Polkovnikə təşəkkür borcu - Məhbubə Qasımbəyli yazır...

Polkovnikə təşəkkür borcu - Məhbubə Qasımbəyli yazır...
3 avqust 2022
# 20:52

Kulis.az Məhbubə Qasımbəylinin "Polkovnikə təşəkkür borcu" adlı yazısını təqdim edir.

Uzaq Kəlbəcərdə düşmənin basdırdığı minanın partlayış səsini lap yaxında hiss elədim. Səsi, dalğası məni də titrətdi. Polkovnikin minaya düşməsi xəbəri idi qulağımın dibində mina kimi partlayan…

Mina partlayışının səsini ilk dəfə ötən ilin sentyabrında Horadiz kəndində minatəmizləmə əməliyyatının gedişini izləyəndə eşitmişdim. Durduğumuz yerdən aralı olsa da, vahiməli idi, yer, göy silkələnmişdi sanki. Ondan sonra hər dəfə mina partlaması, kiminsə minaya düşməsi xəbəri görəndə o anı yenidən yaşayıram, ürəyim yerindən qopur.

Bu dəfə Kəlbəcərdə minaya düşən polkovnikin adını oxuyanda gözümün qabağını Horadizdə olduğu kimi bir topa qara tüstü dumanı aldı. Bir də oxudum, bir də - İsbəndiyarov Vüqar Tofiq oğlu. Yanlış ola bilməz - ad, soyad, ata adı eyni - bizim Vüqardı, dedim. Dəqiq xəbər alacağım ünvana gümanım gəldi. Bir kəlmə məni toxtadır “Həyati təhlükə yoxdur”. Başqa? Az sonra saytlarda ayağını itirib, yazırlar...


Müharibədən qayıdıb evinə ayaq basdığı an qızının - balaca Fidanın ona sarılıb hönkür-hönkür ağlaması anı gəlir gözümün önünə. O kadra baxan hər kəs ağlamışdı. İndi Fidanın hıçqırtısı səslənir qulaqlarımda. “Lənətə gələsən səni, düşmən” deyə bilirəm öz-özümə.

O an gözümün qabağına çəkilən qara tüstü dumanının içində, yaddaşım məni çox uzaqlara, xoşbəxt uşaqlığımıza qaytarır. Bizim firavan uşaqlığımızdan çox zaman keçib. Onda dünya, həyat gözümüzdə ən gözəl rənglərdə idi. Gözəl sonluqla bitən nağıllara qulaq asa-asa böyüyürdük. Səhərin neçə açılıb, axşamın necə düşdüyünü bilməzdik, heç fərqinə varmazdıq. Xoşbəxt uşaqlığımın yaddaşında çox şeylər ilişib qalıb. Sonralar, lap yaxında olanların çoxunu unutsam da, bəzilərini silib atsam da, onlar ömürlük həkk olunublar. O firavan günlərdə müharibə nə olduğunu bilməzdik, müharibələr haqqında kitablar oxumamış, filmlərə də baxmamışdıq. Çox balacaydıq. Evimizdə iki uşaq idik, mən və qardaşım. Ağlım kəsməyə başlayanda, 4-5 yaşım olandan Vüqarı evimizdə, özümüzü də onların evində gördüm. 4-5 yaşım olanda onun ayaqları yenicə yer tuturdu. Yer tutan kimi bizə ayaq açdı. Evimizin, məhləmizin sevimlisi, balacası idi. Məndən 3 yaş kiçik Vüqarı əlindən tutub gəzdirərdik. Sonra məktəbə apardıq. Əmiuşağı olan atalarımız yan-yana ev tikmişdilər. Evlərimiz ayrı olsa da, bir evil idik, qan bağı bir yana, ən yaxın qonşu idik. Arada heç hasarımız da yox idi. Nə zaman istəsək, ərklə bir-birimizin həyətinə, evinə girərdik. Eyni evin adamları kimi. Nə onun, nə də bizim ata-anamız, nənə-babamızdan heç vaxt ayrı-seçkilik görməzdik. Uşaqlıq davaları çox olur, amma biz heç zaman dalaşmazdıq. Küsərdik hərdən, onda da saf, mehriban Vüqar qəfildən peyda olardı. Anam qardaşımı çağıranda ondan qabaq Vüqar hay verərdi. Harasa buyuranda “təpəsi üstə” gedərdi, hər işi yarıdardı.

Nənələrimiz, analarımız payımızı 3 yerə bölüb stolun üstünə qoyardı. Ən balacamız Vüqarın boyu stola çatmazdı onda. Əlləri ilə stoldan yapışıb, ayaq barmaqlarının ucunda qalxar, ya stula oturar, ya da əlini uzadıb payını götürərdi. Birgə yeyərdik, bir qabdan yediyimiz də çox olub. Məktəbə birgə gedər, bir yerdə qayıdardıq, qarda-şaxtada qardaşımla Vüqar qabaqda gedər, tarda ayaqları ilə cığır açardılar, onların ardınca biz qızlar addımlayardıq. Yollar buz bağlayanda sürüşüb yıxılmayaq deyə əl-ələ tutardıq. Yağışda birgə islandığımız da çox olub. Amma heç vecimizə olmazdı.

Günlərin bir günü xoşbəxt günlərin sonu gəldi. Göyümüzü qara buludlar aldı, əsən qara yellər rəngarəng həyatımızı qabaqlarına qatıb qovdular. Top səsləri eşitdik, mərmi səslərinə diksindik, tank tırtılları gördük, dünyamız qaraldı. Bir gecədə böyüdük. Bir gün valideynlərimizin əzabla tikdiyi ev-eşiyimizi dolu qoyub çıxdıq. Köçkün olub çöllərə düşdük. Topdağıtmaz evlərdən çıxıb, qohum küncünə, yataqxana bucaqlarına sığındıq.

Bizim yemlik, böyürtkən, yemişan, üzüm, armud, alma yığdığımız, tut, qoz çırpdığımız bağlarda, göbələk axtardığımız, quzu otardığımız çöllərdə düşmən at oynatdı.

Biz Cəbrayılı tərk etməyə məcbur olanda Vüqar yeniyetmə idi, 9-cu sinfi bitirmişdi. Böyük şəhərdə hərbi məktəbə üz tutdu, sonra Akademiyaya qəbul oldu. Çoxumuz kimi o da gənclik yaşamadı. Ölkənin ən ucqarlarında hərbi xidmət keçdi. Toy-düyünlərdə nadir hallarda gördük, qohum, doğma, tay-tuş toyları çox zaman onsuz keçdi. Cəmi bir neçə toyda qol qaldırıb oynayan gördüm. Əsgəri peşəsi bizlərdən, doğmalarından çox aralı saldı onu.

Vətən müharibəsi başlayanda onun da cəbhədə olduğunu dedilər, bütün ordumuz, əsgərlərimiz kimi hər dəqiqə, hər an ona da dua elədik. Cəmi bir dəfə ona “Sənə, sizlərə dua edirik. Allah sizi qorusun” mesajını yazdım.

Cəbrayıldan başlayan döyüş yolu uzandı. Oradan Zəngilana, Qubadlıya getdi, şərəfli döyüş yolu keçdi. Bəzən günlərlə, həftəylə xəbər çıxmadı ondan. Amma hər dəfə sağ olduğuna, onunla görüşəcəyimizə inandıq. Bizim balaca kəndin qəhrəmanı Vüqar Vətən müharibəsindən, qanlı döyüşlərdən sağ-salamat çıxdı. O, bizi illərin utancından, məcburi köçkün damğasından qurtaran oğullardan biri oldu.

Cəbrayıla ilk daxil olan sakinlərdən idi. Kəndimizi, evimizi, dağılan yurdumuzu o gördü ilk. Dədə-babalarımızın dağılan qəbirlərini ilk o ziyarət elədi. 28 il həsrət qaldığımız kəndin, evimizin görüntülərini Vüqarın sayəsində gördük. Hər birimiz, bütün kəndin sakinləri böyüklü-kiçikli ora daxil olan əsgərlərimizin, zabitlərimizin, qardaşımız Vüqarın ayaqlarından, tozlu, palçıqlı çəkmələrindən öpməyə hazır idik.

Heç bilmədim kəndimizə daxil olanda hansı hissləri keçirdi? Nə düşündü? Kövrəldimi, sarsıldımı, yoxsa soquqqanlı zabit baxışıyla baxıb ötdü. Mənim tanıdığım istiqanlı Vüqar yəqin ki, yanıb-yaxıldı yurdumuzu, evlərimizi, məktəbimizi dağılmış görəndə, kölgəsində oynadığımız nəhəng çinarları, kəhrizləri, bulaqları yerində tapmayanda.

Müharibədən sonra onu heç görmədim, “Sağ ol” deyə, təşəkkür edə, suallar verə bilmədim. Soruşa bilmədim ki, müharibədə neçə dostunu, əsgərini itirib…

Cəbrayılın, Qubadlının, Zəngilanın azad olmasına görə, “Hərbi xidmətlərə görə” medalları aldı. Müharibədən sonra rütbəsi bir pillə də qalxdı, polkovnik oldu. Təbrik etməyə macal da tapmadım. Ürəyimdən keçənlərin çoxunu onun müəllimi, sinif rəhbəri olan anam ifadə eləmişdi.

Müharibədən az sonra Kəlbəcərdə xidmətə başladı. Hər dəfə ermənilərin Kəlbəcəri atəşə tutması xəbərini oxuyanda Allahdan əsgərlərimizi, həm də Vüqarı düşmən gülləsindən qoruması üçün dua etdim.

İndi o da neçə-neçə hərbçimiz, mülki şəxsimiz kimi düşmənin mina terrorunun qurbanına çevrildi. 15 yaşından evdən çıxan, səngərlər, müharibə, od-alovundan keçən, Qarabağı, Zəngəzuru gəzib, Kəlbəcərə, Göyçə gölünün bir addımlığına gedib çıxan ayaqları mina tələsinə ilişdi. Bu illərdə heç dincəlməyən yorğun zabit ayaqları, bizim yerimizə Qarabağa, Cəbrayıla, Minbaşılıya, Sədiyə gedən ayaqlar...

O anda nə hiss etdi görəsən? Nələr düşündü? Ağrı-acını demirəm, o, nə ağrı-acılar görüb. Əminəm ki, peşman deyil, bu yolun yolçusu olduğuna, bu yolda addımladığına, ayağını minaya qurban verdiyinə görə təəssüflənmir. Yanında dostları, əsgərləri şəhid olan, şərəfli döyüş yolu keçən hərbçiyə, düşməni məğlub edən Ordunun zabitinə ayaq itirmək nədir ki?

Minaya düşəndən sonrakı halının fotosu var, gülümsəyərək əl edir. Belə bir anda gülümsəmək, ağrı-acıya tabe olmamaq - qəhrəmanlıq həm də elə bu deyilmi?
Bizimsə ona, Kəlbəcərdə minaya düşən ayaqlarına təşəkkür borcumuz var. Haqqın heç nəylə ödənməz, bilirəm. Amma biz səninlə Cəbrayıla, kəndimizə gedəcəyik, cənab polkovnik! 2020-ci ilin payızında olduğu kimi, sən qabaqda öz ayaqlarınla gedəcəksən. Doğma torpağın üstündə addımlamaq ən çox sənin haqqındır...

# 2163 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #