"Primitiv məzmunlar çoxaldıqca..." - Əndərəbadi cümlələr nə məna kəsb edir?

"Primitiv məzmunlar çoxaldıqca..." - Əndərəbadi cümlələr nə məna kəsb edir?
1 avqust 2025
# 09:00

Kulis.az Simran Qədimin "İntellektual istehsal, yoxsa dilə istehza?" yazsını təqdim edir.

Reallığı etiraf etməliyik: dilimizdə intellektual məzmunlar – elmi-texniki, sosial-fəlsəfi, bioloji-psixoloji kitablar və məqalələr çox azdır. Doğrudur, dünyaca məşhur bir çox kitabların pis-yaxşı tərcümələrini, bəzi alim, filosof və psixoloqların konkret əsərlərini tapa bilərik.

Xüsusən son illər bizim yazarlar da təqdirəlayiq işlər görürlər: vaxtaşırı zəngin məzmunlu esselər, məqalələr yazılır, kitablar nəşr olunur, sosial şəbəkələrdə statuslar paylaşılır. Amma razılaşmalıyıq ki, bütün bunlar yetərli deyil, çatışmazlıqlar, nöqsanlar da çoxdur.

Məsələn, dünyaca məşhur kitablar pis-yaxşı yox, yüksək səviyyədə tərcümə edilməli, bəzi alimlərin, filosofların və psixoloqların konkret əsərləri yox, bir çoxlarının bir çox əsərləri – əsas külliyatları dilimizdə olmalıdır.

Nəinki spesifik mövzulara aid kontentlər, hətta bir çox təməl anlayışlar, tutalım, müasir elmi çağırışlar, əbədi fəlsəfi mətləblər, ziddiyyətli psixoloji mexanizmlər haqda materiallar da dilimizdə çətinliklə tapılır.

Bizə gəlincə, bəzən yazarlarımızın keyfiyyəti kəmiyyətə qurban vermələri təəssüf doğurur. Biz yazmaq xatirinə yazmaq əvəzinə, öz üzərimizdə çalışmağa daha çox vaxt ayırmalı, dərindən düşünülmüş, məsuliyyətlə hazırlanmış mətnlər ortaya qoymalıyıq.

Yazmaqla yanaşı, oxumaq, yeni biliklər qazanıb intellekti artırmaq da vacibdir. Peşəkarlıqdan uzaq, söz yığnağını xatırladan bəsit mətnlərlə oxucunu mütaliədən soyuduruq. Əgər cəmiyyət oxucu kimi daha çox oxumalıdırsa, müəlliflər həm daha çox oxumalı, həm də yazmalıdırlar.

Əlbəttə, oxumağa dəyər yazılarımız da var. Amma diqqətəlayiq mətnlər çox vaxt diqqətdən kənar qalır, yaxşı yazılar müxtəlif saytlara nizamsız şəkildə səpələnib. Dəyərsiz çoxluğun arasında dərin azlıq gözə görünmür, itib-batır. Digər tərəfdən, mövzular üzrə ixtisaslaşmış saytlar, silsilə yazılar, müəyyən sahələrdə tanınan müəlliflər çatışmır.

Bizdə elmi-kütləvi kitablar yazanlar isə bircə əlin barmaqları ilə sayılacaq qədərdir. Halbuki həm sadə, anlaşıqlı, həm də maraqlı, cəlbedici dillə yazılan, geniş auditoriyaya xitab edən elmi-kütləvi kitablara cəmiyyətdə çox böyük ehtiyac var. Belə kitablar düşüncə dərinliyi, analitik baxış formalaşdırır, yeni biliklərlə təfəkkürümüzün spektrini genişləndirir.

Sosial şəbəkələrdə də vəziyyət ürəkaçan deyil. Buradakı paylaşımların əksəriyyəti ötəri, gündəlik xarakter daşıyır. Qlobal yanaşmalara, analitik və düşündürücü məzmunlara nadir hallarda rast gəlinir.

Məsələ budur ki, primitiv məzmunlar çoxaldıqca norma kimi qəbul edilir, insanlara elə gəlir ki, dərin kontentlər, statuslar gərəksizdir, heç kəsə lazım deyil. Hərçənd intellektual istehsal mədəniyyətin formalaşmasında, inkişafında başlıca rol oynayır.

Sözsüz ki, sadalanan çatışmazlıqların yaranması ilə bağlı obyektiv səbəblər, haqlı məqamlar çoxdur. Bununla belə, məsələyə birtərəfli yanaşmaqla nəticə əldə edə bilmərik. Oxucu deyir, yaxşı yazan olsa, oxuyaram. Yazıçı deyir, yetəri qədər oxucu olsa, yazaram. İş budur, tələb yüksələndə təklif artır, təklif keyfiyyətli olanda isə tələb yüksəlir.

Yəni oxucular çoxaldıqca elmi-kütləvi kitablar daha çox yazılacaq. Yazarlar keyfiyyətli kitablar ərsəyə gətirdikcə isə oxucular artacaq. Burada qarşılıqlı təsir var, arada körpü qurulmalıdır.

Biz kino, musiqi, əyləncəli videolardan əlavə, öyrənməkdən, araşdırmaqdan, aldığımız məlumatları anlamaqdan, təhlil etməkdən də zövq almalıyıq. Əgər mütaliə vərdişinə yiyələnə bilsək, özümüzdə intellektual həzz anlayışını formalaşdırarıq.

Düşüncənin sərhədləri genişlənəndə, yeni baxış bucaqları qazananda, beyində fərqli nöqtələr birləşib mürəkkəb mətləblər dərk ediləndə intellektual həzz yaranır. İntellektual həzz bilik işığı ilə zehni aydınlatmaq, dərinlərdə gizlənənləri görməkdir.

Mütaliə həm də mətnin dilinə görə zövq verməlidir. Mükəmməl mətn dilin estetikasını, zərifliyini, ifadə imkanlarının genişliyini göstərir. Tərcümə edilən kitablar isə – hətta ən peşəkar tərcümədə belə – oxucuya ana dilində yazılan mətnlər qədər zövq verə bilmir.

Burada bir məqam da var: çox vaxt yazarlarımız mətnlərinin sanballı, dərin görünməsi üçün mürəkkəb cümlələr qururlar. Sanki həm özlərini göstərmək, "bax, mən ağıllı, savadlıyam" demək, həm də oxucunu yazıya inandırmaq istəyirlər.

Oxucunu yazıya inandırmaq cəhdi təqdirəlayiq olsa da, formadakı mürəkkəbliklə məzmundakı primitivliyi ört-basdır edə bilmərik. Bəlkə, bir müddət hər kəsi aldatmaq olar, amma hamını həmişə aldatmaq mümkün deyil.

Digər tərəfdən, mürəkkəb cümlələr nəinki oxucuları, hətta müəlliflərin özlərini də çaşdırır. Bəzən əndərəbadi cümlələrin nə məna kəsb etdiyi anlaşılmır, mövzu aydınlanmaqdansa daha da dolaşıq hal alır. Bundan əlavə, reallıq göstərir ki, hədəf auditoriya nəzərə alınmayanda oxucular çətinə düşüb kitabdan uzaqlaşırlar. Özümüz yazıb özümüz oxumaq məcburiyyətində qalırıq.

İntellektual məzmunlar artmasa, dilimiz yeni anlayış və ifadələrlə zənginləşə bilməz. Zamanla ayaqlaşmayan dil zamanla geridə qalar. Əgər dil elmin, texnologiyanın, ictimai-sosial yeniliklərin tələblərinə cavab vermirsə, inkişaf etdirilməlidir. Əks halda, dil cəmiyyətin inkişafına əngəl olacaq, müasir çağırışları ifadə edə bilməyib funksionallığını itirəcək.

Bu məqamda iki ssenari ortaya çıxır. İnsanlar ya həmin dilin imkanları ilə məhdudlaşıb dünyanı daha səthi və primitiv şəkildə qavramağa davam edəcəklər, ya da daha zəngin ifadə imkanları olan başqa dillərə yönələcəklər. Qısası, ana dilində fikir istehsalının zəifləməsi dilin məhvi deməkdir.

Əlbəttə, dildəki çatışmazlıqları qeyd etmək ondan imtina etməli olduğumuzu göstərmir. Əksinə, vurğuladığımız kimi, dili qorumalı, onun inkişafına çalışmalıyıq. Bəhanələrlə başqa dillərə üz tutmağa davam etsək, başqalarından asılı olacağıq. İntellektual idxaldan asılılığımızı aradan qaldırmaq üçün intellektual istehsalı artırmalıyıq.

# 428 dəfə oxunub

Oxşar xəbərlər

“Freaky Friday”nin davamı gəlir

“Freaky Friday”nin davamı gəlir

18:50 1 avqust 2025
“Ulduz”un iyul-avqust sayı dərc edildi

“Ulduz”un iyul-avqust sayı dərc edildi

18:40 1 avqust 2025
Erkən xristianlığın mərkəzi olan  şəhər aşkarlandı

Erkən xristianlığın mərkəzi olan şəhər aşkarlandı

18:23 1 avqust 2025
Tanınmış teatr rejissoru vəfat etdi

Tanınmış teatr rejissoru vəfat etdi

16:45 1 avqust 2025
"Görən, bu çöllərdə kimim var mənim?"  - Arif Babayevlə vida mərasimindən reportaj

"Görən, bu çöllərdə kimim var mənim?" - Arif Babayevlə vida mərasimindən reportaj

16:43 1 avqust 2025
"Yarım qalmış şeir" - Yeni hekayə

"Yarım qalmış şeir" - Yeni hekayə

16:00 1 avqust 2025
# # #