yanaşa bilirlər. Onlar hətta öz keçmişlərini lağa qoyurlar. Zəif insanlar isə öz keçmişlərindən qorxurlar. Keçmiş daima bir kabus kimi onları izləyir. Onlar öz keçmişlərinin şahidlərinə nifrət edirlər. Onlar bəyan etmək istəyirlər ki, mən əvvəldən belə zövqlü olmuşam.

İstəyirəm ki, bu gün kiçik bir “arınma günü” keçirib, öz əzablarımızla məzələnək, onları ələ salaq, vaxtilə özümüzü az qala öldürmək istədiyimiz, bizi narahat edən, o vaxtlar bizə dünyanın ən böyük dərdi kimi gələn dərdlərlə zarafatlaşaq, oturub baş sındırdığımız, neynim-neceliyim dediyimiz əzablarımızla lağ-lağı edək. Çünki yalnız bu formada həyat dözülən olur. Həyatın bütün faciələrini zarafat kimi qəbul etmək lazımdır. Kim həyatın faciələrini zarafat kimi qəbul edə bilmirsə, deməli, həmin adamda yumor hissi yoxdur. Çarli Çaplinin təbirincə desək, həyata yaxın plandan baxanda faciə, uzaq planından baxanda isə komediya kimi görünür...” Düz söhbətdir, Zamin Hacının yalançısıyam.

Əslində, əvvəlcə, kiçik bir haşiyə çıxaraq bu yazının yazılma səbəbini sizə açıqlamaq istəyirəm. Bilirəm ki, deyirsiz ki, ilin günün bu vaxtı bu yazını nə üçün yazırsan? Yaxşı sualdır.

Bir oğlan dostumun sevgilisi var. Dostumun sevgilisinin də çox gözəl rəfiqələri var. Mən dostumdan və onun sevgilisindən xahiş edirdim ki, o rəfiqələrin birini, necə deyərlər, düzəldin mənə. Bir az zövqü-səfa çəkim. Amma onlar bu işə əl atmırdılar. Axırda o qədər bezdirdim ki, qız bir rəfiqəsinə dedi ki, bir oğlan var, səndən xoşu gəlir, nömrəni verirəm, danışın. Uzun sözün qısası, nə başınızı ağrıdım, nömrəni aldım, yazışdıq, filan-bəsməkan, axırda qız mənə nə desə yaxşıdır? Dedi ki, mənim emosional stabilliyim yerində deyil. Bir neçə ildir uzun bir münasibətdən çıxmışam. Çox sevdiyim bir adam mənə xəyanət etdi, ayrıldıq. Daha münasibət-zad istəmirəm, sevgiyə-filan inanmıram. Nə deyəsən? Dedim ki, hə, okey, canın sağ olsun. Sağ ol, vaxtını aldım, mən getdim.

Siz həyasızlığın həddini görürsünüz? Uzun münasibətdən çıxmışam, emosional stabilliyim yerində deyil-filan. Hamısı boş-boş söhbətlərdir. Bu nə çuşkalıqdır? Bu nə bayağılıqdır? Əslində, bilirəm ki, o qıza gərək deyəydim ki, narahat olma, əzizim, mən sənin bütün yaralarını sağaldacağam, sənə məlhəm olacağam, nə bilim, zamanla düzələcək, mən sənin yanında fır-fıra kimi rəqs edəcəyəm, pərvanə kimi odunda yanacağam, hər şey çok güzel olucak. Amma demədim, rədd elədim, getdi işinin dalınca. Ciddi işlərlə məşğul olan adamam. İş-güc tökülüb qalıb, oturub kiminsə nazını çəkməliyəm?

Onları da qınamalı deyil. Darıxırlar, bikarlıqdan ürəkləri partlayır, bilmirlər neynəsinlər. Hətta mən sizə deyim ki, onunla elə rəftarımdan sevindi. Bir-iki gün öz rəfiqələrinə danışacaq ki, bir oğlan mənə yazdı, onu rədd elədim, o da razılaşdı-filan. Gərək sərt davranasan, başqa yolu yoxdur. Sivil davranan kimi, avtomatik, adiləşirsən, gözdən düşürsən.


Qədim zamanlarda bir xanım dostum vardı. Uzun-uzadı macəralardan çıxmışdıq, nələr-nələr görüb bir-birimizi feysbukda tapmışdıq. Danışırdıq, söhbət edirdik. Səhərə kimi uzanan, az-maz erotika qarışıq sevgi söhbətləri. Oğlumuz olacaq adını Eşqin qoyacağıq, qızımız olsa, adını Sevgi qoyacağıq. Nə bilim, o deyirdi ki, atam razılaşmaz, Sevgi qoymağımıza, öz anasının adını qoymaq istəyəcək. Mən deyirdim, qələt edəcək, qız mənimdir, nə istəsəm onu qoyacağıq. Qızımın adını Sevgi qoyacağam, oğlumun adını Ümid, Eşqin-zad. Belə düşük-düşük söhbətlər səhərə kimi davam edirdi.

Telefonu söndürəndə hələ hoqqa olurdu. Birinci sən söndür, yox sən söndür, eee, yox sən söndüüüür. Yox, sən söndür. Kim birinci söndürsə, bu o demək idi ki, az sevən tərəf odur. Heç vaxt mən birinci söndürmürdüm.

Bu dövrlərdə hələ münasibətimizin adını qoymamışdıq. Axırda sevgimizi bir-birimizə izhar elədik.

Mən ona yazdım ki, səni sevirəm, aşkım. (Bir dənə qırmızı alovlu ürək emojisi)

O da mənə yazdı ki:

Mən də səni sevirəm, aşkım. (Çoxlu ürəklər)

Sonra məhz bu hissələri kəsib hər yerdə paylaşdı. Altından yazdı ki, “Yolda bulduklarını yola başladıklarınla deyişmeyeceksin”.

Dəhşəəət e, dəhşət.

Başladıq sevgili kimi həyatımıza davam etməyə. Romantikanın pik hədləri idi. Romantika ağzımızdan, burnumuzdan fışqırır, yerə tökülürdü. Əntiqə sözlər tapıb deyirdim buna. Bu da bihuş olurdu. Elə bilirdi ki, dünyada bizim kimi sevən yoxdur. Statuslar, şəkillər-filan. Hoqqa verirdim. O vaxtlar da arada kitab oxuyurdum. Kafkanın Milenaya məktublar əsərindən hissələr çıxarıb paylaşırdım. Buna Milenam deyirdim. O da mənə Kafkam. Ordan-burda sevgi haqqında aforizmlər əzbərləyib paylaşırdım. Bir dəfə yazmışdım.

“Sən inandığım ən gözəl illuziyasan”.

Yaxud,

“Hayatta kalabilmek için insanların havaya, benimse sana ihtiyacım var”.

Yaxud

“İsladır bizi şəhərin yağışları, nə gözəldir, səninlə eyni səmanın altında nəfəs almaq”.

Bəəəh...


Günlərin bir günü yenə bir aşk aforizmi yazmışdım. Feysbukda bir qız götürüb qırmızı ürək atmışdı. Sevgilim başladı ki, o kimdir, rəyə ürək atıb, nə bilim, sən bu sözləri kimin üçün yazırsan? Ona heç cür izah edə bilmədim ki, qızı tanımıram. Belə-belə başladı hər statusdan sonra bir qəmbərqulu çıxarmağa. Özü də savadlı qız idi. Qəbul imtahanında Coğrafiyadan 19 dənə düz yazmışdı. İngilis dilində “to be” feilini zamanlara görə dəyişə bilirdi. Hətta dediyinə görə Ağalar Məmmədovun “AŞMA” kitabını da oxumuşdu. Amma di gəl sevgili kimi adam deyildi. Gündə bir şey çıxarırdı başıma.
Bir dəfə iş kollektivi ilə şəkil çəkdirmişdik. Mən də bir qızın yanında dayanmışdım şəkildə. Bunu görmüşdü, deyirdi ki, sən niyə o qızın yanında dayanmısan? O qız kimdir? Mən də ona başa sala bilmirdim ki, aşkım, o qız mənim iş yoldaşımdır. Neyniyim, başıbatmış gəldi durdu yanımda, deyə bilmədim ki, sevgilim var.

İnanmadı, özünü öldürürdü ki, sən işdə mənə xəyanət edirsən. İş dediyim də o vaxt bir ofis malları satılan mağazada işləyirdim. Nizamidə, ofis malları satılan mağazada adam kiməsə xəyanət edər, sən Allah? Təsəvvür elə xəyanət elədiyin yerdə kimsə gəlir ki, bəs 12 rəqəmli kalkuyator var? Ya da 0.3 başlıqlı ruçka hardadı? Gəl indi xəyanət elə görüm necə eləyirsən. Hətta bir dəfə aparıcı Elçin Əlibəyli də gəlmişdi həmin mağazaya. Tripod istəyirdi. O telefonu qoymaq üçün üç ayaqlı açılıb-bağlanan alət olur e, ondan. Yəni Elçin Əlibəyliyə tripod satmışam. O vaxtlar məni tanımırdı. Bunu elə-belə dedim. Əgər oxuyursa, ona da bir salam göndərək.

Məcbur olub feysbuku sildim. Başımı aparmışdı, gündə bir şey çıxarırdı ortaya. Özü də coğrafiya terminləri ilə danışırdı, dəli olurdum.
Televizoru da ləğv elədim, vatsapda da ancaq bir-iki nəfəri saxladım. Hiss edirdim ki, getdikcə daş dövrünə qayıdıram. Daha doğrusu, Eneolit dövrünə. Qəbilə-məbilə yaratmaq istəyirdim.

Bir dəfə, dedim ki, aşkım, restoranda oturmuşam, bir qız ofisiant mənə qulluq eləmək istəyir. İcazə verirsənsə, oturum. Acından ölürəm. Bütün şəhəri gəzmişəm, bəxtimdən ancaq qız ofisiantlar qulluq edirlər mənə. Dedi ki, başın xarabdır? Nə qız ofisiant, sənin burnundan gəlsin. Dərhal oranı tərk elə. Yoxsa bu dəqiqə intihar edəcəyəm. Emosional stabilliyim pozulub. Səni zəlil qalasan, məni dəli elədin.

Dedim ki, əzizim, dayana bilmirəm, acından öləcəyəm, ürəyim gedəcək. Halsızam. Mütləq yemək yeməliyəm, qəşəng qaymaqlı göbələk var, onu yeməsəm pis günə qalaram. Dedi ki, sən, deyəsən, qaymaqlı göbələyi məndən üstün tutursan. Dedim, yox, nə danışırsan, əzizim, qaymaqlı göbələk heç sənin dırnağına da dəyməz, amma acından dayana bilmirəm. Dedi ki, yaxşı, bu dəfə keçirəm, amma hər beş dəqiqədən bir mənə şəkil atacaqsan.

Dedim, baş üstə. Qəti narahat olma. Razılaşdıq.

İlahi, belə iş olar? Yemək burnumdan gəldi. Elə səhəri gün rədd elədim getdi işinin dalınca. Üzr istəyirəm, bir az etik alınmadı. Ayrıldıq deyək. Alınmadı.

Həyat iki sevgili gənci kama yetirmədi.

Var, belə qızlar, var. Çoxdur. Nə deyim, qısqanclıq sevginin yox, şübhənin göstəricisidir. Allah qəni-qəni şəfa versin, başqa heç nə...

Ovaxtlar bu ayrılığı dərd edirdim, ürəyimə salırdım. Özümü öldürmək istəyirdim, hətta özümə söz vermişdim ki, daha heç vaxt gülməyəcəyəm. Ciddi qalacağam. Sonradan hər şey unuduldu, heç sizə deyim ki, qızın sifəti belə yaxşı yadımda qalmayıb. Halbuki 3-4 il keçə, ya yox.
Həyat, doğrudan da, qəribədir. Mən bir şey bilirəm ki, gərək heç nəyi ciddi qəbul etməyəsən. Sevməyə başladın? Lap yaxşı, sev. Amma bütün planlarını onun üzərində qurma. Yəni çox ciddiyə alma. Hər şey ola bilər. Yaxşı iş tapmısan? Əla, get işlə. Amma çox da şey eləmə. Nə olar, olar.

Planların, məqsədlərin olsun, amma bir şeydən asılı olma. Əgər bütün həyatını bircə şeyin üstündə qursan, bütün planlarını bir şeyə ümid edib planlasan, bədbəxt olarsan. Xoşbəxtsən? Nə gözəl, otur gözlə, bir azdan keçib gedəcək. Bədbəxtsən? Lap deyək ki, ən yaxın adamın dünyasını dəyişib? Allah rəhmət eləsin, soyuqqanlı ol. Bilirəm, çətindir. Amma hər kəs həyatın gətirdiyi duyğu fırtınalarını öz səviyyəsinə uyğun qəbul edir. Hazırkı situasiya səndən nə tələb edirsə, elə davran. Amma çox da ciddiyə alma. Heç nəyin axırı, sonu deyil. Həyat davam edir. Keçmişdə ilişib qalmaq olmaz. Yalnız və yalnız irəli.


# 2524 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
#
#
# # #