"Psixologiyamız “qonşudan qalma geri ” olduğu üçün... " - İllərlə çalışan müəllimlər niyə imtahandan kəsilir?

"Psixologiyamız “qonşudan qalma geri ” olduğu üçün... " -  İllərlə çalışan müəllimlər niyə imtahandan kəsilir?
6 avqust 2025
# 11:01

Kulis.az Kamil Əlisoyun “Təhsilimizin faciəsi” yazısını təqdim edir.

“Mən müəllimlikdən daha uca ad tanımıram”- deyə ümummilli lider Heydər Əliyev qeyd etmişdi.

Bütün peşələri öyrənən adamlar onu bir nəfərdən, öz müəllimindən öyrənir. Buna görədir ki, müəllimliyi “şərəfli peşə” adlandırırlar. Onlar sadəcə təhsilverən deyil, gələcəyimizin təminatçılarına elm öyrədirlər.

Son zamanlarda müəllimlərin işə qəbul imtahanında əldə etdiyi nəticələrlə bağlı açıqlanan statistikalar acınacaqlıdır.

Belə ki, illərin təcrübəsinə sahib olan müəllimlər bəzən yüksək nəticə bir yana qalsın, heç minimal keçidi keçə bilmirlər. Nəticədə də işdən azad edilirlər.

Digər tərəfdən də hər il on minlərlə müəllim imtahanda iştirak edir, amma açılan vakansiyaların sayı ondan dəfələrlə azdır. Bəs bu problemin kökü hardadır? Məsələ nə zaman buraya qədər dərinləşdi? Bir az əvvələ qayıdaq..

İlk dəfə 2014-cü ildə müəllimlərin işə qəbulunda köklü dəyişiklik edildi. Əvvəllər diplom aldıqdan sonra birbaşa işə başlaya bilən müəllimlər artıq sadəcə diplomla kifayətlənə bilmədi. MİQ adlandırılan xüsusi imtahan modeli yaradıldı. Müəllim olmaq istəyən hər şəxs bu imtahanı keçməli oldu. Problemlərin yaranması da burdan başladı.

Yüzlərlə müəllimin nəticə göstərə bilməməsi ortaya çıxdı və işdən çıxarıldılar.

Peşəsinə layiq əksər müəllimlərin maaşı ciddi dərəcədə artırıldı. Bir növ, bu peşəyə qarşı cəmiyyətin düşüncəsi qismən də olsa, əvvəlki vəziyyətə qaytarıldı. Bu, hər nə qədər xoş addım olsa da, baza zəifliyi ucbatından bir çox başqa problemləri ortaya çıxardı.

Belə ki, vakant yer məsələsi də həllini tapmayan dərd kimi qaldı. Hər il bu peşənin diplomunu alan minlərlə müəllim, açılan yüzlərlə yer... Arada ciddi defisit formalaşdı və nəhayət, sosial problemə çevrildi. Bu proses birdən-birə də baş vermədi. Gəlin məsələnin lap kökünə enək.

Müəllimlik ixtisasının universitetlərdə qəbul balı gülünc dərəcədə aşağı idi. İndi bir az bərpa edilsə də, yenə də kifayət etmir. Burdakı məntiqi əlaqə ondan ibarətdir ki, qəbul balı nə qədər çox olsa, əvvəlcədən sosial həyatdan uzaqlaşmağı gözə alan abituriyent də, övladı oxusun deyə gecəni gündüz edən valideynlər də gələcəyi daha yaxşı götür-qoy edər, “ayağını yorğanına görə uzadar", başqa istiqamətə yönələrdi.

Bu fikir müəyyən qədər xoş qarşılanmaya bilərdi. Lakin psixologiyamız “qonşudan qalma geri ” olduğu üçün heç də elə deyil. Neçə -neçə gənclər oxumaq istəməsə belə, elin gözü və ya valideynin qorxusu, böyüklərin “adım batar” hissiyatı, bəzən də, həqiqətən, uşaqların gücü çatmadığı üçün “ali” sayılan peşələr əvəzinə müəllimlik seçirdi. Beləcə, bir gəncin həyatı, cəmiyyətin sütunu dağılır.

Sadəcə diplomun kifayət etməməsi qərarının düzgünlüyü yaxşı mənada müzakirə oluna bilər, məhz bu qərardan sonra müəllimlərin itmiş mövqeyi, ad-sanı bərpa olundu. Məhz bu yolla illərlə çalışan, amma öyrətdiyi elmin imtahanından kəsilən müəllimlərin mövcudluğu məsələsi peyda oldu.

Bir də, daha ağır bir cəhət var ki, təhsili biznesə çeviriblər deyə, sadəcə repetitorluqla məşğul olan, müəllimlik adına ləkə olanlar... Bax bu, əsl faciədir.

Buna görə məhz faciə adlandırıram, çünki öz elmində nöqsan olan kəslərin, təhsil biznesi təfəkküründə olanların yüzlərlə, minlərlə tələbəyə dərs deməsi dəhşətdir. Bu, xüsusən də, kənd məktəblərində özünü göstərir. Potensialı mükəmməl səviyyədə olan neçə-neçə gənclərin bu minvalla çürüyüb getdiyinin statistikasını kim deyə bilər?

Bununa bağlı Elm və Təhsil Nazirliyi cəmiyyətin nəbzini yoxlamaq üçün “müəllimlərə repetitorluq fəaliyyəti qadağan olunur” deyə bir ara şayiə də yaymışdı, amma müəllimlərdən qabaq buna məhz valideynlər öz etirazını bildirmişdi.

Başqa bir məsələ - nəyə görə illərdir ki, göz görə-görə bu insanlar çalışır və heç kimin bu barədə bir qərarı etirazı, fikri yox idi? Bu sualı ilk növbədə xalq özü-özünə verməlidir.

Böyüklərimizdən eşitdiyimiz, SSSR dövründə təhsilin daha yaxşı olmasından başqa bir şey deyil. Üstündən 30 il keçməsinə baxmayaraq, daha yaxşı vəziyyətdə olmalı olduğumuz halda, vəziyyət heç də gözlənildiyi kimi deyil. Əksinə daha pisdir.

Bu gün ali təhsil alan biri olaraq, məktəb təhsilinin heç ürəkaçan olmadığını öz təcrübəmdən bilirəm. Çünki özəl dərslər almasaydım, bu gün bu səviyyəyə çatmağım çətin olardı. Buna görə də, təhsil heç bir vəchlə ikinci plana atıla bilməz. Təcili, alternativ tədbirlərlə bunun qarşısı alınmalı və gələcək problemlər üçün də öncədən tədbirlər görülməlidir. Yuxarıda sadaladığım giriş balı məsələsi də buna nümunədir.

Görülən işlər bu barədə nələrsə edildiyinin göstəricisi olsa da, kifayət etmədiyini göstərir. Hər şeyə rəğmən, islahatların davamlı olması bu sahədə boşluqların doldurulacağına ümid verir və gənclərimizin daha yaxşı şəraitdə təhsil alacağına dair qəlbimizdə yanan çırağı sönməyə qoymur.

Unutmaq olmaz ki, təhsil millətin gələcəyidir!.

# 233 dəfə oxunub

Oxşar xəbərlər

Teomanın hüznlü mahnıları  Kənan Doğulunun yeni elektron musiqi layihəsində...

Teomanın hüznlü mahnıları Kənan Doğulunun yeni elektron musiqi layihəsində...

13:19 6 avqust 2025
"Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?" - Günün şeiri

"Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?" - Günün şeiri

12:40 6 avqust 2025
Pikassonun rəsmlərinin saxta versiyalarını satanlar istintaqa cəlb edildi

Pikassonun rəsmlərinin saxta versiyalarını satanlar istintaqa cəlb edildi

12:15 6 avqust 2025
Professor Aida Tağızadə vəfat etdi

Professor Aida Tağızadə vəfat etdi

11:23 6 avqust 2025
Türkiyənin məşhur müğənnisi xəstəxanaya yerləşirildi

Türkiyənin məşhur müğənnisi xəstəxanaya yerləşirildi

11:10 6 avqust 2025
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

11:03 6 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər