İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?

İllüziya ilə reallığın kəsişmə nöqtəsində... - Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?
25 avqust 2026
# 15:00

Bu gün görkəmli alman filosof, bəstəkar, mədəniyyətşünas və filoloq Fridrix Nitsşenin anım günüdür.

Kulis.az Sevinc Mürvətqızının "Fövqəlinsan axtarışı - İllüziya ilə reallığın kəsişmə nöqtəsində" essesini təqdim edir.

“O adamları sevirəm ki, hər şeyin yaxşısına can atmırlar, əslində tək bir yaxşı cəhəti olan adam ideal adamdan yaxşıdır, çünki belədə insan bu tək cəhətə daha çox alışır, o, alın yazısı kimi, insana ölüncə yoldaşlıq edir” - “Zərdüşt belə söylədi”...

Bunu Zərdüştün adı ilə yola çıxıb ömrü boyu dəlicəsinə bir istəklə Fövqəlinsan axtarışında can qoyan Nitsşe dedi. Yazılarından başqa heç bir yerdə, həyatının heç bir sahəsində fövqəlinsan olmağa çalışmayan, acıqlı, qəzəbli, aqressiv Nitsşe... İdeal olmayan, amma tək bir yaxşı cəhəti olan Nitsşe - o, yaxşı yazmağı bacarırdı. Yazılarındakı fikir və düşüncələri ilə şüurlara təsir etməyi bilirdi. Baxmayaraq ki, sağlığında bircə kitabını da almadılar. Amma üstündən uzun onillər keçdi, indi bir ağızdan deyirlər: “Zərdüşt belə söylədi”...

Nitsşe zamanında dahiliyinin əvəzini ağlı və səhhəti ilə əməlli-başlı "ödədi". Hələ indiyəcən filosoflarla yazıçılar onu öz aralarında “bölüşdürüb” başa çıxa bilməsələr də, hər iki tərəf bir-birinə Nitsşenin dahiliyini etiraf və qəbul edəcək qədər güzəştə getməyi bacarıblar.

Nitsşe nifrətlə sevgini paralel şəkildə daşıyacaq qədər güclü, pərəstiş etdiyi, bütün varlığını, mənəvi-fəlsəfi “qazanclarını” borclu olduğu obyektlərə nifrət edəcək qədər “zəif” idi. Onun nifrəti sevgisini üstələyirdi. Bəlkə də bunda bir az haqlı idi. O özündən başqa hər kəsə şübhə ilə yanaşırdı. Bəlkə də bu, zəmanəsi tərəfindən qəbul olunmamasına, etiraf edilməməsinə görə kütlədən aldığı qisas idi. Kyerkeqorla həmfikir olan və ekzistensializmin ən görkəmli fiqurlarından biri kimi indiyədək ədalətli, mənalı hesab olunan varoluşu, Tanrının iradəsi və ədaləti ilə idarə olunan dünyaya ilk zərbəsini “Tanrı öldü!” qəzəbli bəyanatı ilə vuran Nitsşeyə bu zərbə sonralar geri qayıdacaqdı.

O indiyədək doqma kimi qəbul edilən və hər kəsin özlüyündə fitrən mövcud olduğu hesab etdiyi təməl dəyərlərin ifşasından başlayacaqdı, amma onun ifşasında bir nifrət və qorxu gizlənirdi. O indiyədək əxlaq, dəyər hesab edilən hər şeyə arxa çevirmişdi. Bu, onun cəmiyyətə protesti idi.

Və bu hərəkəti cavabsız qalmadı. Onu sevmədilər, həmişəlik üz döndərdilər. Bəlkə də bu sevgisizlik onun dahiliyə və dəliliyə, son nəticədə də ölümə bu qədər sürətlə yaxınlaşdırdı. Öz dəyərini anlaması, istedadını, intellektini dərk etməsi və bunun başqaları tərəfindən açıq-aşkar görməməzliyə vurulması onda böyüklük maniyasının yaranmasına səbəb oldu. Böyük olduğuna inanmırlarsa, sadəcə özün buna inanırsan... O özünü tapana qədər ruhu od-alovdan keçdi. Mənəvi təzadlar, ruhi təbəddülat və çırpınmalar, rahatlıq bilmədən mənəvi axtarışlarla keçən təlatümlü ömür... Hər kəsin - xüsusilə doğma anasının, sevdiyi qadınların ondan imtinası, dəyərini anlamaması... Onun hədsiz narahat, aqressiv və nəhəng ruhu rahatlıq, sakitlik, huzur həsrətindəydi. Nitsşe insanlara da bunu bəxş eləmək istəyirdi. Amma bu sakitlik bəyəm onun özündə vardı ki, başqalarına da bunu verə biləydi? Özündə tapılmayanı başqasına necə bəxş etmək olar?

***

Yeddi sülaləsinin xristian olduğu Nitsşe zərbəni məhz ora - xristianlığın özəyinə vurmağa çalışırdı. Lakin xristianlığın mərhəməti qalib gəldi. Ondan üz döndərən qatı dindar anası ağlını itirmiş oğluna yenidən ağuşunu açanda Nitsşenin 55 yaşı və dünya irsinin şedevrlərinə çevrilə biləcək əsərlərinin əlyazmaları vardı... Ana ağlını itirmiş oğlunun iztirablarına laqeyd qala bilməmişdi. Bu, artıq xristianlıqdan da uca insanlıq dininin təzahürü idi...

Anasının ölümündən sonra isə köməksiz, gözləri tutulmaqda olan zavallını bacısı Elizabet himayə etmək üçün yanına apardı. Ancaq bu himayə də Nitsşeyə “baha başa gəldi”, haqqında antimifin yaranmasına zəmin yaratdı. Antisemit baxışlı qatı millətçi Elizabet qardaşının ölümündən sonra onun nəşr etdirdiyi əsərlərini elə redaktə etdi ki, sonralar Nitsşeni nasizmin sələflərindən biri kimi qəbul etdilər. Beləliklə, Nitsşeni nə sağlığında anlamadılar, nə də öləndən sonra. Əslində isə Nitsşenin idealı millətçilik, irqçilik yox, Fövqəlinsan arzusu idi. Yazdığı bütün fəlsəfi əsərləri tərəzinin bir gözünə qoyulsa, digər gözünə qoyulanda az qala tən gələn, tarazlaşan “Zərdüşt belə söylədi” əsərində də bu arzu özünü göstərirdi.

Zərdüşt hər şeyi deyib deməyinə, amma müəllifi özü də daxil olmaqla kimsə onun nə dediyinə dərindən fikir vermədi. Mənəvi peyğəmbərliyin zamanı çoxdan keçmiş kimi görünürdü: kütləyə o vaxt olduğu kimi indi də kəndirbazlar və təlxəklər maraqlıdır - amma onlar kəndirdən yerə çırpılıb dağım-dağım olana qədər... Ondan sonra kütlə özünə başqa təlxək tapır...

Nitsşenin əlləşib vuruşduğu da insanları qaragüruhdan Fövqəlinsan səviyyəsinə qaldırmaq idi. Onun Fövqəlinsan idealının keyfiyyətləri əlçatmaz idi-onda da, indi də... “O adamı sevirəm ki, həyatda naxışı tutanda, bəxti gətirəndə xəcalət çəkir: “Mən taleyin bu bəxşişinə layiqəmmi?” deyə öz-özündən soruşur. O adamları sevirəm ki, həyatın ötəri-itəri bir şey olduğunu anlayıb, ondan beşəllli yapışmırlar... O kəsləri sevirəm ki, Allahının da səhvlərini görür, lap Allahın qəzəbindən tar-mar olacağını bilsələr də, ayaq geri qoymurlar...” Bax, bunu Zərdüştün dili ilə Nitsşe hayqırırdı.

“Özünü ağıl dəryası hesab edən, yerin altını da, üstünü də bildiklərini güman edən, bir-birini bəyənməyən, savaşan, söyüşən, amma cana ziyanı olduğu üçün kin saxlamayan, gülüşlərinin arxasında açıqca nifrətləri sezilən, gülüşlərinin buzu adamı iliyinəcən donduran” qaragüruh kütlə psixologiyası Nitsşeni ağlından elədi...

***

Nitsşe hər şeyi anladığından və lazımınca anlaşılmadığından dəli oldu... Və düşünürəm ki, Nitsşenin həyatının bu cür alınma(ma)sında onu həyatın müxtəlif mərhələlərində rədd edən qadınların da rolu az olmadı. Hətta dahi filosofların da qadınlar tərəfindən də etiraf, təqdir edilmək ehtiyacı var... Lakin deyəsən, qadınlara onda da nə dahi, nə də əsl kişi lazım deyildi... Nə Sokratın zamanında, nə də Nitsşenin...

Nitsşe yalqız idi. Onun tənhalığı qorxulu, soyuq, ümidsiz və ölümünə yalqızlıq idi... Bütün bunları anlayanda insanda ağılmı qalardı: “Öz vicdanınla təktəbətək qalmaq dəhşətdir. Elə bil ki, bir ulduzu kəhkəşandan qoparıb tənha, kimsəsiz bir məkana, təkliyin buz nəfəsi içinə atırsan. Ey yalqız insan, hələ ki, sən çox şeylərin iztirabını çəkirsən, hələ ki, nə cəsarətini, nə də ümidini itirmisən. Amma gün gələcək tənhalıq səni bezdirəcək, qürurun qırılacaq, cəsarətin, hünərin tükənəcək! Gün gələcək “Mən tənhayam!”- deyib haray çəkəcəksən... Gün gələcək, yüksəklikdən əlçatmaz məsafədə, alçaqlığın isə bircə addımlığında olacaq, öz alicənablığın səni həyula kimi qorxudacaq. Gün gələcək “Hər şey yalandır!” deyib nalə çəkəcəksən...”

***

Nitsşe Fövqəlinsan axtaranda ağlına da gəlmirdi ki, özü bunun bir addımlığındadır. İllüziya ilə reallığın düz kəsişmə nöqtəsində dayanıb. Burda sərhəd elə şəffaf, elə iti, elə həssasdır ki, bircə tel o yan - bu yana olsa, taleyin həll oluna bilərdi. Necə ki oldu... Nitsşenin fövqəlinsanlığa bircə addımı qalmışdı. Bu, dahi dəliliklə dəli dahiliyin elə bir ortaq nöqtəsi idi ki, düz həmin hədəfə vurmalıydın, əks halda fiasko qaçılmaz olacaqdı. Birincidə dahiyanə şəkildə bomboş dəliliyin pikində olursan, ikincidə dəliləşmiş dopdolu dahiliyin zirvəsində... Ortada qalmağı bacarmaq fövqəlinsanlıq olacaqdı. Nitsşe tam hədəfi götürə bilmədi, ikinciyə döndü...

Nitsşenin öz arqumentləri vardı. Paradoksal görünən, amma dərininə vardıqda məhz “üstinsan” dərəcəsinə, insanüstü mərtəbəyə qaldıran tezislərdi: “Özünü xeyirxahlardan, ədalətlilərdən gözlə. Öz fəzilətinə qovuşan adamları onlar dar ağacına çəkirlər, onlar tənhalara nifrət edirlər. Özünü müqəddəs sadəlövhlükdən də qoru! Bəsit olmayan hər şey onlara natəmiz görünür, onlar odla oynamağı özlərinə peşə ediblər”. Sevgidən məhrum tənha dahinin sevgi haqqında fikirləri əndrəbadi olsa da onların əksəriyyəti doğru idi: “Özünü sevgi tutmalarından gözlə! O, rastına çıxan tənhalara çox tez əl uzadır. Elə adamlar var ki, onlara əl yox, pəncə uzatmaq lazımdır, kaş hələ bu pəncənin caynaqları da olaydı!...”

Amma insanın özündən böyük düşməni varmı? Adamın özünün-özünə elədiyini elə də yığılsa, eləyə bilməz. Zərdüşt də belə söylədi: “...Rastlaşacağın ən qəvi düşmən həmişə sən özün olacaqsan... Keçdiyin meşələrdə hər addımda özün öz pusqunda durubsan...”

Ancaq Nitsşe qurtuluşun da reseptini verib: yanıb yanıb yenidən öz külündən doğulmaq: “Yalqız insan, sən özünə qayıdırsan? Bu yol sənin özündən və yeddi şeytandan keçir. Yalqız insan, sən sevənlərin yolu ilə gedirsən: sən özünü sevirsən, özünə nifrətin də bundan doğur, yalnız sevənlər belə nifrət edə bilərlər. Sevdiyinə nifrət etməyən kəs nə bilir sevgi nədir...”

Nitsşe sonralar Zərdüştün dediyini də elədi - öz sevgisi və yaradıcı işi ilə tənhalığa çəkildi və öz zamanında anlaşılmayan, dərk olunmayan bu dahini sonralar, çox - çox sonralar dərk edəcəkdilər, onun Fövqəlinsan arzusunun mahiyyətinə varacaqdılar. Özünün yazdığı kimi - “Haqq-ədalət axsaya-axsaya onun ardınca gəlib çatacaq”dı. Amma bu, çox-çox sonralar baş verəcəkdi. Bunun üçün mütləq ölmək lazım idi... Müəllif özü də yazdığına əməl edib getmişdi dünyadan: “Tənhalığa çəkiləndə mənim göz yaşlarımı da özünlə apar. Mən kamilləşib ölənləri sevirəm”.

***

Nitsşe özü Fövqəlinsan ola bilmədi, nə də tezisləri ilə həmin Üstinsanı yaratmadı. Amma qoyub getdiyi əsərlərindəki qiymətli fikir və düşüncələrin həqiqi dəyərini anlayanlar, bu ideyaların aliliyini dərk eləyib sadəcə insan olmağı seçirlərsə, hərdən Zərdüştü dinləməyə yığışırlarsa, deməli, Zərdüşt heç nəyi boşuna söyləmədi...

Filosof Uill Dürantın çox dəyərli bir cümləsi Nitsşenin taleyinin təsvirinə yetərlidir: “Bu, nadir hallarda mümkün ola bilən bir vəziyyət idi ki, insandan onu verilən dahiliyə görə bu böyüklükdə əvəz alınsın...”.

...Ömrünün sonlarında “öldü!” dediyi Tanrının mərhəmət göstərib ağlını aldığı və əvəzində huzur bəxş etdiyi Nitsşe bir gün bacısının gözlərini ona dikib ağladığını görəndə belə söylədi: “Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?...”

# 110 dəfə oxunub

Oxşar xəbərlər

"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

"Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim..." - Sergey Dovlatovun qeydləri

17:30 24 avqust 2026
"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı  yazıçıdan 10 sitat

"Heç vaxt ümidsizliyə qapılmamalıyıq, çünki..." - Amerikalı yazıçıdan 10 sitat

17:00 24 avqust 2026
"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

"Ədəbiyyatın alicənab bir məfkurə olduğu inancı ilə böyümüşəm..." - Oskar İxuelos

16:30 24 avqust 2026
Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

Qum kitabı - Xorxe Luis Borxesin hekayəsi

15:00 24 avqust 2026
Arabaçı - Sabir Əhmədlinin hekayəsi

Arabaçı - Sabir Əhmədlinin hekayəsi

11:30 23 avqust 2026
Qalib  - Aleksandr Qrinin hekayəsi

Qalib - Aleksandr Qrinin hekayəsi

10:00 23 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər