Qadağa qoyduğu filmi ölümündən sonra yayımlanan, ermənilərin yolunu kəsdiyi rejissor

Qadağa qoyduğu filmi ölümündən sonra yayımlanan, ermənilərin yolunu kəsdiyi rejissor
27 avqust 2024
# 12:12

Bu gün görkəmli rejissor Tofiq Tağızadənin anım günüdür.

Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakının Keşlə qəsəbəsində müəllim ailəsində anadan olub. Üç il musiqi məktəbində skripka bölməsində oxuyub. Anasını çox erkən yaşlarında itirib.

***

Uşaq yaşlarından saatlarla Çarli Çaplinin filmlərinə baxırmış. Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, ancaq Böyük Vətən müharibəsi başlandığı üçün könüllü müharibəyə gedib. 1942-ci ildə Rostov yaxınlarındakı döyüşlərdə yaralanır və tərxis olunub. Müharibədən gələndən sonra Bakı Komsomol Komitəsində çalışmağa başlayıb, ancaq sənətə olan sevgisi onu Moskvaya aparır.

Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə qəbul olunub. Məşhur sovet rejissorları Sergey Yutkeviç, Eyzenşteyn, Lev Kulişov kimi ustadlardan dərs alıb. Moskva mühiti onun rejissor kimi yetişməsində müstəsna rol oynayır. Sonralar sovet kinosunun nəhəngləri sayılan Çuxray, Qurin, Abuladze, Çxeidze, Basov Tofiq Tağızadənin tələbə yoldaşları olublar.

***

Təhsil illəri başa çatdıqdan sonra “Mosfilm” kinostudiyasında çalışmağa başlayır. Vətən həsrəti onu Bakıya aparır. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadənin 1955-ci ildə ekranlaşdırdığı ilk film “Görüş” olur. Üç il sonra isə bütün sovet ittifaqına səs salan "Uzaq sahillərdə" filmini çəkir. Bu film dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilir.

Müstəqillik dövrünün ilk illərində rejissor “O dünyadan salam” adlı filmini çəkir. Filmdə ölülərin dirilib evlərinə qayıtması səhnəsi ilə o, 15 respublikanın yenidən dirilib azad olmasına işarə edir. Kinoteatra təqdim olunan filmə marağın az olması, onu sənətdən küsdürür. O, televiziya kanallarına bu filmi yayımlamağı qadağan edərək deyir:

“Belə filmin gözdən düşməsinə yol verə bilmərəm”.

Film yalnız Tofiq Tağızadə vəfat edəndən sonra yayımlanır.

Özünəməxsus geyinər, kino mühitində az görünərdi. Tofiq Tağızadəni başındakı “Meksika panaması”ndan tanımaq olurdu. Çox sadə, həssas, mülayim insan idi.

***

Ömür boyu cəmi 14 film çəkə bilib. 15-ci filmi yarımçıq qalıb. "Görüş", “Uzaq sahillərdə”, “Mən ki gözəl deyildim”, “Arşın mal alan”, “Əsl dost”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü” kimi filmləri ilə milli kinomuza fərqli, yeni nəfəs gətirib. Ona “Azərbaycan kinosunun patriarxı” deyirdilər.

Tofiq Tağzadə aktrisa, Xalq artisti Leyla Şıxlinskayanın anası ilə ailə həyatı qurub. Deyilənə görə, Leyla Şıxlinskayanın filmlərdə daha çox parlamasına səbəb də atalığı rejissor Tofiq Tağızadə olub. Aktrisa Zemfira Sadıqova müsahibələrindən birində qeyd edir ki, Tağızadə onu “Bağ mövsümü” filminə çəkmək istəmirmiş:

“Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu ayrıca Leyla üçün yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir sözlə, film həm çox kəsilib, eyni zamanda, çox da əlavə kadrlar var. Tağızadə filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu”.

60-ci illərdə film çəkmək üçün Bəyan kəndinə getməli imişlər. Ermənilər kəndə gedən yolu kəsmişdilər. Tofiq Tağızadə başa düşür ki, erməniləri qəsdən bura yığıblar ki, filmi çəkə bilməsin, dava-dalaş düşsün. Bu işlərin başında kənd sovetinin sədri dayanırdı. Tofiq müəllim gonbul bir kişidən milliyətcə erməni olan kənd sovetinin sədrini çağırmağını tələb edir. Gonbul kişi, “nə deyim çağırım” - deyə soruşanda, rejissor hamı eşitsin deyə ucadan səslənir: “De ki, torpaqların sahibi gəlib!”

***

Ömrünün qürub çağlarında xüsusi studiya yaratmışdı. İşləmək, yaratmaq istəyirdi. Amansız ölüm Tofiq Tağızadəni kinodan apardı. O, 1998-ci il avqustun 27-də dünyadan köçdü.

# 377 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
# # #